Məhkəmə qərarları › İş №2-3(103)-51/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-51/2024

06.08.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-51/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Ərizəçi İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında namizədliyinin qeydə alınmaması ilə bağlı 25 saylı Nizami ikinci DSK-nın qərarının qüvvədə saxlanılması haqqında qəbul etdiyi qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 25 saylı Nizami ikinci Dairə Seçki Komissiyasının namizədliyinin qeydə alınmaması haqqında qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarını (guya yoxlanılmış 230 imzadan 121 imza etibarsız olub) əsassız hesab edərək onun ləğv edilməsi xahişi ilə 1 avqust 2024-cü il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Mərkəzi Seçki Komissiyası heç bir araşdırma aparmadan, “saxta” qəbul etdikləri imzaları ona təqdim etmədən xx.xx.2024-cü il tarixli yığıncağında 25 saylı Nizami ikinci Seçki Dairəsinin qərarının qüvvədə saxlanılması haqqında qərar qəbul etmişdir. MSK 25 saylı Nizami ikinci DSK-nın qərarının qüvvədə saxlanılmasını araşdırmanın guya onun iştirakı ilə aparıldığı və "saxta" imzaların təkrar təsdiqini tapdığı ilə əsaslandırmışdır. Lakin bildirmək istəyir ki, onun iştirakı ilə heç bir araşdırma aparılmamışdır və bu iddia MSK səviyyəsində şəxsinə qarşı iftiradır.

3. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun olaraq xidməti vəzifəsindən istifadə edərək məhkəmə kollegiyası tərəfindən həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş qaydada iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması barədə iddiaçıya hüquqi yardım göstərilmişdir.

4. Bundan sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddia ərizəsində İddiaçı və cavabdeh Mərkəzi Seçki Komissiyasının göstərilməsi, habelə “ərizə” sözünün “iddia ərizəsi” kimi qəbul edilməsi, iddia ərizəsinin “xahiş etdim” hissəsində “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 avqust 2024-cü il tarixli 07 saylı müraciətə baxılması barədə” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 26/121 saylı Qərarının ləğv edilməsi”ni xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, işçi qrupunun və komissiyanın iclaslarına dəvət edilsə də, heç bir araşdırmada iştirak etməmiş, ekspert rəyləri şübhəlidir, onu tanıyan şəxslərdən imzaları toplamış, 17 nəfərin imzasında cüzi qaralamalar olmuş, digər 9 nəfərin imzası dislokasiyadan kənarda toplanmış olsa belə, o kifayət qədər imza yığmışdır. Odur ki, cavabdehin qərarı əsassız olduğundan ləğv edilməlidir. Sonda iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, seçkilər başlayan kimi MSK-nın nəzdində 9 nəfər ekspert qrupu, işçi qrupu da yaradılır. İşci qrupuna müxtəlif mütəxəssislər dəvət olunurlar. Vergi orqanlarından, bank sistemindən, polisdən və eyni zamanda Ədliyyə nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən beynəlxaq sertifikata malik olan ekspertlərdən ibarət mütəxəssislər dəvət olunur. Namizəd 25 saylı Nizami 2-ci seçki dairəsi üzrə namizədliyini irəli sürüb. Ona sənədlər təqdim olunub. Onun namizədliyi təsdiq olunub. 1-ci mərhələdə müvafiq sənədlər təqdim edilir, namizədliyin irəli sürülməsi təsdiq olunur, ondan sonra imza vərəqələri və tələb olunan seçki sənədlərinin siyahısı göstərilməklə həmin sənədlərin müəyyən bir vaxt ərzində təqdim olunması tələb olunur. Bu seçkilərdə həmin sənədlərin təqdim olunmasının son müddəti 2 avqust saat 17.00-a kimi müəyyən olunub. Verilən sənədlər namizəd tərəfindən toplanılır, imza vərəqələri, seçki sənədləri dairə seçki komissiyasına təqdim olunur. Dairə seçki komissiyası həmin sənədlər üzrə öz araşdırmasını aparır və həmin imzalarla bağlı namizədə məlumatlar verilir. Namizəd özü də qeyd etdi ki, imzalarda düzgün olmayan, şübhə doğuran imzalar var, ona görə də namizədə bildirilmişdir ki, həmin imzalar yoxlanılması üçün ekspertə göndəriləcək. Həmin imzalar MSK-nin nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim olunub, ekspertlər tərəfindən rəy verilib. Həmin rəy məhkəməyə təqdim olunub. MSK-ya daxil olmuş məhkəmə sərəncamına əsasən namizədə aid həmin sənədlər məhkəməyə təqdim olunub. Rəydən görünür ki, namizəd özü də qeyd etdi ki, 9 imza dislokasiyadan kənar, yəni seçki dairəsindən kənar olub. MSK Seçki Məcəlləsinin tələbləri əsasında fəaliyyət göstərir. Sonda iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

8. Azərbaycan Respublikasının Seçki Məcəlləsi:

Maddə 3. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Maddə 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Maddə 56.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. Maddə 56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. Maddə 56.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Maddə 57.10. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar. Maddə 58.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; 58.1.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi; 58.1.3. bu Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş; 58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; 58.1.5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat; 58.1.6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə). Maddə 58.4. Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 58.1 və 58.2-ci maddələrində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz. Maddə 59.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. Bu Məcəllənin 59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır. Maddə 59.4. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir. Maddə 59.5. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın. Maddə 59.6. İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır. Maddə 59.7. Bu Məcəllənin 59.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir: 59.7.1. müvafiq icra hakimiyyəti orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları; 59.7.2. namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları; 59.7.3. bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar; 59.7.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar; 59.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar. Maddə 59.8. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar. Maddə 59.9. İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyridüzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır. Maddə 59.10. Bu Məcəllənin 59.7 - 59.9-cu maddələrində göstərilən hallar istisna olmaqla, imza vərəqələrində bu Məcəllənin tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan imza etibarsız sayılır. Maddə 59.11. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz. Maddə 59.12. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır. Maddə 59.13. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir. Maddə 60.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir. Maddə 60.2. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: 60.2.1. imzaların toplanması zamanı bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması; 60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması; 60.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarını bu Məcəllənin 57ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın.); 60.2.4. namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması; Maddə 60.3. Bu Məcəllənin 60.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır. Maddə 60.4. Bu Məcəllənin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. Maddə 147.1. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;...

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.

11. “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98.1-ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır.

İDDİANİN MÜMKÜNLÜYÜ

12. İrəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir.

13. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır.

14. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli 26/121 saylı qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

MƏHKƏMƏNİN MÖVQEYİ:

15. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia əsassızdır.

16. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, 01 sentyabr 2024-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizədliyinin irəli sürülməsi 25 saylı Nizami ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının 07 iyul 2024-cü il tarixli 10/32 saylı Qərarı ilə təsdiq edilmişdir.

17. 25 saylı Nizami ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının sədri tərəfindən 08 iyul 2024-cü il tarixdə tərtib olunmuş akta əsasən, həmin tarixdə namizədliyi irəli sürülmüş İddiaçı müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün 10 imza vərəqələri verilmişdir.

18. Arayışdan və yekun protokoldan görünür ki, namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər namizədin qeydə alınması üçün namizəd tərəfindən 24 iyul 2024-cü il tarixdə 25 saylı Nizami ikinci seçki dairəsi Dairə Seçki Komissiyasına təqdim edilmişdir.

19. Dairə Seçki Komissiyasının işçi qrupunun işçi qrupunun rəhbəri X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı qeydə alınması üçün dairə seçki komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə” işçi qrupunun protokolundan görünür ki, təqdim edilmiş 10 ədəd imza vərəqələrində 500 ədəd imzadan yoxlanılmış 230 ədəd imza, yoxlanılmamış imzaların sayına görə şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumat göstəricilərinin yoxlanılmasına görə 270 ədəd imza, etibarlı hesab edilmiş imzaların sayına görə 379 ədəd imza, etibrsız hesab edilmiş imzaların sayı 121 ədəd imza, o cümlədən müxtəlif şəxslərin adından 1 şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş 112 ədəd imza, digər səbəblərdən (seçki dairəsindən kənarda toplanılmış) 9 ədəd imza müəyyən edilmişdir.

20. İşçi qrupunun üzvləri ekspertlər Ağayeva Ülviyyə və Kərimov Muradın tərtib etdikləri xx.xx.2024-cü il tarixli “2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı qeydə alınması üçün dairə seçki komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə” işçi qrupunun üzvlərinin rəyindən müəyyən olunur ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına 25 saylı Nizami ikinci seçki dairəsi Dairə Seçki Komissiyası 23 iyul 2024-cü il tarixli 3-11-25/2-65/2024 nömrəli məktubla namizədlərin təqdim etdikləri imza vərəqələrindəki imzaların yoxlanılması üçün xəttşünas ekspertlərin ayrılması barədə müraciət etmişdir. Cavab olaraq Mərkəzi Seçki Komissiyasının 29 iyun 2024-cü il tarixli 15/55 nömrəli qərarı ilə yaradılmış işçi qrupunun mütəxəssisləri sırasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xəttşünas ekspertləri X8 və X11 yoxlamaya təqdim edilmiş imza vərəqələrində olan imzaların düzgünlüyünün yoxlanılması üzrə tədqiqat aparılmasından ötrü Mərkəzi Seçki Komissiyasının 23 iyul 2024-cü il tarixli 3-11/2-304-1/2024 məktubu ilə 25 saylı Nizami ikinci seçki dairəsi dairə seçki komissiyasının sərəncamına ayrılmışdır. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizədliyinin müdafiəsi üçün təqdim edilmiş 10 ədəd imza vərəqələrində olan 500 ədəd imzanın düzgünlüyünün yoxlanılması məqsədi ilə işi qrupunun mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən yoxlanılmalı olan suallar üzrə tədqiqat aparılmışdır. Tədqiqat nəticəsində təqdim olunmuş 10 ədəd imza vərəqələrində olan 500 ədəd imzadan “İmza və onun qoyulduğu tarix” qrafalarındakı yoxlanılmış 230 ədəd imzadan 198 ədəd imza 86 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.

21. Dairə Seçki Komissiyasının işçi qrupunun işçi qrupunun rəhbəri X6 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı qeydə alınması üçün dairə seçki komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə” işçi qrupunun protokolundan görünür ki, təqdim edilmiş 10 ədəd imza vərəqələrində 500 ədəd imzadan yoxlanılmış 230 ədəd imza, yoxlanılmamış imzaların sayına görə şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumat göstəricilərinin yoxlanılmasına görə 270 ədəd imza, etibarlı hesab edilmiş imzaların sayına görə 379 ədəd imza, etibrsız hesab edilmiş imzaların sayı 121 ədəd imza, o cümlədən müxtəlif şəxslərin adından 1 şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş 112 ədəd imza, digər səbəblərdən (seçki dairəsindən kənarda toplanılmış) 9 ədəd imza müəyyən edilmişdir.

22. İşçi qrupunun üzvləri ekspertlər Mətanət Muradova və Aygün Həşimovanın tərtib etdikləri xx.xx.2024-cü il tarixli “2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı qeydə alınması üçün dairə seçki komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun üzvlərinin rəyi”ndən müəyyən olunur ki, Mərkəzi Seçki Komissiyasının 29 iyun 2024-cü il tarixli 15/55 nömrəli qərarı ilə yoxlamaya təqdim edilmiş imza vərəqələrində olan imzaların düzgünlüyünün yoxlanılması üzrə tədqiqat aparılmışdır. İşçi qrupuna Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin müdafiəsi üçün 500 ədəd imza təqdim olunmuşdur. Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən işçi qrupu tərəfindən yoxlanılmalı olan suallar üzrə tədqiqat aparılmışdır. Tədqiqat nəticəsində təqdim olunmuş 10 ədəd imza vərəqələrində olan 500 ədəd imzadan “İmza və onun qoyulduğu tarix” qrafalarındakı yoxlanılmış 230 ədəd imzadan 198 ədəd imza 86 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.

23. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə” 25 saylı Nizami ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının № 19/61 saylı 31 iyul 2024-cü il tarixli qərarından görünür ki, namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər namizədin qeydə alınması üçün namizəd tərəfindən 24 iyul 2024-cü il tarixdə 25 saylı Nizami ikinci seçki dairəsi Dairə Seçki Komissiyasına təqdim edilmişdir. Namizəd İddiaçı iclasın vaxtı barədə məlumat verilmişdir. 25 saylı Nizami ikinci seçki dairəsi Dairə Seçki Komissiyası məktubla namizədin təqdim etdikləri imza vərəqələrindəki imzaların yoxlanılması üçün xəttşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Bu məqsədlə Komissiya nəzdində fəaliyyət göstərən işçi qrupunun mütəxəssisləri sırasından xəttşünas ekspertlər ayrılmışdır. Təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun protokol və rəylərindən görünür ki, təqdim olunan 10 imza vərəqələrində olan 500 imzadan 9 imza Azərbaycan Respublikası Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisindən kənarda toplandığından, yoxlanılmış 230 ədəd imzadan 198 ədəd imza 86 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra edildiyindən, 112 seçici imzası qeyri-düzgün hesab olunur. Bununla da, təqdim edilmiş 500 seçici imzasından 121 seçici imzası qeyri-düzgün hesab edilmişdir. Yuxarıda qeyd edilənləri əsas götürərək, 25 saylı Nizami ikinci seçki dairəsi Dairə Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 31.1.1-ci, 34.3-cü, 34.4-cü, 58-ci, 59-cu, 60-cı, 147-ci və 148-ci maddələrinə əsasən 01 sentyabr 2024-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtina edilməsini qərara almışdır.

24. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü X9 Seçki Komissiyasına daxil olmuş 1 avqust 2024-cü il tarixli 07 saylı müraciəti üzrə rəyi”ndən görünür ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 1 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra-Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 19/61 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ekspert qrupunun üzvü İlkin Şahbazov həmin müraciəti araşdırarkən müəyyən etmişdir ki, şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq tərtib edildiyindən və nəzərdə tutulan şikayət vermə müddətində verildiyindən tərəfindən araşdırmaya qəbul edilmişdir. Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və Komissiyanın iclasında iştirakı təmin edilmişdir. Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 31 iyul 2024-cü il tarixli 19/61 saylı Qərarını onunla əsaslandırmışdır ki, toplanmış 500 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanarkən bəzi imzaların şübhə doğurduğu və bununla əlaqədar yoxlama aparılması zərurəti yarandığını nəzərə alaraq 25 saylı Nizami ikinci seçki dairəsi dairə seçki komissiyası məktubla namizədin təqdim etdikləri imza vərəqələrindəki imzaların yoxlanılması üçün xəttşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən İşçi qrupunun mütəxəssisləri sırasından xəttşünas ekspertlər ayrılmış və həmin ekspertlərin rəylərindən, imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun protokolundan görünür ki, təqdim olunan 10 imza vərəqəsində olan 500 imzadan 9 imza Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisindən kənarda toplandığından, yoxlanılmış 230 ədəd imzadan 198 ədəd imza 86 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra edildiyindən 112 seçici imzası qeyri-düzgün hesab olunmuşdur. Bununla da təqdim edilmiş 500 seçici imzasından 121 seçici imzası qeyri-düzgün hesab edilmişdir. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur. Araşdırma prosesində namizəd İddiaçı tərəfindən təqdim edilmiş imza vərəqələri, ona əlavə edilmiş seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş 9 seçici imzasının Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisindən kənarda toplanması, yoxlanılmış 230 ədəd imzadan 198 ədəd imza 86 qrup olmaqla eyni şəxs tərəfindən icra edilməsi nəticəsində 112 seçici imzasının qeyri-düzgün olması və ümümilikdə 121 seçici imzasının etibarsız olması tərtib edilmiş 2 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göstərilənlərlə müəyyən edilmişdir ki, etibarlı (düzgün) seçici imzalarının sayı İddiaçı namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Dairə seçki komissiyası tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Beləliklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü X16 Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən rəy vermişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 25 saylı Nizani ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 1 avqust 2024-cü il tarixli 08 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 19/61 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

25. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 avqust 2024-cü il tarixli 07 saylı müraciətə baxılması barədə” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli N 22/105 saylı qərarından görünür ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 1 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 19/61 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır. Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və Komissiyanın iclasında iştirakı təmin edilmişdir. Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 31 iyul 2024-cü il tarixli 19/61 saylı Qərarını onunla əsaslandırmışdır ki, toplanmış 500 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanarkən bəzi imzaların şübhə doğurduğu və bununla əlaqədar yoxlama aparılması zərurəti yarandığını nəzərə alaraq 25 saylı Nizami ikinci seçki dairəsi dairə seçki komissiyası məktubla namizədin təqdim etdikləri imza vərəqələrindəki imzaların yoxlanılması üçün xəttşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən İşçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılmış və həmin ekspertlərin rəylərindən, imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun protokolundan görünür ki, təqdim olunan 10 imza vərəqəsində olan 500 imzadan 9 imza Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisindən kənarda toplandığından, yoxlanılmış 230 ədəd imzadan 198 ədəd imza 86 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra edildiyindən 112 seçici imzası qeyri-düzgün hesab olunmuşdur. Bununla da təqdim edilmiş 500 seçici imzasından 121 seçici imzası qeyri-düzgün hesab edilmişdir. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur. Araşdırma prosesində namizəd İddiaçı tərəfindən təqdim edilmiş imza vərəqələri, ona əlavə edilmiş seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş 9 seçici imzasının Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisindən kənarda toplanması, yoxlanılmış 230 ədəd imzadan 198 ədəd imza 86 qrup olmaqla eyni şəxs tərəfindən icra edilməsi nəticəsində 112 seçici imzasının qeyri-düzgün olması və ümumilikdə 121 seçici imzasının etibarsız olması tərtib edilmiş 2 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göstərilənlərlə müəyyən edilmişdir ki, etibarlı (düzgün) seçici imzalarının sayı İddiaçı namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Dairə seçki komissiyası tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara almışdır ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 1 avqust 2024-cü il tarixli 08 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 19/61 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

26. İddia ərizəsinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

27. Azərbaycan Respublikası parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmişdir. Həmin Məcəllənin tələblərinə əsasən seçkilər zamanı namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən o şərtlə irəli sürülə bilər ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Bu zaman namizədin müdafiəsi üçün istənilən ərazi üzrə deyil, məhz onun irəli sürüldüyü seçki dairəsinin ərazisi üzrə seçicilərin imzaları toplanmalı, bu imzaların minimal həddi 450-dən az olmamalıdır.

28. Hazırki işin məhkəmə kollegiyasının araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı namizədliyinin qeydə alınması üçün qanunla müəyyən olunan şərtlərə əməl etmədiyindən, yəni namizədliyinin qeydə alınmasına əsas olan, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq digər namizədlər kimi ondan da tələb olunan, irəli sürüldüyü seçki dairəsinin ərazisi üzrə yetərsayda (ən azı 450) seçicilərin imzalarını müvafiq seçki komissiyasına təqdim etməmişdir.

29. İddia ərizəsində iddiaçı təqdim etdiyi imza vərəqələrində yol verilən nöqsanlarla bağlı ona qarşı qərəzli münasibət göstərilməsini qeyd etsə də, araşdırma zamanı bu hallar öz təsdiqini tapmamışdır.

30. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati araşdırma aparmış, müvafiq mütəxəssis rəyləri alınmış, seçici imzalarının qeyri-düzgün olması və etibarsız olması ekspert rəyi ilə müəyyən edilmişdir.

31. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, müvafiq seçki komissiyası iddiaçının təqdim etdiyi imza vərəqələrində qeyd olunan məlumatların düzgünlüyünü yoxlayarkən mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş 9 seçici imzasının Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisindən kənarda toplanması, yoxlanılmış 230 ədəd imzadan 198 ədəd imzanın 86 qrup olmaqla eyni şəxs tərəfindən icra edilməsi nəticəsində 112 seçici imzasının qeyri-düzgün olması və ümumilikdə 121 seçici imzasının etibarsız olmasını ekspert rəyi ilə müəyyən edərək iddiaçının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirakı üçün namizədliyinin qeydə alınmasından imtina edərkən Azərbaycan Respublikasının Milli Məclisinə deputatların seçkilərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə əməl etmişdir.

32. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəlilləri məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmadığından, mötəbər və təkzibedilməz sübutlarla təsdiqini tapmadığından iddia təmin edilməməlidir.

33. Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 87, 90 və 130-cu maddələrini və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası,

QƏRARA ALDİ:

İddiaçı iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar