Məhkəmə qərarları › İş №2-3(103)-28/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-28/2022

21.09.2022 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-28/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı ”əmanətlərin və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehdən 17.083 ABŞ dolları əmanətinin və 6 il müddətinə ona hesablanmış (illik 10.4 faiz, 6 il müddətinə= 62.4) 10659 ABŞ dolları faizin, ümumilikdə cəmi 27 742 ABŞ dollarının və vəkilə hüquqi xidmət üçün ödədiyi 300 manatın alınıb ona verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2009-cu ildən etibarən "xxxx" ASC-nin Mingəçevir filialının depazitinə müəyyən vaxtlarda və müəyyən məbləğlərdə pullar yerləşdirmişdir. 2015-ci ilin sonuna kimi müqaviləyə uyğun olaraq hesablanmış faizləri götürmüşdür. Hazırda onda "xxxx" ASC-nin Mingəçevir filialının depazitinə pulların ABŞ dolları ilə yerləşdirməyi barədə əmanət depozit hesab haqqında müqavilələri vardır. 06 yanvar 2015ci il tarixli, 261FZ**********1 və 06 yanvar 2015-ci il tarixli, 261İZ**********2 saylı Standart əmanət (depozit) hesabı haqqında müqavilələrdən görünür ki, o 4000 ABŞ dolları pulu 12 ay müddətinə illik 10.4 faiz şərti ilə "xxxx" ASC-nin Mingəçevir filialına əmanət (depozit) qoymuşdur. Onda olan 002540 saylı əmanət kitabçasına əsasən xx.xx.2013-cii ildə 7000 ABŞ dolları, xx.xx.2013-cü ildə 1000 ABŞ dolları, xx.xx.2013-cü ildə 15000 ABŞ dolları, xx.xx.2013-cü ildə 9000 ABŞ dolları, xx.xx.2015-ci il isə 4000 ABŞ dolları pulu cəmi 36 000 (otuz altı min) ABŞ dolları pulu "xxxx" ASC-nin əmanət (depozit) qoymuşdur. 2016-cı ilin fevral ayında əmanətin bir hissəsi 18.917 ABŞ dolları ona qaytarılmışdır. Bundan bank tərəfindən ona qalan pulu və ona hesablanmış faizlər qaytarılmamışdır. Dəfələrlə müraciət etməyisinə baxmayaraq əmanət ona qaytarılmamış, hazırda 36 000- 18.917=17.083 ABŞ dolları depozitdə (əmanətdə) pulu qalmışdır. 2021-ci ilin təxminən oktyabr ayında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun rəhbəri cənab Tural Piriyevə rəsmi ərizə ilə müraciət edib, əmanətimin qaytarılmasını xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ona göndərilmiş 01 dekabr 2021-ci il tarixli **********697 saylı məktubunda göstərilmişdir ki, 20 iyul 2016-cı il tarixdə "Banklar haqqında" Azərbaycan Respublikası Qanunun 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğdə qəbul edilmiş və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləyəcəni nəzərə almağınız xahiş olunmuşdur". Sonuncu müraciətinə cavabdan 10 (on) ay vaxt keçmişdir. Ləğv prosesində olan "xxxx" Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun depozitində 17.083 (on yeddi min səksən üç) ABŞ dolları əmanəti qalmışdır. Sonuncu kredit müqaviləsinə (xx.xx.2015-ci il tarixli) əsasən illik 10.4 faiz hesablanmaq ona depozitdə qalan məbləğin faizi ödənilməli idi, 2016-2021-ci illər ərzində 6 il müddətində ona faiz ödənilməmiş, bununla da ona xeyli zərər dəymişdir. Ləğv prosesində olan "xxxx" Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun depozitində 17.083 (on yeddi min səksən üç) ABŞ dolları əmanətinin və ona hesablanmış (illik 10.4. faiz, 6 il müddətinə) 10659 (on min altı yüz əlli doqquz) ABŞ dolları faizin, ümumilikdə cəmi 27 742 (iyirmi yeddi min yeddi yüz qırx iki) ABŞ dolları pulun, vəkilə hüquqi xidmət üçün ödədiyim 300 (üç yüz) manatın Ləğv prosesində olan "xxxx" Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınıb ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq, hazırkı iş üzrə əmanətin 30.000 manat olan hissəsinin kompensasiya edildiyini, digər hissə olan 17 000 ABŞ dollarına münasibətdə isə tələb kimi qeydə alındığını və növbəlilik qaydasında ödənilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Məhkəmə kollegiyası iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası İPM-in 39.1-ci maddəsindən görünür ki, iddiaçının müraciəti ilə əlaqədar inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə qərar qəbul edilmədikdə əriizəçi 35 gündən sonra məhkəmədə həmin inzibati orqana qarşı iddia qaldıra bilər. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********697 №-li, 01 dekabr 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “ Kreditor tələbinin ödənilməsinə dair müraciətinizə ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bildirmişdir ki, İddiaçı kreditor tələbi 20 iyul 2016-cı il tarixdə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğdə qəbul edilmiş və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir.” Göründüyü kimi iddiaçı hazırkı iddia tələbinə müvafiq ərizə ilə bankın ləğvedicisinə müraciət etmiş, həmin ərizəsinə cavab verildikdən sonra o, xx.xx.2022-ci il tarixində hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddia ərizəsindən görünür ki. formal baxımdan Azərbaycan Respublikası İPM-in 46-cı maddəsinin tələblərinə uyğun tərtib olunmuş və iddiaçının tələbləri konkret və aydın tərzdə ifadə olunmuş və formal baxımdan əsaslandırılmışdır. Qeyd edilənləri və Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin inzibati məhkəmə icraatını mümkündür. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, Cavabdeh ASC-nin depozitində olmuş, hazırda Əmanətlərin Sığortalanması Fondunda olan 17.083 ABŞ dolları pulun ona qaytarılmasını xahiş etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək **********697 №-li, xx.xx.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı kreditor tələbinin 20 iyul 2016-cı il tarixdə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğdə qəbul edildiyi və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəyi qeyd edilmişdir. Daha sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. «Banklar haqqında» Qanunun 82-ci maddəsi kreditorların tələblərinin təmin edilməsinin aşağıdakı növbəlik qaydasını nəzərdə tutur: 82.1.Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 81.1.(19 oktyabr 2007-ci il tarixli 452-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1070) ilə 82.1.1-ci maddə çıxarılmışdır) 82.1.2.fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3.iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4.iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5.bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6.müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7.bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 82.1.8.təminatsız kreditorların tələbləri. Bankın müflis elan edilməsindən və ləğvedicisi təyin olunduqdan sonra, məhkəmənin qərardadı ilə, ləğvedicinin təqdim etdiyi, iddiaçının da kreditor tələbinin daxil edildiyi kreditorların tələblər Siyahısı təsdiq olunmuş və təminatsız kreditorların tələbləri bölməsində sıralanmış şəkildə təsbit olunmuşdur. «Banklar haqqında» Qanunun 77.8-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Həmin Qanunun 87.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Həmin Qanunun 87.4-cü maddəsinə əasən ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alma bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. İddiaçının iddia ərizəsindən də göründüyü kimi, həmin ödəniş qrafiki əsasında iddiaçıya onun qeyd alınmış tələbi üzrə 2016-cı il tarixdə 18.917,00 ABŞ dolları məbləğində ödəniş edilmişdir Qanununvericiliyin qeyd olunan tələblərindən isə göründüyü kimi, tələbin yerdə qalan hissəsinin növbəlilik qaydasından kənar ödənilməsini tələb etməsi həm maddi hüquq normalarına, həm də tələbləri qeydə alınmış digər kreditorların maraqlarına ziddir Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinin mənası da, məhz, onu ehtiva edir ki, ərizəçi öhdəliyin icrası haqqında iddia vasitəsi ilə inzibati orqandan inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini o halda tələb edə bilər ki, inzibati orqanın bu öhdəliyi qanunun tələbindən irəli gəlsin və yerinə yetirilməməsi nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanlardan isə göründüyü kimi, iddiaçının qeyd alınmış kreditor tələbinin qalıq hissəsinin növbəlilik qaydasından kənar ödənilməsi üçün cavabdeh ləğvedicinin qanunla üzərinə düşən öhdəliyi müəyyən olunmur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının iddia tələbini əsassız sayır. Qeyd olunanlara əsasən və İPM-in 2, 68, 69, 90, 131-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı iddia ərizəsi təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar