Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-332/2026 20.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdehdan 5523 manat məbləğində maddi ziyanın və 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndi ərazisində ona məxsus 1.0432 hektar və 1.798 hektar torpaq sahələri vardır. Həmin torpaq sahələrini əkib becərməklə ailəsini dolandırır. Cavabdeh Cavabdeh torpaq sahələrinin lazer üzülü ilə tarazlaşdırılmasını həyata keçirir. O da hazırki iddia tələbində qeyd etdiyi torpaqları tarazlatmaq üçün cavabdehə müraciət etmiş və qarşılıqlı razılıq əsasında cavabdehə 3360 manat məbləğində pul ödədikdən sonra Cavabdeh işlərini görməyə başlamışdır. Belə ki, həmin vaxt paralel olaraq torpaq şumlanırdı. Şum işlərinin aparılmasına isə 300 manat pul vermişdir. Bundan sonra, Cavabdeh işlərini bitirərək ərazidən çıxıb getmişdir. Bir müddət sonra torpaq sahəsinin düzgün tarazlanmadığını bilmiş və Cavabdehla bildirdikdə torpaq sahəsinə baxış keçirərkən həmin şəxs ona torpağı yenidən şumlamasını və bundan sonra ərazinin düzləşəcəyini bildirmişdir. Bu məqsədlə o, bu işi bacaran Araz adlı şəxsə müraciət edərək, həmin torpağı şumlamasını bildirmiş və buna görə həmin şəxsə 360 manat şuma, 360 manat disk ilə doğramaya, 510 manat arpa məhsuluna, 30 manat toxumun gətirilməsinə, 90 manat arpanı səpənə, 600 manat kübrəyə pul vermişdir. Cavabdehin işlərini məsuliyyətsiz görməsi səbəbindən, yəni ərazini düz tarazlamaması nəticəsində əkdiyi arpa bitməmiş, bitənlər isə kombayn tərəfindən biçilməsi mümkün olmamışdır. Bunun nəticəsində yenədə o, əlavə xərclər çəkməlidir. Əgər həmin xərcləri də hesablamalı olsa, əlavə olaraq ona 8000 manatdan çox ziyan dəymişdir.
3. Cavabdeh Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı İddiaçı ondan əsası olmadan 5523 manat pul tələb edir. İddiaçı ərizəsində bir çox faktları ört-basdır etməklə məhkəməyə düzgün məlumat verməmiş, məhkəməni yanıltmağa çalışmışdır. Belə ki, ## ####### 2024-cü il və ## ####### 2025-ci il tarixləri ərzində iddiaçının xahişi və təkidi üzrə ona məxsus 2.6 ha torpaq sahəsində tərəfindən lazer üsulu ilə tarazlama işi görülmüşdür. İşin qiyməti özü ilə razlaşdırılaraq ümumi sahəyə hər gün texnika üçün işlədilən dizel yanacağının 1 litrinə görə qiyməti 4 manat əsas götürülərək iş görülmüşdür. Ümumilikdə Nüsrət tərəfindən xidmət haqqı olaraq 1816 (bir min səkkiz yüz on altı) manat pul ödənilmişdir. Tərəfindən həmçinin eyni qiymətə eyni üsulla bir neçə yaxın kənd sakinlərinə də xidmət göstərilmiş, heç bir narazılığa səbəb olmamış, sifarişçilər məmnun qalmışlar. İddiaçıya da həmçinin yüksək keyfiyyətli xidmət göstərilərək torpaq sahəsi təhvil verilmişdir. Ancaq lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən sonra tərəfindən iddiaçıya dəfələrlə tövsiyyə olunmasına baxmayaraq, iddiaçı əkinə gecikdiyini bəhanə edərək ümumi sahəyə su verilməklə lazer üsulu ilə tarazlaşdırma işini yekunlaşdırmağa ona şərait yaratmamışdır. Həmçinin torpaq sahəsi təhvil verildikdən sonra iddiaçı torpaq sahəsinə düzgün texniki qulluq etməmişdir. İddiaçıya lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən 20-30 gün ərzində torpaq sahəsinə heç bir ağır texnikanı sürməmək ciddi tövsiyyə olunsa da, iddiaçı buna da məhəl qoymamış, yəni lazer üsulu ilə tarazlaşdırma işi görülmüş torpaq sahəsində əkin işləri gördürmüş, xüsusi texnika işlətmək əvəzinə sahədə standart teknika işlətmiş, sahəyə ağır tonnajlı yük maşınları ilə peyin məhsulları səpmişdir. Torpaq sahəsində lazer üsulu ilə tarazlaşdırma işi görülərkən ərazidə hündürlük fərqi 70-80 sm olduğu üçün iddiaçının yeri lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən sonra mütləq suvarılmalı olduğu halda iddiaçı heç bir texniki qulluq etmədiyi üçün də torpaq sahəsindən istədiyi nəticəni əldə edə bilmədiyini qeyd edir. Halbuki, digər xidmət göstərilmiş sakinlər bütün texniki tələblərə riayət etdikləri üçün torpaq sahəsindən fayda görməklə yanaşı yüksək gəlir əldə etmişlər. İddiaçı bütün bunları yaxşı bilir və öz nöqsanlarını dərk edir. Buna baxmayaraq iddiaçı məhkəməyə əsası olmayan və yalan məlumatlar verərək, ona qarşı qərəzli olaraq əsassız iddia tələbi irəli sürür. Odur ki, qeyd olunanları nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndi ərazisində özünə məxsus 1.0432 hektar və 1.798 hektar torpaq sahələri var və həmin torpaq sahələrini əkib becərməklə ailəsini dolandırır. Cavabdeh Cavabdeh torpaq sahələrinin lazer üzülü ilə tarazlaşdırılmasını həyata keçirdiyindən istifadəsində olan torpaqları lazer üsulu ilə tarazlaşdırma işi üçün Cavabdeh müraciət etmişdir. Qarşılıqlı razılıq əsasında Cavabdeh 3360 manat məbləğində pul ödədikdən sonra o, işlərini görməyə başlamışdır. Həmin vaxt paralel olaraq torpaq şumlanırdı. Şum işlərinin aparılmasına isə 300 manat pul vermişdir. Cavabdeh işlərini bitirdikdən bir müddət sonra torpaq sahəsini suvarmaq istəmiş, lakin sahə düz olmadığına görə həmin sahəyə su çıxmamışdır. Bundan sonra torpaq sahəsinin düzgün tarazlanmadığını bilmiş və bu barədə cavabdehə bildirmişdir. Cavabdeh ona torpağı yenidən şumlamasını, bundan sonra ərazinin düzləşəcəyini demiş, alınmayacağı təqdirdə isə onun yerini payızda yenidən lazer mala vasitəsi ilə düzəldəcəyinə söz vermişdir. Bu məqsədlə o, bu işi bacaran Araz adlı şəxsə müraciət edərək, həmin torpağı şumlamasını bildirmiş və buna görə həmin şəxsə 360 manat şuma, 360 manat disk ilə doğramaya, 510 manat arpa məhsuluna, 30 manat toxumun gətirilməsinə, 90 manat arpanı səpənə, 600 manat kübrəyə pul vermişdir. Cavabdeh işlərini məsuliyyətsiz görməsi səbəbindən, yəni ərazini düz tarazlamaması nəticəsində əkdiyi arpa bitməmiş, bitənlərin isə kombayn tərəfindən biçilməsi mümkün olmamışdır. Nəticədə ona 8000 manatdan çox ziyan dəymişdir. Dəfələrlə Cavabdeh ona dəymiş ziyanın əvəzinin geri qaytarılmasını xahiş etsə də, Mehman heç bir ödəniş etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ## ####### 2024-cü il və ## ####### 2025-ci il tarixləri ərzində iddiaçı ilə aralarında razılığa gələrək, İddiaçı məxsus 2.6 ha torpaq sahəsində tərəfindən lazer üsulu ilə tarazlama işi görülmüşdür. İşin qiyməti özü ilə razlaşdırılaraq ümumi sahəyə hər gün texnika üçün işlədilən dizel yanacağının 1 litrinə görə qiyməti 4 manat əsas götürülərək iş görülmüş, ümumilikdə Nüsrət tərəfindən xidmət haqqı olaraq 1800 (bir min səkkiz yüz) manat pul ödənilmişdir. Lakin Nüsrət tarazlama işləri aparılarkən onu tələsdirərək, həmin torpaq sahəsində əkin işləri aparacağını əsas gətirərək işin tez bitməsini tələb etmişdir. Lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən sonra tərəfindən Nüsrətə dəfələrlə tövsiyyə olunmasına baxmayaraq, Nüsrət əkinə gecikdiyini bəhanə edərək ümumi sahəyə su verilməklə lazer üsulu ilə tarazlaşdırma işini yekunlaşdırmağa ona şərait yaratmamışdır. Həmçinin torpaq sahəsi təhvil verildikdən sonra Nüsrət torpaq sahəsinə düzgün texniki qulluq etməmişdir. Nüsrətə lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən 20-30 gün ərzində torpaq sahəsinə heç bir ağır texnika salmamasını bidirsə də Nüsrət buna məhəl qoymamış, yəni lazer üsulu ilə tarazlaşdırma işi görülmüş torpaq sahəsində əkin işləri gördürmüş, xüsusi texnika işlətmək əvəzinə sahədə standart teknika işlətmiş, sahəyə ağır tonnajlı yük maşınları ilə peyin məhsulları səpmişdir. Torpaq sahəsində lazer üsulu ilə tarazlaşdırma işi görülərkən ərazidə hündürlük fərqi 70-80 sm olduğu üçün iddiaçının yeri, lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən sonra mütləq suvarılmalı olduğu halda Nüsrət heç bir texniki qulluq etmədiyi üçün də torpaq sahəsindən istədiyi nəticəni əldə edə bilməmişdir. Cavabdeh sualları cavablandıraraq bildirmişdir ki, Nüsrətlə torpaq sahəsini tam hamar formada təhvil verəcəyinə dair aralarında razılığa gəlmişlər. Torpaq sahəsini Nüsrətə təhvil verərkən torpaq sahəsinə su verilməmişdir. Torpağın hamarlanması üçün 7 gün işləmiş və yerin hamarlanması üçün yanacağı özü almışdır. Yerin hamarlanması üçün 454 litr yanacaq istifadə olunmuş, yanacağın məbləği 1816 manat təşkil etmiş, lakin o, İddiaçı 1800 manat məblğində ödəniş almışdır. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Məhkəmə iclasında mütəxəssis–X1 İnkişaf Mərkəzinin nümayəndəsi Mütəxəssis çıxışında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahələrinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə müəyyən barəbərsizliklər, hündürlük fərqləri və çökəkliklər müşahidə olunmuşdur. Həmin torpaq sahəsinin bir il əvvəl lazer-mala işləri aparılmasını, həmçinin keçən müddət ərzində torpaq sahəsində əkin işləri aparıldığından torpaq səthinin ilkin vəziyyətini, yəni lazer mala işlərinin nəticəsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Mövcud şəraitdə yerin hazırki relyefinə əsasən lazer mala işlərinin keyfiyyətini tam obyektiv şəkildə qiymətləndirmək mümkün olmamışdır. Mütəxəssis verilən sualları cavablandıraraq bildirmişdir ki, torpaq sahəsində lazermala işlərinin aparılmasının əsas məqsədi su axarının düzgün tənzimlənməsi, sahədə olan nahamarlıqların aradan qaldırılması üçündür. Bu işlərlə xüsusi traktorçular məşğul olur ki, onlar torpaq sahəsinin hündür yerindən torpağı götürərək çökəkliklərə doldurur və torpaq sahəsində səviyyə hamarlaşdırılaraq bərabərləşdirilir. Hamarlaşma işləri aparıldıqdan sonra torpaq sahəsində şumlama və səpin işləri aparıla bilər.
7. Məhkəmə iclasında şahid qismində dindirilən şahid3 ifadə verərək bildirmişdir ki, iş üzrə tərəfləri tanıyır. Nüsrətin torpaq sahəsinin hamarlanması təxminən səkkiz gün davam etmiş, gedən işlərə nəzarət Nüsrət tərəfindən ona həvalə edilmişdir. Birinci gün hamarlama işlərinə başlayarkən 240 manat dəyərində, qalan yeddi gün müddətində isə təxminən 300- 350 manat aralığında yanacaq istifadə olunmuşdur. Hamarlama işləri aparılarkən o, iş bitənə kimi ərazidə olmuş, iş bitdikdə torpaq sahəsinin düzgün hamarlanmadığının Nüsrətə demiş, Nüsrət də Mehmanın payızda torpaq sahəsində olan nahamar yerləri düzəldəcəyini ona bildirmişdir. Daha sonra torpaq sahəsində malalama işləri görülmüş, peyin səpilmiş, suvarma zamanı əraziyə su çıxmamışdır. Peyinin ərazinin hər bir tərəfinə yayılması üçün iri tonnajlı maşınlar ərazidə hərəkət etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilən İsmayılov Araz Ağamir oğlu ifadə verərək bildirmişdir ki, Nüsrət torpaq sahəsini suvarmaq istəyərkən onun torpaq sahəsinə su çıxmadığından onu şahid olaraq həmin əraziyə dəvət etmişdir. O, həmin əraziyə getdikdə Nüsrət torpaq sahəsinin lazerlə hamarlaşdırıldığını ona bildirilmiş, o da torpaq sahəsinin mərtəbəli formada olduğunu görüb həmin ərazinin düzgün lazerlə hamarlaşdırılmadığını demişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilən İsmayılov Pənah Səfdər oğlu ifadə verərək bildirmişdir ki, o, kənd ərazisində suçu kimi fəaliyyət göstərir. Nüsrət torpaq sahəsini suvarması üçün onu dəvət etmiş və o, əraziyə getdikdə Mehman da ərazidə olmuşdur. Həmin torpaq sahəsi Mehman tərəfindən hamarlanmışdır. O, suyu açıqdan sonra su torpaq sahəsinə çıxmamış və Mehman da buna şahid olmuşdur. Yenidən traktorçu gələrək torpaq sahəsini şumlamış və yeni su kanalı çəkmələrinə baxmayaraq əraziyə su çıxara bilməmişlər. Həmin əraziyə yeni su kanalı çəkilmiş, çətinliklə torpaq sahəsinin bir hektar hissəsi suvarılmış, lakin qalan hissəsinə su çıxmamışdır. Bundan sonra, Mehman həmin ərazidə olan nahamar yerləri növbəti il gəlib aradan qaldıracağını bildirmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilən şahid6 ifadə verərək bildirmişdir ki, özünə məxsus torpaq sahəsinə su çıxmadığı üçün Cavabdehla telefon vasitəsi ilə əlaqə saxlamış və aralarında olan razılaşmaya əsasən Cavabdeh onun torpaq sahəsində lazerlə hamarlama işləri görmüş və torpaq sahəsini ona təhvil vermişdir. Torpaq sahəsinə heç bir problem olmamış, normal olaraq əraziyə su çıxmışdır. Təxminən torpaq sahəsini yanvar ayında lazer mala üsulu ilə hamarlatdırmışdır. Bundan sonra Cavabdeh torpaq sahəsini şumlatmasını, şumladıqdan sonra təxminən bir ay torpağın bərkiməsini gözləməli olduğunu bildirmişdir. O da Cavabdeh dediklərinə əməl etmiş, torpaq sahəsini şumlatmış və başqa heç bir iş görməmişdir. Torpaq sahəsində təxminən mart ayında əkin işləri görmüş və bugünədək də normal qaydada torpaq sahəsini suvara bilir.
11. Məhkəmə iclasında şahid qismində dindirilən şahid5 İbrahim oğlu şahid şahid6 ifadəsinə uyğun ifadə vermişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilən şahid1 ifadə verərək bildirmişdir ki, tərəflərin heç biri ilə tanışlığı olmamışdır. Özünün əkin üçün texnikaları var və illərdir lazermala işləri ilə məşğul olur. Təxminən bir il əvvəl Nüsrət ona zəng edərək torpaq sahəsində lazer üsulu ilə tarazlaşdırma işilərinin aparılmalı olduğunu demiş, o da vaxtının olmadığını bildirmişdir. Nüsrət də onu gözləməmiş, başqa bir şəxsə torpaq sahəsini hamarlaşdırmışdır. 2025-ci ilin sonunda Nüsrət yenə ona zəng edərək torpaq sahəsini hamarlaşdırmaq lazım olduğunu söyləmiş, o da razılaşaraq Nüsrətə məxsus torpaq sahəsini lazer mala üsulu ilə hamarlaşdırmışdır. İşin sonuna yaxın Nüsrət əraziyə peyin gətizdirmək istədiyini, əraziyə ağır tonnajlı yük maşınlarının girməsi yerin düzlüyünün pozulmasına səbəb olub-olmayacağını ondan soruşmuş, o da sahədə ağır tonnajlı yük maşınlarının hərəkət edəcəyi təqdirdə yerin düzlüyünün pozulmayacağını bildirmişdir. Bundan sonra torpaq sahəsində işini bitirmiş və Nüsrətdən pulunu alıb getmişdir. şahid1 sualları cavablandıraraq bildirmişdir ki, traktor təxminən saatda 18 litr yanacaq işlədir və yanacağı Nüsrət özü alıb gətirmişdir. Əvvəl torpaq sahəsi düzgün hamarlanmamış, orada lazer qurulmamışdır. Belə ki, torpağı hamarlamaq üçün həmin əraziyə lazer qurmuş və torpağın dörd hissəsini ölçdükdə bir tərəflə digər tərəfin arasında 1 metr fərq olduğunu müəyyən etmişdir. Bu səbəbdən də əraziyə suyun çıxması mümkün olmamışdır. O, torpaq sahəsini lazerlə ölçərək, nöqsanları aradan qaldırıb torpaq sahəsini hamarlayıb Nüsrətə təhvil vermişdir. Torpaq sahəsi düzgün qaydada hamarlaşdırıldıqdan sonra ağır tonnajlı yük maşınları torpaq sahəsinə giriş edə bilər. Həmin maşınların çəkisindən asılı olmayaraq torpaq sahəsi deformasiyaya uğramır, 3 sm-dək təkər izlərində çökəklik yarana bilər və bu da suyun bütün əraziyə çatmasına mane olmur.
13. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Bağırov), iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdeh dəymiş ziyana görə 1800 (bir min səkkiz yüz) manat məbləğində pul və 38 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı özünə məxsus Ağdaş rayonu, Aşağı Qəsil kəndi ərazisində ona məxsus 1.0432 hektar və 1.798 hektar torpaq sahələrində lazer üsülü ilə tarazlaşdırılmasını cavabdeh Cavabdeh sifariş vermişdir. Cavabdeh həmin torpaq sahələrini iddiaçıya qüsurlu şəkildə təhvil verdiyindən, yəni lazer üsülü ilə düzgün tarazlaşdırılma işləri aparılmadığından ona maddi ziyan dəydiyini irəli sürərək cavabdeh Cavabdeh 5523 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsini tələb edir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
15. İddiaçı İddiaçı iddia tələbində cavabdeh Cavabdeh gördüyü işə görə 3360 manat məbləğində ödəniş etdiyini, görülən işlərin keyfiyyətsiz olması səbəbindən həmin torpağı şumlanmasına 360 manat, torpağın disk ilə doğranmasına 360 manat, arpa məhsulunun alınmasına 510 manat, toxumun gətirilməsinə 30 manat, toxumu səpənə 90 manat, kübrəyə 600 manat pul xərc çəkdiyini bildirsə də, bu barədə işdə heç bir sübut yoxdur və iddiaçı da belə sübutları məhkəməyə təqdim etməmişdir.
16. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı qaldırılmış iddia tələbinin əsasını təşkil edən hüquqi halları tam sübut edə bilməmiş, həmin halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, cavabdeh Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, gördüyü işin müqabilində İddiaçı 1800 manat məbləğində pul almışdır. Belə olan halda, işdə mövcud olan sübutları bir-birləri ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə, mümkün, mötəbər və əsaslı sübutlara müvafiq olaraq verilən hüquqi qiymət əsasında iddia tələbinin qismən təmin edilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. 18.Etirazın dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı İddiaçı ifadəsində bildirmişdir ki, cavabdeh Cavabdeh torpaq sahəsini lazer mala üsulu ilə hamarlaşdırma işlərini bitirdikdən bir müddət sonra torpaq sahəsini suvarmaq istəmiş, lakin sahə düz olmadığına görə həmin sahəyə su çıxmamışdır. Bundan sonra torpaq sahəsinin düzgün tarazlanmadığını bilmiş və bu barədə cavabdehə məlumat vermişdir. Cavabdeh torpağı yenidən şumlamasını, bundan sonra ərazinin düzləşəcəyini ona demiş, alınmayacağı təqdirdə isə onun yerini payızda yenidən lazer mala vasitəsi ilə hamarlaşdıracağına söz vermişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddiaçının bu dəlillərini etiraf etmişdir.
19. Eləcə də, məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılov Pənah Səfdər oğlu ifadəsində bildirmişdir ki, o, kənd ərazisində suçu kimi fəaliyyət göstərir. O, Nüsrətə məxsus torpaq sahəsini suvarmaq üçün həmin əraziyə getdikdə Cavabdeh da ərazidə olmuşdur. O, suyu açıqdan sonra su torpaq sahəsinə çıxmamış və Mehman da buna şahid olmuşdur. Traktorla torpaq sahəsini yenidən şumlanmış, buna baxmayaraq əraziyə su çıxara bilməmişlər. Bundan sonra, Mehman həmin ərazidə olan nahamar yerləri növbəti il gəlib aradan qaldıracağını bildirmişdir.
20. Həmçinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X1 İnkişaf Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli aqronom rəyi ilə də müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən 1,0432 hektar və 1.798 hektar kənd təsərrüfatlı torpaq sahəsi lazer mala ilə səviyyələndirilmiş torpağa tam uyğun gəlmir. Ərazidə müəyyən barəbərsizliklər, hündürlük fərqləri və çökəkliklər müşahidə olunur. Lakin nəzərə alınmalıdır ki, sahədə sonrakı dövrdə əkin işləri aparılmış, traktor və digər kənd təsərrüfatı texnikaları hərəkət etmiş, həmçinin peyin daşınması və digər texniki təsirlər baş vermişdir.
21. Bundan başqa, iddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş videogörüntü ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən 1,0432 hektar və 1.798 hektar kənd təsərrüfatlı torpaq sahəsini 2025-ci ilin dekabr ayında şahid1 tərəfindən lazer mala ilə səviyyələndirilmiş, bundan dərhal sonra həmin torpaq sahəsinə peyinlə yüklənmiş “Kamaz” markalı yük avtomobili daxil olub peyini hissə-hissə əraziyə boşaltmaqla hərəkət etmişdir. Həmin videoçəkilişdən görünür ki, yüklə dolu yük maşınları torpaq sahəsinə daxil olub hərəkət edən zaman torpaq sahəsində yalnız yük maşınlarının təkər izləri qalmış, orada barəbərsizliklər, hündürlük və çökəkliklər əmələ gəlməmişdir.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid şahid1 ifadəsində bildirmişdir ki, özünün əkin üçün texnikaları var və illərdir lazer-mala işləri ilə məşğul olur. 2025-ci ilin sonunda Nüsrət ona zəng edərək torpaq sahəsini hamarlaşdırmaq lazım olduğunu demiş, o da razılaşaraq Nüsrətə məxsus torpaq sahəsini lazer mala üsulu ilə hamarlaşdırmışdır. İşin sonuna yaxın Nüsrət əraziyə peyin gətizdirmək istədiyini, əraziyə ağır tonnajlı yük maşınlarının girməsi yerin düzlüyünün pozulmasına səbəb olub-olmayacağını ondan soruşmuş, o da sahədə ağır tonnajlı yük maşınlarının hərəkət edəcəyi təqdirdə yerin düzlüyünün pozulmayacağını bildirmişdir. Torpaq sahəsi düzgün qaydada hamarlaşdırıldıqdan sonra ağır tonnajlı yük maşınları torpaq sahəsinə giriş edə bilər. Həmin maşınların çəkisindən asılı olmayaraq torpaq sahəsi deformasiyaya uğramır, 3 sm-dək təkər izlərində çökəklik yarana bilər və bu da suyun bütün əraziyə çatmasına mane olmur.
23. Göründüyü kimi cavabdeh Cavabdeh iddia tələbinə qarşı etdiyi etirazın dəlilləri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunur. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı şifahi bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin xdimət haqqını vaxtında ödəmiş, lakin cavabdeh tərəfindən görülən iş qüsurlu olaraq iddiaçıya təhvil verilmişdir. Belə ki, iddiaçı mülkiyyətində olan Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən 1,0432 hektar və 1.798 hektar kənd təsərrüfatlı torpaq sahəsini suvarmaq və suyun bütün əraziyə çatdırılması üçün torpağın lazer mala ilə səviyyələndirilməsini arzu edib bu məqsədlə cavabdeh Cavabdehla şifahi podrat müqaviləsi bağlamış, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi qüsurlu şəkildə icra etdiyindən, iddiaçının mülkiyyətində olan həmin torpaq sahələrini suvarmaq mümkün olmamışdır.
24. Məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddianın təmin edildiyi hissəyə münasibətdə, yəni 38 (otuz səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 442, 443.1, 443.2, 752.1, 753.1, 759.1, 759.2, 760.1, 762.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 107, 119.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
27. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
28. Apellyasiya şikayətinin dəlilləri etirazla eynilik təşkil etmiş və əlavə olaraq göstərmişdir ki, tərəflər arasında göstərilən xidmət və qiymət barədə razılaşma olmuş və onlar şifahi qaydada razılığa gəlmişlər. Onun tərəfindən razılaşmada nəzərdə tutulan xidmət göstərilmiş və uzun müddət sonra heç bir əsaslı səbəb göstərilmədən görülən işin keyfiyyətindən narazılıq olmuşdur. Hansı ki, onun tərəfindən iş iddiaçıya təhvil verilmiş və heç bir qüsur və narazılıq olmamışdır.
29. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək heç bir obyektiv araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. İddiaçının göstərdiyi qüsurların cavabdehin təqsirindən olub-olmaması müəyyən edilməmişdir.
30. Mülki Məcəllənin 1131-ci maddəsinə görə cavabdeh o halda məsuliyyətdən azad edilir ki, istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirsin. Burada sübutetmə o halda mümkün ola bilər ki, iş üzrə müvafiq ekspertiza təyin edilərək zəruri biliyə malik ekspert tərəfindən rəy verilsin. Lakin iş materiallarına nəzər yetirəndə səlahiyyətli ekspert rəyinin mövcud olmadığı görsənir. Onun təqsirinin olmasını müəyyən edən heç bir dəlil yoxdur. Heç bir tədqiqat aparılmamış, həqiqəti əks etdirməyən məlumatlarla qeyri obyektiv nəticəyə gəlinmişdir. İddiaçı İddiaçı ondan əsası olmadan 5523 manat pul tələb edir.
31. İddiaçı iddia ərizəsinə iddia ərizəsində qeyd edilənləri sübut edəcək hər hansı bir sübutu əlavə etməmişdir. İş üzrə düzgün nəticəyə gəlmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli və səlahiyyətli ekspertin rəyi alınmamışdır. Bu halda iddianın əsaslı olması qənaətinə gəlmək tamamilə ədalətsizdir.
32. Odur ki, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiyakollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
41. Ona görə də apellyator Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Ağdaş rayonu, Aşağı Qəsil kəndi ərazisində özünə məxsus 1.0432 hektar və 1.798 hektar torpaq sahələrinin lazer üsülü ilə tarazlaşdırılması üçün cavabdeh Cavabdeh müraciət etmiş və cavabdeh həmin işin görülməsini öhdəsinə götürmüşdür. Lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi qüsurlu şəkildə yerinə yetirdiyi müəyyən olunmuşdur. İddiaçı tarazlaşdırma işinin düzgün aparılmadığı üçün ona dəymiş maddi ziyana görə 5523 manat pulun və məhkəməyə ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsini tələb etmiş, cavabdeh tərəfindən iddia qəbul edilməmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. 46.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyriəmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir.
47. Belə ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
48. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.
49. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
50. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (Mülki Məcəllə 21).
51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin tərəflər arasında göstərilən xidmət və qiymət barədə razılaşma olması və onlar şifahi qaydada razılığa gəlməsi, onun tərəfindən razılaşmada nəzərdə tutulan xidmət göstərilməsi və uzun müddət sonra iddiaçının heç bir əsaslı səbəb göstərilmədən görülən işin keyfiyyətindən narazılıq olması, iş materiallarında səlahiyyətli ekspert rəyinin olmaması, onun təqsirinin olmasını müəyyən edən heç bir dəlil olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X1 İnkişaf Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci iltarixli aqronom rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən 1,0432 hektar və 1.798 hektar kənd təsərrüfatlı torpaq sahələrinə yerində aparılmış baxış zamanı müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsində ötən ilin oktyabr ayında lazer mala üsulu ilə səviyyələndirmə işlərinin aparıldığı bildirilmişdir. Hazırki vəziyyətdə sahə relyefinin ümumi görünüşü lazer mala ilə səviyyələndirilmiş torpağa tam uyğun gəlmir. Ərazidə müəyyən barəbərsizliklər, hündürlük fərqləri və çökəkliklər müşahidə olunmuşdur.
52. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə müəyyən olunmuşdur ki, cavabdeh podratın nəticələrini qüsurlu olaraq sifarişçiyə təqdim etmiş, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə və istifadə üçün yararlı olmamışdır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının sübutlarını təkzib edən, yəni podratın nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun və qüsurlardan azad şəkildə sifarişçiyə təqdim etməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
54. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
56. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
57. Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
58. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.