Məhkəmə qərarları › İş №2(3-10)-207/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-207/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-207/2026 07.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı və cavabdeh1 qarşı “müştərək qaydada əsas borc üzrə 3425,77 manat, faiz borcu üzrə 1715,18 manat olmaqla, cəmi 5140,95 manat məbləğində borcun və ödənilmiş 71,41 manat dövlət rüsumunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu, iddia müddəti) Hakimlər X6 (sədrlik edən və məruzəçi), X1, Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı və cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 3425,77 manat, faiz borcu üzrə 1715,18 manat olmaqla, cəmi 5140,95 manat məbləğində borcun və ödənilmiş 71,41 manat dövlət rüsumunun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı “xxxx” QSC cavabdehlər Əmiraslanova cavabdeh2 Çingiz qızı və cavabdeh1 qarşı borcun və dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əmiraslanova (Balayeva) Aytən Çingiz qızından və cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3425,77 manat, faiz borcu üzrə 1715,18 manat olmaqla, cəmi 5140,95 manat məbləğində borcun və ödənilmiş 71,41 manat dövlət rüsumunun tutularaq “xxxx” QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** №-li Fərmanının və Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ***s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ ## ###### 2015-ci il və ## ##### 2017-ci il tarixli müqavilələr əsasında “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Əmiraslanova (Balayeva) Aytən Çingiz qızının “xxxx” ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ ##.##.2017-ci il tarixli, S-FK- SHE-*** saylı təhvil-təslim aktı əsasında “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 5283,43 manat (əsas borc 3568,25 manat; faiz borcu 1715,18 manat) məbləğində borcu olmuşdur. Belə ki, “xxxx” ASC-nin Şəki filialı ilə cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı arasında bağlanmış ##.##.2013-cü il tarixli ***-M-*** saylı təminatlı kredit müqaviləsinə əsasən cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızına istehlak məqsədləri üçün 36 ay müddətinə illik 24 %-lə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi “xxxx” ASC-nin Şəki filialı ilə cavabdeh cavabdeh1 arasında ##.##.2013-cü il tarixli ****-M-*** saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin cavabdeh1 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin Kredit Təşkilatı qarşısında bu müqavilənin III bəndində göstərilən məbləği Kredit Təşkilatının ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və Kredit Təşkilatının filiallarında və digər banklarda hesablarında olan vəsaitin Kredit Təşkilatı tərəfindən tutulmasına icazə verir. Kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 0,1 % həcmində cərimə tətbiq edir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, belə ki, cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızının hazırda olan əsas borc üzrə 3425,77 (üç min dörd yüz iyirmi beş manat, 77 qəpik) manat, faiz borcu üzrə 1715,18 (bir min yeddi yüz on beş manat, 18 qəpik) manat olmaqla, cəmi 5140,95 (beş min yüz qırx manat, 95 qəpik) manat məbləğində təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızına və onun zamini cavabdeh1 dəfələrlə müraciət olunmağına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır.

3. Cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı ##.##.2025-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək “xxxx” QSC-nin cavabdeh1 və ona qarşı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının ona və cavabdeh cavabdeh1 qarşı “pul tələbinə dair” iddiası üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi ***-M-*** saylı kredit müqaviləsi ## ######## 2013-cü il tarixdə 36 ay müddətinə bağlanmaqla, həmin müqavilənin müddəti ## ######## 2016-cı il tarixdə bitmişdir. İddiaçı isə hazırkı tələblə ## ####### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırkı mülki işdə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün sonuncu müddət ## ######## 2019-cu il tarixi olsa da, iddiaçı, məhz ## ####### 2025-ci il tarixdə məhkəməyə müraciət etməklə, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

5. Bundan əlavə, cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı iddia ərizəsinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı məhkəməyə saxta ödəniş qəbzi təqdim edərək, onun tərəfindən ##.##.2025-ci il tarixdə kredit müqaviləsi üzrə 50 manat ödəniş edildiyini bildirmişdir. Bu yalandır. Çünki kredit müqaviləsi üzrə 10 ilə yaxındır ki, heç bir ödəniş etməmişdir. Bundan başqa, ##.##.2025-ci il tarixdə kredit müqaviləsi üzrə 50 manat vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilmiş olsa belə, bu yenə də iddia müddətinin kəsilməsi anlamına gəlmir. Çünki həmin hərəkətlər iddia müddəti ərzində (2016cı ilin sentyabr ayı - 2019-cu ilin sentyabr ayı) deyil, müddət başa çatdıqdan sonra (2025-ci ilin iyun ayı) baş vermişdir. Kredit müqaviləsi ## ######## 2013-cü il tarixdə 36 ay müddətinə bağlanmaqla, həmin müqavilənin müddəti ## ######## 2016-cı il tarixdə bitmişdir. İddia tələbi ilə məhkəməyə müraciət etmək üçün isə sonuncu müddət ## ######## 2019-cu il tarix idi. Borcun etirafına dair hərəkətlər iddia müddəti ərzində icra edildikdə Mülki Məcəllənin 380.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddia müddətinin axımı kəsilir, müddət keçdikdən sonra edilmiş ödənişlər, artıq bitmiş müddəti bərpa edə bilməz. Bu səbəbdən, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının ona və digər cavabdehə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə iddia müddəti tətbiq edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “xxxx” QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ##.##.2025-ci ildə cavabdehlər tərəfindən ***-M-*** saylı, ## ######## 2013-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş həyata keçirilmişdir. Lakin, ödəniş “Milliön” ödəmə terminalı vasitəsilə edildiyi üçün, ödənişi cavabdehlərdən hansının etdiyi barədə məlumat əldə etmək mümkün olmamışdır. Lakin bu fakt cavabdehlərin borcu qəbul etdiyini təsdiq edir. Bu səbəbdən, iddia əsaslıdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızının etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək, cavabdehlər tərəfindən ***-M-*** saylı, ## ######## 2013-cü il tarixli kredit müqaviləsi üzrə hər hansı ödənişin həyata keçirilmədiyini bildirmiş və iddia müddəti tətbiq edilməklə, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə hər hansı münasibət bildirməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

9. Məhkəmə cavabdeh cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

10. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim Ceyhun Əhmədov) ilə, iddianın rədd edilməsi, iddiaçı “xxxx” QSC-nin cavabdehlər Əmiraslanova cavabdeh2 Çingiz qızı və cavabdeh1 qarşı “cavabdehlər Əmiraslanova (Balayeva) Aytən Çingiz qızından və cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3425,77 (üç min dörd yüz iyirmi beş manat, 77 qəpik) manat, faiz borcu üzrə 1715,18 (bir min yeddi yüz on beş manat, 18 qəpik) manat olmaqla, cəmi 5140,95 (beş min yüz qırx manat, 95 qəpik) manat məbləğində borcun və ödənilmiş 71,41 (yetmiş bir manat, 41 qəpik) manat dövlət rüsumunun tutularaq “xxxx” QSC-yə ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC-nin Şəki rayon filialı ilə Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı arasında bağlanmış ***-M-*** saylı, ## ######## 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Əmiraslanova (Balayeva) Aytən Çingiz qızına istehlak məqsədləri üçün 36 ay müddətinə illik 24 %-lə 5000 (beş min) manat məbləğində ödəmək şərti ilə kredit verilmişdir. Həmin kreditin təminatı kimi “xxxx” ASC-nin Şəki filialı ilə cavabdeh cavabdeh1 arasında ##.##.2013-cü il tarixli ****-M-*** saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin cavabdeh1 Əmiraslanova (Balayeva) Aytən Çingiz qızının öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** №-li Fərmanının və Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ***s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ ## ###### 2015-ci il və ## ##### 2017-ci il tarixli müqavilələr əsasında “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Əmiraslanova (Balayeva) Aytən Çingiz qızının “xxxx” ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ ##.##.2017-ci il tarixli, S-FK-SHE-*** saylı təhvil-təslim aktı əsasında “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. ## ### 2025-ci il tarixdə “xxxx” QSC tərəfindən borcalan Əmiraslanova (Balayeva) Aytən Çingiz qızına və zamin cavabdeh1 xəbərdarlıq məktubları göndərilmiş və onlara ## ######## 2013-cü il tarixli, ****-M-*** nömrəli krеdit müqaviləsinə əsasən 3475,77 manat məbləğində əsas, 1715,18 manat faiz borcu оlmaqla, cəmi 5190, 95 manat borcun on təqvim günü müddətinə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir.

12. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddia ərizəsi məhkəməyə iddia müddəti ötürülməklə verilmişdir. Göründüyü kimi, iddiaçı həm əsas borcludan, həm də zamindən borcun ödənilməsini tələb etmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə yaranmış borc məbləğini tələb etmək üçün iddia müddətini ötürmüşdür. İddiaçı “xxxx” QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı tərəfindən ##.##.2025-ci ildə “MilliÖn” ödəniş terminalı vasitəsilə ödənişin edildiyini bildirsə də, məhkəməyə həmin ödənişin cavabdehlər tərəfindən edildiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı isə məhkəməyə təqdim etdiyi etirazda həmin kredit müqaviləsi üzrə tərəfindən hər hansı ödənişin edilmədiyini qeyd etmişdir. Eyni zamanda, cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızının etibarnamə üzrə nümayəndəsi X8 da məhkəmə iclasında verdiyi izahatında bu faktı təsdiqləmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

13. Məhkəmə qeyd etmişdir ki, “xxxx” ASC ilə Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı arasında bağlanmış ***-M-*** saylı, ## ######## 2013-cü il tarixli kredit müqaviləsinin qüvvədə olma müddəti 36 ay nəzərdə tutulmuşdur. Yəni həmin müqavilə üzrə öhdəliklərin icrası müddəti ## ######## 2016-cı ilə qədərdir. Beləliklə, aydın olur ki, həmin müqavilə üzrə iddia müddəti ## ######## 2016-cı ildən başlamış və ## ######## 2019-cu il tarixində başa çatmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, hətta 2025-ci ildə ödənişin həyata keçirildiyi təsdiqlənsə belə, bu hal iddia müddəti ötürüldükdən təxminən altı il sonra baş vermişdir. Qanunvericiliyin tələblərinə görə, iddia müddəti ötürüldükdən sonra edilmiş hər hansı ödəniş iddia müddətini bərpa etmir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia müddəti ötürüldüyü üçün iddia tələbi həm əsas borclu Əmiraslanova (Balayeva) Aytən Çingiz qızına, həm də digər cavabdeh olan zamin cavabdeh1 münasibətdə əsassız hesab edilməlidir.

16. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1 və 445.7-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı “xxxx” QSC-nin cavabdehlər Əmiraslanova cavabdeh2 Çingiz qızı və cavabdeh1 qarşı “cavabdehlər Əmiraslanova (Balayeva) Aytən Çingiz qızından və cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3425,77 (üç min dörd yüz iyirmi beş manat, 77 qəpik) manat, faiz borcu üzrə 1715,18 (bir min yeddi yüz on beş manat, 18 qəpik) manat olmaqla, cəmi 5140,95 (beş min yüz qırx manat, 95 qəpik) manat məbləğində borcun və ödənilmiş 71,41 (yetmiş bir manat, 41 qəpik) manat dövlət rüsumunun tutularaq “xxxx” QSC-yə ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

17. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 71,41 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 377.1, 375.2, 470.1, 472.1, 477.0.4, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən narazı qalan iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti vermişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi ərizəyə istinad edib iddia müddətini tətbiq edərək iddiaçı tərəfindən məhkəməyə verilmiş iddianı əsassız olaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 377.1 və 375.2 ci maddələrinə istinad etmişdir. Hesab edirlər ki, məhkəmə Mülki Məcəllənin yuxarıda göstərilən maddələrinə düzgün istinad etməmişdir.

21. Belə ki, iş materiallarına əlavə edilən qoşma sənəd siyahısına əlavə olunmuş sənədlərdən də görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş ##.##.2016-cı il tarixli təhvil-təslim aktı əsasında araşdırma aparılması məqsədilə cavabdehlərə məxsus kredit sənədlərinin əsilləri Azərbaycan Respublikası Baş Pokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinə təhvil verilmişdir.

22. Şəki Rayon Prokurorluğu tərəfindən “xxxx” QSC-yə göndərilmiş 157№-li, ##.##.2025-ci il tarixli məktubdan da görünür ki, ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Pokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsindən Şəki rayon Prokurorluğuna daxil olmuş kredit sənədlərinin əsilləri ##.##.2025-ci il tarixdə “xxxx” QSCyə təqdim olunmuşdur. Yəni, “xxxx” QSC-yə göstərilən borclu ilə bağlı sənədlərin əsilləri təqdim edilməmiş, məhkəməyə isə kredit sənədlərinin əsillərini və ya əslinə bərabər notarial qaydada təsdiq edilmiş surətlərini təqdim etmək tələb olunduğundan, bu səbəbdən məhkəməyə vaxtında iddia ərizəsi ilə müraciət olunmamışdır. Yəni, borclu ilə bağlı kredit sənədlərinin əsillərinin “xxxx” ASC-dən təhvil götürülərək Baş Prokurorluğun müvafiq idarəsində olması, iddiaçının məhkəmədə iddia qaldırmaq imkanlarını məhdudlaşdırılmış və üzürlü səbəbdən iddia müddətini ötürmüşdür. Qeyd edilməlidir ki, “xxxx” QSC-də olan kredit müqaviləsinin surəti oxunaqlı olmamış, orada yazılanların məzmunu aydın olmamışdır. İddia ərizəsi tərtib ediləndə isə müqavilənin şərtlərinə və bəndlərinə müraciət edilməsi mütləqdir.

23. Ona görə də, göstərilən tələb üzrə iddia müddətinin ötürülməsi “xxxx” QSC-nin təqsirindən baş verməmiş, bu sənədlər hüquq-mühafizə orqanlarında saxlandığına və “xxxx” QSC-yə vaxtında təqdim edilmədiyinə görə iddia müddətinin ötürülməsi baş vermişdir. İddia müddətinin bərpası barədə məhkəməyə ona görə ərizə verilməmişdir ki, iddiaçı hesab etmişdir ki, həmin sənədlərin əsilləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə götürüldüyü üçün, iddia müddətinin hesablanması kredit sənədlərinin iddiaçıya təqdim edildiyi gündən hesablanmalı idi.

24. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəlyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxarıda qeyd edilən əssaslardan göründüyü kimi cavabdeh iddia müddətinn tətbiqi barədə ərizə verməklə öhdəliyn icrasından birtərəfli qaydada imtina etmşdir ki, işə baxmış məhkəmə də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişdir. Cavabdeh öz vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmışdır.

25. Qətnamədən göründüyü kimi o, qanuni və əsaslı deyildir, yalnız cavabdeh tərəfin maraqları nəzərə alınmışdır.

26. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsini ləğv edib, iddiaçı “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini ləğv edib, iddiaçı “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı və cavabdeh1, cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızının nümayəndəsi X8 məhkəmə kolllegiyasının iclasına gəlməmişlər. Cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı məhkəmə kolllegiyasına elektron qaydada göndərdiyi müraciətində səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etsə də, cavabdehin nümayəndəsi və digər cavabdeh gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin, həmçinin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”

Apellyasiya baxışının hədləri

34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. İddiaçı Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsininin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Şəki rayon filialı ilə Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı arasında bağlanmış ***-M-*** nömrəli, ## ######## 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Əmiraslanova (Balayeva) Aytən Çingiz qızına istehlak məqsədləri üçün 36 ay müddətinə illik 24 %-lə ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi “xxxx” ASC-nin Şəki filialı ilə cavabdeh cavabdeh1 arasında ##.##.2013-cü il tarixli ****-M- *** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zamin cavabdeh1 Əmiraslanova (Balayeva) Aytən Çingiz qızının kredit müqaviləsi üzrə ödənişlərinin həyata keçirilməsində birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ***s nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ ## ###### 2015-ci il və ## ##### 2017-ci il tarixli müqavilələr əsasında “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Əmiraslanova (Balayeva) Aytən Çingiz qızının “xxxx” ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ ##.##.2017-ci il tarixli, S-FK-SHE-*** nömrəli təhvil-təslim aktı əsasında “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı ilə bağlanmış kredit müqaviləsinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızının “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 3425,77 manat, faiz borcu 1715,18 manat təşkil edir. Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı ilə “xxxx” ASC arasında bağlanmış ***-M-*** nömrəli, ## ######## 2013-cü il tarixli kredit müqaviləsinin müddəti ## ######## 2016-cı il tarixdə başa çatmışdır. Cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı tərəfindən ***-M-*** nömrəli, ## ######## 2013-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüququnun “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına keçdiyi ##.##.2017-ci il tarixdən sonra həmin müqavilə üzrə ## #### 2025-ci il tarixədək heç bir ödənişin həyata keçirilmədiyi, ## #### 2025-ci il tarixdə isə Əmiraslanova (Balayeva) Aytən Çingiz qızının adından “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına 50 manat pul vəsaitinin ödənildiyi, həmçinin zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı ## ######## 2016-cı il tarixdən bir illik müddət ərzində “xxxx” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdeh cavabdeh1 qarşı iddia tələbinin irəli sürülməməsi, beləliklə Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi diqqətə alınaraq, zaminliyə xitam verildiyi müəyyən edilmişdir. İddiaçı müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı ## ####### 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Əmiraslanova (Balayeva) Aytən Çingiz qızı isə mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.

40. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilməsinə baxmayaraq, iş materiallarından birinci instansiya məhkəməsinin e-*(***)-****/**** nömrəli iş üzrə qətnaməsinin ##.##.2025-ci il tarixdə qəbul edilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətində qətnamənin tarixinin ##.##.2025-ci il kimi qeyd edilməsini texniki yanlışlıq kimi qiymətləndirir və ləğv edilməsi xahiş edilən qətnamənin tarixinin ##.##.2025-ci il olmasını qəbul edir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almaması, cavabdehin iddia müddətinn tətbiqi barədə ərizə verməklə öhdəliyn icrasından birtərəfli qaydada imtina etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

43. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-cimaddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.

44. Belə müqavilələrdən birini Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

45. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

46. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tələb üzrə iddia müddətinin ötürülməsinin “xxxx” QSC-nin təqsirindən baş verməməsi, “xxxx” QSC-də olan kredit müqaviləsinin surətinin oxunaqlı olmaması, orada yazılanların məzmununun aydın olmaması, borclu ilə bağlı kredit sənədlərinin əsillərinin “xxxx” ASC-dən təhvil götürülərək Baş Prokurorluğun müvafiq idarəsində olması, iddiaçının məhkəmədə iddia qaldırmaq imkanlarını məhdudlaşdırılması və üzürlü səbəbdən iddia müddətini ötürməsi, bu sənədlər hüquq-mühafizə orqanlarında saxlandığına və “xxxx” QSC-yə vaxtında təqdim edilmədiyinə görə iddia müddətinin ötürülməsinin baş verməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının oxunaqlı olmayan kredit müqaviləsini əlavə etməklə də məhkəməyə iddia ərizəsi təqdim etmək, kredit müqaviləsinin əslinin saxlanıldığı hüquqmühafizə orqanından həmin müqaviləni əldə etmək imkanı olmadığı halda isə, adıçəkilən müqavilənin əslinin, yaxud da oxunaqlı vəziyyətdə olan təsdiq edilmiş surətinin hüquqmühafizə orqanından əldə edilməsi üçün məhkəməyə vəsatətlə müraciət etmək imkanları olmuşdur.

48. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.

49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir.

50. Odur ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar