Məhkəmə qərarları › İş №2-3(103)-38/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-38/2024

29.03.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-38/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Ərizəçi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Ərizəçi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddiası üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC-nin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondundan xx.xx.2020-ci il tarixdə ödədiyi və bankın 45019 tranzit hesabında olan 2500 manat məbləğində pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizənin təmin edilməməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, hətta iddia təmin olunsa belə tələb olunan pul məbləği cari hesaba bərpa olunmadan icrası mümkün olmayacaqdır. Məhkəmə Kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə ərizə qeyrimümkün hesab edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 76.1.-ci maddəsinə əsasən Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına daxil edir. Tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində siyahı tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Ləğv prosesində olan "xxxx" ASC-nin təsdiqlənmiş tələbləri siyahısında sözügedən tələb aşkar edilməmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddia inzibati icraatın iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırıldığı və formal şəkildə əsaslandırıldığı halda məhkəmə icraatı mümkün sayıla bilər. Konkret halda isə ərizəçinin irəli sürdüyü tələbi mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə Kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə ərizə qeyrimümkün hesab edilməlidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 230, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Ərizəçi ərizəsi üzrə məhkəmə icraatı mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar