Məhkəmə qərarları › İş №2-3(103)-19/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-19/2022

03.06.2022 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-19/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair işə 03 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, 23283,63 manat və 32265,48 dollar məbləğlərində olan tələblərinin qəbul edilməsi ilə bağlı yekun məhkəmə aktı çıxarılmasını və ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 30.06.2020-ci il tarixdə 23283,63 manat və 32265,48 dollar məbləğlərində olan kreditor tələbləri 0209 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Banklar haqqında Qanunun 87.4-cü maddəsinə əsasən ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Məhkəmə iclasında Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 ərizəyə etiraz edərək mümkünsüz hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də iddiaçı və Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birgə araşdırıb, işdə iştirak edən şəxsi dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İddiaçı 23283,63 manat və 32265,48 dollar məbləğlərində olan tələblərinin qəbul edilməsini xahiş etsə də, onun hazırkı tələbinə inzibati prosessual qanunvericilik baxımından baxılması mümkün deyilidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.5-ci maddəsinə əsasən qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Həmin Qanunun 77.6-cı maddəsinə əsasən hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Həmin Qanunun 77.8-ci maddəsinə əsasən məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Həmin Qanunun 77.9-cu maddəsinə əsasən ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır. Göründüyü kimi qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Hər iki siyahı daha sonra məhkəmənin təsdiqinə verilir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2021-ci il tarixli, 2- 3.1(103)-34/2021 nömrəli qərardadı ilə Ləğvetmə prosesində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun ərizəsinin təmin edilməsi, Ləğvetmə prosesində olan Cavabdeh ASC-nin kreditorlarının etiraz edilmiş və qəbul edilmiş tələblərinin siyahısının təsdiq edilməsi qərara alınmışdır. Göründüyü kimi tələbi məhkəmə tərəfindən rədd edilmiş iddiaçı məhkəmənin qərarından şikayət verməli olduğu halda, ayrıca ərizə ilə tələblərinin ləğvedici tərəfindən qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, hazirkı iş üzrə iddia forma və məzmun baxımından inzibati prosessual qanununvericiliyin tələblərinə uyğun olmamışdır. Bundan başqa, işdən görünür ki, iddiaçının hüquqi marağı 23283,63 manat və 32265,48 dollar məbləğlərində olan tələblərinin qəbul edilməsi və ödənilməsi ilə bağlıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1- ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən qeydə alınmış və 77-ci maddəsinə uyğun olaraq qəbul edilmiş kreditor tələblərinin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçirilir. Həmin Qanunun 87-ci maddəsinə əsasən, “Banklar haqqında” Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2021-ci il tarixli, 2-3.1(103)-34/2021 nömrəli qərardadı ilə Ləğvetmə prosesində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun ərizəsinin təmin edilməsi, Ləğvetmə prosesində olan Cavabdeh ASC-nin kreditorlarının etiraz edilmiş və qəbul edilmiş tələblərinin siyahısının təsdiq edilməsi qərara alınmışdır. Həmin qərardaddan görünür ki, İddiaçı 23.283,63 manat və 32,265.48 ABŞ dolları, cəmi 55,549.11 məbləğində tələbi maddi zərərlə bağlı məhkəmə qərarının olmaması əsası ilə etiraz siyahısına aid edilmiş, İddiaçı da etiraz edilmiş tələbinin aid olduğu Ləğvetmə prosesində olan Cavabdeh ASC-nin kreditorlarının etiraz edilmiş tələblərinin siyahısı təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli, 2-3(102)-12/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2021-ci il tarixli, 2-3.1(103)-34/2021 nömrəli qərardadı X1 münasibətdə ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdır. İddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Bu mənada, hazırki iş üzrə iddiaçının ödənilməsini tələb etdiyi 23283,63 manat və 32,265.48 ABŞ dolları bank tərəfindən etiraz edilmiş tələblər siyahısına daxil edilmiş, həmin siyahı məhkəmə qərarı ilə təsdiq edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.9-cu maddəsinə əsasən ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Kollegiya qeyd edir ki, hazırkı halda iddiaçının hazırda ödənilməsini tələb etdiyi məbləğlər etiraz edilmiş tələblər siyahısına daxil edildiyindən, həmin siyahı məhkəmə qərarı ilə təsdiq edildiyindən, etiraz edilmiş tələblər üzrə isə ödənişin icrası həyata keçirilmədiyindən hazırkı iddianın mümkünlüyü üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və İPM-in 68, 69-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar