Məhkəmə qərarları › İş №2-3(103)-53/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-53/2024

13.08.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-53/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Məhkəmə iclası katibi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 29/136 saylı qərarının ləğv edilərək namizədliyinin qeydə alınması tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 saylı X2 Dairə Seçki Komissiyasının 25/74 saylı, xx.xx.2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29/136 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilib namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı 01 avqust 2024-cü il tarixdə 01 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində 11 saylı X1 namizədliyinin qeydə alınması üçün 500 seçici imzalarını və müvafiq seçki sənədlərini 11 saylı X2 X7 təqdim etmişdir. 11 saylı X2 Dairə Seçki Komissiyasının 25/74 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 11 saylı X1 namizədliyinin qeydə alınmasından imtina edilmişdir. 11 saylı X2 Dairə Seçki Komissiyası öz qərarını belə izah etmişdir ki, onun təqdim etdiyi 500 seçici imzasından 170-i yoxlanılmış və bu imzalardan 92 imza 51 qrup olmaqla eyni şəxs tərəfindən icra edildiyindən qeyri-düzgün hesab edilmişdir. 11 saylı X2 Dairə Seçki Komissiyasının 25/74 saylı, xx.xx.2024-cü il tarixli qərarını qanunsuz və əsassız hesab edərək həmin qərardan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına şikayət vermişdir. Şikayətində 11 saylı X2 Dairə Seçki Komissiyasının 25/74 saylı, xx.xx.2024- cü il tarixli qərarının ləğv edilməsini və həmin seçki dairəsindən namizədliyinin qeydə alınmasını xahiş etmişdir. Şikayətini aşağıdakı qaydada əsaslandırmışdır. O, 01 avqust 2024-cü il tarixdə namizədliyinin müdafiəsi üçün 500 seçici imzası olan 10 imza vərəqəsini 11 saylı X2 Dairə Seçki Komissiyasına (DSK) təqdim etmişdir. Seçici imzalarını və digər seçki sənədlərini təqdim edərkən seçici imzalarının yoxlanması prosesində iştirak etmək istədiyini bildirmişdir. Lakin DSK onu seçici imzalarının yoxlanması prosesinə dəvət etməmişdir. Eyni zamanda, o bu iş üzrə 11 saylı X2 Dairə Seçki Komissiyasının nəzdindəki Ekspert Qrupunun araşdırması prosesinə də dəvət edilməmişdir. Bunlarla yanaşı, onun namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair 11 saylı X2 Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edərkən DSK-dan qeyri-düzgün hesab edilən imzalarla tanış olmaq istədiyini bildirmiş və həmin imzaların hansı kateqoriyalar üzrə qeyri-düzgün imzalar hesab edilməsinin əsaslandırılmasını xahiş etmişdir. Bununla yanaşı, DSK-nın iclasında qeyri-düzgün hesab edilən imzaların surətlərinin ona təqdim edilməsini istəmişdir. Lakin DSK tərəfindən onun bu müraciətləri nəinki cavablandırılmamış, müraciətlərinə ümumiyyətlə əhəmiyyət verilməmişdir. Bunlardan başqa, 11 saylı X2 Dairə Seçki Komissiyasının 25/74 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyri-düzgün imzalar “əsası” ümumi və qısa şəkildə subyektiv mülahizələrlə izah olunmuşdur və qərar qanuni əsaslara söykənmir. Qərardan aydın olmur ki, namizədliyinin müdafiəsi üçün təqdim etdiyi seçici imzaları necə və hansı əsaslarla şübhə yaradıb və 11 saylı X4 komissiyası həmin imzaların xətşünas ekspertlərin yoxlanmasına ehtiyac duyub. X12 Komissiyası şikayətində göstərilənlərə əhəmiyyət verməmiş və özünün 29/136 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətini təmin etməmişdir. Mərkəzi Seçki Komissiyasının 29/136 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və onun namizədliyi 11 saylı X1 qeydə alınmalıdır. Belə ki, Mərkəzi Seçki Komissiyasının 29/136 saylı, xx.xx.2024-cü il tarixli qərarında sadəcə 11 saylı X2 Dairə Seçki Komissiyasının qərarında göstərilənlər bu qərara köçürülüb. Burada formal olaraq göstərilib ki, guya seçici imzaları təkrar yoxlanılıb və 11 saylı X2 dairə Seçki Komissiyasının qərarında qeyri-düzgün hesab edilən imzalar öz təsdiqini tapıb. Bununla bağlı qeyd edir ki, o şikayətində şikayətinin araşdırılması prosesində iştirak etmək istədiyini bildirsə də, buna imkan verilməmişdir. Həmçinin, Mərkəzi Seçki Komissiyasının iclasında olarkən imzaların yoxlanmasının nəticələri və bu yoxlama üzrə işçi qrupunun protokolu ilə tanış olmaq istədiyini bildirmişdir. X12 Komissiyası buna da heç bir əhəmiyyət verməmişdir. Halbuki, Seçki Məcəlləsinin 59.3-cü maddəsində deyilir ki, imza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. İmza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29/136 saylı, xx.xx.2024-cü ıl tarixli qərarı qanunsuz, əsassız və qərəzli olduğu üçün ləğv edilməli və onun deputatlığa namizədliyi qeydə alınmalıdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin məhkəmə iclasında izahatları: Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, 01 avqust 2024-cü il tarixdə namizədliyinin müdafiəsi üçün 500 seçici imzası olan 10 imza vərəqəsini 11 saylı X2 Dairə Seçki Komissiyasına (DSK) təqdim etmiş, seçici imzalarını və digər seçki sənədlərini təqdim edərkən seçici imzalarının yoxlanılması prosesində iştirak etmək istədiyini bildirmişdir. Onun bu xahişinə məhəl qoyulmadan xəbər ediləcəyi bildirərək, xx.xx.2024-cü il tarixdə saat 12:03-də zəng gəldi ki, saat 13:00-da iclas keçiriləcək və onun müraciəti ilə bağlı qərar qəbul ediləcək. İclas başlayan kimi qərarla bağlı ona bildirdilər ki, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən dəvət olunmuş xəttşünas ekspertləri tərəfindən Sizin təqdim etdiyiniz 170 imza yaxlanılaraq onlardan 92-si qeyri-düzgün çıxıb”. O həmin iclasda nə xəttşünas ekspertlərinin rəyini, nə də qeyd etdikləri saxtalaşdırılmış imzaları görə bilmədi. Rəyi və həmin imzaları tələb etməsinə baxmayaraq, nə tanış etdilər, nə də ona təqdim etdilər. İclasın protokoldan çıxarışı belə təqdim etmədilər. Ona görə hesab edir ki, bu onun şəxsinə məqsədli olaraq təşkil olunan qərəzli qərardır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X5 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı X2 üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 8 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 25/74 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır. Namizəd İddiaçı öz müraciətində imtinanın əsası kimi göstərilən imzaları mübahisələndirmiş və qeydiyyatdan imtina üçün əsas olmuş imzaların qeyridüzgünlüyünün əsaslandırılmasını xahiş etmişdir. Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və Komissiyanın iclasında iştirakı təmin edilmişdir. Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 8 avqust 2024-cü il tarixli 25/74 saylı Qərarını onunla əsaslandırmışdır ki, toplanmış 500 ədəd seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanılarkən dairə seçki komissiyasına daxil olmuş seçici müraciətləri və bununla əlaqədar yoxlama aparılması zərurəti yarandığını nəzərə alaraq 11 saylı X2nin dairə seçki komissiyası məktubla namizədin təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması üçün xətşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılmış və həmin ekspertlərin rəylərindən, imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun protokolundan görünür ki, təqdim olunan 10 ədəd imza vərəqəsində olan 500 ədəd imzadan 170 ədəd imza yoxlanılmış, həmin imzalardan 143 ədəd imzanın 51 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra edildiyindən, 92 ədəd imza qeyri- düzgün hesab olunmuşdur. Bununla da təqdim edilmiş 500 ədəd imzadan 92 ədəd imza qeyridüzgün hesab edilmişdir. Təqdim edilmiş etibarlı (düzgün) imzaların lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur. Araşdırma prosesində namizəd İddiaçı tərəfindən təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və təkrar yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olan 170 ədəd imza təkrar yoxlanılmış, onlardan 143 ədəd imzanın 51 qrup olmaqla eyni şəxs tərəfindən icra olunması və nəticədə 92 ədəd imzanın qeyri-düzgün olması müəyyən edilmiş və bu hal tərtib edilmiş 9 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə bir daha təsdiq olunmuşdur. Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) imzaların sayı İddiaçı namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən, dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. lll. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 56. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsi Maddə 3. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Maddə 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Maddə 53.2. Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü) göstərilməlidir. Maddə 53.3. Bu Məcəllənin 53.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizədə göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda fəaliyyət növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir. Maddə 53.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. Maddə 53.7. Namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir. Maddə 55.1. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Maddə 56.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. Maddə 56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. Maddə 56.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Maddə 57.1. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər. Maddə 57.4. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir. Maddə 57.7. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini göstərir. Maddə 57.10. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar. Maddə 58.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; 58.1.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi; 58.1.3. bu Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş; 58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; 58.1.5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat; 58.1.6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə). Maddə 58.4. Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 58.1 və 58.2-ci maddələrində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz. Maddə 59.1. Müvafiq seçki komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin bu Məcəlləyə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır. Maddə 59.2. Müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 40 gündən az vaxt qalmışsa, 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidir. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Seçki komissiyaları imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər. Maddə 59.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. Bu Məcəllənin 59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır. Maddə 59.4. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir. Maddə 59.5. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın. Maddə 59.6. İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır. Maddə 59.7. Bu Məcəllənin 59.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir: 59.7.1. müvafiq icra hakimiyyəti orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları; 59.7.2. namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları; 59.7.3. bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar; 59.7.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar; 59.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar. Maddə 59.8. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar. Maddə 59.9. İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyridüzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır. Maddə 59.10. Bu Məcəllənin 59.7 - 59.9-cu maddələrində göstərilən hallar istisna olmaqla, imza vərəqələrində bu Məcəllənin tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan imza etibarsız sayılır. Maddə 59.11. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz. Maddə 59.12. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır. Maddə 59.13. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir. Maddə 60.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir. Maddə 60.2. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: 60.2.1. imzaların toplanması zamanı bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması; 60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması; 60.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarını bu Məcəllənin 57ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın.); 60.2.4. namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması; Maddə 60.3. Bu Məcəllənin 60.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır. Maddə 60.4. Bu Məcəllənin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. Maddə 147.1. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarı nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutularaq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib aşağıdakı nəticəyə gəlir. Kollegiya ilk növbədə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Kollegiya hesab edir ki, irəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli N 29/136 saylı Qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarına əsasən hazırki işin faktiki halları aşağıda qeyd edilənlərdən ibarət olmuşdur: İşin müəyyən olunmuş hallarından görünür ki, 11 saylı X2 Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 25/74 saylı qərarına əsasən, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı X2 üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtina edilməsi və namizədə bu barədə məlumat verilməsi qərara alınmışdır. Həmin qərara əsasən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun protokol və rəylərindən görünür ki, 10 imza vərəqəsində olan 500 imzadan 170 imza yoxlanılmış, həmin imzalardan 92 imza 51 qrup olmaqla eyni şəxs tərəfindən icra edildiyindən 92 ədəd seçici imzası qeyri-düzgün hesab edilmişdir. Qeyd olunan qərardan İddiaçı tərəfindən verilən şikayətə baxan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29/136 saylı, 10 avqust 2024-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərara əsasən 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı X2 üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 8 avqust 2024-cü il tarixli 16 saylı müraciətinin əsassız olduğundan təmin edilməməsi, dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 25/74 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan qərardan görünür ki, namizəd İddiaçı öz müraciətində imtinanın əsası kimi göstərilən imzaları mübahisələndirmiş və qeydiyyatdan imtina üçün əsas olmuş imzaların qeyri- düzgünlüyünün əsaslandırılmasını xahiş etmişdir. Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və Komissiyanın iclasında iştirakı təmin edilmişdir. Araşdırma prosesində namizəd İddiaçı tərəfindən təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və təkrar yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olan 170 ədəd imza təkrar yoxlanılmış, onlardan 143 ədəd imzanın 51 qrup olmaqla eyni şəxs tərəfindən icra olunması və nəticədə 92 ədəd imzanın qeyridüzgün olması müəyyən edilmiş və bu hal tərtib edilmiş 9 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə bir daha təsdiq olunmuşdur. Etibarlı (düzgün) imzaların sayı İddiaçı namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən, dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur. İddia ərizəsinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmişdir. Həmin Məcəllənin tələblərinə əsasən seçkilər zamanı namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən o şərtlə irəli sürülə bilər ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Bu zaman namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisi üzrə seçicilərin imzaları toplanmalı, bu imzaların minimal həddi 450-dən az olmamalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı namizədliyinin qeydə alınması üçün qanunla müəyyən olunan şərtlərə əməl etmədiyindən, yəni namizədliyinin qeydə alınmasına əsas olan, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq digər namizədlər kimi ondan da tələb olunan, irəli sürüldüyü seçki dairəsinin ərazisi üzrə yetərsayda (ən azı 450) seçicilərin imzalarını müvafiq seçki komissiyasına təqdim etməmişdir. İddia ərizəsində iddiaçı seçici imzalarının yoxlanması prosesində iştirak etmək hüququnun pozulduğunu, MSK-ya verdiyi şikayətində şikayətinin araşdırılması prosesində iştirak etmək istədiyini bildirsə də, buna imkan verilməməsini qeyd etməsinə baxmayaraq, araşdırma zamanı bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının araşdırma prosesində və Komissiyanın iclasında iştirakı təmin edilmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, müvafiq seçki komissiyası iddiaçının təqdim etdiyi imza vərəqələrində qeyd olunan məlumatların düzgünlüyünü yoxlayarkən sonuncunun namizəd olaraq müdafiəsi üçün təqdim edilmiş seçici imzalarının 92 ədədinin qeyri-düzgün olması səbəbindən, tələb olunan saydan az olması müəyyən olunaraq iddiaçının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirakı üçün namizədliyinin qeydə alınmasından imtina edərkən Azərbaycan Respublikasının Milli Məclisinə deputatların seçkilərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə əməl etmişdir. Ona görə də 11 saylı X2 Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 25/74 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29/136 saylı, 10 avqust 2024-cü il tarixli Qərarı qanuni və əsaslı olduğundan iddia ərizəsinin təmin edilməsi qeyri-mümkündür. Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 87, 90 və 130-cu maddələrini və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 29/136 saylı qərarının ləğv edilərək namizədliyinin qeydə alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar