Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-35/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Sumqayıt Apellyasiya Məhkəməsinə, Quba Rayon Məhkəməsinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına, X2 və Statistika Komitəsinə, Quba rayon 59 saylı Seçki Dairəsinə, Azərbaycan Beynəlxalq Bankına qarşı “seçki hüququnun təmin edilməsi və s.” tələbinə dair inzibati işə 05 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Sumqayıt Apellyasiya Məhkəməsinə, Quba Rayon Məhkəməsinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına, X2 və Statistika Komitəsinə, Quba rayon 59 saylı Seçki Dairəsinə, Azərbaycan Beynəlxalq Bankına qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, bələdiyyə seçkiləri zamanı ona vurulmuş ziyana görə bir milyard pul vəsaitinin onun seçki hesabına və ya Azərbaycan Beynəlxalq Bank hesabına ödənilməsi, saxta seçki ilə keçirilən imzaların ləğv olunması, əsl səs və seçicilərin şəxsən səs və imzalarının əsl seçilənlərin xeyrinə qalması, səs imza siyahılarının surətlərinin ona verilməsi, seçkiyə gəlməyən şəxslərin hər birindən 1 manat tutularaq dövlət büdcəsinə ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2020 və 2024-cü il tarixlərdə Milli Məclisə keçirilən seçkilərdə namizəd kimi iştirak etmişdir. xx.xx.2024-cü il tarixdə bələdiyyə seçkilərində namizəd olmaq üçün 59 saylı X6 müraciət etmiş, lakin onun və seçicilərinin hüquqları pozularaq onun namizədliyinin qeydə alınmasından imtina olunmuşdur. Ona görə də cavabdehlərə dəfələrlə müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır. Nəticədə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməli olmuşdur. xx.xx.2025-ci il tarixdə Quba seçki dairəsinin İspik kənd məntəqəsində olan seçkini video müşahidə etmiş, seçki saxtakarlıqlarının şahidi olmuşdur. Ona görə də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, Azərbaycan Beynəlxalq Bankına, Quba rayon 59 saylı Seçki dairəsinə qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Qəçrəş bələdiyyəsi seçkilərində olan saxta seçki imzalarının ləğv olunaraq onun əsli ilə əvəz olunmasını, ona seçicilərin imza siyahılarının təqdim olunmasını, seçkiyə gəlməyən şəxslərdən 1 manat tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 3.2-ci maddəsinə görə bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ- İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. İddiaçının iddia ərizəsi yuxarıda sadalanan normaların tələbinə görə bələdiyyə seçkisi ilə bağlı səsvermə günündən (xx.xx.2025-ci il tarixdən) sonra verildiyi üçün həmin iddiaya baxılması dərhal, yəni elə həmin gün saat 17:15-ə təyin edilmiş və bu barədə tərəflər lazımi qaydada məlumatlandırılmışdır. Lakin məhkəmə iclasında tərəflər iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 130.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdehlərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddia ərizəsini araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Kollegiya ilk öncə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-nin 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Həmin Məcəllənin 112.2-ci maddəsinə görə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Həmin Məcəllənin 112.3-cü maddəsinə görə şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində bələdiyyə seçkiləri zamanı ona vurulmuş ziyana görə bir milyard pul vəsaitinin onun seçki hesabına və ya Azərbaycan Beynəlxalq Bank hesabına ödənilməsi, saxta seçki ilə keçirilən imzaların ləğv olunması, əsl səs və seçicilərin şəxsən səs və imzalarının əsl seçilənlərin xeyrinə qalması, səs imza siyahılarının surətlərinin ona verilməsi, seçkiyə gəlməyən şəxslərin hər birindən 1 manat tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı xx.xx.2024-cü il tarixdə bələdiyyə seçkilərində namizəd olmaq üçün 59 saylı X6 müraciət etdiyini, lakin namizədlik sənədlərinin qəbulundan imtina olunduğunu bildirsə də, həmin müraciətinin olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Həmin Qanunun 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana yazılı formada təqdim olunur. Hazırki işdə isə iddiaçı tərəfindən ümumiyyətlə bələdiyyə seçkilərində iştirak üçün namizədliyinin qeydə alınması ilə bağlı müraciətinin həqiqətən mövcudluğu sübuta yetirilmir. Bununla yanaşı, iddiaçının belə müraciəti olsaydı belə, həmin müraciətinə münasibətdə hər hansı qərarın qəbul olunduğu və ya müraciətinə münasibətdə hərəkətsizliyə yol verildiyi halda onun yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə görə əvvəlcə dairə seçki komissiyasına, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ yaranardı. Hazırki işdə isə iddiaçının pozulmasını iddia etdiyi seçki hüquqlarının müdafiəsi ilə bağlı cavabdehlərə, o cümlədən Mərkəzi Seçki Komissiyasına müraciətinin olduğu, sonuncular tərəfindən hər hansı qərar qəbul olunduğu və ya belə qərarın qəbulundan imtina olunduğu müəyyən olunmur. Beləliklə, aparılan araşdırma nəticəsində məlum olur ki, iddiaçı yuxarıda qeyd olunan seçki işlərinə baxılarkən qanunla müəyyən olunmuş prosedur qaydalara riayət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, o, bir neçə orqanı cavabdehlər sırasında göstərsə də, iddia ərizəsinin sonunda hər bir cavabdehə qarşı yönəlmiş iddia tələbinin nədən ibarət olduğunu, başqa sözlə desək, hər bir cavabdehdən nəyi (hansı hərəkətin edilməsini və ya qərarın qəbul edilməsini) tələb etdiyini dəqiq olaraq göstərə bilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsi səsvermə günündən sonra daxil olduğu üçün belə ərizələrə də qanunla dərhal baxılması müəyyən edildiyi üçün təyin edilmiş məhkəmə iclası barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etmədiyi üçün ona iddia ərizəsində yol verdiyi formal xətaların aradan qaldırılması ilə bağlı hüquqi yardımın göstərilməsi mümkün olmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyası onu qeyd etməyi vacib sayır ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsindəki yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılsaydı belə, iddia ərizəsinin məzmunundan bəlli olur ki, iddiaçının hüquqi marağı onun bələdiyyə seçkilərində namizədliyinin qeydə alınmasından imtinanın, bu yöndə edilmiş hərəkətlərin qanunsuz hesab olunmasına və bunun nəticəsi olaraq ona vurulmuş ziyanın ödənilməsinin təmin olunmasına yönəlmişdir. Bir daha diqqətə çatıdırılır ki, iddiaçının narazı qaldığı məqamla, yəni namizədliyinin qeydə alınmasından imtina olunduqdan sonra (belə müraciətinin olması və imtinanın yazılı yormada verilməsi işdən müəyyən olunmur, iddiaçı bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir) həmin hərəkətlərdən hər bir halda birbaşa apellyasiya instansiyası məhkəməsinə deyil, növbəlik qaydasında, yəni əvvəlcə dairə seçki komissiyasına, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət etməliydi. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçı qeyd olunan prosedur qaydalara nəinki riayət etməmiş, həmçinin belə prosedur qaydalara uyğun hərəkət etməsi üçün qanunla müəyyən edilmiş müddətləri, o cümlədən məhkəməyə müraciət etmə müddətini də ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, hazırki iddia ərizəsi İPM-nin 35-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 130.5-ci maddəsinə görə iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 130, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər Sumqayıt Apellyasiya Məhkəməsinə, Quba Rayon Məhkəməsinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına, X2 və Statistika Komitəsinə, Quba rayon 59 saylı Seçki Dairəsinə, Azərbaycan Beynəlxalq Bankına qarşı “seçki hüququnun təmin edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-3(103)-35/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-35/2025
05.02.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver