Məhkəmə qərarları › İş №2-3(103)-36/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-36/2025

14.02.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-36/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, 11/63 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, 11/63 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkilərində 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən Müşfiqabad bələdiyyəsi üzvlüyünə namizəd olaraq qeydə alınmışdır. Müşfiqabad bələdiyyəsinə keçirilmiş seçkilər başa çatandan sonra seçki keçirilən iki hərbi hissədə qapalı tipli seçki məntəqələrinin - 47 və 48 saylı məntəqələrin təşkil edildiyini aşkar etmişdir. Halbuki, o, həmin məntəqələrin olması barədə öncədən məlumatlandırılmamışdır. 47 və 48 saylı qapalı tipli seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolları 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən istəsə də, həmin protokollar ona təqdim edilməmişdir. Qeyd edilən seçki məntəqələrində seçki komissiyalarının necə təşkil edildiyi, seçki komissiyasının üzvlərinin tərkibinin və seçki prosesinin necə keçirildiyi barədə məlumatı olmadığından, hər iki məntəqədə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin etibarsız hesab edilməsi barədə 47 saylı Sumqayıt- Abşeron-Qaradağ seçki dairəsinə müraciət ünvanlamışdır. Dairə seçki komissiyasının 06 fevral 2025-ci il tarixli, 9/23 saylı qərarı ilə şikayəti təmin edilməmişdir. Dairə seçki komissiyasının qərarını qanunsuz və əsassız hesab etdiyi üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına şikayət edərək, qərarın ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, 11/63 saylı qərarı ilə şikayəti təmin edilməmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, həm dairə seçki komissiyası, həm də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə təminat verilən hüquqları kobud şəkildə pozulmuşdur. 47 və 48 saylı qapalı tipli məntəqələrin yaradılması haqqında qərar 47 saylı Sumqayıtünvan 2 ünvanında yerləşdiyi inzibati binasında qoyulmuş məlumat lövhəsində yerləşdirilməmişdir. 29 yanvar 2025-ci il tarixdə dairə seçki komissiyasının elanlar lövhəsində Seçki Məcəlləsinin 35.5-ci maddəsinə əsasən səsvermə gününə azı 5 gün qalmış yaradılan seçki məntəqələrinə dair məlumatın olmaması faktı barədə video görüntüləri dairə seçki komissiyasına təqdim edilsə də, həmin görüntülər nəzərə alınmayıb. Dairə seçki komissiyasının qərarından verdiyi şikayəti araşdıran Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası təqdim etdiyi video görüntülərində hər hansı qanun pozuntusunun müşahidə edilmədiyini bildirib. Halbuki, həmin video görüntüdə məlumat lövhəsində 47 və 48 saylı seçki məntəqələri barədə məlumatın yerləşdirilmədiyi açıq-aydın görünür. İddiaçının şikayətində qeyd etdikləri, izahatları, şikayətə əlavə edilmiş akt və video görüntü 47 və 48 saylı seçki məntəqələrində Seçki Məcəlləsinin tələblərinin pozulduğunu sübut edir. Bu isə həmin seçki məntəqələrinin etibarsız sayılması üçün əsasdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının internet resurslarından əldə etdiyi məlumata əsasən məhz həmin gizlədilən 2 seçki məntəqəsində səslərin yalnız eyni 13 namizədə aid edilməsi həmin məntəqələrdə 13 namizəd üçün təşviqatın təşkil edilməsinə, seçkilərin demokratik, şəffaf, bütün namizədlər üçün bərabər formada təşkil edilmədiyinə əsaslı şübhələr yaradır. Odur ki, o dairə seçki komissiyası tərəfindən ayrıseçkiliyə məruz qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası inzibati orqan olaraq işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda bunu etməyib və bunula da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozub. Odur ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, 11/63 saylı qərarı qanunsuz əlverişsiz inzibati akt olduğu üçün ləğv edilməlidir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin məhkəmə iclasında izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq məhkəməyə bildirdi ki, o, 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində qeydə alınmış namizəddir. X23 Komissiyası, həm də Mərkəzi Seçki Komissiyasının qərarlarını əlverişsiz inzibati akt hesab edir. Ona görə əlverişsiz inzibati akt hesab edir ki, həm Azərbaycan Respublikası Konstitusiyası, həm də Seşki Məcəlləsi ilə nəzərədə tutulan hüquqları kobud şəkildə pozulmuşdur. X23 komissiyası, həm də, Mərkəzi Seçki Komissiyası işin hallarını düzgün qiymətləndirməyib və araşdırmanı düzgüb aparmamışdır. Düzgün olmayan məqam isə ondan ibarətdir ki, Seçki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında seçkilər və referendumlar seçki komissiyaları tərəfindən təşkil edilir və keçirilir. Həmin komissiyalar müxtəlif məsələləri həll etmək səlahiyyətinə malikdir. Seçki Məcəlləsinin 31.1.3-cü maddəsinə əasən, dairə seçki komissiyasının vəzifələrindən biri seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin seçkiqabağı fəaliyyətinə şərait yaratmaqdan ibarətdir. Seçki Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, dairə seçki komissiyasının qərarı 24 saat ərzində dərc edilməlidir və dərc olunduğu gündən qüvvəyə minir. Dairə seçki komissiyası onlara məlumat vermək əvəzinə məlumatı məlumat löhvəsindən çıxarmışdır. Bu isə qəsdən olunan bir işdir. Hətta özləri də öz izahatlarında bu məsələni bildiriblər ki, məlumatı məlumat löhvəsindən çıxarıblar. Əgər o məlumat məlumat löhvəsində olmalıdırsa, həmin məlumat niyə oradan çıxarılır? Bu sual ilkin şübhə yaradır. Dairə seçki komissiyasının vəzifələrindən biri seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin seçkiqabağı fəaliyyətinə şərait yaratmaqdan ibarətdir. Seçki Komissiyanın üzvləri də bildirir ki, məlumat löhvədən çıxarılmışdır. Buradan aydın şəkildə bəlli olur ki, dairə seçki komissiyası iddiaçının seçkiqabağı təşviqatına mane olmağa çalışmışdır. Bunun nəticəsidir ki, onlar seçkilərə 5 gün qalmış seçki dairəsində yaradıran qapalı tipli məntəqələr haqqında məlumatsız olmuşlar. Seçki dairələrinin yaradılması haqqında dairə seçki komissiyasının qərarında məntəqə hüdudları dəqiq göstərilməlidir. Həmin məntəqələrin hüdudları dəqiq göstərilməyib. Həmin qərarın özü də əlverişsiz inzibati aktdır. Əslində, burada X7 verdiyi qərarı mübahisələndirirlər. Hətta seçki protokolu onlara göstərilməmişdir. Sözügedən qərarın çıxarılmasının səbəbi ondan ibarətdir ki, seçkinin baş tutub-tutmadığı bilinməsin. Hətta namizədlər də izahatlarında bu halı qeyd edirlər ki, qapalı məntəqə olduğuna görə onlar ora daxil ola bilməmişlər. 47 və 48 saylı seçki məntəqələrinin tərkibi, hüdudları haradadır, necədir məlum deyil. Qərarda da seçki məntəqəsinin tərkibi və s. kimi hallar öz əksini tapmadığına görə namizədlərin həmin məntəqədə səsvermə prosesinin baş tutubtutmaması haqqında məlumatı yoxdur. Şikayətin əsası da məhz bundan ibarətdir. Mərkəzi Seçki Komissiyası da şikayətlərini düzgün şəkildə araşdırmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, onlara süni şəkildə manelələr yaradılmışdır. Seçki Məcəlləsinin 86.6cı maddəsinə əasən, qeydə alınmış namizədlər hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında hərbi qulluqda sayılan seçicilərlə görüşlərini hərbi hissə komandirinin dairə seçki komissiyası ilə birlikdə belə görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalmış müvafiq seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi şərti ilə təşkil edə bilərlər. Qərarın düzgün tərtib edilməməsi, seçki protokollarının onlara göstərilməməsi, komissiayanın tərkibi haqqında məlumat verilməməsi, məntəqə hüduqlarının göstərilməməsi kimi hallar sübut edir ki, Dairə seçki komissiayası həmin məntəqələrin yaradılmasını namizədlərdən gizlədir. Azərbaycan Respublikasının Konstitusiyanın 56.1-ci maddəsinə əsasən, vətəndaşların seçilmək hüququ vardır. Bununla da onların hüquqları pozulmuş sayılır. Hesab edir ki, dairə seçki komissiayanın qərarı əlverişsiz inzibati aktdır. Məhkəmə kollegiyasından xahiş edir ki, həmin əlverişsiz akt ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq məhkəməyə bildirdi ki, dairə seçki komissiyasının vəzifələrindən biri seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin seçkiqabağı fəaliyyətinə şərait yaratmaqdan ibarətdir və buna uyğun olaraq da Dairə seçki komissiyası öz vəzifələrini icra etmişdir. Belə ki, bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən qapalı və açıq təbliğat yerləri yaradılmışdır. Qapalı məntəqələr isə sırf hərbi hissələrlə bağlı olduğuna görə görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalmış müvafiq seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi şərti ilə təşkil edilə bilərdi. Qərarın löhvədən çıxarılması ilə bağlı isə qeyd edilməlidir ki, qərar 04 yanvar tarixində qəbul olunub və həmin tarixdə də məlumat lövhəsindən asılmışdır. Qərar 04 yanvardan 29 yanvara yaxın günlərə qədər məlumat lövhəsində qalmışdır. Qeydə alınmış namizədlər bununla bağlı olaraq da istədikləri vaxt məlumat ala bilərdilər. Məlumat almaları da məhkəməyə təqdim edilmiş namizədlərin izahatlarından görünür. Ona görə də namizədlərin hüquqlarının pozulması qənaətinə gəlmək üçün bir əsas yoxdur. Qeydə alınan namizədlərin təbliğatına mane ola biləcək hər hansı bir hal mövcud olmayıb. Bir məsələyə diqqət edilməlidir ki, həmin akt seçki günü saat 23:45-də tərtib olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 26-cı maddəsinə müvafiq olaraq, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 56-cı maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 1.1.27-ci maddəsinə müvafiq olaraq, dərc — seçki komissiyalarının və seçkilərin (referendumun) keçirilməsində iştirak edən digər dövlət orqanlarının seçkilərlə (referendumla) bağlı qərarlarının məlumat lövhələrində yerləşdirilməsi yolu ilə, rəsmi çap, televiziya, radio və ya hamının həmin qərarlarla tanış olmasını mümkün edən digər üsullarla əhalinin nəzərinə çatdırılması və ya elan edilməsi. Seçki Məcəlləsinin 17.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında seçkilər və referendumlar seçki (referendum) komissiyaları tərəfindən təşkil edilir və keçirilir. Seçki Məcəlləsinin 31.1.3-cü maddəsinə əsasən, dairə seçki komissiyası vəzifələrindən biri seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat qruplarının referendumqabağı fəaliyyətinə şərait yaratmaqdır. Seçki Məcəlləsinin 34.4-cü maddəsinə görə, dairə seçki komissiyasının qərarı 24 saat ərzində dərc edilməlidir. Seçki Məcəlləsinin 35.2-ci maddəsinə müvafiq olaraq, seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır. Seçki məntəqəsinin yaradılması haqqında dairə seçki komissiyasının qərarında məntəqənin hüdudları (seçki məntəqəsi yaşayış məntəqəsinin bir hissəsini əhatə etdikdə evlərin nömrələri nəzərə alınmaqla küçələrin adları) dəqiq göstərilməlidir. Seçki Məcəlləsinin 35.5-ci maddəsinə əsasən, hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olan Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getmələri) qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri bu Məcəllənin 35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış qəbul edilir. Bu maddəyə uyğun yaradılan seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada məntəqə və yuxarı seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların nümayəndələrinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır. Seçki Məcəlləsinin 240-cı maddəsinə görə, dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkiləri baş tutmamış hesab edir. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə seçkiləri aşağıdakı hallarda etibarsız sayır: Bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən coxunu təşkil etsin; məhkəmənin qərarı əsasında. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə görə, Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, irəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. İddiaçı cavabdehin xx.xx.2025-ci il tarixli, 11/63 saylı qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iddia əsassızdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyə seçkilərində 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən Müşfiqabad bələdiyyəsi üzvlüyünə namizəd olaraq qeydə alınmışdır. İddiaçı həmin məntəqələrin olması barədə öncədən məlumatlandırılmamasını əsas gətirərək 47 və 48 saylı qapalı tipli seçki məntəqələrində keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin etibarsız hesab edilməsi barədə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinə müraciət ünvanlamışdır. Dairə seçki komissiyasının 06 fevral 2025-ci il tarixli, 9/23 saylı qərarı ilə şikayəti təmin edilməyib. Dairə seçki komissiyasının qərarını qanunsuz və əsassız hesab etdiyi üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına şikayət edərək qərarın ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, 11/63 saylı qərarı ilə şikayəti əsassız hesab olunub. Bundan sonra iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Müşfiqabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçilməmiş nəmizədlərin (X14, X1, X15, X6) izahatlarından görünür ki, həmin namizədlər 47 və 48 saylı seçki məntəqələrinin yaradılması haqqında dairə seçki komissiyasının qərarını məlumat lövhəsindən asıldığını görmüş, həmin məlumatla tanış olmuşlar. İş materiallarında olan X10 izahatında əlavə olaraq həmçinin göstərilmişdir ki, 47 və 48 saylı seçki məntəqələri qapalı olduğundan, təbliğat-təşviqat dövründə seçkiqabağı təbliğatını ancaq Müşfiqabad qəsəbəsi ərazisində aparmışdır. İş materiallarında olan 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi dairə seçki komissiyasının sədri X4 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.2 və 35.5-ci maddələrinin tələblərinə uyğun olaraq dairə seçki komissiyasının xx.xx.2025-ci il tarixli, 2/8 saylı qərarına əsasən seçki dairəsinin hüdudlarında 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55 və 56 saylı seçki məntəqələri yaradılmış və müvafiq olaraq komissiyalar formalaşdırılmışdır. Dairə seçki komissiyasının müvafiq qərarları bitərəf katib X9 tərəfindən məlumat lövhəsinə yerləşdirilməklə dərc edilmiş və məlumat lövhəsindən səsvermə gününə bir neçə gün qalmış digər seçki sənədləri ilə bərabər çıxarılmışdır. İş materiallarında olan 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi dairə seçki komissiyasının katibi X2 izahatından görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.2 və 35.5-ci maddələrinin tələblərinə uyğun olaraq seçki dairəsinin hüdudlarında 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55 və 56 saylı məntəqələrinin yaradılması və həmin məntəqə seçki komissiyalarının formalaşdırılması haqqında dairə seçki komissiyasının xx.xx.2025-ci il tarixli, 2/8 saylı qərarını məlumat lövhəsinə yerləşdirmiş, dairə seçki komissiyasının qərarları çox olduğuna görə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 34.4-cü maddəsinə müvafiq olaraq dərc edilmiş digər qərarlar məlumat lövhəsinə yerləşdirildiyindən, əvvəlki qərarlar məlumat lövhəsindən çıxarılmışdır. İş materiallarında olan İddiaçı, X11 və 47 saylı DSK-nın üzvü Taleh Dilavərli tərəfindən təsdiq edilmiş aktın kserosurətində göstərilir ki, xx.xx.2025-ci il tarixdə, saat 23:45 radələrində 47 saylı seçki dairəsinin dəhlizində yerləşən məlumat lövhəsində iki ədəd qapalı tipli seçki məntəqələrinin yaradılması barədə məlumat əks edilməyib. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş aktı imzalayan 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinin deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyanı təmsil edən komissiyanın üzvü X5 izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş akta qol çəkmişdir. Bildirir ki, DSK-nın bütün qərarları, o cümlədən adları çəkilən məntəqələrin yaradılması haqqında qərarlar məlumat lövhəsində yerləşdirilmişdir. Lakin qərarların çoxluğu ilə əlaqədar yenilərini yerləşdirərkən həmin qərarlar məlumat lövhəsindən çıxarılmışdır. Ona görə də, akt tərtib edilərkən, həmin məntəqələr haqqında qərarlar məlumat lövhəsində olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan müəyyən edilir ki, mübahisələndirilən 47 və 48 saylı məntəqələrin yaradılması barədə xx.xx.2025-ci il tarixli qərar məlumat lövhəsinə asılmaqla dərc edilmiş və seçki gününə bir neçə gün qalmış məlumat lövhəsindən çıxarılmışdır. Azərbaycan Respublikası 34.4-cü maddəsinə əsasən, dairə seçki komissiyasının qərarı 24 saat ərzində dərc edilməlidir və dərc olunduğu gündən qüvvəyə minir. Seçki Məcəlləsinin 1.1.27-ci maddəsinə müvafiq olaraq, dərc — seçki komissiyalarının ... seçkilərlə (referendumla) bağlı qərarlarının məlumat lövhələrində yerləşdirilməsi yolu ilə ... əhalinin nəzərinə çatdırılması və ya elan edilməsi. Seçki Məcəlləsinin 35.2-ci maddəsinə görə, seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki Məcəlləsinin 35.5-ci maddəsinə əsasən isə, hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olan Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getmələri) qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri bu Məcəllənin 35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Göründüyü kimi, dairə seçki komissiyasının qərarlarına münasibətdə qanunvericilikdə irəli sürülmüş yeganə tələb 24 saat ərzində dərc edilməsidir. Məlumat lövhələrində yerləşdirilməsi yolu ilə dərc edilmiş dairə seçki komissiyasının qərarlarının məlumat lövhəsində qalmasının minimal müddətinə dair hər hansı imperativ norma qanunvericilikdə mövcud deyil. Mübahisəyə səbəb olan əsas məsələ xx.xx.2025-ci il tarixdə asılmış qərarın xx.xx.2025-ci il tarixdə (seçki günü) məlumat lövhəsində olmamasıdır. Əgər qərar əvvəlcədən qanunun tələb etdiyi müddət ərzində asılmış, lakin müəyyən müddət sonra çıxarılmışdırsa, bu halın birbaşa seçki hüquqlarının pozulması kimi qəbul edilməsi üçün qanuni əsas yoxdur. Dairə seçki komissiyasının qərarının 24 saat ərzində dərc edilməməsinə (*məlumat lövhəsində asılmamasına) dair isə iş materiallarında hər hansı sübut mövcud deyil. Azərbaycan Respublikasının Seçki Məcəlləsində və digər normativ aktlarda seçkilərlə bağlı məlumatların şəffaflığı qorunur. Lakin dairə seçki komissiyasının qərarlarının konkret olaraq neçə gün lövhədə qalmalı olması ilə bağlı dəqiq müddət göstərilmədiyindən, xx.xx.2025-ci il tarixdə asılmış qərarın xx.xx.2025-ci il tarixdə məlumat lövhəsində olmaması hazırkı iddia ərizəsinin təmin edilməsi üçün əsas olaraq qəbul edilə bilməz. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, 11/63 saylı qərarını qanuni və əsaslı hesab edərək qeyd edir ki, 47 saylı Sumqayıt-Abşeron- Qaradağ seçki dairəsi üzrə 47 və 48 saylı seçki məntəqələri həmin seçki dairəsi dairə seçki komissiyasının 04 yanvar 2025-ci il tarixli, 2/8 saylı qərarı ilə Seçki Məcəlləsinin 35.5-ci maddəsinin tələblərinə uyğun yaradılmış, bu barədə dairə seçki komissiyasının qərarı müvafiq qaydada dərc edilərək ictimailəşdirilmiş və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə olan halda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, 11/63 saylı qərarı qanuni və əsaslı olduğundan iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. İnzibati Prosessual Məcəllənin 130.2-ci maddəsinə müvafiq olaraq, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. İnzibati Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. İnzibati Prosessual Məcəllənin 130.4-cü maddəsinə əsasən, iş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. İnzibati Prosessual Məcəllənin 130.5-ci maddəsinə əsasən isə, iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 87, 90 və 130-cu maddələrini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, 11/63 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan, qərar tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Rəşid Səmədov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar