Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-31/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə QƏRAR (Açar sözlər:“prezidentliyə namizədin qeydiyyatının ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “prezidentliyə namizədin qeydiyyatının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci və 87.7-ci maddələrinə əsasən namizədliyi qeydə alınmış X3 prezidentliyə namizədliyinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh tərəfindən müraciətə baxılaraq cavab verilmişdir ki, Azərbaycan Respublikasında keçirilən seçkilərdə seçkiqabağı təşviqat qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun tənzimlənir.
İİ. Tərəflərin əsaslandırması
1. İddiaçının əsaslandırması:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin seçkiqabağı təşviqat kampaniyasını seçkiyə 23 gün qalmışdan başlamaqla bu Məcəllənin 75.2-ci və 87.7-ci maddələrini kobud surətdə pozduğuna görə X3 prezidentliyə namizədliyinin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024 cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edərək onunla eyni seçki hüququna malik olan X3 xx.xx.2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçki qabağı təşviqat kampaniyasını xx.xx.2024-cü ildə keçiriləcək seçki gününə 23 gün qalmamışdan (indiki halda xx.xx.2024-cü il tarixinə kimi) başlaması ilə bağlı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci və 87.7-ci maddələrini kobud surətdə pozduğundan onun qeydiyyatının ləğv edilməsini tələb etmişdir. Lakin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iddiaçıya göndərdiyi xx.xx.2024-cü il tarixli 3-11/2-kxx-xx/2024 saylı cavab məktubunda MSK bu qanun pozuntusu ilə bağlı heç bir əməli tədbir görməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Seçki Məcəlləsinin seçkiqabağı təşviqat kampaniyasını seçkiyə 23 gün qalmışdan başlamaqla bu Məcəllənin 75.2-ci və 87.7-ci maddələrini kobud surətdə pozduğuna görə X3 prezidentliyə namizədliyinin ləğv edilməsi haqqında qərar çıxarılması xahiş edilmişdir.
2. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
3. Tərəflərin məhkəmə iclasında izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin dəlillərinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı əlavə olaraq izahatında bildirmişdir ki, Azərbaycan Respublikasında seçki prosesi Seçki Məcəlləsi ilə həyata keçirilir. Seçki Məcəlləsinin 75.2-ci maddəsində göstərilib ki, prezidentliyə namizədlər və qeydə alınmış namizədlər seçkiqabağı təşviqat kompaniyasına seçki gününə iyirmi üç gün qalmış vaxtdan əvvəl başlaya bilməz. Yəni, indiki halda, əgər seçki fevral ayının yeddisinə təyin edilibsə, deməli təşviqat kompaniyası yanvar ayının on beşindən tez başlaya bilməz. Seçkiyə iyirmi üç gün qalmış vaxt yanvar ayının on beşidir. O, iş materiallarına fotoşəkillər əlavə etmişdir. Ölkəmizin hər yerində X5 plakat və şəkilləri vardır. Halbuki, onların hüquqları eynidir. O, namizəd kimi qeydə alındığı vaxtdan eyni hüquqları yaranmışdır. Seçki Məcəlləsinin 75.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, seçkiqabağı təşviqat seçki gününə iyirmi üç gün qalmışdan əvvəl başlaya bilməz. Belə hala yol verilərsə, bu, qanun pozuntusu sayılmalıdır. Ölkəmizin hər yerində isə İlham Əliyevin plakat və fotoşəkilləri asılmışdır. Bu qanunvericiliyin tələblərinin pozulmasıdır. O, bununla bağlı olaraq materiallar təqdim etmişdir. Yaşadığı Suraxanı rayonu ərazisindən fotoşəkillər təqdim etmişdir. Həmin şəkillər yığışdırılmalı idi. Onun təqdim etdiyi fotoşəkillərin əksəriyyəti yanvar ayının beşində çəkilmişdir. Amma qanun bunu qadağan edib ki, yanvar ayının on beşinə qədər heç bir təşviqat materiallarından istifadə olun bilməz. Qanunvericilik şəkillərin, plakatların binaların daxilində istifadəsinə icazə verir, lakin digər hallarda buna yol vermir. Qanunvericiliyin tələbləri dəfələrlə pozulmuşdur. Bütün bunlar X5 prezidentliyə namizədliyinin qeydiyyatının ləğv edilməsinə əsas verir. Əlavə olaraq iddiaçı məhkəmə Kollegiyasının sualına cavab olaraq bildirmişdir ki, iş materiallarında olan fotoşəkillər və ya plakatlar 20 ildir ki, olduqları yerdədilər. Seçki kampaniyası başladıqdan sonraya aid olan hər hansı təşviqat materialı əldə etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İzahatında həmçinin bildirmişdir ki, Azərbaycan Respublikasında yalnız qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat prosesində iştirak etmək hüququ vardır. Seçki Məcəlləsinin 74-cü maddəsi bunu tənzimləyir. Seçkiqabağı təşviqat müxtəlif üsullarla aparılır. Bu üsullardan biri çap vasitəsilə aparılan üsuldur. Hazırki iddia tələbində çap üsulu ilə təşviqat aparılması ilə bağlı hüquqpozmalar iddia olunur. Hesab edirlər ki, iddiada qoyulan tələb uyğun deyil. Çünki seçkiqabağı təşviqatın qeyd etdiyi üsullar vasitəsilə aparılmasının əsas prinsipi qanunda müəyyən olunmuş rekvizit məlumatların həmin seçkiqabağı təşviqat materiallarına əlavə edilməsidir. Qanunda qeyd edilir ki, belə rekvizitləri olmayan materiallar seçkiqabağı təşviqat materialı hesab olunmur. Sübut kimi məhkəməyə təqdim olunan həmin fotoşəkillər iyirmi il əvvələ aiddir. Bunlar seçkilərin təyin edilməsindən sonra yayılan şəkillər deyil.
4. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. 75.2-ci maddəsinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. 87.1-ci maddəsinə əsasən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qanunla müəyyənləşdirilmiş qaydada çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarını buraxmaq hüququna malikdirlər. 87.3-cü maddəsinə əsasən seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır. 87.7-ci maddəsinə əsasən seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd yerləşdirilməsi qadağandır. 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2-ci maddəsinə əsasən bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. 112.7-ci maddəsinə əsasən səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla). 112.11-ci maddəsinə əsasən seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 130.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
V. Məhkəmənin mövqeyi
1. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, hazırkı tələblə cavabdehə müraciət etmiş və müraciəti cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təmin edilməmişdir. İddiaçı həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
2. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarına əsasən hazırki işin faktiki halları aşağıda qeyd edilənlərdən ibarət olmuşdur:
3. İddiaçı cavabdehə müraciətində qeyd edir ki, o, xx.xx.2024-cü ildə ölkədə keçiriləcək növbədən kənar prezident seçkilərinə öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşdür. Sənədlərini xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edib xx.xx.2023-cü il tarixində 40000 seçici imzası ilə doldurmaq üçün 900 ədəd imza vərəqəsini cavabdehdən aktla əldə etmişdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsi seçki kampaniyası zamanı bütün namizədlərə bərabər seçki hüququnu təmin etməklə yanaşı, həm də bu Məcəllənin 75.2-ci maddəsi hər bir namizədə seçkiqabağı təşviqatın aparılmasında aşağıdakı qadağaları nəzərdə tutur: Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış (indiki halda xx.xx.2024-cü il tarixində tez olmamaqla) başlayıb, səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Bu qadağaya baxmayaraq, prezidentliyi qeydə alınmış namizəd X2 qabağı təşviqat kampaniyası artıq 20 ildən də çoxdur ki, dayanmadan ölkəboyu aparılmaqdadır. Bu qanun pozuntusu Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 75.2-ci və 87.7-ci maddələrini kobud surətdə pozulmasıdır. Onun bu qeyri-qanuni seçki qabağı işləri bu gün də davam edir. Bu qeyri-qanuni seçkiqabağı təşviqat əməli namizədliyi qeydə alınmış X3 namizədliyinin qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Odur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci və 87.7-ci maddələrinə əsasən namizədliyi qeydə alınmış X3 prezidentliyə namizədliyinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçının müraciətinə cavabdeh tərəfindən baxılmış və müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçının cavabdehə müraciətinin və hazırkı iddia tələbinin arqumentləri ondan ibarətdir ki, prezidentliyə namizəd İ.Əliyevin xx.xx.2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçki qabağı təşviqat kampaniyasını seçki gününə 23 gün qalmamışdan başlaması ilə bağlı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci və 87.7-ci maddələri kobud surətdə pozulduğu üçün prezidentliyə namizədin qeydiyyatı ləğv edilməlidir.
6. Məhkəmə qeyd edir ki, seçkiqabağı təşviqatın aparılması qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuşdur.
7. İddiaçı prezidentliyə namizədliyi qeydiyyata alınmış X1 təşviqat kampaniyasının seçkiyə 23 gün qalmış müddətdən əvvəl başlanılmaqla Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci və 87.7-ci maddələrinin tələblərinin pozulduğunu iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd olunan hallar iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə tərəfindən belə hallar müəyyən edilməmişdir.
8. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə Kollegiyasının sualına cavab olaraq bildirmişdir ki, iş materiallarında olan fotoşəkillər və ya plakatlar 20 ildir ki, olduqları yerdədilər, seçki kampaniyası başladıqdan sonraya aid olan hər hansı təşviqat materialı əldə etməmişdir.
9. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1.1.11-ci maddəsinə əsasən təşviqat materialları - seçki (referendum) kampaniyası zamanı dərc edilməsi və ya digər üsullarla yayılması nəzərdə tutulan seçkiqabağı (referendumqabağı) təşviqata həsr edilmiş çap, audiovizual və digər materiallardır.
10. Göründüyü kimi, iş materiallarında olan fotoşəkillər seçki kampaniyası zamanı dərc edilməsi və ya digər üsullarla yayılması nəzərdə tutulan seçkiqabağı (referendumqabağı) təşviqata həsr edilmiş materiallar deyildir.
11. Beləliklə, iddiaçı istinad etdiyi halların məhz Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada seçkiqabağı təşviqat olaraq müəyyən edilməsini təsdiq edə bilməmişdir.
12. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmadığından, mötəbər və təkzib edilməz sübutlarla təsdiqini tapmadığından iddia təmin edilməməlidir.
13. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 130.1-ci-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: İddia təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.