Məhkəmə qərarları › İş №2-3(103)-24/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-24/2024

06.02.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-24/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “iddiaçıya məxsus pul vəsaitinin ödənilməsinə növbəlilik qaydasının tətbiq edilməməsinə” dair iddia ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Cəmiyyətlərinə məxsus 200.000 ABŞ dollarının ödənilməsinə növbəlilik qaydasının tətbiq edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyətin "xxxx" ASC-də olan ABŞ dolları hesabında xx.xx.2020-ci il tarixdə 200.350 ABŞ dolları məbləğdə vəsait olmuşdur. Həmin məbləğ xx.xx.2020-ci il tarixdə hissə-hissə (eyni gün ərzində əvvəl 200.000 ABŞ dolları - əsas məbləğ, sonra isə 350 ABŞ dolları - komissiya) müxbir hesaba köçürülmüşdür. xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin bank fəaliyyətinə verilmiş lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilmiş və Bankın ləğv edilmə prosesi başlanılmışdır. Bundan sonra eyni vəsait, yəni 200.000 ABŞ dolları xx.xx.2020-ci il tarixdə artıq "xxxx" ASC-yə deyil, onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda Cəmiyyətə məxsus hesaba onların Cəmiyyətinə çatası vəsait qismində daxil olmuşdur. Həmin vəsait iddiaçıya məxsus olduğundan ADİF-dən tələb olunmuş, lakin Cəmiyyətlərinə imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin vəsait Bank ləğv edilən xx.xx.2020-ci il tarixdə həmin Bankda onlara məxsus cari hesabda olmuşdur və bu səbəbdən növbəlilik qaydasında onlara ödəniləcəkdir. Lakin öz hesablarından çıxarışa istinadən bildirirlər ki, xx.xx.2020 tarixdə vəsaitləri Bankdakı hesabda deyil müxbir bankdakı hesabda olub və xx.xx.2020-ci il tarixdə ADİF-ə onlara çatası vəsait qismində daxil olub. Qeyd edilən səbəbdən ADİF-in imtinasını qanunsuz hesab edirlər. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəmə kollegiyasına müraciət edərək ərizəçi İddiaçı MMC-nin ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1rşı irəli sürmüş olduğu ərizə üzrə tələbin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.2020-ci il tarixində, 0336 nömrəli qəbzlə Banka qarşı 53.967,56 (əlli üç min doqquz altmış yeddi AZN 56 qəpik) manat, 200.000,00 (iki yüz min) ABŞ dolları məbləğində tələbini qeydə aldırmışdır. Bu isə, öz növbəsində kreditorların reyestrində öz əksini tapmışdır. Sözügedən kreditorların reyestri (qəbul və etiraz edilmiş tələblər) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-3.1(103)-37/2021 nömrəli qərardadı ilə təsdiq edilmişdir. Ərizəçi ərizəsində əsaslandırmışdır ki, guya xx.xx.2020-ci il tarixdə 200.000 ABŞ dolları vəsait Əmanətlərin Sığortalanması Fondunun müxbir hesabına köçürülmüşdür. Bu isə həqiqəti əks etdirmir. Belə ki, Fond və LPO "xxxx" ASC ayrı hüquqi şəxslərdir. Fond qeyrikommersiya təşkilatıdır və eyniləşdirmə nömrəsi **********, LPO "xxxx" ASC-nin eyniləşdirmə nömrəsi **********. Hər birinin ayrıca hesabları mövcuddur. Köçürülən məbləğ məhz "xxxx" ASC-nin müxbir hesabına köçürülmüş və həmin hesabdan İddiaçı MMC-nin hesabına vəsait virtual olaraq mədaxil edilmişdir. Belə ki, aydındır ki, bankda sığorta hadisəsinin baş verməsinə əsas amil adekvatlıq əmsallarının qanunla müəyyən olunmuş həddə olmaması və faktiki olaraq Bankın müxbir hesabında vəsaitin olmaması kimi hallar müşahidə olunmasıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də, tərəflərin nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddia ərizəsini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2020-cı il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-yə ləğvedici təyin olunmuşdur. İş materiallarında olan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı MMC-nə ünvanlanan 22 avqust 2022-ci il tarixli imtina məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən hüquqi şəxslərin hesablarında qalmış vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsində göstərilmiş növbəlilik qaydasında bölüşdürülür. Hazırda ləğv prosesində olan "xxxx" ASC tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələbləri ödənilməkdədir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC-nin hazırda ləğv prosesində olan "xxxx" ASC-də cari USD hesabı olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə 200.000 ABŞ dolları vəsait Əmanətlərin Sığortalanması Fondunun müxbir hesabına köçürüldüyünü iddia edərək cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək 200.350,00 ABŞ dolları məbləğin növbədənkənar ödənilməsinin təmin edilməsini tələb etsə də, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı MMC-nin "xxxx" ASC-dəki hesabında olan 200,350.00 ABŞ dolları vəsait qorunan əmanət hesab edilmədiyindən həmin tələblər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kreditor tələbi kimi qeydə alınmalı və ödəniş müddəti çatdığı təqdirdə “Banklar haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra edilməlidir. Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan "xxxx" ASC ayrıayrı hüquqi şəxslərdir. Fond qeyri-kommersiya təşkilatıdır və eyniləşdirmə nömrəsi **********, LPO "xxxx" ASC-nin eyniləşdirmə nömrəsi **********-dir. Hər birinin ayrıca hesabları mövcuddur. Köçürülən məbləğ məhz "xxxx" ASC-nin müxbir hesabına köçürülmüş və həmin hesabdan İddiaçı MMC-nin hesabına vəsait virtual olaraq mədaxil edilmişdir. LPO "xxxx" ASC isə hazırda növbəlilik üzrə birinci növbənin ödənişinin yığımı və ödənilməsi mərhələsindədir. Bu tələb “Banklar haqqında” Qanunun 82-ci maddəsinin 7ci növbəsi üzrə, yəni təminatsız kreditor tələbi kimi qeydə alınmış və ödəniləcək məbləğdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş vermiş və müflis elan edilmiş banklarda hüquqi şəxslərin adlarında olan hesablardakı vəsaitlər qorunan əmanət hesab edilmədiyindən həmin tələblər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kreditor tələbi kimi qeydə alınmalı və ödəniş müddəti çatdığı təqdirdə “Banklar haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra edilməlidir. “Banklar haqqında” Qanunun 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Kreditor tələbi kimi qeydə alınmış tələblər üzrə ödənişlər qanunamüvafiq olaraq növbəlilik qaydasında həyata keçirilir. Həmçinin, “Banklar haqqında” Qanunun 82-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2.fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3.iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4.iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5.bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6.müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7.bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8.təminatsız kreditorların tələbləri. 82.2.Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. İddia ərizəsinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müxbir hesablar – bankların Mərkəzi Bankda və ya digər kredit təşkilatlarında açdığı hesablardır. Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması məqsədi ilə yerli və xarici banklar üçün açılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tələbində pul vəsaitinin növbədənkənar qaytarılmasını xahiş etsə də, “Banklar haqqında” Qanunda işin hazırkı vəziyyətində vəsaitin növbədənkənar qaytarılması nəzərdə tutulmamışdır. “Banklar haqqında” Qanunun 73.1.1-ci maddəsinin tələbləri mövcud olmadığı halda iddiaçı kreditorların növbəli siyahısına daxil edilə bilər. Belə ki, “Banklar haqqında” Qanunun: 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; 73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin. 73.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək bağlanmış müqavilə və əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və ya sərəncam ödəniş sistemləri vasitəsi ilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı MMC-nin iddia tələbi əsassızdır və təmin edilə bilməz. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin iddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar