Məhkəmə qərarları › İş №2(3-10)-129/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-129/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-129/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızına qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızının iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızına qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Cavabdeh onun xeyrinə əlli min manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, yaxın dostları vasitəsi ilə tanış olduğu cavabdeh Cavabdeh ondan 2019-2020-ci illər ərzində ayrı-ayrı vaxtlarda cəmi əlli min manat borc pul almışdır. Borc pul alarkən qızılın alış-satışı ilə məşğul olduğunu, bu sahənin çox yaxşı bilicisi olduğunu, qızıl-alış-satışı ilə məşğul olmaq məqsədi ilə mağaza açmağı planlaşdırdığını bildirmişdir. Ondan aldığı pullar hesabına Ağdaş şəhərində qızılın alış-satışı mağazası açmış və hazırda bu işlə məşğul olur. Ondan əlli min manat borca pul alması və həmin əlli min manat pulu 2021-ci ilin sonuna qədər hissə-hissə qaytaracağı barədə öz xətti ilə yazdığı və imzaladığı ## #### 2021-ci il tarixli qəbz vermişdir. Lakin cavabdeh Cavabdeh vədinə əməl etməmiş və ona olan əlli manat borcundan bu günə qədər bir manat da olsun qaytarmamışdır. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş qəbz birtərəfli əqd olaraq ona əlli min manat borcunun olmasını təsdiq edən sənəd kimi borcun etirafı barədə olan iradəsinin ifadəsidir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Iş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi cavabdeh Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş, məhkəmə bildirişi həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Iddiaçı işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır.

6. Göyçay Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 50.000 (əlli min) manat pulun alınaraq iddiaçı İddiaçı verilməsi, cavabdeh Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətlərinin olması cavabdeh Cavabdeh tərəfindən imzalanmış ## #### 2021-ci il tarixli əlyazması ilə təsdiq olunur. ## #### 2021-ci il tarixli borc müqaviləsinin predmeti 50.000 (əlli min) manatdır. Borcun 2021-ci ilin sonuna qədər hissə-hissə qaytarılmasını cavabdeh üzərinə öhdəlik götürmüşdür.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh ## #### 2021-ci il tarixli borc müqaviləsi üzrə aldığı 50.000 manat məbləğində pulu 2021-ci ilin sonuna qədər hissəhissə qaytarması öhdəliyini yerinə yetirmədiyindən və borcun qaytarılması barədə iddiaçı İddiaçı tələbi olduğundan, cavabdeh Cavabdeh 50.000 manat məbləğində pul alınaraq iddiaçı X3 verilməli, bununla da iddia təmin olunmalıdır.

9. Məhkəmə qeyd etmişdir ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdeh Cavabdeh aid edilməli, 240 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 385.1, 425.1, 427.3, 739.1, 740.1, 740.2, 743-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli Qərarına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 107, 119.1, 217.2, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.

12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qiyabi qətanməsindən narazıdır və aşağıda göstərdiyi işin faktiki hallarına və maddi və prosessual hüquq normaları pozulduğuna görə hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

13. Bildirir ki, o, Ağdaş şəhərində özünə məxsus sahibkar mağazada qızıl əşyalarının alqı-satqısı fəaliyyəti ilə məşğul olur. Iddiaçı ilə o, Ağdaş Rayon Məhkəməsində məhkəmə sədri vəzifəsində işləyən zaman tanış olmuşdur. Iddiaçı bir neçə dəfə ondan qızıl əşyaları almışdır. Bir dəfə iddiaçı ona bildirmişdir ki, ona imperial qızıl 10-luqlar lazımdır. O, demişdir ki, iddiaçı istədiyi qədər həmin əşyaların tapılmasının çətin olduğunu ona bildirərək əldə etdikcə gətirib ona verə bilər. Qızıl əşyalarının pulunu əvvəlcədən almışdır və bu barədə o, ondan qəbz almışdır. Qızılları ondan alandan sonra demişdir ki, qəbzləri cırıb atmışdır. O, ondan cəmi bir dəfə təcili pula ehtiyacı olanda 400 manat borc almışdır və sonra da həmin pulu iddiaçıya qaytarmışdır. Bir daha bildirir ki, o, iddiaçıdan 50000 manat borc almamışdır. Əgər belə bir hal olsaydı ondan əvvəl iddiaçı borcun alınmasının və borcun qaytarılmasının həqiqətən baş verdiyini təsdiq etmək üçün həmin borc müqaviləsinin notariat qaydada bağlanmasında maraqlı olardı. Lakin aralarında belə bir müqavilə mövcud olmamışdır və yoxdur. Ona bu qədər borcu var idisə, niyə işlədiyi dövrdə bunu mübahisələndirməmiş və ondan tələb etməmişdir. Mülki qanunvericiliyə görə 5000 manatdan yuxarı borc müqaviləsi notariat qaydasında bağlanmalıdır və bu halda tanınır və müdafiə olunur. Məhkəmə iclaslarında iştirakı təmin edilmədiyinə görə bütün göstərdiyi işin faktiki halları barədə məhkəməni məlumatlandıra bilməmişdir, məhkəmə müdafiəsindən məhrum edilmişdir.

14. Lakin göründüyü kimi işə baxan məhkəmə yuxarıda qeyd etdiyi işin faktiki hallarını düzgün araşdırmamış, bütün bunlara düzgün hüquqi qiymət verməmiş, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməklə səhv nəticəyə gəlmişdir. Bununla da işə baxan məhkəmə aşağıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini və tərəf kimi onlar cavabdehlərin qanunla qorunan hüquqlarını pozmuşdur. Ona görə də qətnamə ləğv edilməlidir.

15. Işə baxan məhkəmə tərəfindən iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi uydurma qəbzi əsas götürərək və iddianı təmin etməsi nəticəsində ona küllü miqdarda ziyan dəymişdir.

16. O, faktiki olaraq iddiaçıdan 50000 manat borc almadığına və onun məhkəməyə təqdim etdiyi yazılı qəbz uydurma olduğuna görə həmin əqd etibarsız və ya əhəmiyyətsiz əqd (müqavilə) hesab edilməlidir. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə qeyd edilən halları nəzərə almamış, qətnamə qəbul edərkən istinad etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

17. Iddiaçının məhkəməyə təqdim etdiyi yazılı qəbzi uydurma əqd hesab etdiyindən və iddiaçıdan faktiki olaraq qeyd edilən məbləğdə borc almadığından o, onun qarşısında heç bir öhdəlik götürməmişdir.

18. Məhkəmə iclasında iştirakı təmin edilmədiyinə görə o, iddiaçının məhkəməyə təqdim etdiyi yazılı qəbzin aldatma yolu ilə əldə olunması və uydurma əqd olması barədə dəlillərini məhkəməyə təqdim edə bilməmiş, yazılı qəbzin aldatma yolu ilə qanunsuz əldə olunmasını sübut edə bilməmişdir.

19. Məhkəmə iclasında iştirakı təmin edilmədiyinə görə iddiaçının təqdim etdiyi yazılı qəbzi mübahisələndirə, həmin qəbzin qanunsuz yolla əldə olunması kimi faktiki hallar, məhkəmə işlasında iştirak etmədiyinə, iddiaya münasibətimi bildirmədiyinə və iştirakı ilə araşdırılmadığına görə həmin qəbz işə baxan məhkəmə tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıla bilməzdi. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Yazılı qəbz qanunsuz əldə olunduğundan sübut növü kimi qəbul edilə bilməz və bunun heç bir qüvvəsi yoxdur.

20. Işə baxan Ağdaş Rayon Məhkəməsi işin yuxarıda göstərdiyi hallarını düzgün müəyyən etməmiş, iddiaçının ondan mütəmadi olaraq qızıl əşyaları alması, qızıl almaq üçün ona pul verəndə həmişə yazılı qəbz alması, aldığı qızılları ona təhvil verəndə həmin qəbzi çırıb atması deməsi, bununla da məhkəməyə təqdim etdiyi yazılı qəbzi qanunsuz yolla əldə etməsi kimi halları nəzərə almayaraq qətnaməsini düzgün əsaslandırmamışdır.

21. Işə baxan Ağdaş Rayon Məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, işin faktiki halları olan qəbzi qanunsuz yolla və aldatma yolu ilə əldə olunması kimi halları düzgün aydınlaşdırmamış, qətnamə qəbul edərkən bir tərəfli mövqe tutmuşdur.

22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilsə də, məhkəmə iclaslarında iştirakı təmin edilmədiyinə görə qəbzin qanunsuz yolla əldə əldə olunması barədə dəlilləri ilə onun iddiaçıdan pul almağı sübut olunmur.

23. Işə baxan məhkəmə tərəfindən iddianın təmin edilməsi iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi yeganə sübutu olan qəbzin qanunsuz və aldatma yolu ilə əldə edilməsi kimi işin yuxarıda qeyd olunan hallarına uyğun gəlmir.

24. Odur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair *(***)-***/**** saylı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbi əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etirazında cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin olunmaması və Göyçay Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, məzmununda onun iddiaçıdan 50000 manat borc almasına dair yazıların qeyd edildiyi ## #### 2021-ci il tarixli əlyazma qəbzin onun tərəfindən imzalandığını göstərmişdir.

27. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarı.

Apellyasiya baxışının hədləri

31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Cavabdeh Məmmədova (Həmidova) X6 Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 50.000 (əlli min) manat pulun alınaraq iddiaçı İddiaçı verilməsi, cavabdeh Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsinə dair mövqeyi ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tələbləri pozulmuşdur.

36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızı ## #### 2021-ci il tarixdə iddiaçı İddiaçı buna dair yazılı qəbz verməklə 50.000 manat pul vəsaitini almış, aldığı pulu 2021-ci ilin sonunadək hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin 50.000 manat pul vəsaitinin verildiyi zaman tərəflər arasında buna dair qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun bir borc müqaviləsi bağlanmamışdır. Cavabdehə verdiyi pul vəsaitinin qaytarılmamasını əsas gətirən iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmış, lakin cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

39. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

40. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

41. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

42. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

43. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

44. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

45. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

46. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

48. Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

49. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

50. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

51. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

52. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür.

53. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

54. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

55. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

56. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının məhkəməyə təqdim etdiyi yazılı qəbzin etibarsız, əhəmiyyətsiz əqd (müqavilə) hesab edilməli olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar).

57. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

58. Kollegiya qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ## #### 2021-ci il tarixli qəbz yalnız cavabdeh tərəfindən imzalanmaqla, sonuncunun fikirlərinin əks etdirildiyi sənəddir. Yəni ## #### 2021-ci il tarixli qəbz Azərbaycan Respublikası Mülki Məcəlləsində bunun üçün nəzərdə tutulmuş formada tərtib edilmiş yazılı borc müqaviləsi deyildir.

59. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin qətnamə qəbul edərkən istinad etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, mübahisənin həllində Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş əsassız varlanma ilə bağlı münasibətləri nizama salan maddi hüquq normalarının tələbləri əsas götürülməlidir. Hansı ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən həmin normalara deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş borcla bağlı maddi hüquq normalarına istinad edilmişdir.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi qəbzin uydurma qəbz olması, həmin qəbzin aldatma yolu ilə qanunsuz əldə olunması, onun iddiaçıdan 50000 manat borc almaması, iddiaçıdan faktiki olaraq qeyd edilən məbləğdə borc almadığından onun qarşısında heç bir öhdəlik götürməməsi, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməklə səhv nəticəyə gəlməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızı tərəfindən imzalanmış ## #### 2021-ci il tarixli əlyazma qəbzdə göstərilmişdir ki, “mən Cavabdeh şəxsiyyət vəsiqəsi Seriya AZE № ******** bu qəbzi verirəm ondan ötrü ki, İddiaçı 50 min manat (əlli min manat) borc aldım, 2021-ci ilin sonuna qədər hissə qaytarmağı öhdəmə götürdüm”.

61. Məhkəmə kollegiyasının iclasında həmin qəbz cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızına təqdim edilmişdir. Məmmədova (Həmidova) Mətanət Fəhrad qızı isə həmin qəbzin onun tərəfindən imzalandığını bildirmişdir. Lakin cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızı həmin qəbzin uydurmalığının nədən ibarət olmasına, hansı qaydada aldadılmasına, qanunsuz əldə edilmə dedikdə bunun nəyi ehtiva etməsinə aydınlıq gətirə bilməmişdir.

62. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin yazılı qəbzin sübut növü kimi qəbul edilə bilməməsi, onun iddiaçıdan pul almağının sübut olunmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızının əhəmiyyətsiz əqd üzrə iddiaçı İddiaçı hesabına 50.000 manat həddində əsassız varlanması sübuta yetirilmişdir.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.

64. Kollegiya qeyd edir ki, cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızının iddiaçı İddiaçı qarşısında 50.000 manat pul öhdəliyinin olması sübuta yetirildiyi halda, cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızı tərəfindən həmin öhdəliyin icra edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

65. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

67. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, məhkəmə müdafiəsindən məhrum edilməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi hazırkı mübahisə üzrə mülki işin Ağdaş Rayon Məhkəməsinin icraatında olduğu dövrdə bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin istifadəsində olan 050-691-60-39 mobil telefon nömrəsinə (cavabdeh apellyasiya şikayətində 050-691-60-39 mobil telefon nömrəsinin ona aid olduğunu bildirmişdir) əvvəlcədən SMS bildirişlər göndərilmişdir. Həmçinin iş materiallarında olan poçt xəbərnamələrindən görünür ki, hazırkı mübahisə üzrə mülki iş Göyçay Rayon Məhkəməsinin icraatında olduğu dövrdə ## #### 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasının, həmçinin ## ### 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə bildirişlər həmin məhkəmə iclaslarından əvvəl cavabdehin ünvanına çatdırılmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir.

69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mülki qanunvericiliyə görə 5000 manatdan yuxarı borc müqaviləsinin notariat qaydasında bağlanmalı olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanmalı olması qeyd olunsa da 5000 manatdan yuxarı borc müqaviləsinin notariat qaydasında bağlanmalı olmasına dair bir tələb nəzərdə tutulmamışdır.

70. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddaçı İddiaçı cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızına qarşı pul tələbinə dair iddiası təmin edilməli, cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızından iddiaçı İddiaçı xeyrinə 50.000 (əlli min) manat pul tutulmalıdır.

71. Kollegiya qeyd edir ki, iddianın təmin edilməsi nəzərə alınaraq, cavabdeh Cavabdeh 240 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddaçı İddiaçı cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızına qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızından iddiaçı İddiaçı xeyrinə 50.000 (əlli min) manat pul tutulsun. Cavabdeh Məmmədova (Həmidova) Mətanət Fəhrad qızından 240 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar