Məhkəmə qərarları › İş №2(3-1)-60/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-60/2026

20.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-60/2026 20.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya X7 Seyidov Miryusif Nuru oğluna qarşı maddi ziyanın ödənilməsi tələbi (Açar sözlər: Əsassız varlanma, öhdəliyin yenilənməsi (novasiya), tapşırıq müqaviləsi, podrat müqaviləsi, müqavilədən birtərəfli imtina, vicdanlılıq prinsipi, əsassız varlanma) X7 Seyidov Miryusif Nuru oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı X7 “10” fevral 2025-ci ildə Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Seyidov Miryusif Nuru oğlundan ev almaq üçün ona ödədiyi 10150 (on min bir yüz əlli) ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqə 01-04).

2. Iddiaçı X7 “08” aprel 2025-ci ildə Şərur Rayon Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Seyidov Miryusif Nuru oğlundan 7400 (yeddi min dörd yüz) ABŞ dolları, 4660 (dörd min altı yüz altmış) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqə 64-65).

3. Şərur Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli (yerində müşavirə etməklə qəbul edilmiş) qərardadı ilə ərizə məhkəmə tərəfindən qəbul edilərək, mülki işə dəqiqləşdirilmiş iddia tələbi hüdudlarında baxılması qərara alınmışdır (iş vərəqə 70).

b) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

4. Yekunda məhkəmənin (sədrlik edən hakim Abil Orucəliyev) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (sədrlik edən hakim Abil Orucəliyev) ilə iddia qismən təmin edilmiş, cavabdeh Seyidov Miryusif Nuru oğlundan 4660 (dörd min altı yüz altmış) manat pulun və ödəniş gününə Azərbaycan Respublikası manatı məzənnəsi ilə hesablanmaqla 5500 (beş min beş yüz) ABŞ dollarının alınaraq iddiaçı X7 ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdi (iş vərəqə 163-170).

II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin predmeti.

5. Cavabdeh Seyidov Miryusif Nuru oğlu ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Şərur Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilməsini və 1000 (bir min) ABŞ dolları pul vəsaitinin ondan alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 177-181).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

6. Cavabdeh Seyidov Miryusif Nuru oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, iddiaçının hesabına varlanmayıb. Belə ki, iddiaçı ev tikmək üçün ona 1000 ABŞ dolları pul vəsaiti vermiş, o, həmin pula həyətindəki iki tövlə və qarajı söküb, evin himini qazaraq beton töküb. Sonra isə pul olmadığından tikintini davam etdirə bilməyib. Məhz bu baxımdan da tələb üzrə əsassız varlanma ilə bağlı maddi hüquq norması tətbiq edilməməli idi.

7. Iddia tələbinin əsasını maddi ziyanın alınıb verilməsi təşkil etsə də, məhkəmə pul vəsaitinin geri qaytarılmamasını əsassız varlanmanın təşkil etməsi qənaətinə gəlməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi hesab olunmalıdır. Iş üzrə zərərlə bağlı maddi hüquq normaları tətbiq edilməli idi.

8. Əslində aralarında şifahi olaraq müqavilə münasibəti mövcud olmuş, bu məhkəmənin baxışı iclasında şahid qismində dindirilmiş X8 ifadəsi ilə bir daha təsdiq olunmuşdur. Belə ki, şahid ifadəsində verilən pulların müqabilində Durmuşa öz torpağında ev tikib verəcəyini təsdiq etmişdir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsini tətbiq etməli idi.

9. Məhkəmə iclasında verdiyi ifadəsinə obyektiv və hərtərəfli qiymət verilməmişdir. Ona iddiaçının 1000 ABŞ dolları verməsinin etiraf olunması, iddiaçının və şahidin bunu təsdiq etməsinə baxmayaraq 4460 manat pul vəsaitinin qət olunmasını prosessual pozuntu hesab edir. 4460 manat iddiaçıya borcunun olması məhkəmə baxışı iclasında sübuta yetirilməmişdir. Bundan başqa apardığı söküntü və tikinti işlərinə baxışın keçirilməməsini də prosessual pozuntu hesab edir. Əgər görülən işlərə baxış keçirilsəydi onda obyektiv həqiqət üzə çıxacaqdı. Bundan başqa 5500 ABŞ dolları pul vəsaitinin iddiaçı tərəfindən ona verilməsi sübuta yetirilməsə də məhkəmə heç bir sübuta söykənmədən həmin tələbi təmin etmişdir.

10. Şikayət edən birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1091.1 və 1092.1-ci maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etmişdi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Işin apellyasiya icraatına qəbulu.

12. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “13” mart 2026-cı ildə daxil olmuş və kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

III. Izahatlar və prosesin gedişi.

13. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, iddiaçı X7 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 10150 ABŞ dolları pulun cavabdeh Seyidov Miryusif Nuru oğlundan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə verərək, 4660 manat, 4500 ABŞ dolları və 1900 ABŞ dolları pulun qarşı tərəfdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdi. Iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə məhkəmə tərəfindən qəbul edilmiş və dəyişdirilmiş iddia tələbi həcmində işə baxılaraq qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar və şahid ifadələri ilə cavabdeh və iddiaçının aralarında olan razılıq əsasında Şərur rayonunda cavabdehin iddiaçıya ev tapmağa köməklik edəcəyi öz təsdiqini tapmışdır. Cavabdeh Seyidov Miryusif Nuru oğlu iddiaçının pensiyaçı olmasını, Şərur rayonuna köçərək burada yaşamaq istəməsini bildiyindən ona ev tapmaqda köməklik edəcəyini bildirmişdir. Cavabdeh bununla bağlı iddiaçıya Şərur rayonunda bir neçə ev göstərmişdir. Hətta bəzi şəxslərlə telefon vasitəsilə əlaqə saxlayaraq evin iddiaçıya alınması ilə bağlı danışıqlar aparmış və razılığa gələrək həmin şəxsə verilməsi məqsədilə iddiaçıdan Naxçıvan şəhərində 1000 ABŞ dolları beh almışdır. Daha sonra isə müqavilənin imzalanması üçün iddiaçıya 4660 manat məbləğində pulu həmin şəxsin övladının kartına göndərməsini demişdir. Şərur rayonunda yerləşən Kapital Bankın arxasında cavabdeh iddiaçıdan buna görə 4660 manat pul almışdır. Cavabdeh isə həmin məbləği karta ödəmiş və həmin ödənişin qəbzini iddiaçıya vermiş, o da həmin qəbzin fotoşəklini çəkərək özündə saxlamışdır. Daha sonra “Emiland Palaza” adlanan yerin arxasında yerləşən çay evində özünə ev alması məqsədilə cavabdehə 4500 ABŞ dolları pulu şahidlərin iştirakı ilə vermişdir. Bu da şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Iddiaçı 4660 manat pulun verilməsi ilə bağlı qəbzdəki adın düzgün olmamasını öyrəndikdən sonra onlar arasında mübahisə olmuşdur. Həmin pulun cavabdehin həyat yoldaşının kartına ödənildiyini öyrənmişdir. Iddiaçı cavabdehə etirazını bildirən zaman Seyidov Miryusif ona ev göstərərək həmin evi iddiaçıya alacağını demişdir. Həmin evin fotoşəkillərini birinci instansiya məhkəməsinə təqdim etmişdilər. Cavabdeh Seyidov Miryusif Nuru oğlu daha sonra iddiaçıya öz həyətində ev tikəcəyini demiş və onlar 22000 manata razılığa gəlmişlər. Ilkin olaraq o, texnika çağıraraq öz həyətindəki köhnə tikililəri sökdürəcəyini və evi orada tikəcəyini bildirmişdir. Cavabdeh həyət təmizləndikdən sonra iddiaçıya pulun bitdiyini və işlərin görülməsi üçün əlavə pul lazım olduğunu demişdir. Iddiaçı isə cavabdehə verilmiş pul müqabilində hər hansı iş görmədiyini bildirmişdir. Buna görə də aralarında mübahisə olmuşdur. Cavabdeh iddiaçı tərəfindən ona heç bir pulun verilmədiyini və ona heç nə qaytarmayacağını demişdir. Məhkəməyə müraciət etdikdən sonra iddiaçı hadisə ilə əlaqədar izahat vermişdir. Cavabdeh isə ilk olaraq iddiaçının ona pul vermədiyini desə də, məhkəmə iclasında iddiaçıdan 1000 ABŞ dolları aldığını bildirmiş, başqa pul almadığını qeyd etmişdir.

14. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X7 apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, vəkilnümayəndəsinin verdiyi izahatla razıdır və heç bir əlavəsi yoxdur.

15. Iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, karta ödəniş edilməsi üçün verdiyi 4660 manat pulun cavabdehin həyat yoldaşının kartına köçürüldüyünü 2 ay sonra bilmişdir. Cavabdeh 4660 manat pul verilən zaman evin tikintisinə başlamamışdı. O, bunu öyrəndikdən sonra cavabdehi məcbur etmiş, nəticədə cavabdeh tikintiyə başlamış və köhnə torpaqdan olan tikilini sökdürmüşdür. Ilqar ustanın dükanında olan vaxt 4660 manat pulun karta ödənilməsi ilə bağlı qəbzə baxmış və qəbzi Ilqar ustaya göstərdikdə, o, pulun cavabdehin həyat yoldaşının adına olan karta köçürüldüyünü demişdir. Özü banka yaxınlaşmış və orada da pulun cavabdehin həyat yoldaşına aid karta köçürüldüyü təkrar bildirilmişdir. 4660 manat pulun karta köçürülməsi ilə bağlı qəbz özünün pulqabında olmuşdur. Cavabdehlə münasibətləri yaxşı olduğu üçün onun evində qalmış, həmçinin Yengicə kəndində yerləşən evində də kirayədə yaşamışdır. Cavabdehin həyat yoldaşı həmin vaxt Bakı şəhərində olmuşdur. Pulqabının iç hissəsində iki ədəd 1 dollar və bir ədəd 5 dollar "şans pulu" və qəbz var idi. Cavabdehlə mübahisə etdikdən sonra pulqabına baxan zaman qəbzin və pulların yerində olmadığını görmüşdür.

16. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdeh Seyidov Miryusif Nuru oğluna mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.

17. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.

IV. Işin halları.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

19. - Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin Şərur Rayon Polis Idarəsinin ## ###### 2025-ci il tarixli, *-**-**-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş sənədlərdən X7 ## ####### 2024-cü ildə Şərur rayonu, Yengicə kənd sakini Seyidov Miryusif Nuru oğlunun onun etibarından istifadə edərək 10150 ABŞ dolları məbləğində pulun mənimsəməsinə dair şikayət ərizəsi ilə həmin idarəyə müraciət etməsi və bu şikayət əsasında araşdırma aparılaraq X7, Seyidov Miryusif Nuru oğlunun, X8, X2, X6, cavabdehin arvadı X5 izahatının alınması, araşdırmanın sonunda isə Şərur Rayon Polis Idarəsinin Istintaq və təhqiqat bölməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi (iş vərəqə 05-32);

20. - cavabdeh Seyidov Miryusif Nuru oğlunun Şərur Rayon Polis Idarəsində verdiyi izahatından onun X7 ümumilikdə 1000 ABŞ dolları almasını etiraf etməsi, həmçinin Bakıda yaşayan bacısı Dilbərin ona 7000 manat pul göndərdiyini bildirməsi, sözügedən pulun nə vaxt və kim vasitəsilə ona göndərilməsinə dair ünvanlanmış suala isə “o pulu 2024-cü ilin fevral ayında Bakı şəhərində yerləşən hava limanında tanımadığı bir şəxsə vermişdir. Mən isə hava limanına gedərək həmin pulu götürmüşdüm” kimi cavab verməsi (iş vərəqə 15-17);

21. - cavabdeh Seyidov Miryusif Nuru oğlunun arvadı X5 Şərur Rayon Polis Idarəsində verdiyi izahatından, onun polis idarəsində ## #### 2024-cü il tarixdə onun istifadəsində olan "Kapital Bank"a məxsus kart hesabına 4660 manat məbləğində yüklənilmiş pul ilə bağlı ünvanlanmış suala “2024-cü ilin fevral ayında Bakı şəhərində yaşayan baldızım Dilbər qızımın oxuması üçün mənə 7000 manat pul vermişdir. Həmin pulu o, buraya gələrək mənə əlbəəl vermişdi. O puldan bir dəfə Miryusif məndən 3000 manat pul istədi. Daha sonra qızım Möhtərəm evdə olan pulları istəyərək karta vuracağını bildirdi. Həmin vaxt evdə 4800 manatadək pul var idi. Mən pulu qızım Möhtərəmə verdim. O, isə mənim kartıma 4660 manat pul vurdu” kimi cavab verməsi (iş vərəqə 22-23);

22. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatlardan cavabdeh Seyidov Miryusif Nuru oğlunun müharibə veteranı olması (iş vərəqə 160);

23. -"Elektron məhkəmə" informasiya sistemindən əldə edilmiş cavabdehin qohumluq məlumatlarından onun ## ###### 2007-ci il təvəllüdlü Möhtərəm adlı övladının olması aydın olur.

24. Bundan başqa birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş:

25. - X8 ifadəsində cavabdehlə sinif yoldaşı olduqlarını, ## #### 2024-cü il tarixdə Miryusif ilə şüşəli çayxanada çay içdiklərini, həmin vaxt Durmuşun ev almaq istədiyini bildirdiyini, Durmuşun makler ilə danışacağını, lakin Seyidin həmin adamdan getməsini istədiyini, sonra onların söhbət etdiklərini, aralarında razılaşdıqlarını, evə baxmaq üçün getdiklərini, həmin evin üç qardaşın olduğunu dediklərini, sonra üçünün də şəhərə getdiklərini, Durmuşun Seyidə "Kapital Bank"ın önündə 1000 dollar verdiyini, Seyidin də banka girib çıxdığını, Durmuşun qəbzi istəsə də Seyidin ona qəbzi vermədiyini, sonra isə Hacı Qasımın şadlıq sarayının yanında Durmuşun 4500 dolları Seyidə verdiyini, Seyidin Durmuşa öz torpağında ev tikib verəcəyini bildirdiyini, 4500 dolları verən vaxtı onun, Ilqar usta, Seyid və Durmuş olduğunu, 1000 dolları isə verən vaxtı özünün, Seyid və Durmuşun olduğunu;

26. -X2 ifadəsində 2024-cü ilin avqust ayının əvvəllərində Nəsimi ilə bərabər çayxanada oturduqlarını, bu zaman Durmuş və Seyidin də onların yanına gəldiklərini, birgə oturduqları zaman Durmuşun ev məsələsi ilə bağlı 4500 dolları sayıb stolun üstünə qoyduğunu, ondan pulu saymağını istədiyini, onun da pulu saydığını, həmin pulu Seyidin götürüb getdiyini bildirmişdir.

V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Şərur Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini yalnız cavabdeh tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfdən mübahisələndirilən hissəsi təşkil edir. Onun verdiyi apellyasiya şikayətindən aydın olur ki, cavabdeh Seyidov Miryusif Nuru oğlu sözügedən qətnaməni qismən mübahisələndirir. Verilmiş apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının dəyişdirilməsinə yönəldiyindən, həmin qətnamə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.

VI. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

31. -396-cı maddəsinə görə öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir;

32. - 425.1-ci maddəsində qeyd edilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;

33. - 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

34. - 443.1 və 443.2-ci maddələrinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir;

35. - 448.1-ci maddəsi ilə müəyyən edilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

36. - 531.1-ci maddəsinə görə öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir;

37. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür;

38. - 759.2-ci maddəsində göstərilir ki, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun;

39. - 777.1-ci maddəsinin tələbinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür;

40. - 777.2-ci maddəsinin tələbinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir;

41. - 779.1-ci maddəsində qeyd edilir ki, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalətverənə dəyən zərər üçün məsuliyyət daşıyır;

42. - 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur;

43. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;

44. -1091.2-ci maddəsinin tələbinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;

45. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

46. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

47. -9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;

48. -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

49. -76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

50. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

51. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

52. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

53. -392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

54. Kollegiya mülki iş materiallarını, verilmiş apellyasiya şikayətini, həmçinin işdə olan sübutları qarşılıqlı şəkildə öyrənərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

55. Işin apellyasiya baxışının hədləri ilə bağlı kollegiya müəyyən edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın 1900 ABŞ dolları (avtomobil borcu ilə bağlı) hissəsi rədd edilmiş və bu hissədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh öz şikayətində 1000 ABŞ dolları məbləğində öhdəliyi qəbul etdiyini, lakin 4660 manat və 4500 ABŞ dolları hissəsində qətnamə ilə razılaşmadığını bildirmişdir. Beləliklə, apellyasiya şikayətinin obyektini qətnamənin 4660 manat və 4500 ABŞ dollarının tutulmasına dair hissəsi təşkil edir.

56. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdi ki, tərəflər 2024-cü ilin iyun ayında Şərur şəhərində tanış olmuşlar. Cavabdeh əvvəlcə iddiaçıya Yengicə kəndində ev almaq və sənədləşdirmək vədi vermiş, bu məqsədlə ondan fərqli vaxtlarda pul vəsaitləri qəbul etmişdir.

57. Həmçinin müəyyən edilmişdi ki, ## #### 2024-cü il tarixdə cavabdehin həyat yoldaşı Seyidova Validənin bank hesabına 4660 (dörd min altı yüz altmış) manat vəsait mədaxil edilmişdir. Daha sonra, ilkin ev alışı planı baş tutmadığı üçün tərəflər arasında cavabdehin özünə məxsus torpaq sahəsində iddiaçı üçün ev tikib verməsi barədə yeni razılaşma əldə olunmuşdur. Bu razılaşmanın (tikinti işlərinin) icrası üçün ## ###### 2024-cü il tarixdə şahidlər Ismayılzadə Nəsimi və Ismayılov Ilqarın iştirakı ilə iddiaçı tərəfindən cavabdehə nağd qaydada daha 4500 ABŞ dolları vəsait verilmişdir.

58. Lakin cavabdeh nə iddiaçı üçün ev almış, nə də evin tikintisi ilə bağlı hər hansı real iş həyata keçirmişdir. Cavabdeh pulların bir hissəsinin (1000 dollar) müqabilində söküntü işləri apardığını iddia etsə də, iş materiallarında iddiaçının bu işlərdən hər hansı maddi və ya hüquqi fayda əldə etməsi sübuta yetirilməmişdir.

59. Kollegiya hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərin hüquqi təbiəti onların iradə ifadəsinə və faktiki hərəkətlərinə əsasən müəyyən edilməlidir. Belə ki, iddiaçının cavabdehə ev alınması məqsədilə pul verməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsində nəzərdə tutulan tapşırıq müqaviləsinin əlamətlərini daşıyır. Sonradan ev alışı mümkün olmadıqda, tərəflərin razılığı ilə bu öhdəliyin ev tikilməsi öhdəliyi ilə əvəz edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 531.1-ci maddəsinə əsasən öhdəliyin yenilənməsidir (novasiya). Bu andan etibarən tərəflər arasındakı hüquqi münasibətlər Mülki Məcəllənin 752.1-ci maddəsi (podrat müqaviləsi) ilə tənzimlənməyə başlamışdır.

60. Kollegiya qeyd edir ki, tərəflər arasında podrat münasibətləri yaransa da, cavabdeh tərəfindən ağlabatan müddətdə heç bir nəticənin ortaya qoyulmaması iddiaçının müqaviləyə olan marağını itirmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu öhdəliyini icra etmədikdə, kreditor müqavilədən imtina edə bilər. Iddiaçının məhkəməyə müraciət edərək vəsaitlərin qaytarılmasını tələb etməsi, onun müqavilədən birtərəfli imtinası kimi qiymətləndirilməlidir.

61. Müqavilədən imtina edilməsi tərəflər arasındakı müqavilə əsasını gələcək üçün ləğv edir. Bu isə o deməkdir ki, cavabdehin vəsaitləri özündə saxlaması üçün mövcud olmuş hüquqi əsas (müqavilə niyyəti) aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə, əsassız varlanma o hallarda da baş vermiş sayılır ki, varlanma sonralar aradan qalxmış əsasa söykənsin. Beləliklə, müqavilə öhdəliyinin icra edilməməsi səbəbindən ləğv olunması, cavabdehin üzərinə həmin vəsaitləri əsassız varlanma normaları ilə geri qaytarmaq vəzifəsi qoyur.

62. Iddiaçının cavabdehə verdiyini iddia etdiyi 4660 (dörd min altı yüz altmış) manat vəsaitin hüquqi həllinə münasibətdə kollegiya müəyyən edir ki, cavabdeh tərəfindən mübahisələndirilən 4660 (dörd min altı yüz altmış) manat vəsaitin mənbəyi ilə bağlı irəli sürülən iddialar ciddi ziddiyyətlər təşkil edir. Belə ki, cavabdehin arvadı Seyidova Validə polisə verdiyi izahatında bildirmişdir ki, həmin vəsaiti ona baldızı Dilbər Naxçıvana gələrək "öz əli ilə" təqdim etmişdir. Lakin cavabdeh Seyidov Miryusif polisə verdiyi izahatında tam fərqli halı – bacısının pulu 2024-cü ilin fevral ayında Bakı şəhərində hava limanında tanımadığı bir şəxsə verdiyini, özünün isə hava limanına gedərək həmin şəxsdən pulu təslim aldığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində isə nümayəndənin müdaxiləsindən sonra bu izahatlar yenidən dəyişdirilərək qeyri-müəyyən xarakter almışdır. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən sübutları obyektiv qiymətləndirən kollegiya hesab edir ki, bir ailə daxilində eyni pulun mənbəyi və alınma üsulu barədə bu dərəcədə kəskin fərqlənən izahatların verilməsi, həmin vəsaitin qanuni mənbəyini şübhə altına qoyur.

63. Digər tərəfdən, cavabdehin sözügedən vəsaitin bir hissəsinin (2500 manat) övladının təhsil haqqı üçün nəzərdə tutulduğu barədə arqumenti də məntiqi və iqtisadi baxımdan əsassızdır. Belə ki, təhsil haqqının ödənilməsi üçün nəzərdə tutulan vəsaitin birbaşa təhsil müəssisəsinin bank hesabına deyil, şəxsi karta mədaxil edilməsi və bu zaman bank komissiyası (faiz) itkilərinə yol verilməsi ağlabatan iqtisadi davranış hesab edilə bilməz. Bu hal bir daha təsdiq edir ki, sözügedən vəsaitin daxilolma təyinatı cavabdehin iddia etdiyi kimi ailə ehtiyacları ilə bağlı deyil, məhz iddiaçı ilə olan əmlak münasibətləri ilə bağlıdır.

64. Iddiaçının davranış modelinin təhlili göstərir ki, o, xarici ölkə vətəndaşı olaraq verdiyi vəsaitlərin sənədləşdirilməsində və sübutların əldə olunmasında xüsusi maraq göstərmişdir. Belə ki, şahid Ismayılov Ilqarın izahatından aydın olur ki, iddiaçı hələ ilk 1000 ABŞ dollarını verərkən cavabdehdən qəbz tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə (məsələn, bankdan çıxarkən qəbzi verməməklə) bundan yayınmışdır. Iddiaçının 4660 manat məbləğində ödəniş terminal qəbzinin şəklini çəkməsi də məhz onun ödəniş faktını təsbit etmək iradəsindən xəbər verir.

65. Beləliklə, bir tərəfdən iddiaçının ödənişi təsdiq edən texniki sübutu (qəbz şəkli) və ardıcıl mövqeyi, digər tərəfdən isə cavabdeh tərəfin pulun mənbəyi barədə ziddiyyətli, həyatın adi axarına və məntiqə uyğun olmayan müdafiə xətti qarşılaşdırıldıqda, kollegiya 4660 (dörd min altı yüz altmış) manat vəsaitin məhz iddiaçı tərəfindən cavabdehə verildiyi qənaətinə gəlir. Bu vəsaitin geri qaytarılmaması isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1ci maddəsinə əsasən əsassız varlanma kimi qiymətləndirilməlidir.

66. Yuxarıda qeyd olunanları kompleks şəkildə qiymətləndirərək, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan yazılı sübutu (terminal qəbzini), tərəflərin ziddiyyətli izahatlarını və hadisələrin xronoloji ardıcıllığını düzgün təhlil etmişdir. Cavabdehin pulun mənbəyi barədə irəli sürdüyü və polis araşdırması ilə təkzib olunan müdafiə versiyası, iddiaçının təqdim etdiyi sübutları sarsıtmaq gücündə deyildir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin 4660 manatın məhz iddiaçı tərəfindən cavabdehə verilməsi və həmin vəsaitin geri qaytarılmalı olması barədə gəldiyi nəticə həm maddi, həm də prosessual hüquq normaları baxımından tamamilə əsaslıdır.

67. Digər pul vəsaitinin 4500 (dörd min beş yüz) ABŞ dolları vəsaitin hüquqi həllinə münasibətsə isə kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində bu pulun ona verilməsinin sübuta yetirilmədiyini, şahid ifadələrinin isə bu məbləğin tutulması üçün yetərli olmadığını iddia edir. Lakin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən, tərəflər arasında yaranmış tapşırıq (və sonradan podrat) münasibətləri şifahi formada bağlana bilər. Müqavilənin şifahi forması isə öz növbəsində həmin müqavilə üzrə pul vəsaitlərinin verilməsi faktının şahid ifadələri ilə sübuta yetirilməsini istisna etmir.

68. Iş üzrə dindirilmiş şahidlər Ismayılzadə Nəsimi və Ismayılov Ilqar məhkəməyə ifadə verərək, ## ###### 2024-cü il tarixdə Şərur şəhərində yerləşən çayxanada iddiaçının 4500 dolları sayıb cavabdehə təqdim etməsini bilavasitə müşahidə etdiklərini bildirmişlər. Həmin şəxslər mübahisənin məhkəmə müstəvisinə daşınmasından öncə də, yəni polis idarəsində eyni məzmunlu izahatlar vermişlər. Şahidlərin ifadələri tərəflər arasındakı münasibətlərin məntiqi gedişatına, yəni ev alınması alınmadıqda, tikinti üçün vəsaitin verilməsinə tam uyğundur. Eyni zamanda, cavabdehin şahidlərlə hər hansı ədavətinin olması və ya onların qərəzli olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

69. Cavabdeh apellyasiya şikayətində həmçinin bildirmişdir ki, o, yalnız 1000 dollar almış və bunun müqabilində söküntü işləri görmüşdür. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinin tələbinə görə, əgər podratçı müqavilənin şərtlərini pozursa, o, yalnız sifarişçinin marağı olan işlərin haqqını tələb edə bilər. Iş materiallarından aydın olur ki, cavabdeh öz həyətindəki köhnə tikililəri (tövlə və qarajı) sökərək bu işi "ev tikintisinin başlanğıcı" kimi qələmə verməyə çalışmışdır. Halbuki, iddiaçının mülkiyyətində olmayan və tikintisi başa çatdırılmayan ərazidəki söküntü işlərində hər hansı hüquqi və ya maddi marağının olması mümkün deyil.

70. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilmədiyindən və hüquqi əsas (müqavilə niyyəti) aradan qalxdığından, şahid ifadələri ilə təsdiq olunan 4500 (dörd min beş yüz) ABŞ dollarının da geri qaytarılmaması əsassız varlanma təşkil edir. Birinci instansiya məhkəməsinin bu hissədə də gəldiyi nəticə qanunidir.

71. Cavabdeh tərəf apellyasiya şikayətində onu da bildirilmişdir ki, onun həyətyanı sahəsində apardığı söküntü və tikinti işlərinə məhkəmə tərəfindən baxış keçirilməməsi obyektiv həqiqətin üzə çıxmasına mane olmuşdur. Kollegiya bu dəlili əsassız hesab edərək bildirir ki, Azərbaycan Respublikası Mülki- 72. Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə, məhkəmə yalnız o sübutları qəbul edir ki, onlar işin həlli üçün əhəmiyyətli olsun. Iddiaçı ilə cavabdeh arasındakı mübahisənin predmeti görülmüş işin keyfiyyəti deyil, pulun təyinatı üzrə istifadə edilməməsi və öhdəliyin mahiyyəti üzrə icra olunmamasıdır. Cavabdehin özünə məxsus ərazidə apardığı söküntü işləri iddiaçının mülkiyyət hüququnun yaranmasına səbəb olmadığı üçün, həmin işlərin həcminin müəyyən edilməsi üçün yerində baxış keçirilməsi işin nəticəsinə təsir edən zəruri prosessual hərəkət hesab edilə bilməz.

73. Cavabdehin Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin (sübutlara qiymət verilməsi) pozulması barədə dəlilinə gəldikdə, kollegiya müəyyən edir ki, birinci instansiya məhkəməsi həm şahid ifadələrinə, həm də yazılı terminal qəbzinə kompleks şəkildə yanaşmışdır. Cavabdehin 1000 dolları etiraf edib digər məbləğləri inkar etməsi subyektiv müdafiə xarakteri daşıyır və işdəki digər mötəbər sübutlarla təkzib olunur. Bu səbəbdən prosessual hüquq normalarının pozulması faktı aşkar edilməmişdir.

74. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddia edir ki, məhkəmə tərəflər arasındakı münasibətlərə vicdanlılıq prinsipini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsini tətbiq etməli idi.

75. Bununla bağlı kollegiya qeyd edir ki, vicdanlılıq prinsipi mülki dövriyyə iştirakçılarından həm hüquqlarını həyata keçirərkən, həm də öhdəliklərini icra edərkən dürüst və qarşı tərəfin qanuni mənafelərinə hörmətlə yanaşmağı tələb edən təməl prinsipdir. Lakin iş materiallarının təhlili göstərir ki, cavabdehin öz davranışı məhz bu prinsipə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, tərəflər öhdəliyin şərtlərinə və vicdanlılıq tələblərinə müvafiq hərəkət etməlidirlər. Cavabdeh iddiaçının xarici ölkə vətəndaşı olmasından və yerli şəraitə bələd olmamasından istifadə edərək, ondan "ev alınması" və "ev tikilməsi" kimi ciddi öhdəliklər adı altında külli miqdarda vəsait toplamış, lakin bu vədlərin heç birini icra etməmişdir. Üstəlik, alınan vəsaitlərin mənbəyi barədə polis araşdırması zamanı verilən ziddiyyətli izahatlar cavabdehin mülki dövriyyədə dürüst tərəf kimi çıxış etmədiyini təsdiq edir.

76. Cavabdeh qeyd edilən maddi hüquq normasına istinad edərək öz hərəkətlərinə (məsələn, 1000 dollar müqabilində öz həyətində apardığı söküntü işlərinə) hüquqi don geyindirməyə çalışsa da, kollegiya hesab edir ki, vicdanlılıq prinsipi borclunu kreditorun (iddiaçının) maraqlarını qorumağa sövq etməlidir. Iddiaçının mülkiyyət hüququ əldə edə bilməyəcəyi bir ərazidə söküntü aparılması və bunun qarşılığında minlərlə dollar vəsaitin mənimsənilməsi vicdanlılıq deyil, qarşı tərəfin etibarından sui-istifadə etməkdir.

77. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin tətbiqi bu işdə cavabdehin məsuliyyətini azaltmır, əksinə, onun öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasının hüquqa zidd olduğunu bir daha sübut edir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi, tərəflərin faktiki davranışlarına və vicdanlılıq meyarlarına uyğundur.

78. Göstərilənlərə əsasən kollegiya yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən etmiş, tərəflər arasındakı öhdəlik münasibətlərinin pozulması və əsassız varlanma faktlarını mötəbər sübutlarla təsdiq etmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü maddi və prosessual hüquq normalarının pozulması barədə dəlilləri iş materialları ilə təkzib olunur və qətnamənin ləğv edilməsi üçün əsas yaratmır. Buna görə də cavabdeh Seyidov Miryusif Nuru oğlunun verdiyi apellyasiya şikayəti təmin edilməməli və Şərur Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

80. Məhkəmə xərclərinə gəldikdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

81. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

82. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

83. - 119.5-ci maddəsində qeyd edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür;

84. - 124.3-cü maddəsinin tələbinə görə iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.

85. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

86. Qeyd edilən prosessual normaları iş materialları ilə, həmçinin verilmiş apellyasiya şikayəti üzrə gəlinən hüquqi nəticə ilə əlaqəli şəkildə təhlil edərək kollegiya bildirir ki, cavabdeh Seyidov Miryusif Nuru oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti verilməsi ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri də ümumi qaydada (iddianın təmin olunma mütənasibliyinə görə) bölüşdürülür. Lakin nəzərə alınmalıdır ki, cavabdeh müharibə veteranı statusuna malikdir.

87. Həmin Məcəllənin 124.3-cü maddəsinin mənasına görə, apellyasiya şikayəti verən şəxs qanunla məhkəmə xərclərini ödəməkdən azad edildiyi halda, onun şikayətinin rədd edilməsi dövlət rüsumunun ondan tutulması üçün əsas yaratmır. Bu halda apellyasiya şikayətinə görə ödənilməli olan dövlət rüsumu dövlət hesabına aid edilməli, şikayət verən şəxs isə bu öhdəlikdən azad olunmalıdır.

88. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

89. - cavabdeh Seyidov Miryusif Nuru oğlunun Şərur Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməməli;

90. - Şərur Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən (4660 (dörd min altı yüz altmış) manat və 4500 (dörd min beş yüz) ABŞ dollarının tutulmasına dair) hissədə dəyişdirilmədən saxlanılmalı;

91. - cavabdeh Seyidov Miryusif Nuru oğlu dövlət rüsumunu ödəməkdən azad edildiyindən apellyasiya şikayəti verilməsi ilə bağlı bu xərc dövlət hesabına aid edilməlidir.

92. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi:

Cavabdeh Seyidov Miryusif Nuru oğlunun Şərur Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən (4660 (dörd min altı yüz altmış) manat və 4500 (dörd min beş yüz) ABŞ dollarının tutulmasına dair) hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Seyidov Miryusif Nuru oğlu dövlət rüsumunu ödəməkdən azad edildiyindən apellyasiya şikayəti verilməsi ilə bağlı bu xərc dövlət hesabına aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar