Məhkəmə qərarları › İş №2-3(103)-33/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-33/2024

23.01.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-33/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə (Açar sözlər: “Prezidentliyə namizədliyinin qeydə alınması və namizədin adının səsvermə bülleteninə daxil edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Məhkəmə iclası katibi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Prezidentliyə namizədliyinin qeydə alınması və namizədin adının səsvermə bülleteninə daxil edilməsi” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikasının Konstitusiyasının 1-ci maddasində (Hakimiyyətin mənbəyi) deyilir: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır". Azərbaycan Respublikasının Konstitusiyasının 100-cü maddəsində (Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər) deyilir: Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər” Prezidentliyə vətəndaş kimi namizədliyini irəli sürmüş və bunu MSK təsdiq edib. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181-ci maddəsində (prezidentliyə namizədi müdafiə üçün imza toplanması) deyilir: "...181.1. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır...” Bu maddədən göründüyü kimi seçki qanunvericliyi onun üzərinə imza toplamaq öhdəliyi qoymur və prezident seçkilərində imza təqdim etmədən namizəd iştirak etmək konstitusion hüququdur. “Kapitalbank”ın C.Cabbarlı şöbəsində bank hesabı açmışdır, lakin ona maliyyə vəsaiti köçürülməyib. Bərdə rayonunun Soğanverdilər kəndində 0,57 (sıfır tam yüzdə əlli yeddi) sot torpağı var. Bu halda imza toplamadan onu prezidentliyə namizəd kimi qeydə almaq MSK-nın borcudur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Konstitusiyasının 1 və 100-cü maddlərini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181-ci maddəsini rəhbər tutaraq 07 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizəd kimi iştirak etməsi üçün onun prezidentliyə namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

2. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Sizin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına ünvanlanan 2024-cü ilin fevral 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyinizin qeydə alınması barədə müraciətinizə baxılmışdır. Mərkəzi Seçki Komissiyasının 2023-cü ilin 8 dekabr 7/15 saylı qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilmiş və 2023-cü il dekabrın 9-dan namizədliyin irəli sürülməsi prosesi başlanmışdır. Bildiririk ki, prezident seçkilərində namizədliyin irəli sürülməsi və qeydə alınması qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.1-53.4-cü, 54.1-54.5-ci, 58.1-ci, 60-cı, 180.1-ci və 182.1-ci maddələri ilə tənzimlənir.

İİ. Tərəflərin əsaslandırması

1. İddiaçının əsaslandırması:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, 07 fevral 2024-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində iştirak etmək üçün onun prezidentliyə namizədliyinin qeydə alınması, prezidentliyə namizəd kimi adının səsvermə bülleteninə daxil edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində iştirak etmək məqsədilə 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Republikası Mərkəzi Seçki Komissiyasına şəxsən müraciət etmiş, MSK-nın binasına daxil olmuşdur. MSK-nın mühafizəçiləri ona demişlər ki, guya MSK-nın iclası keçirilir, hamı iclasdadır, ona görə heç kimin onun sənədlərini qəbul etməsi mümkün deyil. Ona tövsiyə etmişlər ki, 1-1,5 saatdan sonra gəlsin. O, MSK-nın binasını tərk etmiş və təqribən 1 saatdan sonra ora qayıtmışdır. Bu zaman MSK-nın teleekranda gördüyü bir üzvünün MSK-nın binasından çıxdığını görmüşdür. Mühafizəçilər ona yenə demişlər ki, guya iclas qurtarmayıb. Bu zaman MSK-nın teleekranda gördüyü daha bir üzvünün binadan çıxdığını görmüş və başa düşmüşdür ki, ona yalan deyirlər. Mühafizəçilərə demişdir ki, istənilən şəxs onu qəbul etsin. Xeyli etirazdan sonra hüquq şöbəsindən bir nəfər aşağı düşmüş və demişdir ki, onların şöbəsi prezidentliyə namizəd olmaq istəyənlərdən sənədlərin qəbulu ilə məşğul olmur. Bu zaman MSK-dan çıxan teleekranlardan tanıdığı, adını unutduğu MSK sədrinin 1-ci müavini Rövzət Qasımovun getdiyini görmüş və MSK-da süründürməçiliyə etiraz edərək, onun sənədlərinin qəbul edilməsini və MSK-nın sədri Məzahir Pənahovun onu qəbul etməsini tələb etmişdir. O ona orada 4 (dörd) gün öz təşəbbüsü ilə prezidentliyə namizədlyin irəli sürmüş daha 2 nəfər kimi narahat olmamağı "tövsiyyə" etdi və bildirdi ki, onu "qəbul edəcəklər". Lakin, nə həmin gün, nə də sonrakı günlər onu heç kim qəbul etməmişdir. Rövzət Qasımovun adı yadından çıxmışdır. Mühafizəçilər demişlər ki, onun adı guya "Həsəndir". O həmin gün prezidentliyə namizədliyini irəli sürmək istəyən şəxslərdən biri ilə birlikdə yaxındakı poçtdan M.Pənahova teleqram vurmuş və şikayətinə baxılmasını tələb etmişdir. Dekabrın 26-da ona poçtdan bir xanım zəng edib, dedi ki, MSK-da onun şikayət-teleqramını qəbul etmirlər. Ona demişdir ki, bir daha teleqramı MSK-ya aparsınlar. Daha bir gün sonra poçtdan bir xanım yenidən ona zəng edib, bildirmişdir ki, teleqramı yenə də qəbul etmədilər və bu haqda ona arayış vermişlər. Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürmüş şəxslərdən tələb olunan sənədləri "sürətli poçtla" MSK-ya göndərməyə və MSK-da baş verən qanunsuzluqları və süründürməçilikləri mətbuatda və sosial şəbəkələrdə ictimailəşdirməyə məcbur olmuşdur. Yalnız bundan sonra sənədləri qəbul edilmiş və ona bu haqda arayış verilmişdir. 31 dekabr 2023-cü il tarixdə axşam saatlarında ona MSK-dan zəng edilmiş və bildirilmişdir ki, prezidentliyə namizədliyi təsdiq olunduğu üçün imza vərəqlərini götürə bilər. xx.xx.2024-cü il tarixdə imza vərəqələrini götürmüşdür. 07 yanvar 2024-cü il tarixdə bir neçə müddət MSK-nın binası qarşısında olsa da, imza vərəqələri və digər sənədləri qəsdən qəbul edilməmişdir ki, müddəti buraxsın və prezidentliyə namizədliyini qeydə almamaq üçün onlara "sənədi vaxtında təqdim etmədi" bəhanəsini versin. Buna görə bu dəfə onsuz da imza vərəqələrindəki imzaları "saxta çıxaracaqlarından" əmin olaraq, imza toplamağı qanun öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş şəxslərdən tələb etmədiyi üçün, bu haqda MSK-ya uyğun məktub göndərərək namizədliyinin qeydə alınmasını tələb etmişdir. Çünki, qanun öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş şəxslərdən imza toplamağı tələb etmir və qanunun göstərdiyi müddətdə onun prezidentliyə namizədliyi qeydə alınmalı idi. Lakin, MSK ona ümumiyyətlə heç bir cavab verməmişdir. Odur ki, o, MSK sədri Məzahir Pənahova növbəti dəfə sürətli poçtla məktub göndərib, qeydə alınıb-alınmamağı haqqında məlumatının olmadığını, onun namizədliyinin qeydə alınmasını və onu şəxsən qəbul etməsini tələb etmişdir. Yanvarın 18-də saat 17:47dən 18:07-dək M.Pənahovun qəbulunda olmuşdur. O, yenə də ona namizədliyinin qeydə alınmaması və onun səbəbləri haqqında dəqiq məlumat verməmiş və bütün qanunsuzluqlar haqqında məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. Qəbuldan bir neçə dəqiqə əvvəl ona Bərdə rayon poçtundan zəng gəlmiş və ona bildirilmişdir ki, MSK-dan ona məktub var və onu qohumlarına təqdim edilməsi haqqında icazəsi istənilmişdir. Qohumlarının ona göndərdikləri həmin fotosurətdən görünür ki, MSK tərəfindən onun namizədliyinin qeydə alınması haqqında sənədlərə Qanunun tələb etdiyi qaydada baxılmayıb, onun yazılı, təkrar və ictimailəşdirilmiş müraciətindən sonra ona məntiqsiz və "növbətçi" cavab verib. Belə ki, həmin məktubda MSK ona hamıya bəlli olan qaydaları "izah edir" ki, prezident seçkilərində "... prezidentliyə namizədliyin irəli sürülməsi və qeydə alınması qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 56 və 100-cü maddələri, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.1.-53.4, 54.1.-54.5-ci, 58.1.-ci, 60cı, 180.1-ci və 182.1.-ci maddələri ilə tənzimlənir". Bu hamıya bəllidir və bu maddələrdən heç biri MSK-ya imza vərəqələrini qaytarmaq öhdəliyini onun üzərinə qoymur", halbuki, o onları 7 yanvar 2024-cü ildə qaytaranda götürməyiblər. Bundan başqa, MSK onun namizədliyinin qeydə alınmasına yol verən və müracətində istinad etdiyi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsini xatırlatmır. Halbuki, həmin maddədə (prezidentliyə namizədi müdafiə üçün imza toplanması) deyilir: "...181.1. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Göründüyü kimi öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürmüş şəxslər haqqında bu maddə onun üzərinə heç bir öhdəlik qoymur.

2.Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

Tərəflərin məhkəmə iclasında izahatları:

1. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, imza toplamağı qanun öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş şəxslərdən tələb etmədiyi üçün, bu haqda MSK-ya məktub göndərərək namizədliyinin qeydə alınmasını tələb etmişdir. Çünki, qanun öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş şəxslərdən imza toplamağı tələb etmir və qanunun göstərdiyi müddətdə onun prezidentliyə namizədliyi qeydə alınmalı idi. 25 dekabr 2023-cü il tarixdən etibarən dəfələrlə MSK-nın binasının qarşısına gəlmiş, lakin heç kim onu qəbul etməmiş və sənədlərini qəbul etməkdən imtina etmişdilər. Bu da MSK tərəfindən onun konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

2. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, əsassız olduğuna görə təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı MSK-ya xx.xx.2023-cü il tarixdə müraciət etmiş, onun namizədliyinin irəli sürülməsi qeydə alınmış və imza vərəqələri verilmişdir. İddiaçı qanunla müəyyən olunmuş 40 min seçici imzası toplaya bilmədiyindən, hazırda bildirir ki, guya 07 yanvar 2024-cü il tarixdə MSK-nın binasının qarşısında olmuş, lakin imza vərəqələri və digər sənədləri ondan qəsdən qəbul edilmədi, lakin bu həqiqətəuyğun deyildir. Həmçinin, həmin halı təsdiq edə biləcək heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. MSK tərəfindən iddiaçının hüquqları pozulmamış və bütün hərəkətlər qanun çərçivəsində həyata keçirilmişdir.

lll. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. 182.1-ci maddəsinə əsasən Prezidentliyə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınırlar. 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. 53.2. Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir. 53.3. Bu Məcəllənin 53.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə də göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir. 53.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. 53.7. Namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir. 56.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. 56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. 58.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; 58.1.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi; 58.1.3. bu Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş; 58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; 58.1.5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat; 58.1.6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə). 60.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ- İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.

İV. Məhkəmənin mövqeyi

1. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, hazırkı tələblə cavabdehə müraciət etmiş və müraciəti cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təmin edilməmişdir. İddiaçı həmin məktubu xx.xx.2024-cü il tarixdə almış, xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Prezidentliyə namizədliyinin qeydə alınması və namizədin adının səsvermə bülleteninə daxil edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

3. Belə ki, iddia ərizəsinin arqumentləri ondan ibarətdir ki, imza toplamağı qanun öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş şəxslərdən tələb etmədiyi üçün, bu haqda MSK-ya uyğun məktub göndərərək namizədliyinin qeydə alınmasını tələb etmişdir. Çünki, qanun öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş şəxslərdən imza toplamağı tələb etmir və qanunun göstərdiyi müddətdə onun prezidentliyə namizədliyi qeydə alınmalı idi. Yəni iddiaçı Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyini öz təşəbbüsü ilə irəli sürmüşdür.

4. Məhkəmə kollegiyası tətbiq edilən hüquq normalarına və işin hallarına istinad edərək ilk öncə qeyd edir ki, iddiaçının yalnız Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə istinad edərək imza toplamalı olmaması və namizədliyinin cavabdeh tərəfindən qeydə alınmalı olmasına dair dəlili qanuni və əsaslı deyildir.

5. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.

6. Göründüyü kimi qanunvericilik prezidentliyə namizədliyinin irəli sürülməsi üçün Seçki Məcəlləsinin 53-cü və 54-cü maddələri ilə müəyyən edilən prosedur müəyyən etmişdir.

7. Yuxarıda qeyd olunan Məcəllənin 53 və 58-ci maddələrinin tələblərindən də göründüyü kimi hər bir namizəd seçici imzaları olan imza vərəqələrini və 58-ci maddədə qeyd olunan digər sənədləri irəli sürülmüş namizədlərin qeydə alınması üçün səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına təqdim etməlidir.

8. Halbuki, iddiaçı özü öz iddia ərizəsində əsassız olaraq imzaların saxta hesab ediləcəyinə və Azərbaycan Respublikası Seçki Məcəllənin 181.1-ci maddəsinə istinad edərək seçici imzaları olan imza vərəqələrini təqdim etməkdən imtina etmişdir.

9. Bundan başqa, iddiaçı həmçinin Azərbaycan Respublikası Seçki Məcəllənin 58-ci maddəsi ilə müəyyən edilmiş digər sənədləri də cavabdehə təqdim etməmişdir. 10.Həmçinin, iddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, həmin ərizə saat 18:25-də tərtib edilmişdir.

11. Halbuki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci maddəsinə əsasən irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına həmin maddədə qeyd olunan seçki sənədlərini təqdim etməlidir. Qanunvericiliyin tələblərinə əsasən 07 fevral 2024-cü il tarixə təyin edilmiş seçki günündən 30 gün əvvələ hesabladıqda xx.xx.2024-cü il tarixə uyğun gəlir. Deməli iddiaçı müvafiq sənədləri səsvermə gününə ən azı 30 gün qalmış, yəni xx.xx.2024-cü il tarixdə, saat 18:00-dan gec olmayaraq verməli olduğu halda, iddiaçının özü tərəfindən tərtib edilib imzalanan ərizə xx.xx.2024-cü il tarixdə, saat 18:25-də tərtib edilmişdir. Beləliklə də, iddiaçı namizədlərin qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan tələblərə, ən azından müddətlə bağlı tələbinə riayət etmədiyindən, cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla cavab verməkdə haqlı olmuşdur.

12. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın mühafizə əməkdaşlarının iddiaçının binaya daxil olmasına imkan verilməməsi, həmçinin ondan sənədlərin təhvil alınmaması iddiaçıya qarşı qanunsuz hərəkətlər etdiyi iş materialları ilə təsdiqini tapmır.

13. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.

14. Həm iddia ərizəsində, həm də məhkəmə iclası zamanı iddiaçı izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1.-ci maddəsinin 40 mindən az olmayan sayda seçici imzası toplamalı olması tələbi ona şamil olunmamalıdır.

15. Bununla əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1.-ci maddəsinə əsasən Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. 16.İddiaçı bildirir ki, o, Seçki Məcəlləsinin 181.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qruplarının prezidentliyə irəli sürdükləri namizəd deyildir. Yəni iddiaçı Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyini öz təşəbbüsü ilə irəli sürmüşdür.

17. İddiaçının göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.1-ci maddəsinə əsasən namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin.

18. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Seçki Məcəlləsinin 56.1-ci maddəsinin yuxarıda qeyd edilən məzmunundan görünür ki, öz təşəbbüsü ilə irəli sürülən namizədlər tərəfindən də seçicilərin imzalarının toplanması tələb olunur.

19. Seçki Məcəlləsinin 181.1-ci maddəsinin mənası da onu ehtiva edir ki, bütün namizədliyini irəli sürən şəxslər üçün 40.000 seçici imzası toplanması tələb olunur. Namizədliyi irəli sürülmüş siyasi partiya, siyasi partiya bloku və yaxud seçicilərin təşəbbüs qruplarının prezidentliyə namizəd üçün 40.000 seçici imzası həmin namizədin özü tərəfindən deyil, məhz qeyd olunan qurumlar tərəfindən toplanmalıdır. 20.Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmadığından, mötəbər və təkzibedilməz sübutlarla təsdiqini tapmadığından iddia təmin edilməməlidir.

21. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 130.1-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Prezidentliyə namizədliyinin qeydə alınması və namizədin adının səsvermə bülleteninə daxil edilməsinə dair” iddia tələbi təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov

Hakimlər: Cahangir Yusifov

Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar