Məhkəmə qərarları › İş №2-3(103)-22/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-22/2024

01.08.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-22/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və LPO "xxxx" ASC-yə qarşı “LPO Cavabdeh1 ASC-nin Ləğvedisinin imtinasının qanunsuz sayılmasına və məbləğin növbədənkənar ödənilməsinə” dair iddia tələbi üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MMC cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, LPO Cavabdeh1 ASC-nin Ləğvedicisinin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, LPO Cavabdeh1 ASC-nin Kreditorlarının Reyestrindən İddiaçı MMC-nin 59.520 ABŞ dolları məbləğin növbəlilikdən çıxarılması və xx.xx.2020-ci il tarixdə verilmiş ödəniş tapşırığının icra olunmaması nəticəsində hesabda qalmış 59.520 ABŞ dolları məbləğində vəsaitin növbədənkənar qaydada İddiaçı MMC-nə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, , Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020- ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı MMC-nin hazırda ləğv prosesində olan Cavabdeh1 ASC-də cari USD hesabı olmuşdur. İddiaçı MMC ilə "xxxx" şirkəti arasında olan xx.xx.2019-cu il tarixli, P07/2019 nömrəli müqavilə əsasında tərəflərindən ölkə ərazisinə idxal olunmuş ərzaqlıq buğdanın dəyərinin bir hissəsinin ödənilməsi məqsədilə Cavabdeh1 ASC-də olan cari USD hesabından 59.520 ABŞ dolları məbləğində vəsaitin köçürülməsinə dair xx.xx.2020-ci il tarixdə ödəniş tapşırığı verilmişdir, ödəniş tapşırığı həmin gün (xx.xx.2020) “AGBank" ASC-nin “Çıraq” şöbəsi tərəfindən icraya qəbul edilmiş və ştampla təsdiq edilmişdir. Ödənişin icrasına dair sənədlər (ödəmə tapşırığı, SWİFT çıxarışı və s.) əvvəlki müraciətlərində Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuşdur. Sonradan məlum olmuşdur ki, xx.xx.2020-ci ildə icraya qəbul olunmuş 59.520 ABŞ dolları məbləğ təyinatı üzrə Rusiya Federasiyasının şirkətinin hesabına köçürülməmişdir. Bu ərəfədə, xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Cavabdeh1 ASC-yə müvəqqəti inzibatçı təyin edilmiş, xx.xx.2020- ci il tarixdə isə Bankın lisenziyası ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmişdir. 2020-ci ilin 05 may və sonrakı tarixlərində tərəflərindən hələ fəaliyyətdə olan Cavabdeh1 ASC-yə, ondan sonra isə Azərbaycan Respublikasının Mərkəzi Bankına, Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciətlər olunaraq, İddiaçı MMCnin cari USD hesabında köçürmə üçün qəbul olunmuş 59.520 ABŞ dolları vəsaitin təyinatı üzrə köçürülməsinin icrası xahiş olunmuş, lakin bu müraciətləri nəticəsiz qalmışdır. Bankın o vaxt fəaliyyət göstərən aidiyyəti əməkdaşları, guya, Mərkəzi Bank tərəfindən köçürmələrə qadağa qoyulduğuna görə ödəmə tapşırığının icrasının mümkün olmadığını bildirmişlər. Tərəflərindən Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı Bakı Kommersiya Məhkəməsində “pul vəsaitinin hesabdan köçürülməsi və cərimənin ödənilməsi tələbinə dair” iddia qaldırılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-220/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-171/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilir ki: “İş materiallarında hazırki mübahisə üzrə, konkret olaraq, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icra edilməməsi ilə bağlı Mərkəzi Bank tərəfindən Cavabdeh1 ASC-ə hər hansı göstəriş və ya tapşırıq verildiyi təsdiq edilmir. Bununla əlaqədar, həmçinin, qeyd edilməlidir ki, müştərinin pul vəsaiti üzərində verdiyi sərəncamı icra etmək Mərkəzi Bankın deyil, məhz onunla müqavilə münasibətlərində olmuş Cavabdeh1 ASC-nin vəzifəsi idi. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, Cavabdeh1 ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə müflis elan edilmiş və “Banklar haqqında” Qanunun tələblərinə görə banka qarşı bütün tələblər yalnız həmin qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC tələbini əsl cavabdeh olan Cavabdeh1 ASC-ə (ləğv prosesində) qarşı deyil, hazırki tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyündən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir...” Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin mövqeyinə görə, “AGBank" ASC iflas proseduru çərçivəsində ləğv prosesində olduğundan, banka qarşı tələb də ləğvetmə proseduru çərçivəsində irəli sürülə bilər. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində, həmçinin, qeyd edilir ki, iş materiallarında olan LPO Cavabdeh1 ASC-nin qəbul etdiyi kreditor tələblərin siyahısından görünür ki, İddiaçı MMC (VÖEN ********) 130.411,18 ABŞ dollar və 38.000,90 manat məbləğində tələbi 08 iyun 2020-ci il tarixində qeydə alınmışdır. İşə apellyasiya icraatında baxılarkən, Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məlumat vermişdir ki, İddiaçı MMC-nin cari hesabından ödənilmədən qalmış 59.520 ABŞ dolları məbləğ kreditor tələbi kimi Ləğvedici tərəfindən qeydə alınaraq reyestrə daxil edilmişdir. Halbuki, İddiaçı MMC tərəfindən 59.520 ABŞ dolları məbləğin qeydə alınmasına dair Ləğvediciyə kreditor tələbi irəli sürülməmişdir. Ləğvedicinin nümayəndəsi sözügedən məbləğin bankın mühasibat uçotu və hesabatı sənədlərində əks olunması və Bankın müştərisinə qaytarılması öhdəliyinin mübahisəsiz aşkar olmasına görə kreditor tələbi irəli sürülmədən kreditor reyestrinə daxil edildiyini bildirmişdir. Beləliklə, İddiaçı MMCnin cari USD hesabından Rusiya Federasiyasının hüquqi şəxsinə köçürülməsi üçün xx.xx.2020-ci il tarixdə ödəniş tapşırığı verdiyi 59.520 ABŞ dolları vəsaitin bankın fəaliyyətdə olduğu dövrdə əsassız olaraq icra edilmədiyi və Ləğvedici tərəfindən aşkar öhdəlik olaraq kreditor reyestrinə daxil edildiyi müəyyən olunur. Qeyd olunmalıdır ki, Ləğvedici tərəfindən İddiaçı MMC-ə məxsus 59.520 ABŞ dolları vəsaitin kreditor reyestrinə (kateqoriya və növbəliyinə dair) daxil edilməsinə dair bildiriş təqdim olunmamışdır. Yalnız sözügedən məhkəmə icraatında bu barədə yuxarıdakı məlumatlar müəyyən olunmuşdur. İddiaçı MMC bundan əvvəl LPO ’’AGBank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, cari USD hesabında olan, Bankın fəaliyyətdə olduğu (müvəqqəti inzibatçının təyin edilməsindən 5 gün, lisenziyanın ləğv edilməsindən isə 20 gün əvvəl) dövrdə verilmiş ödəniş tapşırığının icra edilməməsi nəticəsində cari hesabda qalmış 59.520 ABŞ dolları məbləğə dair xx.xx.2020- ci il tarixli ödəniş tapşırığının 3 iş günü müddətində icra olunaraq vəsaitin Rusiya Federasiyasının "xxxx" şirkətinə köçürülməsini, hər hansı qanuni əsasla köçürmənin mümkün olmadığı halda isə, həmin məbləğin İddiaçı MMC-nin müvafiq bank hesabına köçürülməsini xahiş etmişdir. LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini A.Cahangirovun imzası ilə İddiaçı MMC-ə daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubunda müraciətə baxıldığı, İddiaçı MMC-nin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydə alınmış kreditor tələbinin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəyi bildirilmişdir. Sözügedən cavabla Ləğvedici tərəfindən İddiaçı MMC-nin müraciətinə qanunsuz imtina verilmişdir. Qanunla və ya hər hansı digər qayda ilə və ya bank hesabı müqaviləsi ilə müştərinin sərəncamı (ödəniş tapşırığı) əsasında cari hesabdan pulun ayrı müddətdə köçürülməsi nəzərdə tutulmamışdır. Yəni, qanunda və İddiaçı MMC ilə Cavabdeh1 ASC arasındakı bank hesabı müqaviləsində ayrı qayda (ödənişin icra olunması üçün fərqli müddət) nəzərdə tutulmadığına görə, MMC-nin ödəniş tapşırığı Mülki Məcəllənin 959.2-ci maddəsində göstərilən müddətdə icra olunmalı olduğu halda, fəaliyyətdə olan Bankın qanunsuz hərəkətləri nəticəsində ödəniş tapşırığı icrasız qalmışdır. Daha sonra İddiaçı MMC iddia ərizəsinə əlavə verərək qeyd etmişdir ki, ləğv prosesində olan (LPO) “AGBank" ASC hazırki iş üzrə cavabdeh qismində işə cəlb edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankından Kollegiyanın sorğusuna əsasən iş materialına daxil olmuş məktubunda qeyd olunur: “...Odur ki, iddiaçının xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icrasının mümkünsüzlüyü məhz bankın likvidliyində (ödəmə qabiliyyətində) yaranmış problemlərlə bağlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 959.2-ci maddəsinə əsasən “Müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir.” Qeyd olunan səbəblər açıq-aşkar onu göstərir ki, ödəmə qabiliyyətini itirdiyinə görə artıq müvəqqəti inzibatçı təyin olunanadək (xx.xx.2020-ci il) Cavabdeh1 ASC öz müştərisinin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icrasını qanunla müəyyən edilmiş müddətdə, yəni xx.xx.2020-ci il tarixində təmin edə bilməmişdir”. Beləliklə, Mərkəzi Bankın məktubunda da təsdiq olunur ki, Cavabdeh1 ASC qanunun tələbini pozaraq İddiaçı MMC-nin ödəmə tapşırığını vaxtında icra etməmiş, bu qanunsuz hərəkəti ilə MMC-nin mənafeyinə ziyan vurmuşdur. Baxılan ərizədə göstərilən işin hallarını və istinad olunan maddi hüquq normalarının tələblərini, eləcə də yuxarıda göstərilən xüsusatları nəzərə alaraq LPO Cavabdeh1 ASC-nin hazırki iş üzrə əlavə cavabdeh qismində işə cəlb edilməsini, LPO Cavabdeh1 ASC-nin Kreditorlarının Reyestrindən İddiaçı MMC-nin 59.520 ABŞ dolları məbləğin növbəlilikdən çıxarılması və xx.xx.2020-ci il tarixdə verilmiş ödəniş tapşırığının icra olunmaması nəticəsində Cavabdeh1 ASC-nin hesabında qalmış 59.520 ABŞ dolları məbləğində vəsaitin növbədənkənar qaydada İddiaçı MMC-ə ödənilməsi vəzifəsinin cavabdehlər LPO Cavabdeh1 ASC-nin və LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-31/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə İddiaçı MMC-nin cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “LPO Cavabdeh1 ASC-nin Ləğvedisinin imtinasının qanunsuz sayılmasına və məbləğin növbədənkənar ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, LPO Cavabdeh1 ASC-nin Kreditorlarının Reyestrindən İddiaçı MMC-nin 59.520 (əlli doqquz min beş yüz iyirmi) ABŞ dolları məbləğin növbəlilikdən çıxarılması və xx.xx.2020-ci il tarixdə verilmiş ödəniş tapşırığının icra olunmaması nəticəsində hesabda qalmış 59.520 (əlli doqquz min beş yüz iyirmi) ABŞ dolları məbləğində vəsaitin növbədənkənar qaydada İddiaçı MMC-nə ödənilməsi (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) vəzifəsi cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-nin və Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdehlər kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(102)-5/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2- 3(103)-31/2023 nömrəli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2020-cı il tarixli, 2- 3(103)- 132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-yə ləğvedici təyin olunmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 59.520 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 ASC-nin hesabından Rusiya Federasiyasının “RusAqroEksport" Şirkətinin bank hesabına köçürülməsinin cavabdehlər tərəfindən təmin edilməsi, pul vəsaitinin köçürülməsi tapşırığının verildiyi xx.xx.2020-ci il tarixindən köçürmə əməliyyatı tam başa çatdığı tarixə qədər hər gün üçün 59.520 ABŞ dolları məbləğində vəsaitin 0,01 %-i miqdarında cərimənin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 220/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə müflis elan edilmişdir. Sözügedən qərara əsasən ləğv prosesində olan banklara qarşı tələblər irəli sürüldüyü təqdirdə iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir, yəni, Cavabdeh1 ASC-yə (ləğv prosesində) qarşı birinci instansiya məhkəməsində kreditor tələblə bağlı iddialara baxıla bilməz. Lakin, İddiaçı tələbini əsl cavabdeh olan Cavabdeh1 ASC-yə (ləğv prosesində) qarşı deyil, hazırki tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyündən iddia təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-171/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 220/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - İddiaçı MMC-nin Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan 21 noyabr 2022-ci il tarixli müraciətindən görünür ki, sözügedən 59.520 ABŞ dolları məbləğə dair xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının 3 iş günü müddətində icra olunaraq vəsaitin Rusiya Federasiyasının "xxxx" şirkətinə köçürülməsini, hər hansı qanuni əsasla köçürmənin mümkün olmadığı halda isə həmin məbləğin İddiaçı MMC-nin müvafiq bank hesabına köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur -LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı MMC-nə ünvanlanan 19 dekabr 2022-ci il tarixli imtina məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hüquqi şəxslərin hesablarında qalmış vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. İddiaçı MMC-nin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qeydə alınmış kreditor tələbinin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Hazırda ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələbləri ödənilməkdədir. - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 09 fevral 2023-cü il tarixli məktubdan görünür ki, bank nəzarəti çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Bankın kapitalının və ödəmə qabiliyyətinin itirildiyi müəyyən olunduğuna görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 57-ci maddəsinə (Ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi) əsasən X3 Heyətinin xx.xx.2020-ci il tarixli, 20 nömrəli qərarı ilə Banka müvəqqəti inzibatçı təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-126/2020 nömrəli qərarı ilə Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə (yəni xx.xx.2020-ci il tarixindən) hüquqi və fiziki şəxslərin Bankdakı depozitləri və Bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilməsi qərara alınmışdır. Qanunla nəzərdə tutulmuş moratoriumun məqsədi isə problemli banka müvəqqəti inzibatçının təyin olunduğu zaman onun maliyyə vəziyyətinin yerində bir daha araşdırılması və bankın ödəmə qabiliyyətinin itirilməsi təsdiqini taparsa, əmanətçilərin və digər kreditorların əmlak hüquqlarının qanuna müvafiq qaydada (kreditorların tələblərinin iflas bankın işlək aktivləri hesabına növbəlilik və proporsional qaydada ödənilməsi) təmin olunmasıdır. Moratorium dövründə müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha Bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini və pisləşmə trendli olduğunu təsdiq etmişdir. Belə ki, 30 aprel 2020-ci il tarixinə Bankın kredit portfelinin 61%-i (156 mln. manat) qeyri-standard, 51%-i (130 mln. manat) qeyri-işlək statusunda olmuş, ani likvidlik əmsalı isə cəmi 5.3% təşkil etmişdir (minimum 30% olmalıdır). Odur ki, iddiaçının xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icrasının mümkünsüzlüyü məhz bankın likvidliyində (ödəmə qabiliyyətində) yaranmış problemlərlə bağlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 959.2-ci maddəsinə əsasən “Müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir”. Qeyd olunan səbəblər açıq-aşkar onu göstərir ki, ödəmə qabiliyyətini itirdiyinə görə artıq müvəqqəti inzibatçı təyin olunanadək (xx.xx.2020-ci il) Cavabdeh1 ASC öz müştərisinin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icrasını qanunla müəyyən edilmiş müddətdə, yəni xx.xx.2020-ci il tarixində təmin edə bilməmişdir. Kreditor qarşısında öhdəliyin icrası Qanunun 82 və 87-ci maddələrinin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu: 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; 73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin. 73.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək bağlanmış müqavilə və əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və ya sərəncam ödəniş sistemləri vasitəsi ilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz. 77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. 77.6. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. 77.7. Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin kütləvi informasiya vasitələrində dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.8. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.9. Ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır. 77.10. Bank sirrinin qorunması məqsədilə göstərilən siyahılar tanışlıq üçün kreditorlara təqdim olunmur. 78.1. Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. 81.4. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. 82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 18 iyul 2016-cı il tarixli, 33/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”: 2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. iştirakçı - AZİPS, XÖHKS və AÖS-də (bundan sonra birlikdə - sistemlər) ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZİPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖSdə əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs; 2.1.2. emitent iştirakçı - vəsaiti ödəyən iştirakçı; 2.1.3. benefisiar iştirakçı - vəsaiti alan iştirakçı; 2.1.7. ödəniş sənədi - sistemlərdə ödəniş əməliyyatlarının aparılması üçün emitent və benefisiar iştirakçı tərəfindən müvafiq olaraq verilən ödəniş tapşırığı və ya ödəniş tələbnamətapşırığı; 3.1. Sistemlərdə iştirakçılar arasında hesablaşmalar Mərkəzi Bankda açılmış müxbir, cari və klirinq hesabları vasitəsi ilə həyata keçirilir. 3.2. Sistemlərdə ödəniş sənədləri aşağıdakı hallarda qəbul edilərək icra olunur: 3.2.1. ödəniş sənədi X3 Heyətinin xx.xx.2013-cü il tarixli 19/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın tələblərinə cavab verdikdə; 3.2.2. emitent və benefisiar iştirakçıların hesabları üzrə həbs və ya əməliyyatların dayandırılması barədə qərar (sərəncam) olmadıqda; 3.2.3. ödəniş sənədinin valyutalaşma tarixi bu Qaydaların 3.7-ci və 3.8-ci bəndləri ilə müəyyən edilmiş vaxt intervalına uyğun olduqda; 3.2.4. ödəniş sənədinin icrası üçün emitent iştirakçının hesabında kifayət qədər vəsait olduqda. 3.3. İştirakçı tərəfindən göndərilən ödəniş sənədi iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir. Hazırkı işin hallarından görünür ki, İddiaçı MMC-nin hazırda ləğv prosesində olan Cavabdeh1 ASC-də cari USD hesabı olmuşdur. İddiaçı MMC ilə "xxxx" şirkəti arasında olan xx.xx.2019-cu il tarixli, P07/2019 nömrəli müqavilə əsasında tərəflərindən ölkə ərazisinə idxal olunmuş ərzaqlıq buğdanın dəyərinin bir hissəsinin ödənilməsi məqsədilə Cavabdeh1 ASC-də olan cari USD hesabından 59.520 ABŞ dolları məbləğində vəsaitin köçürülməsinə dair xx.xx.2020-ci il tarixdə ödəniş tapşırığı verilmişdir, ödəniş tapşırığı həmin gün, yəni xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ASC-nin “Çıraq” şöbəsi tərəfindən icraya qəbul edilmiş və ştampla təsdiq edilmişdir. Ödənişin icrasına dair sənədlər (ödəmə tapşırığı, SWİFT çıxarışı və s.) Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuşdur. xx.xx.2020-ci ildə icraya qəbul olunmuş 59.520 ABŞ dolları məbləğ təyinatı üzrə Rusiya Federasiyasının şirkətinin hesabına köçürülməmişdir. İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək 59.520 ABŞ dolları məbləğə dair xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının 3 iş günü müddətində icra olunaraq vəsaitin Rusiya Federasiyasının "xxxx" şirkətinə köçürülməsini, hər hansı qanuni əsasla köçürmənin mümkün olmadığı halda isə həmin məbləğin İddiaçı MMC-nin müvafiq bank hesabına köçürülməsinin təmin edilməsini tələb etsə də, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək tələbin təmin edilməsindən imtina etmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, “cavabdehlər kassasiya şikayətlərində ödəniş tapşırığı üzrə pul vəsaitinin iddiaçının cavabdeh bankdakı cari hesabından silinərək benefisiarın hesabı yerləşən banka köçürülməsi üçün müxbir hesaba köçürülməsinin təmin edildiyini qeyd etsələr də, həmin xüsusat “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın tələblərinə əsasən yoxlanılmamış, ödəniş tapşırığındakı məbləğin cavabdeh bankın hesabından silinib-silinməməsi, buna müvafiq olaraq da ödəniş tapşırığının gerigötürülməz hesab edilib-edilməməsi araşdırılmamışdır. Yalnız bu halların araşdırılmasından sonra “Banklar haqqında” Qanunun 73-cü maddəsinin tətbiq edilib-edilməməsinə hüquqi qiymət verilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı məhkəmə icraatı zamanı yuxarıda qeyd edilən göstərişlər nəzərə alınaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına sorğu ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə xx.xx.2020-ci il tarixdə verilmiş ödəniş tapşırığı əsasında köçürülməsi nəzərdə tutulan 59.520 ABŞ dolları məbləğin cavabdeh bankın hesabından silinibsilinməməsi (buna müvafiq olaraq da ödəniş tapşırığının geri götürülməz hesab edilib-edilməməsi) barədə məlumatların qısa müddət ərzində məhkəməyə təqdim olunması xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq İddiaçı MMC-nin Cavabdeh1 ASC-də olan USD hesabından çıxarışlar məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş çıxarışlardan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə 59,579.00 USD “köçürmə üçün” müvafiq hesaba köçürülmüş, 59.52 USD komissiya haqqı tutulmuş, eyni tarixdə 59,520.00 USD ödəniş geri qaytarılmışdır. Göründüyü kimi LPO Cavabdeh1 ASC-yə ödənişlə bağlı tapşırıq daxil olduğu həmin gün (xx.xx.2020-ci il) tapşırıq üzrə qeyd olunan vəsaitin benefisiarın hesabına köçürülməsi ilə bağlı bank əməliyyatının icrasına başlanmış və bu məqsədlə pul vəsaitinin iddiaçının cavabdeh bankdakı cari hesabından silinərək benefisiarın hesabı yerləşən banka köçürülməsi üçün müxbir hesaba köçürülməsi təmin edilmişdir. Lakin vəsaitin müxbir hesabdan benefisiarın hesabına köçürülməsi baş tutmamış, müvafiq məbləğ geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bankda sığorta hadisəsi baş vermiş olduğu üçün iddiaçının həmin vəsaitə olan tələbi haqlı olaraq “Banklar haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun qaydada kreditor tələbi kimi qeydə alınmış və həmin tələb Qanunun 82.1-ci maddəsinin tələblərinə uyğun olaraq növbəlilik qaydasında icra edilməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, hazırkı iş üzrə Ləğvedici tərəfindən qeydə alınaraq kreditor reyestrinə daxil edilən tələb Qanunun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında icra edilməlidir. Belə ki, bütün qeydə alınmış kreditor tələbləri bank aktivləri hesabına yalnız “Banklar haqqında” Qanunun 82.1-ci maddəsinin tələblərinə uyğun şəkildə növbəlilik qaydasında ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, istisna yalnız qeyd olunan qanunun 81.4-cü maddəsinə əsasən mümkündür ki, həmin maddədə təminatlı kreditor tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilməsi, təminat kreditorların tələbini tam ödəmədikdə isə ödənilməmiş məbləğin təminatsız kreditor tələbi kimi Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə göstərilən halın mövcudluğu öz təsdiqini tapmadığından iddia olunan məbləğin növbədənkənar qaydada ödənilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hazırkı iş üzrə kreditor tələbinin növbədənkənar qaydada ödənilmə ilə bağlı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin tətbiqi ilə əlaqədar qeyd edir ki, göstərilən maddə ödəniş sistemlərində hesablaşmanın qətiliyi ilə bağlıdır və bank əməliyyat sisteminə daxil edilən ödəmə tapşırığının bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi halda üçüncü şəxslər üçün qüvvədə qalmasını şərtləndirir. Həmin norma hüquqi şəxslərin cari hesablarında olan (hesaba geri qaytarılmış) pul vəsaitinin müştərinin tələbi ilə müflis bank tərəfindən növbədənkənar qaydada ona ödənilməsi imkanını və ya mümkünlüyünü nəzərdə tutmamışdır. Beləliklə, məhkəmə Kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətləri hazırda qüvvədə olan qanunvericilik normalarının tələblərinə uyğundur. Odur ki, iddiaçının “ LPO Cavabdeh1 ASC-nin Ləğvedicisinin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, LPO Cavabdeh1 ASC-nin Kreditorlarının Reyestrindən İddiaçı MMC-nin 59.520 ABŞ dolları məbləğin növbəlilikdən çıxarılması və xx.xx.2020-ci il tarixdə verilmiş ödəniş tapşırığının icra olunmaması nəticəsində hesabda qalmış 59.520 ABŞ dolları məbləğində vəsaitin növbədənkənar qaydada İddiaçı MMC-nə ödənilməsi” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə Kollegiyası Q Ə R A R A A L D I : İddiaçı MMC cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və LPO "xxxx" ASC-yə qarşı “ LPO Cavabdeh1 ASC-nin Ləğvedicisinin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, LPO Cavabdeh1 ASCnin Kreditorlarının Reyestrindən İddiaçı MMC-nin 59.520 ABŞ dolları məbləğin növbəlilikdən çıxarılması və xx.xx.2020-ci il tarixdə verilmiş ödəniş tapşırığının icra olunmaması nəticəsində hesabda qalmış 59.520 ABŞ dolları məbləğində vəsaitin növbədənkənar qaydada İddiaçı MMC-nə ödənilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar