Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-30/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditorlar siyahısına əlavə olunma” tələblərinə dair iddia ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsində qapalı məhkəmə iclasında baxaraq, m ü ə y yə n e t d i: İddiaçı Ərizəçi xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, 310.000 (üç yüz on min manat) manat məbləğində olan tələbinin kreditorlar siyahısına əlavə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Tələb hüququnun alqı-satqısı" müqaviləsinə əsasən 280.000 manat, daha sonra xx.xx.2022-ci il tarixli "Müqaviləyə düzəlişə dair" müqaviləyə əsasən X2 "xxxx" ASC-dəki hesabında olan 2.136130 manat pul məbləğindən 310.000 manat pul hissəsi üzərində tələb hüququnu onun mülkiyyətinə verib. Əliyev Oqtayla aralarında bağlanmış "Tələb hüququnun alqı-satqısı" müqaviləsi notariat ofisində bağlanaraq təsdiq edilmişdir. Kreditorlar siyahısına əlavə edilməyi barədə Ləğv prosesində olan "xxxx" ASC-yə tərəfindən xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunmuş, lakin ona bildirilmişdir ki, halhazırda kreditorların siyahısı təsdiq edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə müraciət edilib. Eyni zamanda kreditorlar siyahısına düzəliş və əlavələr etmək səlahiyyəti məhkəməyə aiddir. Ona görə də, məhkəməyə müraciət etmək zərurəti yaranıb. Qeyd olunanlara əsasən onun 310.000 (iki yüz on min) manat tələbinin Ləğv prosesində olan "xxxx" ASC-nin kreditorlarının siyahısına əlavə edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası həmin tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçının kreditor tələbini 2025-ci ilin 1ci rübü üzrə ləğv planında qeyd edərək təsdiq olunması üçün məhkəməyə təqdim edəcəklər. Məhkəmə kollegiyası iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin olunmalıdır. Hazırkı iş üzrə iddia ərizəsindən müəyyən edilir ki, X4 iddiaçı ilə aralarında bağladığı xx.xx.2020-ci il tarixli “Tələb hüququnun alqı-satqısı" müqaviləsinə əsasən 280.000 manat, daha sonra xx.xx.2022-ci il tarixli "Müqaviləyə düzəlişə dair" müqaviləyə əsasən "xxxx" ASC-dəki hesabında olan 2.136.130 manat pul məbləğindən 310.000 manat pul hissəsi üzərində tələb hüququnu iddiaçının mülkiyyətinə vermişdir. İddiaçı kreditorlar siyahısına əlavə edilməyi barədə cavabdehə müraciət etsə də, tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Kollegiya aşağıdakı əsaslara görə cavabdehin imtinasını əsassız hesab edərək iddiaçının tələbində haqlı olduğunu hesab edir. Belə ki, iş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən X3 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 76.1-ci maddəsinə uyğun olaraq 2.136.130 (iki milyon yüz otuz altı min yüz otuz) manat, 77.1-ci maddəsinə uyğun olaraq 14.180,56 (on dörd min yüz səksən manat, əlli altı qəpik) manat və 13.891,60 (on üç min səkkiz yüz doxsan bir dollar, altmış sent) ABŞ dolları məbləğində kreditor tələbiniz ləğv prosesində olan "xxxx" ASC tərəfindən Kreditorların reyestrinə daxil edilmiş və bu Qanunun 82-ci maddəsi ilə müəyyən olunmuş qaydada ödəniləcəkdir. Həmçinin Kollegiyanın icraatında olan “ləğv prosesində olan "xxxx" ASC-nin kreditorlarının qəbul edilmiş tələblərinin 2024-cü ilin İİİ rübü üzrə təzələnmiş siyahının təsdiq olunmasına” dair iş üzrə təqdim edilmiş 2024-cü ilin İİİ rübü üzrə təzələnmiş siyahısından da görünür ki, X2 adı həmin siyahıda qeyd olunmuş və 2.136.130 (iki milyon yüz otuz altı min tüz otuz manat) manat məbləğində kreditor tələbi xx.xx.2016-cı il tarixdən qeydə alınmışdır. Göründüyü kimi, X2 2.136.130 manat pul məbləğinin "xxxx" ASC tərəfindən kreditorlar reyestrinə əlavə edilməsi işin mübahisəsiz halıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Tələb hüququnun alqı-satqısı" müqaviləsindən və xx.xx.2022-ci il tarixli "Müqaviləyə düzəlişə dair" müqaviləsindən həqiqətən müəyyən edilir ki, X4 2.136.130 manat pul məbləğindən 310.000 manat pul hissəsi üzərində tələb hüququnu hazırkı iş üzrə iddiaçı olan Ərizəçi mülkiyyətinə vermişdir. Eyni zamanda Kollegiyanın icraatında olan 2-3(103)-25/2025 nömrəli işdən görünür ki, iddiaçı X4 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “rüblük hesabatda kreditor tələbinin azaldılması və bu barədə kreditorlar reyestrində azaldılmanın təsdiq edilməsi” barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və həmin işdən də müəyyən edilmişdir ki, iddiaçının qeyd edilən tələblə çıxış etməsinin səbəbi onun "xxxx" ASC-dəki hesabında olan 2.136.130 (iki milyon yüz otuz altı min tüz otuz manat) manat pul məbləğinin müəyyən hissələri üzərində tələb hüquqlarının digər şəxslərə verilməsidir. Sözügedən iş üzrə də təsdiq olunmuşdur ki, sözügedən məbləğin 310.000 manat hissəsi üzərində tələb hüqu hazırkı iş üzrə iddiaçı olan Ərizəçi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə təsdiq edilmişdir ki, X2 2.136.130 manat məbləğində kreditor tələbi kreditorlar reyestrinə əlavə edilmişdir və halhazırda həmin məbləğin 310.000 manat məbləği üzərində tələb hüququ hazırkı iş üzrə iddiaçı olan Ərizəçi məxsusdur. “Banklar haqqında” AR Qanununun: 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. 76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. 76.3. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərə aid tələblər üzrə iddia müddətinin axımını dayandırır. Bütün qalan tələblər üzrə iddia müddətinin axımı həmin tələblər qeydə alındıqda dayandırılır. Bütün tələblər üçün iddia müddətinin axımı həmin tələblərin bu Qanunun 87-ci maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır. 77.1. Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 77.2. Bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir. 77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Yuxarda sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyasi hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, iddiaçının 310.000 (üç yüz on min manat) manat məbləğində olan tələbi kreditorlar siyahısına əlavə olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94, 131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddia təmin edilsin. İddiaçı Ərizəçi 310.000 (üç yüz on min manat) manat məbləğində olan tələbinin kreditorlar siyahısına əlavə olunması öhdəliyi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(103)-30/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-30/2025
04.02.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver