Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-44/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (Açar sözlər: media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X1 cavabdeh Xna qarşı “media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi” tələbinə dair işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikasının X2 cavabdeh xna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X (FİN xxxxxxx) - media subyektinin və onun onlayn redaksiyasının (xalq.az veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X (bundan sonra - Cavabdeh) Media subyekti olaraq (“xalq.az” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Buna baxmayaraq cavabdeh Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X2nə bu günə qədər müraciət etməmişdir. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri media reyestri formalaşdığı tarixdən 6 ay müddətində media reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X2nə (iddiaçıya) müraciət etməli idi. Hazırki halda cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda isə həmin media subyektinin və onun onlayn redaksiyasının fəaliyyətinə xitam verilməlidir.
Prosessual məsələlər
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh həmin ərizəyə səhhətində problem olmasına dair heç bir sübut əlavə etməmişdir.
4. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
6.“Media haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 62. Çap mediası və onlayn media subyektinin təsis edilməsi 62.1. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. 62.2. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir. 62.4. Dini məzmunlu çap mediası və onlayn media subyektinin təsis edilməsi ilə bağlı müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əlavə olunur. 62.5. Çap mediası və onlayn media subyektlərinin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının), beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının adlarından (özlərinin təsis etdikləri media subyektləri istisna olmaqla), habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadəyə yol verilmir. Maddə 65. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, habelə həmin subyektlərin fəaliyyətinə xitam verilməsi 65.1. Çap mediası və onlayn media subyektinin fəaliyyəti və media məhsullarının yayımlanması məhkəmənin qərarı ilə bu Qanunun 65.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müvəqqəti dayandırılır, bu Qanunun 65.4-cü maddəsində nəzərdə tutulmuş hallarda isə onların fəaliyyətinə xitam verilir. ... 65.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: 65.4.1. bu Qanunun 65.2.1-ci maddəsində nəzərdə tutulmuş pozuntunu aradan qaldırmadıqda; 65.4.2. bu Qanunun 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə fəaliyyəti dayandırılmış media subyektləri bu Qanunun 65.2.2–65.2.5-ci maddələrinin tələblərini 2 (iki) il ərzində yenidən pozduqda; 65.4.3. bu Qanunun 26.1–26.4-cü maddələrinin tələblərini pozduqda; 65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda; 65.4.5. media subyektləri Media Reyestrindən bu Qanunun 75.1.7-ci maddəsinin tələblərinin pozulmasına görə çıxarıldığı tarixdən 1 (bir) ay ərzində, bu Qanunun 75.1.6cı maddəsinin tələblərinin pozulmasına görə çıxarıldığı tarixdən isə 2 (iki) ay ərzində qeyd olunan pozuntuları aradan qaldırmadıqda. Maddə 73. Media Reyestri 73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. 73.2. Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 73.3. Media Reyestri aşağıdakı bölmələrdən ibarətdir: 73.3.1. audiovizual media subyektləri; 73.3.2. çap mediası subyektləri; 73.3.3. onlayn media subyektləri; 73.3.4. informasiya agentlikləri; 73.3.5. jurnalistlər. 73.4. Şura bu Qanunun 54.7-ci, 55.8-ci, 57.6-cı və 58.3-cü maddələrində nəzərdə tutulmuş hallarda audiovizual media subyekti barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. 73.5. Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 78. Keçid müddəalar ... 78.3. Bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 128.1. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 128.4. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir.
9. Belə ki, “Media haqqında” Qanunun 62.2-ci maddəsinin tələbinə görə, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir.
10. Həmin Qanunun 65.4 və 65.4.4-cü maddələrinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.
11. Beləliklə, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, Cavabdeh onlayn media subyekti olaraq fəaliyyət göstərməsi üçün iddiaçı orqana qanunverciliklə müəyyən edilmiş müddətdə müraciət etməmiş və qanunverciliyin tələblərinə zidd olaraq fəaliyyətini davam etdirmişdir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, qanunlara əməl etməmə və eləcə də hüquqlardan sui-istifadə yol verilməzdir. Ümumi hüquq nəzəriyyəsinə görə, qanun və ya hüquq pozuntusu baş verdikdə buna qarşı dövlət tərəfindən məcburi təsir tədbirləri tətbiq edilməlidir.
13. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, iddia təmin edilməli, cavabdeh X - media subyektinin və onun onlayn redaksiyasının (xalq.az veb saytının) fəaliyyətinə xitam verilməlidir.
Nəticəvi hissə
14. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 90, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: İddia təmin edilsin. Cavabdeh X - media subyektinin və onun onlayn redaksiyasının (xalq.az veb saytının) fəaliyyətinə xitam verilsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.