Məhkəmə qərarları › İş №2(3-10)-100/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-100/2026

08.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-100/2026 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X7 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən ona vurulmuş 13.200 manat maddi ziyanın və 7.000 manat dəyərində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, 8-ci mkr-n, X6 küçəsi, ev 2, mənzil 43 ünvanında yerləşən mənzil hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ona məxsusdur. O, həmin mənzili ## ###### 2023-cü il tarixdə Bakı şəhər ** saylı Notariat ofisinin xüsusi Notariusu Hüseynov İlham Bayram oğlunun reyestrdə 4Ə-991 nömrə ilə qeyd edilməklə təsdiq etdiyi alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda qeydiyyatda olan X3. Həmin dövrdə mənzildə keçmiş gəlini cavabdeh Cavabdeh yaşayırdı.Əslində onlar həyat yoldaşı ilə birlikdə oğluna Sumqayıt şəhərində mənzil almışlar və həyat yoldaşı ilə birlikdə ora köçmələrini xahiş etmişdirlər. Cavabdeh həmin mənzildən çıxmaqdan imtina etmiş və bu da onlara çox böyük ziyan vurulmasına səbəb olmuşdur. O, mənzili X4 136.000 manata satmışdır. Mənzilin satışını makler Rafiq Abdullayev həyata keçirdiyinə görə, yəni müştəri tapdığına görə 1000 manatı həmin 136.000 manatdan ona ödəmiş, 1000 manatını isə alıcı X.Məmmədov ödəməmiş və bildirmişdir ki, mənzildə yaşayanlar çıxarıldıqdan sonra 1000 manatı ödəyəcəkdir.Ümumiyyətlə 136.000 manatın cəmi 134.000 manatını alqı-satqıdan əldə edə bilmişlər.Dəfələrlə müraciət etməyinə və tələb etmələrinə baxmayaraq, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir.Alıcı X3 cavabdeh mənzili boşaltmaqdan imtina etdiyinə görə,ödədiyi məbləğin geri qaytarılmasını tələb etmişdir. Onlar məcbur qalaraq mənzili geri qaytarmışlar və yenidən aralarında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmuş və onlar ondan mənzili yenidən 145.000 manata almışlar. Mənzilin alqısatqısının Notariat qaydada təsdiq edilməsinə tələb edilən 200 manat dövlət rüsumu da onun tərəfindən ödənilmişdir.Cavabdehin həmin mənzildən çıxarılması ilə əlaqədar Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, iddiaları Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli Qətnaməsi ilə təmin olunmuşdur.Cavabdehin həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı apellyasiya şikayəti Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə təmin olunmamışdır.Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması və ümumilikdə məhkəmənin iclaslarında iştirak etmək üçün vəkil Nümayəndə ilə müqavilə bağlamış və 1000 manat ödəmiş, həmçinin Apellyasiya instansiyasında iştirakla əlaqədar vəkilə yenidən 1000 manat ödəmiş,ümumilikdə vəkilə 2000 manat vəsait ödəmişdir.Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində onlara 13.200 manat zərər dəymişdir.Bundan əlavə cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində onlara xeyli miqdarda mənəvi ziyan dəymişdir. Onlar mənzili satarkən qonşuları, dostları bu alqısatqıdan xəbərdar olmuşlar, sonradan mənzilin geri qaytarılması müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olmuş və bunlara görə o, mənəvi cəhətdən çox sarsılmış, qonşular və bütün tanışları arasında biabır olmuş, dəfələrlə təcili yardıma müraciət etmək məcburuyyətində qalmışdır. Bütün bunlardan əlavə cavabdeh AR Daxili İşlər Nazirliyinə müraciət edərək onun və həyat yoldaşının onu və iki övladını zəhərləyib öldürmək istədiklərini bildirmişdir. Ərizəsində “əgər mübahisəli mənzili ona bağışlayarlarsa, ərizədən imtina edəcəyəm” deyə qeyd etmişdir. Bu qeydin özü cavabdehin onlara böhtan atdığını sübut edir.AR Daxili İşlər Nazirliyində araşdırmalar aparılmış və ərizədə göstərilənlər böhtan olduğuna görə, icraata xitam verilmişdir. Onlar Daxili İşlər Nazirliyinə göndərilmiş ərizəni və qərarı tələb etsələr də,onlara göndərilməmişdir.Bu ərizədən sonra qonşuları və dostlarının arasında biabır olmuş, onun və həyat yoldaşının gəlini və nəvələrini zəhərləyib öldürmək istədiyinə inanmayanlar olsa da, yəqin ki, inanlar da olmuşdur.Şərəf və ləyaqəti cavabdeh tərəfindən təhqir olunmuş, alçaldılmışdır.Cavabdeh ərizədə göstərdiklərini sübut edə bilməmişdir.Bu hadisədən sonra çox böyük mənəvi sarsıntı keçirmiş,dəfələrlə təcili yardım çağırmaq məcburiyyətində qalmışdır.Bütün bunlarla əlaqədar dəymiş mənəvi ziyanı 7.000 manat dəyərində qiymətləndirir.Ona ümumilikdə 20.200 manat dəyərində ziyan dəymişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə etiraz göndərərək iddiaçı İddiaçı tərəfindən verilmiş heç bir sübutu və əsası olmayan, tamamilə böhtan və iftiradan ibarət iddia ərizəsinin rədd edilməsini və vicdansızcasına iddia ərizəsi verilməsinə görə iddiaçının cərimə edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı tərəfindən ona qarşı maddi və mənəvi ziyanın ödənilməsi-pul tələbi ilə bağlı heç bir əsası olmayan, tamamilə absurd, şər və böhtandan ibarət iddia ərizəsi qəbuledilməz olmaqla yanaşı, həmçinin, qanunvericiliyin tələbləri pozulmaqla təqdim edilmişdir.Məlumat üçün bildirir ki, hazırda iddiaçının oğluonun keçmiş həyat yoldaşına qarşı Sumqayıt Şəhər Məhkəməsində birgə nikah dövründə əldə edilmiş əmlakların hərrac vasitəsilə satılaraq bölünməsi işi üzrə məhkəmə icraatı vardır. Verilmiş bu absurd iddia da həmin məhkəmə prosesi üçün ona təzyiq məqsədi ilə hazırlanmışdır.Öncə qeyd edir ki, iddiaçının vəkili tərəfindən elektron qaydada imzalanaraq təqdim edilmiş iddia ərizəsində onun elektron kabinetinin mövcudluğu bilindiyi halda (daha əvvəl həmin vəkilin iştirakı ilə dəfələrlə məhkəmə mübahisəmiz mövcud olmuşdur) cavabdeh bölməsində ona aid məlumatlar bilərəkdən yazılmamış,onun məlumatının olmaması istənmiş,eyni zamanda,iddia ərizəsində qeyd etdikləri qoşmalar (şəxsiyyət vəsiqəsi və s,) işə əlavə olunmamış, dolayısı ilə qanunvericiliyin tələbləri (AR MPM 149.2) kobud şəkildə pozulmuşdur. Yazılmış tamamilə əsassız olan və böhtandan ibarət iddia ərizəsinin məzmunu isə vəkil tərəfindən imzalanmasına baxmayaraq əlaqəsiz və sadəcə yalanlardan ibarətdir. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakla bağlı alqı-satqı müqavilələri yalnız notarial qaydada təsdiq olunmalıdır. Verilmiş iddia ərizəsində isə guya evi 136 000 manata satmışlar və 145 000 manata geri almışlar. Halbuki, iddia ərizəsinə sübut kimi sadəcə 1 ədəd alqı-satqı müqaviləsi (100 000 manat dəyərində) əlavə edilmişdir. Həmçinin, iddia ərizəsində ödənilmiş məbləğin geri qaytarılmasının tələb edildiyi, sonra isə guya ki, 145 000 manata evin geri alınması yazılmışdır. Həmin alqı-satqı məsələlərinin tamamilə iddiaçı tərəfindən hazırlandığı, uydurulmuş ssenari olduğu onun öz yazıları və ifadələri ilə dəfələrlə sübut olunmuşdur.Eyni zamanda, vəkil tərəfindən imzalanmış iddia ərizəsində guya ki,əvvəlki məhkəmə mübahisəsi zamanı iddiaçı tərəfindən vəkilə 2000 manat ödənildiyi yazılsa da bunla bağlı da heç bir sübut işə əlavə edilməmişdir.İddiaçı tərəfindən ondan əsassız olaraq tələb edilmiş məbləğin necə ödənildiyini sübut edəcək qəbzi belə göstərə bilməmişlər.Əvəzində tamamilə əlaqəsiz olaraq 20 manat həcmində kommunal ödəniş qəbzi əlavə edilmişdir.İddiaçı hətta daha da irəli gedərək ona qarşı şər və böhtan xarakterli iftira ataraq ondan mənəvi təzminat tələb etmişdir.Bu iddia ərizəsini yazmaqla,həmin iddia ərizəsində ona qarşı böhtan atmaqla,yalandan onun tərəfindən guya ki,hansısa ifadələrin işlədilməsini deməklə özləri onun şərəf və ləyaqətini alçaldıcı qeydlər etmişlər.Belə ki,guya onun tərəfindən hansısa ifadələrin işlədilməsini iddia etsələr də bunu sübut edəcək heç bir sənəd işə əlavə edilməmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən, Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.Qeyd olunanlara əsasən bildirir ki, iddiaçı tərəfindən verilmiş bu iddia ərizəsi tamamilə əsassız, yalan məlumatlardan ibarət olmaqla yanaşı, iddiaçının özünün ifadə etdiyi kimi, onun qurduğu növbəti “oyun"dan ibarətdir.

6. Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, 150.60 manat ödənilmiş dövlət rüsumu xərcinin iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Binəqədi rayonu, 8-ci mkr-n, X6 küçəsi, ev 2, mənzil 43 ünvanında yerləşən mənzil hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətindədir.O, həmin mənzili ## ###### 2023-cü il tarixdə Bakı şəhər ** saylı Notariat ofisində təsdiq olunmuş və reyestrdə 4Ə-991 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X3.Sonradan həmin alqı-satqı müqaviləsi ləğv olunmuşdur. İddiaçı İddiaçı alqı-satqı müqaviləsinin cavabdehin evdən çıxmamasına görə,onun təqsiri üzündən baş verdiyini,cavabdehin evdən çıxmamasına görə maddi və mənəvi ziyana düşməsini göstərərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

9. Belə ki, iddiaçı İddiaçı mülkiyyətində olan Binəqədi rayonu, 8-ci mkr-n, X6 küçəsi, ev 2, mənzil 43 ünvanında yerləşən mənzili ## ###### 2023-cü il tarixdə X3 136.000 manata satdığını, sonradan həmin mənzili alıcı X3 yenidən 145.000 manata aldığını göstərsə də bu faktları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı İddiaçı özünün məhkəməyə təqdim etdiyi ## ###### 2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan, Bakı şəhəri Binəqədi rayonu, X6 küçəsi, ev 2, mənzil 43 ünvanında yerləşən , ümumi sahəsi 48,92 kv/m, yaşayış sahəsi 30.14 kv/m, yardımçı sahəsi 18.78 kv.m olan iki otaqlı mənzili alıcı X3 100000 manata satmışdır. Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin 17-ci bəndindən isə görünür ki, Binəqədi rayonu, 8-ci mkr-n, X6 küçəsi, ev 2, mənzil 43 ünvanında yerləşən mənzillə bağlı alıcı X3 ilə satıcı İddiaçı arasında bağlanmış ## ###### 2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi sonradan ləğv olunmuşdur. İddiaçının təqdim etdiyi ## #### 2024-cü il tarixli əlyazmanın surəti isə mötəbər sənəd olmadığından məhkəmə tərəfindən qəbul olunmamışdır.

10. İddiaçı mənzilin satışının əmlak kirayəçisi (makler) Rafiq Abdullayev tərəfindən həyata keçirildiyini,ona 1000 manat verdiyini göstərsə də bu adlı əmlak kirayəçisi olması, ona 1000 manat pul verməsi barədə də hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.## ###### 2023-cü il tarixli əlyazmanın surəti isə mötəbər sübut olmadığından məhkəmə tərəfindən qəbul edilməmişdir.

11. İddiaçı mənzilin alqı-satqısı üçün 200 manat dövlət rüsumu ödədiyini göstərmiş və bunu təsdiq edən sübut olaraq ## #### 2024-cü il tarixli qəbzi təqdim etmişdir. Həmin tarixdə alqı satqıya dair isə heç bir müqavilə təqdim olunmamışdır.

12. İddiaçı cavabdehin həmin mənzildən çıxarılması ilə əlaqədar Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması və ümumilikdə məhkəmənin iclaslarında iştirak etməsi üçün vəkil Nümayəndə 1000 manat ödəməsini,həmçinin Apellyasiya instansiyasında iştirakla əlaqədar vəkilə yenidən 1000 manat ödəməsini göstərsə də bu barədə də heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Məhəmməd Məhəmmədov tərəflər arasında bağlanmış müqaviləni təsdiq etsə də, pulun ödənməsini təsdiq edən qəbzi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda MPM-in 115.0, 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki,iddiaçı həmin vaxt məhkəmə xərclərini tələb etməmiş, məhkəmə tərəfindən məhkəmə xərcləri iddiaçının özünə aid edilmişdir. Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən də iddiaçı məhkəmə xərclərini tələb etməmişdir.

13. İddiaçı İddiaçı cavabdehin AR Daxili İşlər Nazirliyinə müraciət edərək onun və həyat yoldaşının onu və iki övladını zəhərləyib öldürmək istədiklərini bildirməsini, bu səbəbdən çox böyük mənəvi sarsıntı keçirdiyini,dəfələrlə təcili yardım çağırmaq məcburiyyətində qalmasını göstərsə də bu faktları da təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.Cavabdeh isə belə halın olmadığını bildirmişdir.

14. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarını müvafiq qiymətləndirərək bu nəticəyə gəlmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 150.60 manat dövlət rüsumu iddiaçı İddiaçı aid edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23.1, 23.4, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ###### 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 80, 82.4, 115.2, 115.0.5, 115.0.6, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə əsaslandırmaq istəmişdir ki, alqı-atqı müqaviləsi notarial qaydada təsdiq olunarkən mənzilin satış qiyməti 100 000 manat göstərilmişdir. Müqavilədə mənzilin qiyməti 100 000 manat göstərilsə də təqdim etdikləri sənədlərdən də görünür ki, mənzil X4 alqı-satqı müqaviləsi ilə mənzili satarkən 136 000 manata qiymətləndirmişlər. Yenidən X.Məmmədovdan mənzili alarkən mənzil 146 000 manata qiymətləndirilmişdir. Bu xüsusat tərəflər arasında İmzalanmış sənəddən də açıq aydın görünür. Digər tərəfdən vəkil ilə bağlanmış müqavilə tərəflər arasında imzalanmışdır və həmin müqavilələrdə hər birində məbləğin 1000 manat olduğu tam şəkildə sübut olunur. Digər tərəfdən maklerə ödənilmiş məbləğ onun tərəfindən öz imzası ilə təsdiq olunur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, bütün bu xərclər əvvəlki məhkəmə qətnamələrində yəni, Binəqədi və Bakı Apellyasiya məhkəməsində qətnamə çıxarılarkən həll olunmalı məsələlər idi. Hesab edirlər ki, bütün bu hallar məhkəmə xərclərinə aid deyildir. Məhkəmə xərclərinə aid olan məsələlər AR MPM-da öz əksini tapmışdır. Qeyd olunanlardan da görünür ki, onlar alqı-satqı müqavilələri və evin boşaldılması ilə əlaqədar yuxarıda qeyd etdikləri miqdarda zərər çəkmişlər.

18. Birinci instansiya məhkəməsi təqdim etdikləri sübutlara əhəmiyyət verməmişdir. Onlar məhkəməyə bütün sübutları məhkəmə təqdim etsədə, ümumiyyətlə bu sübutların qətnamədə adını çəkməmiş və sübutlara heç bir hüquqi qiymət verməmişdir.

19. Odur ki, Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Əli oğlu və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını, cavabdeh isə məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirib apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun qərarları: “Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

25. “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə Avropa Məhkəməsinin ## ######## 2009-cu il tarixli Qərarı Mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0.6-cı maddəsinə əsasən İşə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyator Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyətinin yarandığı qənaətinə gəlmişdir.

33. Hazırkı iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.

34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Binəqədi rayonu, 8-ci mkr-n, X6 küçəsi, ev 2, mənzil 43 ünvanında yerləşən mənzil hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətindədir. İddiaçı sözügedən mənzili ##.##.2023-cü il tarixdə reyestrdə 4Ə-991 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X3. Sonradan sözügedən alqı-satqı müqaviləsi ləğv olunmuşdur. İddiaçı keçmiş gəlini olan cavabdeh Cavabdeh həmin evdən çıxmadığı üçün alqı-satqı müqaviləsinin ləğv olunmasını, cavabdehin təqsiri üzündən ona maddi və mənəvi ziyan dəyməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbini əsassız hesab edərək qəbul etməmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

36. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə uyğun araşdırmalar aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyinə görə iddianın rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

37. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən təqdim etdikləri sübutlara qiymət verilməməsi ilə bağlıdır.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

39. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

41. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

42. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

43. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar