Məhkəmə qərarları › İş №2(3-1)-95/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-95/2026

17.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-95/2026 17.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: xidmət münasibətləri, qarışıq müqavilə, tapşırıq və saxlama ünsürləri, öhdəliyin pozulması, kobud ehtiyatsızlıq, maddi ziyan, birtərəfli yazılı iltizam) iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı İddiaçı "29" oktyabr 2025-ci ildə Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh 3000 (üç min) manat pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-02).

b) Iddia tələbinin əsaslandırılması.

2. Iddiaçı tələbini əsaslandıraraq qeyd edib ki, uzun illər Culfa rayonu, Teyvaz kəndində yaşayıb, orada işləyib. Işi ilə əlaqədar saxladığı xırdabuynuzlu heyvanlara baxmağa vaxtı olmadığından onları saxlaması üçün Culfa rayonu, Qazançı kənd sakini cavabdeh Cavabdeh verib. Cavabdeh onun 21 baş xırdabuynuzlu heyvanını saxlayırmış, bunun müqabilində özü ona hər ay 42 manat haqq ödəyib. Axırıncı dəfə 2019-cu ilin aprel ayında ona pulu ödəyib. Sonra eşidib ki, Cavabdeh çobanlıq etmir, heyvanları dağıdıb, hərə gəlib öz heyvanlarını aparıb. Ona bu barədə cavabdeh Cavabdeh tərəfindən heç bir məlumat verilməmişdi. O, özü bu barədə məlumat aldığından heyvanlarının arxasınca gedib. Lakin onu tapa bilmədiyindən Culfa Rayon Polis Şöbəsinin Əlincə polis bölməsinə gedib. Orada ona bildiriblər ki, itən heyvanların qeydiyyatı aparılır. O da Cavabdeh 21 baş xırdabuynuzlu heyvanının olduğunu bildirib. Polisdən onun harada olduğunu soruşduqda bildiriblər ki, onu buraxıblar, Türkiyə Respublikasına işləməyə gedib, işləyib, gətirib heyvan sahiblərinə itirdiyi heyvanlara görə pullarını ödəsin. Nəhayət bir müddət keçəndən sonra o, Cavabdehlə danışa bilib. Ona telefonda bildirib ki, “sizin itirdiyim heyvanlarınıza görə 3000 (üç min) manat pulunuzu ödəyəcəyəm.” Lakin o, pulu ödəyəcəyinə söz versə də pulunu ödəməyib. Bu ərəfədə onu Culfa Rayon Polis Şöbəsinə çağırıblar, ondan itmiş heyvanları barədə soruşublar. Cavabdeh onun 21 baş xırdabuynuzlu heyvanını itirdiyini etiraf edib. Oradan onları Culfa Rayon Məhkəməsinə göndəriblər. Cavabdeh ## ###### 2022-ci il tarixdə ərizə yazaraq ona 3000 (üç min) manat borcu olduğunu borcunu 2024-cü ilin dekabr ayına kimi ödəyəcəyinə söz verib. Lakin həmin vaxtdan 3 ilə yaxın müddət keçməsinə baxmayaraq borcundan 1 manat belə olsun ödəməyib. Bu müddət ərzində dəfələrlə onunla görüşməsinə, telefon əlaqəsi saxlamağına baxmayaraq borcunu ödəyəcəyini bildirsə də, ödəməyib. Son bir ili isə onun telefonunu bloka salıb. Heç onunla əlaqə də saxlaya bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Culfa Rayon Məhkəməsinin (sədrlik edən hakim Mehrab Məmmədov) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun və 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdi (iş vərəqə 46-50).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

4. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mülki-hüquqi münasibətlərin xarakterini araşdıraraq belə bir hüquqi mövqedən çıxış etmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Saxlama müqaviləsinə” aid olan müddəaları (Mülki Məcəllənin 822.1, 823.1, 823.2, 824.1, 824.2 və 824.3-cü maddələri) tətbiq edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı İddiaçı özünə məxsus 21 baş xırdabuynuzlu heyvanı razılaşdırılmış haqq müqabilində cavabdeh Cavabdeh saxlaması üçün vermiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, heyvanları qaytarmamış və onların aqibəti barədə məlumat verməmişdir.

5. Bununla yanaşı, birinci instansiya məhkəməsi hüquqi qiymətləndirməsində qeyd etmişdir ki, hazırkı işdə öhdəliyin yaranma əsası qismində həm də borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış ## ###### 2022-ci il tarixli ərizə çıxış edir. Məhkəmə bu hüquqi münasibəti Mülki Məcəllənin 882.1 və 882.2-ci maddələrinə istinadən “Borcun etirafı haqqında mücərrəd müqavilə” çərçivəsində qiymətləndirmişdir. Məhkəmənin gəldiyi hüquqi nəticəyə görə, cavabdehin mövcud borcunu yazılı şəkildə etiraf etməsi iddiaçını sonradan bu alacağının olmasını sübut etmək yükündən azad edir və borc etiraf edildiyi üçün həmin borcun mövcud olmamasına istinad edilməsi yolverilməzdir.

6. Prosessual hüquq normaları baxımından məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrini rəhbər tutaraq sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsaslanmışdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh borcun qaytarılmasına dair məhkəməyə heç bir əks-sübut təqdim etməmişdir.

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

7. Culfa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 58-61).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

8. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı öz iddia tələbini əsaslandırdığı hallarla bağlı yanlış məlumatlar vermiş, həmin yalan məlumatlar əsasında Culfa Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Iddiaçı ilə aralarında olan razılaşmaya əsasən özü onun xırdabuynuzlu heyvanlarını otarıb. Ailəsində baş verən, daha dəqiq isə qaynı ilə arasında olan problemlərə görə polis tərəfindən qanunsuz olaraq tutulmuş, Naxçıvan Muxtar Respublikası X7 Narkologiya şöbəsində heç bir əsas olmadan günlərlə saxlanılmışdır. Həmin dövrdə xırdabuynuzlu heyvanlara nə olması barədə heç bir məlumatı olmamış, Azərbaycan Respublikası ərazisindən polisin təkidi ilə qanunsuz olaraq çıxarılıb Türkiyəyə getmişdi. İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edən zaman hakimin təkidi ilə ərizə yazaraq iddiaçıya borcu olduğunu bildirib. Məhkəməyə getməsinə baxmayaraq iclas onun iştirakı olmadan keçirilmişdir. Həmçinin məhkəmənin qətnaməsi ## ###### 2026-cı il tarixdə qəbul edilməsinə baxmayaraq, ona rəsmi qaydada verilməmiş, icra mərhələsində ünvanına göndərilən yazılı xəbərdarlıqdan sonra məhkəməyə gedərək ## ##### 2026-cı tarixdə ərizə ilə qətnaməni alıb. Məhkəmə qətnaməsindən xəbəri olmadığı üçün apellyasiya şikayətini də verə bilməyib.

9. Iddiaçı İddiaçı məxsus xırdabuynuzlu heyvanların itməsinə nə qəsd, nə də ehtiyatsızlıq edərək səbəb olmuşdur. Tamamilə ondan asılı olmayan hallara görə iddiaçıya ziyan dəymişdir. Culfa Rayon Məhkəməsində icraat aparılan zaman narkoloji şöbədə və polis şöbəsində günlərlə saxlanıldığını təsdiq edəcək şahidlər var idi. Lakin məhkəmədə iştirakının qarşısı alındığından o, iddiaçıya dəymiş ziyanın onun cavabdeh olmadığı hallardan irəli gəldiyini sübut edə bilməyib, daha doğrusu məhkəmədə iştirakının qarşısı alındığından buna cəhd belə edə bilməyib.

10. Iddiaçı İddiaçı öz tələbinin əsaslandığı fakt və halları sübut etmək, məhkəmədə iştirak etmək imkanı tanındığı halda, ona bu şərait yaradılmamış, beləliklə çəkişmə, tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. Culfa Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş sübutlara qərəzli yanaşılmış, ona iddiaçı İddiaçı maddi ziyan vurmağı ilə bağlı təkidlə ərizə yazdırılmışdır. Halbuki belə bir hal baş verməmiş, sadəcə olaraq qanunsuzluqlara məruz qaldığı üçün ondan asılı olmayan səbəblərə görə xırdabuynuzlu heyvanları aldığı kimi təhvil verə bilməyib.

11. Culfa Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə heyvanları dağıtmağı, otarmağa aparmamağı və nəticədə iddiaçıya ziyan vurması qənaətinə gəlinsə də, bunun niyə baş verməsi, onun hadisə baş verən zaman harada olmağı (qeyd etdiyi kimi polisin təkidi ilə ölkə xaricinə çıxıb) aydınlaşdırılmamışdır..

12. Birinci instansiya məhkəməsinin qətnaməsində “məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat alınıb, İddiaçı verilməlidir”. Sual yaranır ki, hansı sübutlar əsasında bu nəticəyə gəlinmişdir? Iş materiallarında olan sadəcə bir ərizədir, onun da tərəfindən hansı şəraitdə yazıldığını dəfələrlə qeyd edib.

13. Birinci instansiya məhkəməsinin qətnaməsində onun Mülki Məcəllənin 824.1-ci maddədə nəzərdə tutulan tələbi pozmağı qənaətinə gəlinmişdir. Həmin müddəaya əsasən əgər saxlama haqq müqabilində həyata keçirilərsə saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanılması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Sual yaranır ki, azadlığı məhdudlaşdırılmış biri saxlama zamanı necə vicdanlılığa riayət edə bilər?

14. Culfa Rayon Məhkəməsi tərəfindən məhkəmədə iştirakı təmin olunmadığından, şahidlərin dindirilməsi ilə bağlı vəsatət verə bilməyib. Bununla bağlı məhkəmə iclasında vəsatət verəcəkdir.

15. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7-ci və 448.4-cü maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1 və 88-ci maddələrinə istinad etmişdi.

c) Işin apellyasiya icraatına qəbulu.

16. Apellyasiya şikayəti mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “13” may 2026-cı ildə daxil olmuş və kollegiyanın eyni tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı.

III. Izahatlar və prosesin gedişatı.

18. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında bildirmişdi ki, 2019-cu ildə ailəsində problemlər olduğu üçün Culfa Rayon Polis Şöbəsinin rəisi tərəfindən bölməyə dəvət edilmişdi. Qoyun sürüsünü tək otardığını desə də, ondan heyvanları tövləyə qataraq bölməyə gəlməsi tələb olunmuşdu. Heyvanları kəvşəndə olduğu üçün onları tövləyə qataraq bölməyə getmişdi. Bundan sonra iki polisin müşayiəti ilə onu Naxçıvan Muxtar Respublikası X7 Narkologiya şöbəsinə aparmışdılar. Dörd gün orada qaldıqdan sonra bacıları polisə şikayət etmişdilər. Bacısının oğlu və heyvan sahiblərindən birinin köməyi ilə oradan çıxıb kəndə qayıtmışdı. Heyvanların saxlanıldığı tövlənin olduğu yerə gedəndə artıq heyvan sahibləri öz heyvanlarını seçmişdilər. Orada polisin iştirakı ilə heyvanlar yenidən saxlama yerinə yığılaraq sayılmış və təhvil verilmişdi. Həmin vaxt kimin qoyunlarını apardığından, kimin qoyunlarının orada qaldığından məlumatı olmamışdı. Özündə heyvanların siyahısı olsa da, polislər onu götürməyə icazə verməmişdilər. Orada heyvanlar sahiblərinə verilmiş və onu yenidən Naxçıvan Muxtar Respublikası X7 Narkologiya şöbəsinə geri qaytarmışdılar. Bir həftə orada qaldıqdan sonra bacılarının şikayətinə əsasən oradan çıxarılaraq Culfa Rayon Polis Şöbəsinə aparılmışdı. Şöbə rəisi olan Şərif müəllimin göstərişi ilə Naxçıvan Muxtar Respublikasından çıxmalı olmuş və gecə saat 2-də Türkiyə Respublikasına məxsus gömrük postunu keçmişdi. 15-20 gün orada qaldıqdan sonra geri qayıtsa da, yaşadığı Culfa rayonunun Qazançı kəndinə getməsinə icazə verilməmişdi. Naxçıvan şəhərində bir müddət kirayədə qaldıqdan sonra yenidən Türkiyə Respublikasına geri qayıtmışdı. Bundan 1 ay müddət keçdikdən sonra Naxçıvan Muxtar Respublikasına gələrkən yenidən saxlanılmış, bacılarının Daxili Işlər Nazirliyinə şikayətindən sonra buraxılmışdı. Həmin vaxt bacılarına zəng olunaraq onun Naxçıvan Muxtar Respublikasını tərk etməli olduğu tapşırılmışdı. Daha sonra yenidən Türkiyə Respublikasına gedib 3-5 ay orada qaldıqdan sonra geri qayıtmış və həmin vaxt heyvan sahibləri ondan öz heyvanlarını tələb etmişdilər. Təkcə iddiaçı yox, digər heyvan sahibləri də öz heyvanlarını tələb edən zaman Şərif müəllimə zəng vurmuş və onun bu məsələni həll etməsindən sonra heyvan sahibləri ondan bir daha heyvan istəməmişdilər. Saxlamaq və otarmaq üçün iddiaçının ona heyvanlarını verdiyini inkar etmir və göstərdiyi xidmətlə bağlı pulunu da almışdı. Adı qeyd edilən şəxs Culfa Rayon Polis Şöbəsinin rəisi işlədiyi müddətdə heç bir heyvan sahibindən onun barəsində şikayət olmamışdı.

19. Apellyasiya şikayəti verən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, dəqiq sayı yadında olmasa da, 13-15 nəfər şəxsin qoyunlarını otarmış, iddiaçı da daxil olmaqla 7-8 nəfərin qoyunlarını qaytarmamış və tələb etmədikləri üçün onların borclarını da verməmişdi. Iddiaçının heyvanların itməsində heç bir təqsiri olmamış, lakin qanuna tabe olaraq polislə birlikdə getdiyi zaman həmin heyvanlar itmişdi. Apellyasiya şikayətini iddiaçının tələbi ilə bağlı deyil, məhz özünün təqsiri olmadan iddiaçıya zərər dəyməsinə görə pulun ondan tələb olunması ilə bağlı vermişdi. Polis iddiaçıya məxsus heyvanları tanımamış və iddiaçının ümumilikdə 14 baş qoyunu olmuşdu. Məhkəmədə heyvanların dəyərini ödəyəcəyi ilə bağlı ərizə yazmış və heyvanların itməsi ilə əlaqədar polisdə ondan izahat alınmışdı. Iddiaçı saxlamaq və otarmaq üçün heyvanlarını ona versə də, məhz polisin təqsiri ucbatından heyvanlar itdiyi üçün iddiaçıya heç bir borcu yox idi.

20. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, Cavabdeh apellyasiya şikayətində onun yalan məlumat verməsi əsasında birinci instansiya məhkəməsinin qətnamə qəbul etməsi barədə göstərilənlər doğru deyildi. Cavabdehin özü də ona 3000 manat pul verəcəyini demişdi. 2025-ci ilin fevral ayından öncə cavabdehə mesaj göndərsə də, o, iddiaçını blokladığı üçün onunla danışa bilməmişdi. Həyat yoldaşı Bakı şəhərində iki dəfə çanaq nahiyəsindən əməliyyat olunduğuna görə 15000-16000 manat aralığında xərc çəkmişdi. Həmin vaxt pensiyaya çıxdığı üçün cavabdehdən imkanı daxilində ona pulu ödəməsini istəsə də, o, imkanının olmadığını əsas gətirmişdi. Qarşı tərəfdən heyvanların tam dəyərini tələb etmirdi, belə ki, cavabdehə saxlaması və otarması üçün 21 baş xırdabuynuzlu heyvan vermiş və 3000 manat da onların qarşılığı olaraq elə cavabdehin özünün təklif etdiyi məbləğ olmuşdu.

21. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, cavabdehin polis tərəfindən saxlanıldığını və sonradan Türkiyə Respublikasına getdiyini öyrənmiş, onun Naxçıvan Muxtar Respublikası X7 Narkologiya şöbəsində saxlanıldığını eşitdikdən sonra ora getsə də, cavabdehin orada olmadığı ona deyilmişdi. 2019-cu ildə ilk dəfə polisə müraciət etsə də, qarşı tərəfə inandığı üçün 2022-ci ilə qədər yenidən polisə müraciət etməmişdi.

22. Kollegiya tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq, işin apellyasiya baxışı mərhələsində tərəflər arasında mübahisənin barışıq sazişi ilə dinc yolla həll edilməsi imkanları və şərtləri geniş müzakirə olunmuşdur. Barışıq müzakirələri zamanı iddiaçı İddiaçı cavabdehə güzəştli variantlar təklif etmişdir. Iddiaçı ilkin olaraq, iddia tələbinin həcmindən imtina edərək, cavabdeh tərəfindən borcun nağd şəkildə dərhal ödəniləcəyi təqdirdə 2000 (iki min) manat, ödənişin müddətli (hissə-hissə) həyata keçiriləcəyi təqdirdə isə hər ay 100 (yüz) manat olmaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat ödənilməsi barədə barışıq şərtləri irəli sürmüşdür. Sonradan iddiaçı öz xoş məramını növbəti dəfə nümayiş etdirərək müddətli ödəniş üzrə təklif etdiyi məbləği 2000 (iki min) manat həddinədək endirmişdir. Lakin cavabdeh Cavabdeh iddiaçının mübahisəni dinc yolla bitirməyə yönəlmiş və özündə əhəmiyyətli güzəştləri ehtiva edən bu ağlabatan təkliflərinin heç biri ilə razılaşmamış, işin barışıq sazişi ilə nizamlanmasından qəti şəkildə imtina etmişdir.

IV. Işin halları:

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

24. - ## ###### 2022-ci il tarixli cavabdeh Cavabdeh tərəfindən yazılmış və imzalanmış ərizədə, “Bildirirəm ki, mənim Culfa rayonu, Teyvaz kənd sakini İddiaçı 3000 manat, X3 1200 manat borcum var. Borcumun olmasını etiraf edirəm və söz verirəm ki, 2024-cü ilin dekabr ayının 29-dək borcumu ödəyəcəm. Əks halda mülki məsuliyyət daşıdığım mənə aydındır” qeyd edilməsi aydın olur (iş vərəqə 39).

V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Culfa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini cavabdeh Cavabdeh mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının yalnız cavabdeh tərəfdən mübahisələndirilən hissəsi təşkil edir.

28. Cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir.

29. Cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.

VI. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. - 21.1 və 21.2-ci maddələrində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

31. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

32. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

33. - 389.1-ci maddəsi ilə müəyyən edilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır;

34. - 390.4-cü maddəsinin tələbinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir;

35. - 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidi;

36. - 442-ci maddəsinin məzmunundan aydın olur ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

37. - 443.1 və 443.2-ci maddələrinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir;

38. - 443.7 və 443.8-ci maddələrinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir;

39. - 777.1, 777.2 və 777.4-cü maddələrindən görünür ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir;

40. - 779.1-ci maddəsinin tələbinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır;

41. - 782.1-ci maddəsinin tələbinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur;

42. - 822-ci maddəsində qeyd edilir ki, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür;

43. - 824.1-ci maddəsinə görə əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır;

44. - 824.3-cü maddəsinə əsasən tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır;

45. - 882.1-ci maddəsi ilə müəyyən edilir ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

46. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

47. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

48. - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;

49. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

50. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

51. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

52. - 392.2-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

53. Kollegiya iş materiallarını, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, toplanmış sübutları daxili inamına əsasən hüquqi normalarla qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, hazırkı mübahisənin ədalətli həlli üçün ilk növbədə mülki dövriyyənin sabitliyinə xidmət edən müqavilə və müqavilə bağlamaq azadlığı prinsiplərinə diqqət yetirilməlidir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

55. Həmin Məcəllənin 390.1-ci maddəsi təsbit edir ki, fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda azaddırlar. Bu azadlıq tərəflərə öz real mülki-iqtisadi ehtiyaclarını təmin etmək üçün qanunvericilikdə birbaşa nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilə şərtlərini və fərqli hüquqi institutların ünsürlərini sərbəst şəkildə müəyyənləşdirmək hüququ tanıyır.

56. Bu baxımdan, tərəflər arasında yaranmış mübahisənin düzgün həlli üçün ilk növbədə hüquq münasibətlərinin faktiki xarakteri və təbiəti müəyyən edilməlidir. Iş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçı İddiaçı özünə məxsus xırdabuynuzlu heyvanları otarmaq və bəsləmək məqsədilə, aylıq müəyyən xidmət haqqı (hər heyvana görə 2 manat, cəmi 42 manat) ödəmək şərtilə cavabdeh Cavabdeh təhvil vermişdir. Bu münasibətlər sadəcə tərəflərin şifahi ünsiyyətinə deyil, qarşılıqlı hüquq və vəzifələr formalaşdıran və mülki qanunvericiliklə tənzimlənən xidmət xarakterli müqavilə öhdəliyinə əsaslanır.

57. Məhkəmə kollegiyası müəyyən edir ki, tərəflər arasında formalaşmış bu müqavilə münasibəti öz mahiyyəti etibarilə xidmət müqaviləsinə aid olmaqla, Mülki Məcəllənin 390.4cü maddəsinin tələblərinə cavab verən qarışıq müqavilə ünsürlərini kəsb edir. Sözügedən normaya əsasən, tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə müvafiq hissələrdə həmin ünsürləri olan müqavilələrə dair qaydalar tətbiq edilir. Hazırkı işdə tərəflərin şifahi razılaşması mülki hüququn iki müstəqil - Tapşırıq (vəkalət) və Saxlama müqavilələrinin ünsürlərini eyni vaxtda özündə birləşdirir.

58. Bu qarışıq müqavilə münasibətlərində tapşırıq (vəkalət) ünsürü cavabdeh Cavabdeh iddiaçı İddiaçı məxsus xırdabuynuzlu heyvanları müəyyən haqq müqabilində mütəmadi olaraq otarması, bəsləməsi və çobanlıq fəaliyyətini həyata keçirməsi ilə ifadə olunur. Mülki Məcəllənin 777.1-ci maddəsinə uyğun olaraq, cavabdeh müvafiq xidmətləri icra etməyi öhdəsinə götürmüş, bu fəaliyyətin icrası xarakteri etibarilə vəkalət alanın tapşırığı vicdanla yerinə yetirməsi öhdəliyini formalaşdırmışdır.

59. Müqavilənin saxlama ünsürü isə iddiaçıya məxsus 21 baş xırdabuynuzlu heyvanın fiziki olaraq çobana (cavabdehə) təhvil verilməsi və bu heyvanların onda qaldığı, otarıldığı bütün dövr ərzində kənar təhlükələrdən (itməkdən, tələf olmaqdan) qorunması öhdəliyi ilə təzahür edir. Mülki Məcəllənin 822.1-ci maddəsinin mənasına görə, cavabdeh ona etibar edilmiş bu daşınar əşyaları (heyvanları) öz fəaliyyət məkanında salamat saxlamaq və mövsümün sonunda sahibinə qaytarmaq vəzifəsini qəbul etmişdir.

60. Beləliklə, qeyd olunan qarışıq müqavilə normaları üzrə tərəflərin mübahisə yaradan konkret qarşılıqlı öhdəlikləri müəyyənləşmişdir. Iddiaçının əsas öhdəliyi xidmət müqabilində şərtləşdirilmiş aylıq haqqı vaxtında ödəməkdən ibarət olmuş və o, bu vəzifəni 2019-cu ilin aprel ayınadək tam icra etmişdir. Cavabdehin əsas öhdəliyi isə Mülki Məcəllənin 425.1-ci maddəsinə uyğun olaraq vicdanlılıq və xüsusi qayğı göstərmək standartlarına riayət etməklə heyvanları otarmaq, qorumaq və həmin Məcəllənin 782.1 və 822.1-ci maddələrinə əsasən tapşırığın icrası bitdikdə, onları aldığı sayda və vəziyyətdə tam olaraq sahibinə təhvil verməsində formalaşmışdır.

61. Işin faktiki hallarından və cavabdehin verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, o, öhdəliyin icrası dövründə ailədaxili münaqişə (qaynı ilə olan problemlər) zəminində polis tərəfindən saxlanılmış və Naxçıvan Muxtar Respublikası X7 Narkologiya şöbəsinə yerləşdirilmiş, bu səbəbdən də heyvanları dağda nəzarətsiz qoymuşdur. Məhkəmə kollegiyası cavabdehə izah edir ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin lazımınca icra edilməməsi və ya vaxtında icra edilməməsi onun pozulması sayılır. Cavabdehin istinad etdiyi ailəvi və ya inzibati xarakterli hadisələr mülki-hüquqi mənada forsmajor (qarşısı alınmaz qüvvə) hesab edilə bilməz və bu hallar borclunu üzərinə götürdüyü müqavilə öhdəliklərini icra etmək vəzifəsindən azad etmir.

62. Cavabdehin apellyasiya şikayətində Mülki Məcəllənin 443.7-ci maddəsinə istinad edərək heyvanların itməsində təqsirinin (qəsd və ya ehtiyatsızlığının) olmaması barədə gətirdiyi dəlillər hüquqi cəhətdən əsassızdır. Mülki Məcəllənin 443.7-ci maddəsinə görə borclunun üzərinə qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Peşəkar çobanlıq və saxlama fəaliyyəti ilə məşğul olan cavabdehin öz şəxsi hərəkətlərindən doğan münaqişəyə görə heyvanları tamamilə mühafizəsiz və taleyin ümidinə buraxıb getməsi mülki hüquq kontekstində aşkar kobud ehtiyatsızlıq təşkil edir. Bu səbəbdən öhdəliyin pozulmasında cavabdehin təqsiri tam sübuta yetirilmişdir.

63. Beləliklə, cavabdehin təqsirli davranışı nəticəsində iddiaçı İddiaçı maddi ziyan vurulması faktı formalaşmışdır. Mülki Məcəllənin 443.1-ci maddəsinin birbaşa imperativ tələbinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin zərərin əvəzinin ödenilməsi vəzifəsi qanunvericiliyin bu tələbindən irəli gələrək birbaşa cavabdehin üzərinə düşür.

64. Öhdəliyin pozulması nəticəsində iddiaçıya dəymiş zərərin miqdarının müəyyənləşdirilməsi məsələsində Mülki Məcəllənin 21, 443.2 və 443.3-cü maddələrinin tələbləri rəhbər tutulmalıdır. Sözügedən normalara əsasən, zərər ümumi qaydalara uyğun olaraq, öhdəliyin icra edilməli olduğu yerdə mövcud olan qiymətlərlə müəyyənləşdirilir. Mübahisəli halda iddiaçının tələb etdiyi 3000 (üç min) manat ziyanın real həcmini rəsmən təsdiq edən əsas mötəbər sübut qismində cavabdeh Cavabdeh ## ###### 2022-ci il tarixdə imzaladığı yazılı ərizəsi (iltizamı) çıxış edir.

65. Cavabdeh həmin ərizədə İddiaçı qarşı mülki məsuliyyətini birmənalı olaraq qəbul etmiş, 21 baş xırdabuynuzlu heyvanın itirilməsinə görə 3000 (üç min) manat borcunun olduğunu etiraf etmiş və bu məbləği ## ###### 2024-cü il tarixədək geri ödəyəcəyinə dair yazılı vəd vermişdir.

66. Kollegiya qeyd edir ki, borclunun zərərin əvəzini müəyyən məbləğdə ödəməyə dair bu rəsmi yazılı sənədi vurulmuş ziyanın qiymətini tərəflərin qarşılıqlı iradəsi ilə mübahisəsizləşdirdiyindən, iddiaçını dəymiş zərərin miqdarını məhkəmədə yenidən (ekspertiza və ya digər vasitələrlə) sübut etmək yükündən tamamilə azad edir.

67. Bununla belə, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində cavabdehin bu birtərəfli ərizəsini Mülki Məcəllənin 882.1 və 882.2-ci maddələrinə istinad edərək “Borcun etirafı haqqında mücərrəd müqavilə” kimi tövsif etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu hüquqi yanaşması mülki hüquq nəzəriyyəsinə və Mülki Məcəllənin 389.1-ci maddəsinə uyğun gəlmir. Çünki həmin maddəyə görə müqavilə ən azı iki tərəfin qarşılıqlı razılaşmasını və iki imzanı tələb edir. Iş materiallarındakı sənəd isə yalnız cavabdeh tərəfindən təkbaşına imzalanmış birtərəfli ərizə (əqd) formasındadır. Bu səbəbdən həmin sənədin birbaşa "müqavilə" adlandırılması maddi hüquq normalarının hərfi mənada səhv tətbiq edilməsidir.

68. Lakin birinci instansiya məhkəməsinin buraxdığı bu nəzəri və formal hüquqi qüsur qətnamənin mahiyyətcə ləğv edilməsi üçün əsas yarada bilməz. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinin birbaşa imperativ tələbinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı işdə cavabdehin öhdəliyi pozması, iddiaçıya ziyan vurması və bu ziyanın məbləğini yazılı sənədlə təsdiq etməsi tam sübuta yetirilmiş faktlar olduğundan, birinci instansiya məhkəməsinin maddəni mexaniki olaraq yanlış seçməsi qətnamənin mahiyyətini sarsıtmır.

69. Digər tərəfdən, cavabdeh Cavabdeh apellyasiya şikayətində irəli sürdüyü "Narkoloji dispanserdə qanunsuz saxlanılması" və ## ###### 2022-ci il tarixli ərizənin "birinci instansiya məhkəməsinin hakimi tərəfindən təkidlə yazdırılması" barədə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası müəyyən edir ki, iş materiallarında bu iddiaları təsdiq edəcək heç bir rəsmi və mötəbər sübut təqdim edilməmişdir.

70. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsindən görünür ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

71. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

72. Kollegiya cavabdehə izah edir ki, onun müvafiq dispanserdə saxlanılması faktı həqiqətən mövcud olmuş olsaydı belə, bu hal iddiaçı İddiaçı pul tələbinin əsassızlığına heç bir təsir göstərmir. Çünki iddiaçı müqavilə öhdəliyini vaxtında və tam icra edərək heyvanları cavabdehə təhvil vermiş və xidmət haqqını ödəmişdir. Cavabdehin şəxsi və ailəvi münasibətlərindən doğan hər hansı bir inzibati və ya tibbi məhdudiyyət onun müqavilə tərəfi qarşısındakı mülki-hüquqi öhdəliklərini aradan qaldırmır və vurulmuş real zərərin əvəzini ödəmək vəzifəsinə təsir etmir.

73. Məhkəmə kollegiyası cavabdehə onu da izah edir ki, mülki-hüquqi öhdəliklər sahəsində borclunun subyektiv iradəsindən kənar hər hansı maneənin (hadisənin) baş verməsi, öz-özlüyündə öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad olunma üçün mütləq hüquqi əsas təşkil etmir. Mülki qanunvericiliyin əsas prinsiplərinə və Mülki Məcəllənin 425.1-ci maddəsinin tələb etdiyi ağlabatan ehtiyatlılıq (və ya vicdanlılıq) qaydasına görə, müqavilə tərəfi öz işində yarana biləcək adi riskləri, o cümlədən şəxsi münaqişələri, inzibati çətinlikləri qabaqcadan hesablamağa, onların qarşısını almaq üçün lazımi tədbirlər görməyə və müqavilə predmetinin (heyvanların) təhlükəsizliyini təmin edəcək alternativ yollar qurmağa borcludur. Bu növ daxili risklərin idarə oluna bilməməsinin mülki-hüquqi və maddi nəticələri iddiaçının üzərinə qoyula bilməz və borclunun təqsiri - kobud ehtiyatsızlığı qismində qiymətləndirilməlidir.

74. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsində işə mahiyyəti üzrə baxılarkən iddiaçının tələb olunan məbləği əhəmiyyətli dərəcədə azaltmaqla (3000 manatdan 2000 manatadək) müxtəlif barışıq variantları təklif etməsinə baxmayaraq, cavabdehin bu güzəştləri rədd etməsi onun mülki-hüquqi öhdəliklərin icrasında vicdanlılıq (Mülki Məcəllənin 425.1-ci maddəsi) prinsipinə uyğun hərəkət etməməsini və mübahisənin uzadılmasında subyektiv maraqlı olduğunu bir daha təsdiq edir. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin dəlilləri mülki dövriyyənin dürüstlük standartları çərçivəsində də əsassız qəbul edilməlidir.

75. Cavabdehin məhkəmə qətnaməsini gec alması barədə dəlilinə gəldikdə isə kollegiya bunu əhəmiyyətsiz hesab edir. Çünki, işə baxan birinci instansiya məhkəməsi cavabdehin bu vəziyyətini (qətnamənin ## ##### 2026-cı il tarixdə təqdim edilməsini) nəzərə almış, onun prosessual hüquqlarının məhdudlaşdırılmasına yol verməmiş və qanunla müəyyən olunmuş şikayət vermək hüququnu tam təmin etmişdir. Şikayətin hazırda apellyasiya instansiyası tərəfindən icraata qəbul edilərək mahiyyəti üzrə baxılması cavabdehin bu hissədəki bütün prosessual narazılıqlarını tamamilə ortadan qaldırır.

76. Beləliklə, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırılmasında bəzi formal və maddi-hüquqi normaların tətbiqində qüsura yol versə də, onun iddiaçının pul tələbinin tam təmin edilməsi barədə gəldiyi yekun nəticə tam qanuni və əsaslıdır.

77. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya belə nəticəyə gəlir ki, Culfa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının tələbinin rədd olunmasına dair cavabdeh Cavabdeh apellyasiya şikayəti əsassızdır.

78. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

79. Məhkəmə xərclərinin (dövlət rüsumunun) tərəflər arasında bölüşdürülməsi ilə bağlı kollegiya bildirir ki, mülki prosessual qanunvericiliyin, yəni Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsinin tələbinə görə, apellyasiya şikayətinin verilməsi üçün çəkilən xərclər də ümumi qaydalara uyğun olaraq tərəflər arasında bölüşdürülməlidir. Bu qaydanın əsas məqsədi məhkəmədə haqlı çıxan tərəfin çəkdiyi xərclərin digər tərəfdən tutulmasını təmin etməkdir.

80. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri iddia tələbinin hansı tərəfin xeyrinə həll edilməsindən asılı olaraq təyin edilir. Hazırkı işdə iddiaçının tələbi tam düzgün hesab edildiyi və cavabdehin apellyasiya şikayəti rədd olunduğu üçün, cavabdehin şikayət verərkən dövlət büdcəsinə ödədiyi 25 (iyirmi beş) manat rüsumun əvəzi onun öz üzərində saxlanılmalıdır.

81. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

82. - Culfa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməli;

83. - Culfa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı;

84. - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.

85. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

86. Baxılan mübahisə üzrə ümumi iddianın, həmçinin eyni zamanda qətnamənin mübahisələndirilən hissəsi üzrə iddianın qiyməti beş min manatdan az olduğundan bu məhkəmə aktından kassasiya şikayəti verilməsinə yol verilmir.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi: Culfa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamənin mübahisələndirilən hissəsi üzrə iddianın qiyməti beş min manatdan az olduğundan ondan kassasiya şikayəti verilməsinə yol verilmir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Müşfiq Həsənov və Vüqar Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar