Məhkəmə qərarları › İş №2(3-10)-45/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-45/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-45/2026 17.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, əsas, faiz borcları, cərimə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2(037)-1196/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra -cavabdeh) iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, 035A********** saylı krediti müqaviləsi üzrə 6767.05 manat əsas, 434.33 manat faiz və 101.38 manat cərimə, cəmi 7302.76 manat və xx.xx.2022-ci il tarixli, 035KK**********01 saylı kart krediti müqaviləsi üzrə isə 1999.96 manat əsas, 223.54 manat faiz və 54.17 manat cərimə, cəmi 2277.67 manat olmaqla, ümumilikdə cəmi 9580.43 manat məbləğində bоrcun və ödənilmiş 115.8 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə 035A********** saylı bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan 7232.95 manat ödəniş etmiş və оnun iddiaçıya 6767.05 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirlər ki, Cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora vaxtında qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 107 gün üçün hesablanmış faiz borcu 434.33 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 107 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 101.38 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 035KK**********01 saylı kart krediti müqaviləsi əsasında aylıq 2.0833 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə müqavilə ilə müəyyən olunmuş 2000 manat məbləğində kredit limiti açılmış və bank krediti emissiya edilmiş ödəniş kartı vasitəsilə verilmişdir. Kart krediti müqaviləsinin 1.3-cü bəndinə əsasən, Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, faizlər hər bir kredit borcu yarandığı tarixdən başlayaraq müvafiq kredit borcunun Banka tam qaytarılması tarixinədək onun qalığı üçün hesablanır. Cavabdeh kart kredit müqaviləsinin 1.3-cü bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə il tariхdən hazırki vaхtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh götürdüyü kart kreditini qaytarmadığından 1999.96 manat əsas kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2025-ci il tarixə 136 gün üçün onun 223.54 manat məbləğində faiz borcu qalmışdır. Həmin müqavilənin 3.7-ci bəndinə görə kreditin gecikdirilməsi halında nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2025-ci il tarixə 136 gün üçün hesablanmış 54.17 manat cərimə təşkil edir. Hazırda cavabdеh Cavabdeh iddiaçı "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli, 035A********** saylı krediti müqaviləsi üzrə 6767.05 manat əsas, 434.33 manat faiz və 101.38 manat cərimə, cəmi 7302.76 manat və xx.xx.2022-ci il tarixli, 035KK**********01 saylı kart krediti müqaviləsi üzrə isə 1999.96 manat əsas, 223.54 manat faiz və 54.17 manat cərimə, cəmi 2277.67 manat olmaqla, ümumilikdə cəmi 9580.43 manat məbləğində borcu qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı QSC-nin nümayəndəsi X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır.

5. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı şəhərində yaşayır. İsmayıllı şəhər 6 saylı tam orta məktəbdə müəllim işləyir. İddiaçı QSC tərəfindən ona xx.xx.2022-ci il tarixli, 035A********** saylı kredit müqaviləsinə əsasən aylıq 1.5 % dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit verilmişdir. O, kredit borcunu hər ay vaxtlı vaxtında ödəmişdir. Sonradan ailə problemlərinə görə banka olan kredit borcunu qrafik üzrə ödəyə bilməmişdir. İddiaçı QSCdən götürdüyü kredit borcunun 7232.95 manat hissəsini ödəmişdir. Kredit müqaviləsi üzrə aylıq ödənişlərin azaldılması barədə dəfələrlə banka müraciət etmişdir. Bank onun müraciəti ilə razılaşmamışdır. Bankdan ona bildirdilər ki, kredit kartında olan borc tam bağlanmadan kredit müqaviləsi üzrə olan borc məbləğindən ödəniş edilməsi mümkün deyildir. Kredit kartında olan borcunu tam ödəməyə imkanı olmadığından bankla aralarında razılaşma əldə edilməmişdir.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir.

6. İsmayıllı Rayon Məhkəməsinin (hakim Nərmin Qoşqarova) 03 dekabr 2025-ci il tarixli, e- 2(037)-1196/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə 6767.05 manat əsas, 434.33 manat faiz və 101.38 manat cərimə, cəmi 7302.76 manat və xx.xx.2022-ci il tarixli, 035KK**********01 saylı kart krediti müqaviləsi üzrə 1999.96 manat əsas, 223.54 manat faiz və 54.17 manat cərimə,cəmi 2277.67 manat olmaqla, ümumilikdə cəmi 9580.43 manat borc və 115.80 manat dövlət rüsumu məbləğinin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında kredit və kart krediti müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdeh bu davranışı ilə MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1).

8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə 101.38 manat və xx.xx.2022-ci il tarixli, 035KK**********01 saylı kart krediti müqaviləsi üzrə 54.17 manat cərimə məbləğləri həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablanmışdır və yüksək məbləğlər deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

10. Məhkəmə hesab etmişdir ki, iddia xx.xx.2022-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 434.33 manat və xx.xx.2022-ci il tarixli, 035KK**********01 saylı kart krediti müqaviləsi üzrə faiz borcuna görə 223.54 manat borcun tutulması hissəsində iddia ərizəsi ilə bildirişdə qeyd edilən faiz borcları məbləğləri eyni olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 035A********** saylı kredit müqaviləsi üzrə 434.33 manat və 035KK**********01 saylı kart krediti müqaviləsi üzrə isə 223.54 manat faiz borcu məbləğləri tutulmalıdır.

11. Məhkəmə həmçinin, iddianın dəbbə pullarının ödənilməsi hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia həmin hissələrdə də təmin edilməlidir.

12. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, 035A********** saylı kredit müqaviləsi üzrə 101.38 manat və 035KK**********01 saylı kart krediti müqaviləsi üzrə 54.17 manat cərimə məbləğləri də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

13. Məhkəmə qərara gəlmişdir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 115.80 manat dövlət rüsumu məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 448.2, 449.1, 462.1, 739.1, 740.1, 743.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.2, 217.3, 217.4-cü maddələrinə, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.

16. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qəbul olunmuş həmin qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir.

17. Ona görə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, kreditlərin əksəriyyəti bank tərəfi üçün fayda götürmək məqsədini güdür, digər tərəf isə özü də hiss etmədən aldanaraq əqdi bağlamış olur. Bu halın özü, bir tərəfin nümayəndəsinin digər tərəflə (özünə bəlli olan) pis niyyətlə razılığa gəlməsi və yaxud ağır maddi durumda olan şəxs kimi, ona qarşı son dərəcə əlverişsiz şərtlərlə müqavilənin bağlanmasına məcbur olunmuşdur. Bağlanmış müqavilələrin ağır şərtlərlə bağlanılması kimi dəyərləndirir. Bütün hallarda bank tərəfi digər tərəfdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə, həqiqətdən uzaq müəyyən hərəkətləri ilə həvəsləndirərək təhrik edir. Nəzərə almaq lazımdır ki, normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalıdır, bərabər mənafelərə və bərabər münasibətlərə söykənməlidir. Onsuz da maddi durumları ağır olduğundan iddiaçı onu belə hərəkətləri ilə daha da ağır duruma salmağa çalışır. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona xx.xx.2022-ci il tarixli, 035A********** saylı kredit müqaviləsinə əsasən aylıq 1.5 % dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit verilmişdir. O, kredit borcunu hər ay vaxtlı vaxtında ödəmişdir. Sonradan ailə problemlərinə görə banka olan kredit borcunu qrafik üzrə ödəyə bilməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən götürdüyü kredit borcunun 7232.95 manat hissəsini ödəmişdir. Kredit müqaviləsi üzrə aylıq ödənişlərin azaldılması barədə dəfələrlə banka müraciət etmişdir. Lakin Bank onun müraciəti ilə razılaşmamışdır. Bankdan ona bildirmişdilər ki, kredit kartında olan borc tam bağlanmadan kredit müqaviləsi üzrə olan borc məbləğindən ödəniş edilməsi mümkün deyildir. Bununla da kredit kartında olan borcunu tam ödəməyə imkanı olmadığından bankla aralarında razılaşma əldə edilməmişdir.

18. Hesab edir ki, bank ödənişlərini nəzər salınsa açıq aydın görünər ki, iddiaçını iddia ərizəsində göstərilən rəqəmlər şişirdilmişdir. Kredit müqaviləsi ilə hesablanmış faiz və cərimə hansı qaydada hesablandığı ona məlum deyil. Belə olan halda kredit məbləği, həmin kredit üzrə qaytarılmayan əsas borcun məbləği və bu məbləğə hesablanmalı olan faiz və cərimə məbləği müəyyən edilməlidir. Ona görə də hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Göstərilən pozuntular məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

19. Beləliklə, birinci instansiya məhkəməsi müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, birinci instansiya məhkəməsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətı olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, işin qeyd edilən hallarına qanunvericiliyin tələblərinə düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməyərək düzgün olmadığı nəticəyə gəlmişdir.

20. Məhkəmə yalnız iddiaçının iddasını əsas gətirərək son nəticəyə gəlmişdir. Məhkəmə cavabdeh kimi onun izahatını, ailə vəziyyətini, maddi imkansızlığını nəzərə almamışdır. Belə ki, izahatından, onun iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin üzrə ödənilməmiş əsas məbləğə hesablamış faiz və dəbbə pulunun ödənilməsi haqqında heç bir araşdırma aparmadan qətnamə çıxarmışdır.

21. Odur ki, kredit müqaviləsi üzrə yaranmış borcun müəyyən olunması üçün qanuniliyi və əsaslığının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini, İsmayıllı Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli e-2 (037)-1196/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini yəni faiz və cərimə borcuna aid hissədə ləğv edilməsini və həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında apellyasiya şikayətində iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, sonradan tələb edilən faiz və cərimə borcları üzrə dəqiqləşdirmə apardığından hazırda məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurətin olmadığını, maddi vəziyyətinin kredit borcunun bankın müəyyən etdiyi hissələrlə ödənilməsinə imkan vermədiyini, bankın bu halı nəzərə almadığını göstərmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Lakin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasına göndərdiyi müraciətində məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərindən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və cavabdehin apellyasiya şikayətinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

31. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

32. Cavabdeh Yarışov X1 Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli e-2(037)- 1196/2025 nömrəli qətnaməsini qismən mübahisələndirərək, qətnamənin faiz və cərimə borcuna aid hissədə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə (faiz və cərimə borclarına aid hissədə) yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” Cavabdeh tərəfindən qəbul edilmiş və sonuncunun xx.xx.2022-ci il tarixdə İddiaçı QSC-nə ünvanladığı ərizə ilə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. Bundan əlavə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 035KK**********01 nömrəli kart krediti müqaviləsi əsasında cavabdehə aylıq 2.0833 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə müqavilə ilə müəyyən olunmuş 2000 manat məbləğində kredit limiti açılmış və bank krediti emissiya edilmiş ödəniş kartı vasitəsilə verilmişdir. Borcalan isə müəyyən olunmuş müddətdə aldığı kreditləri faizləri ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır.

37. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia ərizəsində göstərdiyi rəqəmlərin şişirdilməsi, məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

38. Göründüyü kimi ekspertizanın təyin edilməsi işə baxan məhkəmənin mütləq vəzifəsi olmamaqla, işin hallarından asılı olaraq məhkəmənin aparılmasını zəruri hesab etdiyi bir tədqiqatdır. İş materiallarından və cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatından da iş üzrə ekspertizanın təyin edilməsi zərurəti müəyyən edilməmişdir.

39. Belə ki, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da Cavabdeh ondan tələb edilən faiz və cərimə borcları üzrə dəqiqləşdirmə apardığından hazırda məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurətin olmadığını, maddi vəziyyətinin kredit borcunun bankın müəyyən etdiyi hissələrlə ödənilməsinə imkan vermədiyini, bankın bu halı nəzərə almadığını göstərmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin cavabdeh kimi onun izahatını, ailə vəziyyətini, maddi imkansızlığını nəzərə almamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

41. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

42. Göründüyü kimi tərəflər arasında onların iradələrinə uyğun olaraq kredit müqaviləsi bağlanmış və onlar bağladıqları müqavilənin şərtlərini özləri müəyyən etmişlər. Lakin tərəflər arasında bağlanmış kredit müqavilələrində borcalanın ailə və maddi vəziyyətinin pisləşəcəyi halda onun borc öhdəliyindən, yaxud da onun hər hansı bir hissəsindən azad edilməsi imkanları nəzərdə tutulmamışdır.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətı olan bütün faktiki halların aydınlaşdırılmaması, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməməsi, işin hallarına qanunvericiliyin tələblərinə uyğun düzgün hüquqi qiymət verilməməsi, mübahisənin maddi-hüquqi əsasının düzgün müəyyən edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə mübahisələndirilən hissədə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, mübahisələndirilən hissədə iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

44. Apellyasiya şikayətində göstərilənlər isə əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisələndirilən hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2(037)-1196/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar