Məhkəmə qərarları › İş №2-3(103)-49/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-49/2025

23.07.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-49/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ərizəçi Cavabdeh1 ASC-yə (ləğv prosesində olan) qarşı “kredit borcunun bir hissəsinin girov təminatı olan əmanətinə yönəldilməsi” tələbi üzrə iddia ərizəsinə 23 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi iddia tələbi ilə məhkəməyə müraciət edərək, “ərizəçinin əmanətinin tam olaraq (140.000 manat) Bankın ləğv prosesinə başlandığı andan kreditin qalıq hissəsinə yönəldilməsi, yəni onunla əvəzləşdirilməsi barədə məhkəmə aktının qəbul edilməsi”ni xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi (Ərizəçi) ilə hazırda ləğv prosesində olan Cavabdeh1 ASC (Bank) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında Ərizəçiyə 200.000 manat kredit verilmişdir. Kreditin təminatı qismində xx.xx.2022-ci il tarixdə İpoteka müqaviləsi (surəti əlavə olunur) və xx.xx.2022-ci il tarixdə 140.000 manat məbləğində Pul vəsaiti girovu müqaviləsi (surəti əlavə olunur) (xx.xx.2022ci il tarixli Müddətli depozit müqaviləsi əsasında - surəti əlavə olunur) bağlanmışdır. Bankın ləğv prosesi başlandığı andan xx.xx.2022-ci il tarixli Müddətli depozit müqaviləsi Ərizəçi üçün əhəmiyyətini itirmişdir, çünki depozitə faizlər artıq hesablanmır. Kredit məbləğinə isə faizlər hesablanır. Buna görə də Ərizəçi dəfələrlə Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna (Fond) müraciət edərək, əmanətin (depozitin) tam məbləğini kreditin qalıq məbləği ilə əvəzləşdirilməsini xahiş etmişdir. O cümlədən xx.xx.2023- cü il və xx.xx.2023-cü il tarixlərdə yazılı da müraciət (surətləri əlavə olunur) etmişdir. Lakin Fond yalnız xx.xx.2023-cü il tarixdə göndərdiyi məktubda (surəti əlavə olunur) bildirmişdir ki, ancaq əmanətin 100.000 manat hissəsini kredit məbləği ilə əvəzləşdirmişdir. Əmanətin qalan 40.000 manat məbləği ilə bağlı isə Fond bildirmişdir ki, həmin məbləğ üzrə kreditor tələbi kimi “Banklar haqqında” Qanunun 76.1-ci maddəsinə uyğun qeydə alınmışdır və onun ödənilməsi həmin Qanunun 82- ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Bu mövqe ilə razı deyillər. Əvvəla, Fond hər bir halda 100.000 manat üzrə əvəzləşdirməni də gec həyata keçirib. Vaxtında etsəydi, Ərizəçinin faiz borcu da az olardı. Çünki məlum olduğu kimi, faiz əsas borcun qalıq hissəsinə hesablanır. Digər tərəfdən, əmanətin 40.000 manat hissəsinin əvəzləşdirilməsindən imtina Mülki Məcəllənin öhdəliyə qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə xitam verilməsi (əvəzləşdirmə) barədə müddəalarına (540-545-ci maddələr) ziddir. Belə ki, Məcəllənin 540-cı maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Məcəllənin 545-ci maddəsində öhdəliklərin əvəzləşdirilməsinə yol verilməyən hallar təsbit edilmişdir. 545.0.7-ci maddədə konkret göstərilib ki, həmin hallar yalnız Mülki Məcəllədə nəzərdə tutula bilər. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-çi maddəsinə görə Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər Məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Mülki Məcəllə tətbiq edilir. Buna görə də əvəzləşdirmə məsələsində Fondun dediyi kimi “Banklar haqqında” Qanun deyil, Mülki Məcəllə tətbiq edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2024-cü il tarixli, 2-1(103)-94/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kreditor tələbi kimi qeydə alınmış tələblər üzrə ödənişlər qanunamüvafiq olaraq növbəlilik qaydasında həyata keçirilir. Qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. “Banklar haqqında” qanunun 78.1-ci maddəsinə əsasən isə bu Qanunun 82-ci maddəsinin (Ödənişlərin növbəliyi) tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ərizəçinin ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(102)-8/2025 saylı 14 may 2025-ci il tarixli qərarı ilə iddiaçı Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2024-cü il tarixli, 2-3(103)- 94/2024 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası barədə məlumatlı olsa da cavabdeh və onun ləğvedicisi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı işə onların iştirakları olmadan baxılmasına etirazı olmadığını bildirimişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh LPO Cavabdeh1 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, həmçinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddiaçı Ərizəçi cavabdeh “LPO "xxxx" ASC-yə qarşı əsas borcunun (100 000 AZN) tələbin sığorta hadisəsi baş verdiyi ana iddiaçının girov təmini olan 40000 AZN məbləğində əmanətinə yönəldilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbinin dəlillərinə etiraz edərək iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin təmin olunması və iddia tələbinin “iddiaçı Ərizəçi cavabdeh “LPO "xxxx" ASC-yə qarşı əsas borcunun (100 000 AZN) tələbin sığorta hadisəsi baş verdiyi ana iddiaçının girov təmini olan 40000 AZN məbləğində əmanətinə yönəldilməsi” kimi icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası prosses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib və işə baxan kassasiya instansiya məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan İddiaçı Ərizəçi ilə Cavabdeh1 ASC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında ərizəçiyə 200.000 manat kredit verilmiş, kreditin təminatı qismində xx.xx.2022-ci il tarixdə ipoteka müqaviləsi və xx.xx.2022-ci il tarixdə 140.000 manat məbləğində pul vəsaiti girovu müqaviləsi bağlanmışdır. Bankın ləğv prosesi başlandığı andan ərizəçi Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək əmanətin (depozitin) tam məbləğini kreditin qalıq məbləği ilə əvəzləşdirilməsini xahiş etmiş və əmanətin 100.000 manat hissəsi kredit məbləği ilə məhkəmədənkənar əvəzləşdirilmişdir. Hazırda iddiaçı Ərizəçi cavabdeh “LPO "xxxx" ASC-yə qarşı tələbi kredit borcundan qalmış 100 000 manatın sığorta hadisəsi baş verdiyi ana onun girov təminatı kimi qoyulmuş 40000 AZN məbləğində əmanətinə yönəldilməsi” barədədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 300-cü maddəsinə əsasən girov aşağıdakı növlərdə ola bilər: saxlanc; əşyanın lombardda girovu; hüquqların girovu; pul vəsaitinin girovu; sabit girov; dövriyyədəki malların girovu. 304-cü maddəsinə əsasən girov predmeti olan pul vəsaiti bankın və ya notariusun depozit hesabında saxlanılır. Bu məbləğin üstünə hesablanan faizlər, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyana mənsubdur. 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2-ci maddəsinə əsasən tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. 541-ci maddəsinə əsasən tələbin güzəşti zamanı əvəzləşdirmə tələb güzəşt edilərkən borclu ilk kreditora qarşı özünün qarşılıqlı tələbini yeni kreditorun tələbi ilə əvəzləşdirə bilər. Əvəzləşdirmə bu şərtlə aparıla bilər ki, tələb, onun güzəşt edilməsi barədə borclunun bildiriş aldığı anda mövcud olmuş əsasa görə əmələ gəlsin və tələbin müddəti o alınana qədər çatsın və ya həmin müddət göstərilməsin və ya tələbetmə anı ilə müəyyənləşdirilsin. 542-ci maddəsinə əsasən əgər tələbin əvəzləşdirilməsinin hələ mümkün olduğu vaxtadək tələb üzrə müddət keçməyibsə, tələbin müddəti öhdəliklərin əvəzləşdirilməsini istisna etmir. 543-cü maddəsinə əsasən əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir 544-cü maddəsinə əsasən öhdəliklərin icrası üçün müxtəlif yerlər nəzərdə tutulduqda da onların əvəzləşdirilməsinə yol verilir. 545-ci maddəsinə əsasən tələblərin əvəzləşdirilməsinin yolverilməzliyi 545.0. Aşağıdakı hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir: 545.0.1. tələblərin əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən istisna edilmişsə; 545.0.2. öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə; 545.0.3. öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa; 545.0.4. digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə; 545.0.5. alimentlərin tutulması ilə bağlı olduqda; 545.0.6. bu, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallar istisna təşkil edir. 545.0.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunun: 15.2-ci maddəsinə əsasən, borclu yüklülüklə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yüklülük sahibi öz sahibliyində olan yüklülük predmetini bu Qanunla müəyyən olunmuş qaydada sata bilər. 16.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. 18-ci maddəsində qeyd olunur ki, yüklülük predmetinin satılmasından əldə olunan məbləğ yüklülük sahibi tərəfindən yüklülük predmetini satan yüklülük sahibinin tələblərinin və sair tələblərin ödənilməsinə bölüşdürülür və ödənişlər həyata keçirildikdən sonra yüklülük predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin satılmasından 10 (on) iş günü müddətində yüklülük verənə qaytarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(102)-8/2025 saylı 14 may 2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası mübahisəyə baxarkən istinad edilən maddi hüquq normaları ilə əlaqədar bildirir ki, “Banklar haqqında” Qanunun 82.1-ci maddəsi müflis elan olunmuş bankın aktivlərinin növbəlilik qaydasında (siyahı üzrə) bölüşdürülməsini tənzimləyir. Lakin hazırkı üzrə iddiaçı hər hansı depozit müqaviləsi üzrə saxlanca verilən pul vəsaitini, yaxud qarşılıqlı və eynicinsli öhdəliklərin əvəzləşdirilməsini tələb etmir. Əksinə iddia tələbindən də göründüyü kimi iddiaçı kreditor bank tərəfindən ona qarşı irəli sürülən tələbin girovqoyan qismində saxlanca verdiyi pul vəsaitinə yönəldilməsini, yəni kreditor bankın öhdəliyinin deyil, öz öhdəliyinin müqavilə ilə şərtləşdirilmiş təminat üsulu vasitəsilə icrasını tələb edir. Başqa sözlə, iddiaçı bu halda bankın kreditoru kimi deyil, borclusu kimi çıxış edir. “Banklar haqqında” Qanunun 82.1-ci maddəsi isə borcluların deyil, kreditorların siyahısından (növbəliliyindən) söhbət gedir. Mübahisədə qeyd edilən pul vəsaiti Saxlanc müqaviləsinin 3.1-ci maddəsinə uyğun olaraq (kredit müqaviləsi üzrə borc ödənilmədikdə) kreditin əvəzinə aktivə çevrilə, yalnız bundan sonra 82-ci maddəyə uyğun bölüşdürülə bilər. Bankın iddiaçıya (borcalana) verdiyi kredit də bankın aktivlərinə aiddir (“Banklar haqqında” Qanunun 34.2.12-ci maddəsinə əsasən, X6 Heyətinin 22 iyul 2022-ci il tarixli 29/1-1 №-li Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın 2.0.1-ci bəndi) və bu aktiv (kredit) borcalan tərəfindən geri qaytarılmadığından, Saxlanc müqaviləsinin 3.1-ci maddəsinə uyğun olaraq iddiaçının (girovqoyanın) saxlanca verdiyi (girov qoyduğu) pul vəsaiti ilə maddiləşir, yəni saxlanc girovunun predmeti olan pul vəsaiti kreditorun (bankın) mülkiyyətinə (aktivinə) çevrilir. Odur ki, “Banklar haqqında” Qanunun 82.1-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün əsaslar mövcud olmadığından mübahisənin həlli məqsədi ilə bu normaya istinad edilməsi düzgün sayıla bilməz. Eyni zamanda qeyd etmək lazımdır ki, xx.xx.2022-ci il tarixli, 32/22 KT nömrəli “Pul vəsaiti girovu müqaviləsi”nin 6.1.3-cü bəndində girov saxlayanın hüququ olaraq girovla təmin edilmiş öhdəlik “Girov qoyan”/ “Borc alan” tərəfindən icra edilməkdə və ya lazımınca icra edilmədikdə girov predmetinə tutma yönəldərək həmin məbləği akseptsiz qaydada depozit hesabında silmək imkanı verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mübahisənin həlli üçün müqavilənin 6.1.3-cü bəndində qeyd edilən faktiki halları tam və hərtərəfli araşdırmamış, İPM-in 12.1, 57.8-ci maddələrinin tələblərinə əməl etməmiş, eyni zamanda düzgün maddi hüquq normasını tətbiq etməmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin təkrar baxışı zamanı məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya cavab olaraq işə cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli ərizəsi ilə bildirilmişdir ki, Ərizəçi Xeyrəddin oğlunun LPO "xxxx" ASC qarşısında xx.xx.2025-ci il tarixinə əsas borc üzrə 100.350 manat, faiz borcu üzrə 18.280,38 manat olmaqla, ümumilikdə 118.630,38 manat borc öhdəliyi mövcuddur. Eyni zamanda hazırki iş üzrə iddiaçının əmanət müqaviləsi üzrə 100.000 manat hissə sığorta hadisəsi baş verdiyi dövrdə kredit qalığının 100.000 manat hissəsi ilə əvəzləşdirilmişdir. Hazırda iddiaçının banka qarşı əmanət müqaviləsi üzrə 40.000 manat tələbi həmçinin 771.69 manat cari hesablarında qalıq üzrə kreditor tələbi mövcuddur. Odur ki, məhkəmə kollegiyası hesab edi ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı, iddiaçı Ərizəçi cavabdeh LPO "xxxx" ASC-yə olan 100 000 AZN kredit borcunun 40.000 manatı sığorta hadisəsi baş verdiyi ana iddiaçının girov təmini olan 40.000 AZN məbləğində əmanətinə yönəldilməli və həmin pul vəsaiti hesabına ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər”. Həmin Qərarda xüsusi vurğulanır ki, Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Qərara əsasən, öhdəliklərin icrasının Mülki Məcəllənin 460.1-ci maddəsində sadalanan təmin edilməsi üsullarının hər hansı biri ilə təmin olunması həmçinin borclu (və ya borclunun öhdəliklərini təmin edən hər hansı başqa şəxs) ilə kreditor arasında öhdəlik münasibətləri yaradır. Lakin bu öhdəliklər xüsusi növ öhdəliklərdir. Onların özəlliyi təmin olunan öhdəliyə (əsas öhdəliyə) münasibətdə (qarantiya istisna olmaqla) əlavə (aksessor) xarakter daşımasından ibarətdir. Qeyd olunmalıdır ki, Məcəllənin 460.1-cı maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Nəzərə alınsa ki, Bank tərəfindən öhdəliyin icrasının təmini kimi həm girov, həm də zaminlik üsulları seçilib, girov predmeti Bankda saxlanılır və həmin girovun hazırki vəziyyəti, hüquqi statusu və geri qaytarılması barədə Filiala hər hansı məlumat verilmir, Bank MMC-yə qarşı öz kreditor tələbini girovla təmin etmədən, Filialın məhz zamin qismində icra etməsi tələbi Qərarda şərh olunan vicdanlılıq prinsipini pozaraq, Bank tərəfindən girov predmetinin mənimsəməsi və bunun nəticəsində əsassız varlanmasına şərait yaratmış olur. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıdakı qaydada sərgilənmişdir (2-3(102)-8/2023 saylı xx.xx.2023-cü il tarixli qərar). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75 və 81-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ərizəçi tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı Ərizəçi cavabdeh LPO "xxxx" ASC-yə olan 100 000 AZN kredit borcunun 40.000 manatı sığorta hadisəsi baş verdiyi ana iddiaçının girov təmini olan 40.000 AZN məbləğində əmanətinə yönəldilsin və həmin pul vəsaiti hesabına ödənilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X4 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar