Məhkəmə qərarları › İş №2-3(103)-28/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-28/2024

09.01.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-28/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçı X1 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı «imzaların toplanması üçün əlavə vaxt verilməsi tələbinə dair» inzibati mübahisə üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İ. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (“MSK”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 2023-cü il dekabrın 27-dən 2024-cü il yanvarın 7-dək 40 (qırx) min seçici imzalarının toplanması üçün müəyyən olunmuş yeddi gün qeyri-iş günü olduğundan və ona imza vərəqələri gec verildiyindən imzaların toplanması üçün əlavə 7 (yeddi) gün vaxtın uzadılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (“İPM”) 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. İş materiallarından görünür ki, iddiaçının elektron üsulla məhkəməyə təqdim etdiyi iddia ərizəsi “İnzibati icraat haqqında” Qanunun 28-ci və 29-cu, İPM-in 45-46-cı, 130-cu maddələrinin tələblərinə uyğun verilmişdir, Həmin Məcəllənin 35.1-ci maddəsi baxımından inzibati məhkəmə icraatı mümkündür. İddianın əsaslarına görə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 101-ci maddəsinin 1-ci hissəsini rəhbər tutularaq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cü maddəsinə uyğun olaraq “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevral ayının 7-nə təyin olunması və həmin Məcəllədə müəyyən olunmuş qaydada keçirilməsini elan edilmişdir. Həmin sərəncamdan sonra iddiaçı zəruri sənədləri toplayıb 21 dekabr 2023-cü il tarixdə rəsmi qaydada MSK-ya təqdim etmiş və cavabdehin 26 dekabr tarixli qərarı ilə prezidentliyə namizəd kimi irəli sürülmsəi təsdiq edilmiş, 27 dekabrda isə ona 40 min seçici imzalarının toplanması üçün möhürlü seçki vərəqələri ona təqdim edilmişdir. Bu səbəbdən də imzaların toplanması barəsində ona əlavə vaxtın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə rəsmi qaydada MSK-nın sədrinin adına müraciət etmişdir. Lakin MSK-nın mühafizə polisi işçiləri tərəfindən inzibati binaya buraxmamış, telefonla da əlaqə saxlaya bilməmişdir. Hesab hesab edir ki, cavabdeh MSK sədrinin prezidentliyə namizəd kimi ona qarşı etdiyi hərəkətlər qanunsuz hesab edilməlidir. Cavabdeh orqan iş materiallarına əlavə olunmuş, ərizəçinin məhkəməyə qədər MSK-ya müraciətinə ünvanlanmış 3-111/2-M-xx-xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyinin öz təşəbbüsü ilə irəli sürülməsinə dair 21 dekabr 2023-cü il tarixdə təqdim etdiyi sənədlər araşdırılaraq namizədliyinin irəli sürülməsi 26 dekabr 2023-cü il tarixdə təsdiq edilmiş və bu barədə qərar mətbuatda dərc edilmiş, ona namizədliyinin müdafiəsi üçün seçici imzalarının toplanması məqsədi ilə 900 ədəd imza vərəqəsi təqdim edilmiş, lakin o, 800 imza vərəqəsini qəbul etmişdir. MSK tərəfindən iddia edilən pozuntulara yol verilməmişdir. Namizədliyin müdafiəsi məqsədilə seçici imzalarının toplanıb təqdim edilməsi müddəti Seçki Məcəlləsi ilə müəyyən edilmişdir (Daha sonra ərizəçiyə MSK-nın qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) apellyasiya instansiya məhkəməsinə şikayət vermə hüquq izah edilmimişdir.). Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı növbədənkənar prezident seçkisinin təyin olunmasını qanunsuz hesab etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi Q.Orucov isə onunla razılaşmamış, imza vərəqələrinin toplanıb təqdim edilməsi üçün seçki qanunvericiliyi ilə konkret müddət təyin olunduğunu qeyd edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının ərizəsindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, 2023-cü il dekabrın 27-dən 2024-cü il yanvarın 7-dək 40 (qırx) min seçici imzalarının toplanması üçün müəyyən olunmuş yeddi gün qeyri-iş günü olduğundan və ona imza vərəqələri gec verildiyindən imzaların toplanması üçün əlavə 7 (yeddi) gün vaxtın verilməsi barədə qərar çıxarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 179.1-ci maddəsinə əsasən Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyanın 101-ci maddəsinin İ hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi halda növbədənkənar Prezident seçkiləri keçirilir. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallar növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir. İşin hamı üçün məlum olan hallarından göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin hissəsi rəhbər tutularaq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilmiş və növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasının təmin edilməsi və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin həmin sərəncamından irəli gələn öhdəliyinin icrası olaraq, Mərkəzi Seçki Komissiyası (“MSK”) tərəfindən 2023-cü il 8 dekabr tarixli 7/15 saylı Qərarı ilə 2024-cü il fevralın 7-nə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri təyin edilmiş və dekabrın 9-dan namizədliyin irəli sürülməsi prosesi başlanılmışdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 53.1-ci maddəsinə əsasən namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Həmin Məcəllənin 53.6-cı maddəsinə əsasən müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının xx.xx.2023-cü il tarixdə öz təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti namizədliyinin irəli sürülməsi - onun müraciəti və təqdim etdiyi sənədlər araşdırılpaaq təsdiq olunmuş və xx.xx.2023-cü il tarixdə ona seçeci imza vərəqələrinin təqdim olunduğu işin tərəflər arasında mübahisələndirilməyən halını təşkil edir. İddiaçı cavabdehə ünvanlanmış ilkin müraciətində və onun hazırkı iddia ərizəsində mübahisələndirir ki, 26 dekabr 2023-cü il tarixdə namizədliyini irəli sürməsinin təsdiq olunduğu və 27 dekabr 2023-cü il tarixdə imza vərəqələrinin ona veilidiyi gündən sonra 12 gün müddətində, həm də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər bayram günləri olduğu da nəzərə alınmaqla, ali təhsil müəssisəərində, məktəblərdə, bağçalarda imza toplamaq mümkün olmadığından, seçkilərin keçirilmə vaxtı dəyişdirilərək uzadılmalıdır. Cavabdeh tərəfindən ərizəçiyə ünvanlanmış 111/2-M-xx-xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubundan göründüyü kimi, MSK tərəfindən iddia edilən pozuntulara yol verilmədiyi və seçici imzalarının toplanıb təqdim edilməsi müddəti Seçki Məcəlləsi ilə müəyyən edildiyi bildirilməklə, dolayısı ilə iddiaçının müraciətinin təmin olunmasından imtina olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi, həmçinin Konstitusiyanın 101-ci maddəsinin İ hissəsinin ikinci cümləsinə əsasən Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən seçicilərin imzaları bu Məcəllənin 56 və 57-ci maddələrində göstərilən qaydada toplanır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; 58.1.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi; 58.1.3. bu Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş; 58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; 58.1.5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat; 58.1.6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə). Məcəllənin 53.1, 56.1-ci maddələrinin qeyd olunan tələblərinin mənasından göründüyü kimi, həm də öz təşəbbüsləri ilə irəli sürülən namizədlər üçün seçici imzalarının toplanması nəzərdə tutulur. Həmin imzaların təqdim edilmə qaydası isə Məcəllənin 58.1-ci maddəsi ilə müəyyən ounmuşdur. İş materiallarından görünür ki, ərizəçinin öz təşübbüsü ilə irəli sürdüyü namizədliyi 26 dekabr 2023-cü il tarixdə cavabdehin qərarı ilə tərəfindən təsdiq edilmişdir. Belə olan halda, iddiaçı tərəfindən Seçki Məcəlləsinin 53.6-cı və 58.1-ci maddələrinin imperativ tələblərinə görə sözügəndən qərarın qəbul olunduğu gündən etibarən 13-cü gün, yəni, ən azından səsvermə gününə 30 günün qalmış xx.xx.2024-cü il tarixində saat 18:00-dək imza vərəqələri MSK-ya təhvil verilməlidir. Seçki qanunvericiliyi ilə başqa imperativ qayda (o cümlədən, imza vərəqələrinintəqdim edilməsi müddətinin uzadlıması) nəzərdə tutulmamışdır. Seçki Məcəlləsinin 55.1-ci maddəsi isə nəzərədə tutur ki, bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Göründüyü kimi, bütün namizədlərin bərabər hüquqa malik olduqları və bərabər öhdəliklər daşıdıqları halda, iddiaçıya münasibətdə irəli sürülmüş namizədliyinin qeydə alınması üçün imza vərəqələrinin (və digər sənədlərin) MSK-ya təqdim edilməsi üçün başqa qayda nəzərədə tutula bilməz və belə qaydanın nəzərdə tutulması onların hüquqlarını pozmuş olur. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı tələbi üzrə imzaların toplanması üçün əlavə 7 (yeddi) gün vaxtın uzadılması barədə iddia tələbinin qanuni əsası yoxdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinin tələbinə görə İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda, İPM-in 11.1-ci maddəsi inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, cavabdeh orqan iddiaçının hazırkı tələbi ilə bağlı müraciətinin təmin edilməsindən imtina etməklə, seçki qanunvericiliyi ilə üzərinə düşən öhdəliyinə uyğun hərəkət etmişdir. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçının seçki hüquqularınını pozan hərəkət və hərəktsizliyinin mövcudluğu sübata yetirilmir. Məhkəmə kollegiyası iddiaçının MSK-nın inzibati binaya buraxılmaması ilə bağlı dəlilləri ilə əlaqədar isə onu qeyd edir ki, birincisi, iddiaçının qeyd olunan dəlilləri sübutlarla təsdiq olunmur, ikincisi isə seçki qanunvericiliyi vətəndaşların seçki hüquqlarının müdafiəsi ilə bağlı aşağıdakıları nəzərdə tutur. Seçki Məcəlləsinin 112.2-ci maddəsi ilə isə nəzərdə tutulurr ki, bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Həmin Məcəllənin 112.3-cü maddəsinə görə şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Həmin Məcəllənin 112-1.1-ci maddəsinə əsasən Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Göründüyü kimi, seçki qanunvericiliyi ilə ərizə və şikayətlərə baxılması qaydası tam şəkildə müəyyən olunmuşdur. Bu baxımdan, iddiaçının MSK-nın inzibati binasına buraxılmasının mühafizə tərəfindən qarşısının alındığını mübahisələndirilən dəlilləri əsassızdır. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd edilənlərə əsasən və Seçki Məcəlləsinin 112 və 112-1 və İPM-in 68, 69 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı İddiaçı X1 iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar