Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-118/2026 10.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, 2(039)-2180/2025 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı iki ay müddətinə qaytarmaq şərti ilə 1600 (bir min altı yüz) manat borc almışdır.
2. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1500 (bir min beş yüz) manat borc almış və borcunu 01 dekabr 2024-cü il tarixədək qaytaracağına dair öhdəlik götürmüşdür.
II. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3100 (üç min bir yüz) manat borc pulun və 53.4 (əlli üç manat qırx qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh inanaraq və etibar edərək, 06 avqust 2023-cü il tarixdə 1600 (bir min altı yüz) manat, 01 avqust 2024-cü il tarixində isə 1500 (bir min beş yüz) manat borc pul vermişdir. Həmin məbləğləri verərkən cavabdeh borc almasına dair qəbz vermişdir. Bu günə kimi dəfələrlə müraciət etməsinə və tulufon danışıqlarına baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. O (iddiaçı) xərçəng xəstəsidir, yaşayış vəziyyəti çox pisdir. Himayəsində ruhi xəstə oğlu və dörd nəvəsi vardır. Bu pulun onun üçün xüsusi önəmi vardır. Müalicə və müayinəsi üçün bu pula çox ehtiyyacı vardır. Ona görə də, cavabdehlə münasibətləri qarşılıqlı qaydada həll olunmadığından məhkəməyə müraciət etməli olmuşdur.
5. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdeh tərəfindən ümumi borcdan 100 (bir yüz) manatının ödənildiyini bildirərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) 21 oktyabr 2025-ci il tаrixli, 2(039)-2180/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 3000 (üç min) manat borc pul və 50 (əlli) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya olan borcunu müəyyən edilmiş tarixlərədək qaytarmalı olduğu halda, götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya 3000 (üç min) manat borcu qalmışdır. Buna görə də yaranmış borc cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 329.2, 385.1, 390.1, 425.1, 445.2.1, 739.1, 739.2, 740.1, 740.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, 2023-cü ildə iddiaçıdan 1000 (bir min) manat sələmə pul götürmüşdür. Bir il müddətində o, iddaçı İddiaçı hər ay 100 (bir yüz) manat həmin sələmin üstünü vermişdir. 2024-cü ildə isə götürdüyü sələmin özünü tam olaraq qaytarmışdır (həmin götürdüyüm 1000 manat sələmə görə iddiaçıya ümumilikdə 2600 manat pul qaytarmışam). İkinci dəfə isə iddiaçıdan cəmi 800 (səkkiz yüz) manat sələm götürmüşdür. Beş ay müddətində iddiaçıdan götrdüyü həmin 800 manat sələmin hər ay 80 manat üstünü vermişdir. Sonradan iki ay ödəniş edə bilmədiyi üçün onu məhkəməyə vermişdir. Halbuki o, iddiaçıdan götürdüyü pulların hamısını artıqlaması ilə ona qaytarmışdır. Terminal vasitəsi (milliön) ilə bank kartına göndərmişdir. Məhkəmə tərəfindən obyektiv araşdırma aparılsaydı qeyd etdikləri öz təsdiqini tapacaqdı. Lakin məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan və onun iştirakı olmadan iddiaçının mənafeyinə uyğun qərar qəbul edilərək heç bir əsas olmadan iddiaçının xeyrinə qeyd olunan borc məbləğinin ödənilməsi barədə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, 2(039)-2180/2025 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, 2(039)-2180/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərərək Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, 2(039)-2180/2025 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
16. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
17. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
20. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması - 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (...).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, 2(039)-2180/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
40. Müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 1600 (bir min altı yüz) manat borc pul almış, aldığı pulu iki ay müddətinə və xx.xx.2024-cü il tarixdə 1500 (bir min beş yüz) manat borc pul almış və aldığı pulu 21 dekabr 2024-cü il tarixədək qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, ümumi borcundan 100 (bir yüz) manatını qaytarmış, qalan borcunu isə qaytarmaqdan yayınmışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
41. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.
42. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini tələb edir.
43. Cavabdehin iddiaçıdan 3100 manat borc alması iş materiallarına əlavə edilmiş qəbzlər ilə təsdiq olunur.
44. Məhkəmə kollegiyasının iclasında Cavabdeh sözü gedən qəbzləri özünün yazdığını etiraf etdi.
45. Daha sonra cavabdeh iddiaçıdan həmin məbləğdə pul götürmədiyini, iddiaçının sələmçi olduğunu, özünün də sələmə pul götürdüyünü, hazırda onun iddiaçıya 800 manat borcunun olduğunu, qalan borcu qaytardığını bildirsə də, bu halları təsdiq edən sübutları təqdim edə bilmədi.
46. Cavabdeh iddia tələbində göstərilən miqdarda borcunun olmadığı halda, hansı səbəbə görə iddiaçıdan həmin miqdarda borc alması barədə qəbzlər yazdığının məntiqi, inandırıcı və ağlabatan izahını verə bilmədi.
47. İddiaçı birinci instansiya məhkəməsinin iclasında tələb etdiyi borcun 100 manatının cavabdeh tərfindən qaytarıldığını bildirmişdir.
48. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh borc aldığı 3100 manat məbləğində puldan borclu qaldığı 3000 manat məbləğində pulu iddiaçıya qaytarılmalıdır.
49. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
50. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
51. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
52. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
54. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
55. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, 2(039)-2180/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
57. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, 2(039)-2180/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov