Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-37/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xa qarşı iş üzrə QƏRARİ İş № 2-3(103)-37/2025 (Açar sözlər: “MSK-nın qərarının ləğvi”) Bakı şəhəri 14 fevral 2025-ci il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Nigar Xeyrulla qızı Nəbizadədən ibarət tərkibdə, Məhkəmə iclası katibi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2025-ci il tarixli N 11/63 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, N 11/63 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyə seçkilərində 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən Müşviqabad bələdiyyəsi üzvlüyünə namizəd olaraq qeydə alınmışdır. Müşviqabad bələdiyyəsinə keçirilmiş seçkilər başa çatandan sonra seçki keçirilən iki hərbi hissədə qapalı tipli seçki məntəqələrinin - 47 və 48 saylı məntəqələrin təşkil edildiyini aşkar etmişdir. Halbuki, o həmin məntəqələrin olması barədə öncədən məlumatlandırılmamışdır. 47 və 48 saylı qapalı tipli seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolları 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən istəsə də həmin protokollar indiyə qədər ona təqdim edilməyib. Qeyd edilən seçki məntəqələrində seçki komissiyalarının necə təşkil edildiyi, seçki komissiyasının üzvlərinin tərkibinin və seçki prosesinin necə keçirildiyi barədə məlumatı olmadığından hər iki məntəqədə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin etibarsız hesab edilməsi barədə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinə müraciət ünvanlamışdır. Dairə seçki komissiyasının 06 fevral 2025-ci il tarixli, 9/23 saylı qərarı ilə şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına şikayət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, N 11/63 saylı qərarı ilə şikayəti təmin edilməmişdir. 47 və 48 saylı qapalı tipli məntəqələrin yaradılması haqqında qərar 47 saylı Sumqayıt-ünvan 2 ünvanında yerləşdiyi inzibati binasında qoyulmuş məlumat lövhəsində yerləşdirilməmişdir. 29 yanvar 2025-ci il tarixdə dairə seçki komissiyasının elanlar lövhəsində Seçki Məcəlləsinin 35.5-ci maddəsinə əsasən səsvermə gününə azı 5 gün qalmış yaradılan seçki məntəqələrinə dair məlumatın olmaması faktı barədə video görüntüləri dairə seçki komissiyasına təqdim etsə də, həmin görüntülər nəzərə alınmayıb. Dairə seçki komissiyasının qərarından verdiyi şikayəti “araşdıran” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası təqdim etdiyi video görüntülərdə hər hansı qanun pozuntusunun müşahidə edilmədiyini bildirib. Halbuki, həmin video görüntüdə məlumat lövhəsində 47 və 48 saylı seçki məntəqələri barədə məlumatın yerləşdirilmədiyi açıq-aydın görünür. Onun şikayətində qeyd etdikləri, izahatları, şikayətə əlavə edilmiş akt və video görüntü 47 və 48 saylı seçki məntəqələrində Seçki Məcəlləsinin tələblərinin pozulduğunu sübut edir. Bu isə həmin seçki məntəqələrinin etibarsız sayılması üçün əsasdır. Seçki Məcəlləsinin 170.2.2-ci maddəsinə əsasən, birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının beşdə iki hissəsindən çoxunu təşkil etdikdə DSK və ya MSK həmin dairədə seçkinin nəticələrini etibarsız sayır. Azərbavcan Respublikası Mərkəzi Seçki Komissiyasının internet resurslarından əldə etdiyi məlumata əsasən məhz həmin gizlədilən 2 seçki məntəqəsində səslərin yalnız eyni 13 namizədə aid edilməsi həmin məntəqələrdə 13 namizəd üçün təşviqatın təşkil edilməsinə, seçkilərin demokratik, şəffaf, bütün namizədlər üçün bərabər formada təşkil edilmədiyinə əsaslı şübhələr yaradır. Odur ki, o dairə seçki komissiyası tərəfindən ayrıseçkiliyə məruz qalmışdır. 47 və 48 saylı qapalı tipli məntəqələrdə səsvermənin nəticələri haqqında protokolların 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi tərəfindən namizəd olaraq ona təqdim edilməməsi ilə Seçki Məcəlləsinin tələbləri pozulub. Həm dairə seçki komissiyasında, həm də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında şikayətləri üzrə araşdırma qeyri-obyektiv aparılıb. Şikayətində göstərdiyi hallar hər iki seçki komissiyasına təqdim etdiyi sübutlarla (video çəkiliş haqqında disk və xx.xx.2025-ci il tarixli aktın surəti) təsdiq olunsa da, həmin sübutlar və onun izahatı nəzərə alınmayıb. Bələdiyyə seçkilərində namizəd olaraq onun hüquqları pozulduğundan 47 və 48 saylı qapalı tipli seçki məntəqələrində keçirilmiş bələdiyyə seçkilərinin nəticələri etibarsız hesab edilməliydi. Lakin dairə seçki komissiyası bələdiyyə seçkilərində namizəd olaraq onun hüquqlarını bərpa etməyib. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası isə dairə seçki komissiyasının qanunsuz qərarını dəyişdirmədən qüvvədə saxlayıb. Bələdiyyə seçkilərinin təşkili, keçirilməsi və seçki şikayətlərini araşdıran seçki komissiyalarının fəaliyyəti və qəbul etdikləri qərarlar legitim sayıla bilməz. Nəticə etibarilə, hər iki seçki komissiyasında aparılmış araşdırma daxili qanunvericiliyə, Azərbaycan Respublikasının üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna uyğun deyil. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası inzibati orqan olaraq işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda bunu etməyib və bunula da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) tələblərini pozub. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, N 11/63 saylı qərarı qanunsuz əlverişsiz inzibati akt olduğu üçün ləğv edilməlidir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin məhkəmə iclasında izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, dairə seçki komissiyası onların konstitusion hüquqlarını pozmuşdur. Seçkidən əvvəl dəfələrlə dairə sədrindən əlavə məntəqənin olub-olmaması barədə soruşsalar da o, əlavə məntəqənin olmadığını bildirmişdir. Hərbi hissə ilə bağlı maraqlandıqda, qəsəbənin yanında bir hərbi hissənin olduğunu, onun da gəlib qəsəbə ərazisindəki məntəqələrin birində səs verəcəyini bildirmişdir. 27 yanvar 2025-ci il tarixdə şəxsən dairədə olmuş, orada sözügedən qapalı tipli məntəqələrin olması barədə hər hansı məlumat olmamışdır. Həmin vaxtı dairə sədri bir daha əlavə məntəqənin olmadığını bildirmişdir. Artıq seçki günü axşam saatlarında dairədə olarkən məlumatları olmuşdur ki, qeyd olunan 47 və 48 saylı məntəqələr yaradılmış və bununla bağlı qərar verilmişdir. Seçki günü dairədə olarkən də qeyd olunan məlumat elanlar lövhəsində asılmamışdır. Bu barədə dairə sədri ilə, katiblə söhbət etdikdə də onlar qeyd edirlər ki, işin çoxluğu ilə əlaqədar yaddan çıxmış və həmin məntəqələrin yaradılması ilə bağlı məlumat asılmamışdır. Bu barədə video çəkiliş də vardır. Əvvəla hərbi hissə ilə yaşayış məntəqələri arasında məsafə bir saatdan çox olduqda və şəxsi heyətin sayı əlli nəfərdən çox olduqda hərbi hissələrdə məntəqə yaradılır. Həmin iki məntəqədə şəxsi heyətin sayı əlli nəfərdən çoxdu. Lakin hərbi hissələrlə yaşayış məntəqəsi arasındakı məsafə ictimai nəqliyatla belə bir saatdan azdır. Onlara həmin məlumatları verməməklə onların konstitusion hüquqları pozulur. Dairə sədri ilə söhbət edərkən o, 47 və 48 saylı məntəqələrdə seçicilərlə namizədlərin görüşünün təşkil edilmədiyi, onun bu barədə məlumatı olmadığını bildirmişdir. Seçki Məcəlləsinə əsasən hərbi hissələrin ərazisində təbliğat-təşviqat kompaniyasının aparılması qadağandır. Lakin dairə sədri hərbi hissə komandiri ilə birlikdə seçicilərlə namizədlərin görüşünü təşkil edə bilər. Sonradan MSK-nın təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, bəzi namizədlərin görüşü təşkil edilmişdir. Digər məsələ odur ki, 620 nəfər səs vermək hüququna malik şəxs bir həbi hissənin təlim tədris mərkəzində, 133 nəfər də poliqon deyilən yer var ki, orada olmuşdur. Bu 753 nəfər seçici 34 nəfər namizədin içərisindən ancaq 13 nəfərə səs vermişlər. Hansı ki, bu ərazilərin arasındakı məsafə ən azı 3-4 km təşkil edir. Qeyd olunan 34 nəfər namizədin içərisindən səs verilən 13 nəfərin adı ard-arda düzülməmişdir ki, səs vermək üçün gedən şəxs ilk 13 nəfərə səs verib çıxsın. Hərəsi ayrı-ayrı yerlərdə qeyd edilmişdir. Necə olur ki, 753 nəfərin hamsı eyni şəxslərə səs verir? Hansı ki, həmin hərbi hissələrdə heç bir təbliğat-təşviqat kompaniyası keçirilməyib. Keçirilmədiyi halda səs verən şəxslər necə oldu hamısı eyni 13 nəfərə səs verdi? Əgər təbliğat təşviqat kompaniyası keçirilibsə, onlara məlumat verilməməklə qanunun tələbi pozulmuşdur. Şikayəti ilə bağlı dairədə olarkən dairə sədri İlqar Allahverdiyevə sual vermiş, sonuncu isə cavabında görüş barədə heç bir məlumatının olmadığını bildirmişdir. İzahat verən namizədlərdən Fuad Heydərli YAP-ın namizədi, heç həmin şəxs Müşviqabad qəsəbəsində qeydiyyatda deyil. “Məlumat lövhəsində qərar var idi” deyən namizədlər isə dairənin ünvanının harada olduğunu bilmirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X4 iddia tələbini qəbul etməyib, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, şikayətlə MSK-ya, o cümlədən iddia ərizəsi ilə məhkəməyə müraciət edən şəxslərin əsas dəlilləri ondan ibarətdir ki, onların 47 və 48 saylı məntəqələrin yaradılması barədə məlumatları olmamışdır. Həmin şəxslərlə şəxsən görüşmüş və təqdim etdikləri video görüntülərə iştirakları ilə baxılmışdır. Həmin görüntülərdə də qeyd olunur ki, həmin görüntülər 29 yanvar 2025-ci il tarixdə qeydə alınmışdır ki, həmin günü də seçki günüdür. Komissiyalaırn yaradılması isə 04 yanvar 2025-ci il tarixdə olmuşdur. İş materiallarında da var ki, 4 nəfər qeydə alınmış, lakin seçilməmiş namizədlər, o cümlədən bütün komissiya üzvlərinin hamsının izahatı ilə təsdiq olunur ki, 04 yanvarda qərar qəbul olunaraq elanlar lövhəsində asılmışdır. Şikayət edən 4 nəfər namizəd 29 yanvar 2025-ci il tarixdə akt tərtib edirlər ki, məlumat lövhəsində 47 və 48 saylı məntəqələrin yaradılması barədə məlumat yoxdur. Həmin aktı həmçinin, 47 saylı Dairə seçki komissiyasının azlıqda olan üzvü Taleh Dilavərli (REAL partiyasının üzvü) də imzalamışdır. İddiaçı ən azından həmin şəxsdən məlumat ala bilərdi ki, belə bir məntəqələr yaradılmışdır. 29 yanvar seçki günü olduğundan digər sənədlərlə yanaşı məlumat lövhəsindəki qərar da, hamsı bir yerdə götürülmüşdür. 04 yanvarda yalnız həmin iki məntəqə yox, 12 məntəqə ilə bağlı qərar qəbul edilib və həmin qərar lövhədə asılmışdır. Bu da onu göstərir ki, həmin şəxslərin qeyd olunan məlumatı əldə etmələri real olmuşdur. Bundan başqa namizəd olan, lakin seçilməyən namizədlər var ki, izahatları ilə təsdiq edirlər ki, elanlar lövhəsində 47 və 48 saylı məntəqələrin yaradılması barədə məlumat olmuşdur. lll. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 56. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsi Maddə 17.1. Azərbaycan Respublikasında seçkilər və referendumlar seçki (referendum) komissiyaları tərəfindən təşkil edilir və keçirilir. Maddə 31.1.3. dairə seçki komissiyası vəzifələrindən biri seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat qruplarının referendum qabağı fəaliyyətinə şərait yaratmaqdır. Maddə 34.4. dairə seçki komissiyasının qərarı 24 saat ərzində dərc edilməlidir. Maddə 35.2. Seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır. Seçki məntəqəsinin yaradılması haqqında dairə seçki komissiyasının qərarında məntəqənin hüdudları (seçki məntəqəsi yaşayış məntəqəsinin bir hissəsini əhatə etdikdə evlərin nömrələri nəzərə alınmaqla küçələrin adları) dəqiq göstərilməlidir. Maddə 35.5. Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olan Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getmələri) qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri bu Məcəllənin 35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış qəbul edilir. Bu maddəyə uyğun yaradılan seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada məntəqə və yuxarı seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların nümayəndələrinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır. 240.1. Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkiləri baş tutmamış hesab edir. 240.2. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə seçkiləri aşağıdakı hallarda etibarsız sayır: 240.2.1. Bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin. 240.2.2. məhkəmənin qərarı əsasında. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. https://e-qanun.az/framework/46956Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib aşağıdakı nəticəyə gəlir. Kollegiya ilk növbədə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Kollegiya hesab edir ki, irəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. İddiaçı cavabdehin xx.xx.2025-ci il tarixli N 11/63 saylı Qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarına əsasən hazırki işin faktiki halları aşağıda qeyd edilənlərdən ibarət olmuşdur: İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyə seçkilərində 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən Müşviqabad bələdiyyəsi üzvlüyünə namizəd olaraq qeydə alınmışdır. İddiaçı 47 və 48 saylı qapalı tipli seçki məntəqələrinin olması barədə öncədən məlumatlandırılmamasını əsas gətirərək həmin seçki məntəqələrində keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin etibarsız hesab edilməsi barədə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinə müraciət ünvanlamışdır. Dairə seçki komissiyasının 06 fevral 2025-ci il tarixli, 9/23 saylı qərarı ilə şikayəti təmin edilməmişdir. Dairə seçki komissiyasının qərarını qanunsuz və əsassız hesab etdiyi üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına şikayət edərək qərarın ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 fevral 2025-ci il tarixli, N 11/63 saylı qərarı ilə şikayəti təmin edilməmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkilərinə namizədliyi qeydə alınmış X5, X18, X1 və X19 tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli izahatlardan görünür ki, onlar 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinin inzibati binasında olarkən 47 və 48 saylı məntəqələrin yaradılması ilə bağlı qərarı elanlar lövhəsində görmüş və tanış olmuşlar. Bundan başqa, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi dairə seçki komissiyasının sədri X3, katib X7, katib X14, komissiyanın üzvləri X8, X11, X9, X12, X10 12 fevral 2025-ci il tarixdə verdikləri izahatlarında göstərmişdirlər ki, komissiyanın qəbul etdiyi bütün qərarlar, o cümlədən 47 və 48 saylı məntəqələrin yaradılması ilə bağlı qərar elanlar lövhəsində yerləşdirilmişdir. Tural Məmmədov tərəfindən tərtib edilən və imzalanan, o cümlədən namizəd X15, İddiaçı və 47 saylı DSK-nın üzvü Taleh Dilavərli tərəfindən imzalanan aktın kserosurətindən görünür ki, 29 yanvar 2025-ci il tarixdə saat 23:45 radələrində 47 saylı seçki dairəsinin dəhlizində yerləşən məlumat lövhəsində 2 ədəd qapalı tipli məntəqələrin yaradılması barədə məlumat əks edilməyib. Foto şəkillər çəkilərək akta əlavə edilmişdir. Aktı imzalayan şəxslərdən, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi üzrə dairə seçki komissiyasının üzvü X10 12 fevral 2025-ci il tarixdə verdiyi izahatında göstərmişdir ki, 29 yanvar 2025-ci il tarixdə tərtib olunan akta imza etmişdir. Lakin qeyd edir ki, dairə seçki komissiyasının bütün qərarları, o cümlədən adları çəkilən məntəqələrin yaradılması haqqında qərar məlumat lövhəsində yerləşdirilmişdir. Qərarların çoxluğu ilə əlaqədar yenilərini yerləşdirərkən həmin qərarlar məlumat lövhəsindən çıxarılmışdır. Ona görə də akt tərtib edilərkən həmin məntəqələr haqqında qərarlar məlumat lövhəsində olmamışdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi üzrə 47 və 48 saylı seçki məntəqələri həmin seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 2/8 saylı qərarı ilə Seçki Məcəlləsinin 35.5-ci maddəsinin tələblərinə uyğun yaradılmış, bu barədə dairə seçki komissiyasının qərarı müvafiq qaydada dərc edilərək ictimailəşdirilmiş və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə əməl edilmişdir. İddia ərizəsində qeyd olunanlar işin faktiki halları və iş üzrə araşdırılmış sübutlarla təkzib olunur. Ona görə də 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2025-ci il tarixli 9/23 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının N 11/63 saylı, 12 fevral 2025-ci il tarixli Qərarı qanuni və əsaslıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 87, 90 və 130-cu maddələrini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2025-ci il tarixli N 11/63 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2-3(103)-37/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-37/2025
14.02.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver