Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-45/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 161 saylı xx.xx.2019 tarixli sərəncamının qanunauyğunluğunun yoxlanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 161 saylı xx.xx.2019 tarixli sərəncamının qanunauyğunluğunun yoxlanması tələbinə dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddiaçıya 2-3(103)-45/2023 saylı, 22 iyun 2023-cü il tarixli məktub göndərərək Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, iddiaçıya izah etmişdir ki, İPM-nin 122.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. İddiaçı təqdim etdiyi iddia ərizəsində isə Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamını, yəni inzibati aktı mübahisələndirmişdir. Halbuki, yuxarda qeyd olunan İPMnin 122.-ci maddəsinin tələbindən göründüyü kimi qanunauyğunluğunun yoxlanması iddiası qaydasında inzibati aktın mübahisələndirilməsinə dair tələb yox, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. İddiaçı sonradan xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı «Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 161 saylı xx.xx.2019 tarixli sərəncamın qismən ünvan 1 ünvanına aid hissədə təcili ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında hündürmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün torpaq sahələrinin "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə cavabdeh Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 161 saylı xx.xx.2019 tarixli sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” barədə Azərbayan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanına, Azərbayan Respublikası Konistitusiyasının 13,26,29, 60, 68, 71, 147, 148, 149-cu maddələrinin və Azərbayan Respublikası Mülki Məcəlləsinin 15-ci maddəsinin tələblərinə zidddir. Belə ki, iddiaçının mərhum atası X1 ünvan 1 ünvanlı “A” (118,4 m2) tikintisinin 13/256 hissə paydan ibarət mülkiyyətçisidir. Həmçinin, həmin ünvanda yerləşən “B” (118,4 m2) tikintisinin mülkiyyətçisidir. Bakı Asan Xidmət mərkəzinin notariat ofisinin 205 saylı (xx.xx.2023) arayışınında onun Allahverdi Mövlamovun vərəsəsi olduğu qeyd olunmuşdur. Bundan başqa, ünvan 1 ünvanındakı fərdi yaşayış evi 1966-ci il tarirxdə mərhum babası Mövlamov M.B. tərəfindən 591,49 m 2-lik həyətyanı torpaq sahəsi üzərinədə yerləşməklə satın almış və ünvana dair tərtib edilmiş, 1961-ci il tarixli texniki posportda, həyətin ölçüsünə dair məlumatlar vardır."xxxx" MMC mübahisələndirilən 161 saylı (xx.xx.2019) saylı Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin səraəncamına əsaslanaraq, 2019-cu ilin sentyabr ayının 18-dən 19-a keçən gecə ünvan 1 ünvanını qeyri-qanuni zəbt edərək 13 mərtəbəli bina tikərək iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 122.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. 122.2. İddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. 122.3. İddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir. 122.4. İddia ərizəsinin məzmunu ilə bağlı bu Məcəllənin 46-cı maddəsinin müddəaları tətbiq olunur. 122.5. İddia həmin normativ xarakterli aktı qəbul etmiş dövlət və ya bələdiyyə orqanına qarşı qaldırılır. 122.6. Məhkəmə mübahisələndirilən normativ xarakterli aktla aidiyyətinə toxunulan digər dövlət və ya bələdiyyə orqanına həmin aktla bağlı öz mövqeyini bildirmək imkanını təmin etməlidir. Bu məqsədlə məhkəmə tərəfindən müddət müəyyən olunur. 122.7. Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə inzibati məhkəmə icraatı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar əsasında həyata keçirilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından aydın olur ki, iddiaçının iddia tələbinin əsasını Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 161 saylı xx.xx.2019 tarixli sərəncamı nəicəsində iddiaçının mülkiyyət hüququnun bilavasitə pozulması təşkil edir. Məhkəmə Kollegiyası qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmənin hüquqi yardım göstərdikdən sonra da iddiaçının müdafiə etdiyi iddia tələbi «Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 161 saylı xx.xx.2019 tarixli sərəncamın qismənünvan 1 ünvanına aid hissədə təcili ləğv edilməsi»nə dair iddia olduğundan onun iddia tələbi qanununauyğunluq haqqında iddia deyil, mübahisələndirmə haqında iddiaya uyğundur. Belə iddialara isə birinci instansiya məhkəməsi qismində apellyasiya məhkəmələri tərəfindən baxılması İPM-də nəzərdə tutulmamaqla yanaşı, məhkəmə Kollegiyası bir daha qeyd edir ki, iddiaçının iddiası dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddia kimi təqdim edilməməklə mümkünlük şərtlərini ödəmir. Hazırkı halda isə iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 35-ci, 122,122.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 161 saylı xx.xx.2019 tarixli sərəncamın qanunauyğunluğunun mübahisələndirilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(103)-45/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-45/2023
01.08.2023 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver