Məhkəmə qərarları › İş №2-3(103)-27/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-27/2024

09.01.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-27/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “əlavə vaxt verilməsi” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 2023-cü il dekabrın 27-dən yanvarın 7-dək 40 (qırx) min seçici imzalarının toplanması üçün müəyyən olunmuş yeddi gün qeyri-iş günü olduğundan və ona imza vərəqələri gec verildiyindən imzaların toplanması üçün əlavə 7 (yeddi) gün vaxtın uzadılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevral ayının 7-sinə təyin olunması və Azərbaycan Respublikası Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini elan etmişdir”. O da müvafiq olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məlum sərəncamından sonra zəruri olan sənədləri toplayaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına rəsmi qaydada təqdim etmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının əməkdaşları tərəfindən ona 31 dekabr 2023-cü il tarixdən 7 yanvar 2024-cü il tarixədək olan müddət ərzində 40 (qırx) min seçici imzalarının toplanması üçün möhürlü seçki vərəqəsi təqdim edilmişdir. Qeyd etmək istəyir ki, 31 dekabr 2023-cü il tarixdən 7 yanvar 2024-cü il tarixədək qeyri-iş günü olduğundan müəssisələr, ali təhsil ocaqları, tibb idarələri və digər təşkilatlarda seçki təbliğatının aparılması, seçki vərəqələrinin alınması və imzaların toplanması üçün qeyrimümkün olmuşdur. Bu səbəbdən də o, imzaların toplanması barəsində xx.xx.2024-cü il tarixində ona “Əlavə vaxtın verilməsi” ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun adına rəsmi qaydada müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının mühafizə polis işçiləri onu inzibati binaya buraxmamış və bildirmişlər ki, binada olan telefonla əlaqə saxlaya bilər. O da həmin vasitəylə zəng etmək istədikdə məlum olmuşdur ki,telefonlar işləmir. X3 Komissiyasının binasına daxil olmağa cəhd etdikdə mühafizə polisinin işçiləri ona qəti şəkildə xəbərdarlıq etmişlər ki, içəri keçmək qadağandır. Mühafizə polis əməkdaşlarına təkrarən izah etmişdir ki, prezidentliyə namizəddir və Məzahir Pənahovun qəbuluna gəlmişdir ki, rəsmi qaydada müraciəti qeydiyyata alınsın. Mühafizə polis əməkdaşları yenidən ona binaya girişin qadağan olduğunu qətiyyətlə bildirmişlər. Əlacsız qalaraq həmin anda bu qanunsuz faktları da telefonla çəkmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi ona qarşı etdiyi hərəkətlər qanunsuz hesab edilməlidir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, 06 yanvar 2024-cü il tarixədək tələb olunan 40 mindən az olmayan sayda seçici imzasını toplamış, lakin həmin imza vərəqələrində prezidentliyə namizəd olan şəxs tərəfindən doldurulmalı olan qrafanı tələb olunan müddət ərzində hazır etməyi fiziki cəhətdən mümkün deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İzahatında həmçinin qeyd etdi ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən İddiaçı qarşı heç bir qanun pozuntusu olmamışdır. Belə ki, hər bir vətəndaş kimi İddiaçı da konstitusion hüquqlarından istifadə edərək, namizədliyini irəli sürmüşdür. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ilkin olaraq 25 dekabr 2023-cü il tarixdə onun sənədlərini qəbul etmişdir. İddiaçı tərəfindən cavabdehə bildiriş ərizəsi, öhdəlik ərizəsi, şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti, diplomunun surəti, hərbi biletin surəti və əmək kitabçasından çıxarış təqdim olunmuş və müvafiq arayışla tərəflərindən qəbul olunmuşdur. 1 nüsxəsini də İddiaçı təqdim etmişlər.Cavabdeh 30 dekabr 2023-cü il tarixdə İddiaçı namizədliyini təsdiq etmişdir. Yəni, Mərkəzi Seçki Komissiyasının İddiaçı qarşı hər hansısa qərəzi, başqa məqsədi olsaydı, heç onun namizədliyini təsdiq etməzdi. Təsdiq etdikdən sonra namizəd İddiaçı 900 ədəd imza vərəqələri təqdim etmişlər. Bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Akt xx.xx.2023-cü il tarixlidir. İddiaçı həmin aktı imza etmiş, lakin heç bir əlavə qeyd verməmişdir. İddiaçı imza vərəqəsinin doldurulması ilə bağlı mərhələdə Mərkəzi Seçki Komissiyasına ərizəsi daxil olmuşdur. Həmin müraciətində İddiaçı xx.xx.2023-xx.xx.2024 tarixləri arasında olan bayram günlərinin imza toplanması mərhələsinə əlavə olunmasını xahiş etmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq, tək imza vərəqəsi şərt deyil. İmza vərəqəsindən əlavə digər zəruri seçki sənədləri də (əmlak məlumatları, maliyyə mənbələri, gəlirləri barədə və.s.) təqdim olunmalıdır. Hər bir namizəd qeyd olunan sənədləri cavabdehə təqdim etməlidir. Bununla bağlı olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə müvafiq qərar qəbul edir. Dünənə kimi yəni xx.xx.2024-cü il tarixə kimi İddiaçı həmin sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim etməmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ- İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (“İPM”) 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və ərizənin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı məhkəməyə yazılı müraciəti zamanı özünü iddiaçı statusunda deyil ərizəçi statusunda qeyd etmiş, həmçinin “iddia ərizəsi” əvəzinə “ərizə” sözündən istifadə etmişdir. Məhkəmə kollegiyasının iclası zamanı qeyd edilən məqamların iddiaçının iradə ifadəsinə əsasən formal xəta olması nəzərə alınmışdır. İrəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, düzgün cavabdehə qarşı qaldırılmışdır. Hazırkı tələblə cavabdehə müraciət etmiş və müraciəti cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə əsassız olması ilə bağlı hazırki işin faktiki hallarını nəzərdən keçirir: İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən qabaq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova rəsmi müraciət edərək Prezident seçkilərinin keçirilmə vaxtının dəyişdirilməsini və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 2023cü il dekabrın 31-dən yanvarın 7-dək 40 (qırx) min seçici imzalarının toplanması üçün müəyyən olunmuş yeddi gün qeyri-iş gününə düşdüyündən imzaların toplanması üçün 7 (yeddi) gün əlavə vaxtın uzadılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd olunan hallara istinad edilmişdir. İddiaçının müraciətlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən baxılaraq bildirilmişdir ki, Mərkəzi Seçki Komissiyasının 2023-cü il 8 dekabr tarixli 7/15 saylı Qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilmiş və 2023-cü il dekabrın 9-dan namizədliyin irəli sürülməsi prosesi başlanmışdır, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyinizin öz təşəbbüsünüzlə irəli sürülməsinə dair müvafiq sənədləri 2023-cü il dekabrın 25-də Mərkəzi Seçki Komissiyasına təqdim etmisiniz. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.1-53.6-cı maddələrində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, namizədliyinizin irəli sürülməsi 2023cü il dekabrın 30-da təsdiq edilmiş, bu barədə qərar mətbuatda dərc edilmiş və namizədliyinizin müdafiəsi üçün seçici imzalarının toplanması məqsədi ilə 900 (doqquz yüz) ədəd imza vərəqəsi təqdim edilmişdir. Göstərilənlərə əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyinizin irəli sürülməsinin təsdiq edilməsi və imza vərəqələrinin sizə təqdim olunması prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmişdir, namizədliyin müdafiəsi məqsədilə seçici imzalarının toplanıb təqdim edilməsi müddəti Seçki Məcəlləsi ilə müəyyən edilir. Beləliklə, hazırki iddia tələbində iddiaçı 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respubliksı Prezidenti seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi prosesində qanun pozuntusuna yol verildiyinə və xx.xx.2023-xx.xx.2024-cü il tarixlərinin qeyri-iş gününə düşməsinə istinad edərək, seçici imzalarının toplanması üçün müddətin əlavə olaraq 7 (yeddi) gün uzadılmasını xahiş edir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əassən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir Konstitusiyanın 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin Preambulasında qeyd edilir ki, Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər, gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsindəreferendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Sadalanan normalardan göründüyü kimi seçki hüquq münasibətlərində vətəndaşın seçmək, seçilmək, referendumda iştirak etmək hüququ varsa, bu hüquqa qarşılıq olaraq dövlətin həmin hüquqların realizə edilməsini təmin etmək öhdəliyi vardır ki, dövlət bu öhdəliyi seçki qanunvericiliyi ilə müəyyən edilmiş prinsip və normalara, seçkilərin təşkili və keçirilmə qaydalarına riayət edilməsini təmin etməklə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 179.1-ci maddəsinə əsasən Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyanın 101-ci maddəsinin İ hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi halda növbədənkənar Prezident seçkiləri keçirilir. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallar növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir. Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin hissəsi rəhbər tutularaq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilmiş və növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasının təmin edilməsi və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin həmin sərəncamından irəli gələn öhdəliyinin icrası olaraq, Mərkəzi Seçki Komissiyası (“MSK”) tərəfindən 2023-cü il 8 dekabr tarixli 7/15 saylı Qərarı ilə 2024-cü il fevralın 7-nə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri təyin edilmiş və dekabrın 9-dan namizədliyin irəli sürülməsi prosesi başlanılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.1-ci maddəsinə əsasən namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Həmin Məcəllənin 53.6-cı maddəsinə əsasən müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən imza vərəqəsində namizədin namizədliyinin irəli sürülməsinə razılıq ərizəsində göstərdiyi siyasi partiyanın adı göstərilə bilər. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün imza toplanmasını müvafiq seçki dairəsi üzrə namizədi irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku həyata keçirirsə, imza vərəqəsində namizədə aid məlumatlarla yanaşı, bu namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun adı göstərilir, namizədin ərizəsində belə məlumat olarsa, onun mənsub olduğu siyasi partiyanın adı və siyasi partiyada onun müvafiq statusu göstərilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər. Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən imza vərəqələri bu Məcəllənin 1,2,3 saylı əlavələrinə uyğun hazırlanır. Həmin Məcəllənin 57.6-cı maddəsinə əsasən namizədin müdafiəsi üçün seçici imzaları toplanarkən imzalar imza vərəqəsinin üz və ya arxa tərəfində qoyulur. Belə olduqda, arxa tərəf vərəqənin üz tərəfinin davamı hesab edilir və təsdiqedici imzalar vərəqənin arxa tərəfində qoyulur. Həmin Məcəllənin 57.7-ci maddəsinə əsasən imza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir. Həmin Məcəllənin 57.8-ci maddəsinə əsasən namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi imzaları toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmzaları toplayan şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir. Həmin Məcəllənin 57.9-cu maddəsinə əsasən namizəd irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku, seçicilərin təşəbbüs qrupu müvafiq seçki komissiyasına eyni şəxsin namizəd irəli sürülməsi haqqında yazılı məlumat verdikdən sonra namizədin müdafiəsi üçün seçicilərin lazım olan sayda imzalarını birgə toplaya bilərlər. Bu halda namizədin irəli sürülməsinin müdafiəsi üçün müxtəlif şəxslərin topladığı seçici imzalarının cəmləşdirilməsinə icazə verilir. Həmin Məcəllənin 57.10-cu maddəsinə əsasən namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar. Həmin Məcəllənin 57.11-ci maddəsinə əsasən müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; 58.1.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi; 58.1.3. bu Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş; 58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; 58.1.5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat; 58.1.6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə). Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 58.1.2 — 58.1.6-cı maddələrində göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir. Namizədin əmlakı barədə məlumat bu Məcəlləyə 5 saylı Əlavəyə uyğun formada təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir. Həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 58.1 və 58.2-ci maddələrində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz. Qeydiyyat depozitinin seçki komissiyası tərəfindən geri qaytarılması halları bu Məcəllənin 60.5-ci maddəsi ilə müəyyən edilir. Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi, həmçinin Konstitusiyanın 101-ci maddəsinin İ hissəsinin ikinci cümləsinə əsasən Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən seçicilərin imzaları bu Məcəllənin 56 və 57-ci maddələrində göstərilən qaydada toplanır. İddia ərizəsinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, cavabdehin xx.xx.2023-cü il tarixli 13/61 nömrəli qərarı ilə iddiaçının xx.xx.2023-cü il tarixdə öz təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti namizədliyinin irəli sürülməsi - onun müraciəti və təqdim etdiyi sənədlər araşdırılaraq təsdiq olunmuş və xx.xx.2023-cü il tarixdə ona seçici imza vərəqələri təqdim olunmuşdur. İddiaçı öz iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 31 dekabr 2023-cü il tarixdən 7 yanvar 2024-cü il tarixədək qeyri-iş günü olduğundan müəssisələr, ali təhsil ocaqları, tibb idarələri və digər təşkilatlarda seçki təbliğatının aparılması, seçki vərəqələrinin alınması və imzaların toplanması qeyri-mümkün olmuş, məhkəmə kollegiyasının iclasında isə iddiaçı 06 yanvar 2024-cü il tarixədək tələb olunan 40 mindən az olmayan sayda seçici imzasını topladığını, lakin həmin imza vərəqələrində prezidentliyə namizəd olan şəxs tərəfindən doldurulmalı olan qrafanı tələb olunan müddət ərzində hazır etməyinin fiziki cəhətdən mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçı tərəfindən Seçki Məcəlləsinin 53.6cı və 58.1-ci maddələrinin imperativ tələblərinə görə sözügəndən qərarın qəbul olunduğu gündən etibarən ən azından səsvermə gününə 30 günün qalmış xx.xx.2024-cü il tarixində saat 18:00-dək imza vərəqələri MSK-ya təhvil verilməlidir. Seçki qanunvericiliyi ilə başqa imperativ qayda (o cümlədən, imza vərəqələrinin təqdim edilməsi müddətinin uzadılması, artırılması) nəzərdə tutulmamışdır. Seçki Məcəlləsinin 55.1-ci maddəsi isə nəzərdə tutur ki, bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Göründüyü kimi, bütün namizədlərin bərabər hüquqa malik olduqları və bərabər öhdəliklər daşıdıqları halda, iddiaçıya münasibətdə irəli sürülmüş namizədliyinin qeydə alınması üçün imza vərəqələrinin (və digər sənədlərin) MSK-ya təqdim edilməsi üçün başqa qayda nəzərədə tutula bilməz və belə qaydanın nəzərdə tutulması onların hüquqlarını pozmuş olur. Beləliklə, iddiaçının hazırkı tələbi üzrə imzaların toplanması üçün əlavə 7 (yeddi) gün vaxtın uzadılması barədə iddia tələbinin qanuni əsası yoxdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində qeyd etdiyi MSK-nın inzibati binasına buraxılmaması ilə bağlı dəlilləri ilə əlaqədar isə onu qeyd edir ki, birincisi, iddiaçının qeyd olunan dəlilləri sübutlarla təsdiq olunmur, ikincisi isə seçki qanunvericiliyi vətəndaşların seçki hüquqlarının müdafiəsi ilə bağlı aşağıdakıları nəzərdə tutur. Seçki Məcəlləsinin 112.2-ci maddəsi ilə isə nəzərdə tutulurr ki, bu Məcəllənin 112.1ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Həmin Məcəllənin 112.3-cü maddəsinə görə şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Həmin Məcəllənin 112-1.1-ci maddəsinə əsasən Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 130.5-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının tələbinin əsası kimi faktiki və hüquqi halları sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 87, 90 və 130-cu maddələrini və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı iddia ərizəsi təmin edilməsin. Qərardan, qərarın təqdim olunduğu gündən 3 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar