Məhkəmə qərarları › İş №2-3(103)-43/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-43/2025

02.04.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-43/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X11 və X12 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditor qismində tanınma” tələbinə dair iddia ərizəsinə 02 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək onun kreditor kimi tanınması və ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödədiyi 230 000 (iki yüz otuz) manatın həmin bankdan alınaraq ona ödənilməsinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə, Bakı şəhəri, 9 saylı Dövlət Notariat Kontorunda, satıcı X6 ilə və alıcı kimi onun arasında daşınmaz əmlakın alqı- satqısı barəsində müqavilə bağlanmışdır. X2 alqı-satqı zamanı onun tərəfindən verilmiş etibarnamə ilə X9 təmsil etmişdir. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Reyestr kitabı 36, vərəq 3413, reyestr nömrəsi **********70-06101-083001, qeydiyyat nömrəsi 110794720, xx.xx.2007-ci il tarixli X1 mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən, 55,0 kv.m əsas sahəsi, 74,7 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi satıcı tərəfindən alıcı kimi ona satılır. Həmin əmlakın dəyəri tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq, 230 000 (iki yüz otuz min) manat müəyyən edilmişdir. Arasında bağlanmış müqaviləyə və 9 saylı Dövlət Notariat kontorunun xx.xx.2008-ci il tarixli, 278 saylı məktubuna uyğun olaraq, onun tərəfindən müqavildə müəyyən edilmiş 230 000 manat xx.xx.2008-ci il tarixdə QSC “Bank Standard” KB -nın **********00002 saylı bank hesabına köçürülmüşdür. Həmin tarixdə 460 manat isə notariat xərci onun tərəfindən ödənilmişdir. Alqı-satqı müqaviləsinin 11-ci bəndində göstərilir ki, satıcı qeyri-yaşayış sahəsini yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxt “dərhal” onun faktiki sahibliyinə və istifadəsində verir. Satıcının nümayəndəsi olan X9 tərəfindən əmlakın dəyəri olan 230 000 manat məbləğ, xx.xx.2008-ci il tarixdə 088931 saylı çeklə QSC “Bank Starndart” КВ-dan şəxsən götürülmüşdür. Alqı-satqı başa çatdıqdan sonra, onun tərəfindən dəyəri ödənilməklə aılqısatqı müqaviləsi ilə mülkiyyətinə keçən həmin daşınmaz əmlaka dair xx.xx.2008-ci il tarixdə DƏDRX tərəfindən çıxarış verilmişdir. Əmlak tam qanunun tələbinə və notarial təlimatlara uyğun olaraq, alqı-satqı ilə onun mülkiyyətinə keçmişdir. Qeyd edilən daşınmaz əmlak 2016-cı ilə qədər onun qanuni mülkiyyətində olmuşdur. O, xx.xx.2016-ci ildə mülkiyyətində olan daşınmaz əmlakı alqı-satqı yolu ilə sataraq özgəninkiləşdirmişdir. Lakin, əmlakın ilk mülkiyyətçisi olan, Mustafayev Bəhruzun alqı-satqıda etibarnamə ilə nümayəndəsi olan X9 2020-ci ildə Bakı şəhri Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsindəki qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olduğunu bildirərək, onun dələduzluq əməli ilə onun əmlakını ələ keçirdiyini bildirmişdir. Baxmayaraq ki, əmlakın alqı-satqısında o şəxsən iştirak etmiş və banka onun tərəfindən köçürülmüş 230 000 manatı isə şəxsən bankdan çeklə alan Quliyev Cəsarətin özü olmuşdur. Nərimanov RPİ-də Quliyev Cəsarətin tamamilə əsassız şikayəti əsasında xx.xx.2022-ci il tarixdə CM-nin 178.3.2-ci maddəsi ilə ona ittiham verilmişdir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış və CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəmənin 28.1 1.2022-ci il tarixli hökmü ilə 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum edilmişdir. Məhkəmə hökmü onunla əsaslandırılmışdır ki, guya o, Cəsarət Quliyevin etibarından sui-istifadə etmə və aldatma yolu ilə ona məxsus daşınmaz əmlakı ələ keçirmişdir. Məhkəmə Mülki Məcəllənin 340-cı maddəsinə istinad edərək, X13, alıcı Ərizəçi arasında 9 saylı DNK-da bağlanmış xx.xx.2008-ci il tarixli alqısatqı müqaviləsinin uydurma əqd olduğu kimi qiymətləndirmişdir. Baxmayaraq ki, Cəsarət Quliyevin qeyd edilən əmalaka nə əvvəldən, nə də ki, sonradan və ümumiyyətlə, heç bir aidiyyatı olmamışdır. Qeyd edilən daşınmaz əmakın Cəsarət Quliyevə aidiyyatının olması barəsində hər hansı bir qeydiyyat və ya da rəsmi sənədi olmamışdır və olması da mümkün deyildir. Bakı Ağır Cinayəyətlər Məhkəməsinin hökmünün qanunsuz və əsassız hesab edərək, apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə onun apellyasiya şikayətim təmin edilməmiş və hökm dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edərək kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Onun müdafiəçi tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə bağlı onun tərəfindən müqavilədə göstərilən 230 000 manatın QSC Bank Standar” КВ-da notariusun hesabına köçürülüb-köçürülməməsi və həmin məbləğin alıcı tərəfindən alınıb- alınmaması barəsində sorğu verilmişdir. QSC “Bank Standart” KB-nın ləğvedicisi ƏSF tərəfindən xx.xx.2024-cü il tarixdə **********2390 saylı məktubla cavab verilmişdir. Həmin cavab məktubunda göstərilir ki, onun tərəfimdən bank hesabına 230 000 manat köçürülüb və iki gün sonra satıcının nümayəndəsi olan X9 tərəfindən 088931 saylı çeklə bankdan götürülübdür. Qeyd edilən rəsmi sənədlərdən və 9 saylı DNK tərəfindən aparılan təsdiq edilən alqı-satqı sənədləri ilə təsdiq edilir ki, alıcı kimi onun tərəfindən müqavilədə razılaşdırılmış daşınmaz əmlakın qiymətini təşkil edən 230 000 manat ödənilibdir. Lakin, məhkəmənin qeyd edilən hökmü ilə həmin məbləğin onun tərəfindən ödənilmədiyi əsas götürülərək məhkum edilmişdir. Belə olan halda, onun tərəfindən daşınmaz əmlakın dəyərini təşkil edən və banka ödənilən 230 000 manat məbləğindəki vəsait bankdan alınaraq ona qaytarılmalıdır. Mülki Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 157.1 və 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Daşınmaz əmlakın alınması zamanı onun alıcıya ödədiyi məbləğ onun və ailəsi şəxsi vəsaitidir. Həmin məbləği ödəməklə daşınmaz əmlak əldə etmiş olmağına baxmayaraq, qanunsuz olaraq onun vəsaiti əlindən çıxmış və eyni zamanda da azadlıqdan məhrum edilməklə özü və ailəsi çıxılmaz vəziyyətə düşübdür. Onun alqı-satqı ilə əldə etdiyi daşınmaz əmlaka görə ödədiyi 230 000 manat vəsait hazırda ləğv prosesində olan QSC Bank Standart” KB hesabındadır. Yuxarıda qeyd edilən rəsmi sənədlər qeyd edilən vəsaitlərin onun tərəfindən banka ödənildiyini birmənalı təsdiq edir. “Banklar Hakkında” Qanunun 76—82-ci maddələrində və 87-ci maddələrinin tələbinə uyğun olaraq, kreditor tələblərinin qeydə alınması xüsusi prosedurla müəyyən edilir. Qeyd edilən halların izahı barəsində Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında geniş izah verilmişdir. 02 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını, onun kreditor kimi tanınması və ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödədiyi 230 000 (iki yüz otuz) manatın həmin bankdan alınaraq ona ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10 iddia ərizəsinə etiraz edərək, iddianın qeyri-mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditor qismində tanınma” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Hazırki işdən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı tələbi “onun kreditor kimi tanınması və ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödədiyi 230 000 (iki yüz otuz) manatın həmin bankdan alınaraq ona ödənilməsinin təmin edilməsi barədə qərar çıxarılması” barədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.9-cu maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə izibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “onun kreditor kimi tanınması və ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödədiyi 230 000 (iki yüz otuz) manatın həmin bankdan alınaraq ona ödənilməsinin təmin edilməsi barədə qərar çıxarılması” barədə olub, mübahisəlidir, kreditor tələbinin mövcudluğu mülki məhkəmə icraatı qaydasında sübuta yetirilməli, bundan sonra kreditor tələbinin qeydə alınmasından imtina olunacağı təqdirdə müvafiq tələbi inzibati məhkəmə icraatında predmet ola bilər. Hazırki vəziyyətdə iddiaçının tələbi İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrində nəzərdə tutulan tələblər sırasına da aid deyil. Buna görə də iddiaçı Ərizəçi iddiası mümkün hesab edilməməlidir. Həmçinin iddiaçıya izah olunur ki, onun vaxtilə banka ödədiyini iddia etdiyi pul vəsaitinin qaytarılması tələbi ilə bağlı mülki (iddia) icraat qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditor qismində tanınma və ləğv prosesində olan QSC “Bank Standart” KB-yə ödədiyi 230 000 (iki yüz otuz) manatın həmin bankdan alınaraq ona ödənilməsinin təmin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X17 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar