Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-54/2024 16.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Qərarın ləğv edilməsi və iddiaçının Milli Məclisə deputatlığa namizədliyinin qeydə alınması vəzifəsinin 34 saylı Xətai ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Qərarın ləğv edilməsi və iddiaçının Milli Məclisə deputatlığa namizədliyinin qeydə alınması vəzifəsinin 34 saylı Xətai ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi X6 7 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 34 saylı Xətai ikinci seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İddiaçı 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 29/2 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 08 avqust 2024 tarixli, 28/130 saylı qərarı ilə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi X5 7 avqust 2024-cü il tarixli 15 saylı müraciəti əsassız olduğundan təmin edilməməsi, 34 saylı Xətai ikinci seçki dairəsi dairə seçki komissiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi həmin partiya tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtinaya dair 6 avqust 2024-cü il tarixli 29/2 saylı Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3. 34 saylı Xətai ikinci seçki dairəsi dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 29/2 saylı Qərarı ilə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtina edilməsi və namizədə bu barədə məlumat verilməsi qərara alınmışdır.
4. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunmuş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanması barədə işçi qrupunun 04 avqust 2024-cü il tarixli Protokolundan görünür ki, 268 ədəd imza qeyri-düzgün olması müəyyən edilmişdir.
5. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunmuş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanması barədə işçi qrupunun 07 avqust 2024-cü il tarixli Protokolundan görünür ki, 268 ədəd imza qeyri-düzgün olması müəyyən edilmişdir.
6. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunmuş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanması barədə işçi qrupu üzvlərinin 04 avqust 2024-cü il tarixli Rəyi-ndən görünür ki, təqdim olunan 10 imza vərəqəsində olan 500 imzadan “İmza və onun qoyulduğu tarix” qrafasındakı yoxlanılmış 350 ədəd imzalardan, 341 (üç yüz qırx bir) ədəd imza 73 (yetmiş üç) qrup olmaqla öz aralarında Eyni şəxs tərəfindən icra olunmuşdur.
7. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunmuş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanması barədə işçi qrupu üzvlərinin 07 avqust 2024-cü il tarixli, 4/2 saylı Rəyi-ndən görünür ki, təqdim olunan 10 imza vərəqəsində olan 500 imzadan “İmza və onun qoyulduğu tarix” qrafasındakı yoxlanılmış 350 ədəd imzalardan, 341 (üç yüz qırx bir) ədəd imza 73 (yetmiş üç) qrup olmaqla öz aralarında Eyni şəxs tərəfindən icra olunmuşdur.
8. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü X8 Seçki Komissiyasına daxil olmuş 07 avqust 2024-cü il tarixli 15 saylı müraciət üzrə 07 avqust 2024-cü il tarixli RƏYİ-ndən görünür ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi X5 7 avqust 2024-cü il tarixli 15 saylı müraciəti əsassız olduğundan təmin edilməməsi, 34 saylı Xətai ikinci seçki dairəsi dairə seçki komissiyasının namizədliyi həmin partiya tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtinaya dair 6 avqust 2024-cü il tarixli 29/2 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə rəyə gəlinmişdir.
İİ. Tərəflərin əsaslandırması
İddiaçının əsaslandırması:
9. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “ 08 ” avqust 2024 tarixli, 28/130 saylı qərarının ləğv edilməsi və onun Milli Məclisə deputatlığa namizədliyinin qeydə alınması vəzifəsinin 34 saylı Xətai ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “ 06 ” avqust 2024-cü il tarixdə 34 saylı Xətai ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisə deputatlığa namizədliyini Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüşdür. Deputatlığa namizədliyinin qeydə alınması üçün zəruri sayda seçici imzalarını və digər sənədləri qanunla nəzərdə tutulan müddətdə 34 saylı Xətai ikinci seçki dairəsi Dairə Seçki Komissiyasına (DSK0 təqdim etmişdir.Lakin DSK namizədliyin qeydə alınmasından imtina etmiş və öz qərarını belə əsaslandırmışdır ki, imza vərəqlərində olan 268 ədəd imza qeyri- düzgün hesab olunmuşdur.DSK-nın qərarını qanunsuz esab edərək Azərbaycan Respublikası Mərkəzi Komissiyasına (MSK) şikayət vermişdir. MSK şikayətinin təmin etməməsi və DSK-nın qərarının dəyişdirilmədən saxlanması barədə “ 08 ” avqust 2024-cü il tarixli 28/130 saylı qərar qəbul etmişdir.Hesab edir ki, DSK-nın müvafiq qərarı əsassız olduğu üçün MSK tərəfindən ləğv edilməli və iddiaçının deputatlığa namizədliyi qeydə alınmalı idi.
Cavabdehin etirazı:
11. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
Tərəflərin məhkəmə iclasında izahatları:
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin dəlillərinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, imzaları özü bir-bir toplamışdır, Dairə Seçki Komissiyasının öz təqsiridir ki, imza vərəqəsini düzgün verməmişlər.X11 Komissiyasının katibliyi də təsdiq etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.İzahatında həmçinin qeyd etmişdir ki, iddiaçı bildirir ki, imzaları bir-bir yığmışdır və sair, həmçinin bildirir ki, imza vərəqəsini düzgün verməmişlər.Lakin imza vərəqələri səlahiyyətli şəxsə verilmişdir imza vərəqələrinə dair blankda elə bir fərq yoxdur. Dairə Seçki Komissiyası imzaların düzgünlüyünü yoxlayarkən müraciət edib Mərkəzi Seçki Komissiyasına ki, imzaların düzgünlüyünün yoxlanmasına zərurət var ekspert ayrılsın.Belə ki, seçkilərlə bağlı start verildiyi vaxtdan Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən ibarət ekspert qrupu formalaşır.Əsasən hüquqşünaslardan, Mərkəzi Seçki Komissiyasının üzvlərindən və aparatın işçilərindən ibarətdir.Eyni zamanda Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupu yaradılıb.İşçi qrupunun rəhbəri Mərkəzi Seçki Komissiyasının üzvü olur, digər üzvlər isə qanunvercilikdə nəzərdə tutulmuş orqanların nümayəndələridir.Həmçinin, əgər xəttşünas üzrə zərurət yaranarsa müraciət olunur Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyası ekspertlərdən ayıraraq müraciət üzrə ezam edir.Bu işdə də Dairə Seçki Komissiyası müraciət edib və Mərkəzi Seçki Komissiyasın ekspertləri müəyyən ediblər ki, yoxlanılmış 350 ədəd imzalardan 268 ədəd imza qeyridüzgündür.Bundan sonra Partiyanın qeydə alınmış və səlahiyyətli nümayəndəsi X1 Seçki Komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına şikayət ərizəsi ilə müraciət edib, Mərkəzi Seçki Komissiyasının ekspert qrupunun üzvü Tofiq Həsənov tərəfindən akt tərtib olunub və aktda göstərilib ki, X6 ilə əlaqə saxlanılaraq şikayətlə bağlı araşdırmada iştirak etməsi hüquqları haqda məlumat verilmişdir.Səlahiyyətli nümayəndə bildirib ki, MSK-nın iclasında iştirak edəcək və iştirak da edib. MSK-nın iclasları mətbuat qarşısında keçirilir, yəni şəffafdır.İclasda deyilib ki, niyə imzaların yoxlanmasında iştirak etməmisiniz.Bildirib ki, işləri çoxdur. Qeyd edir ki, təkrar yoxlama Mərkəzi Seçki Komissiyasının digər ekspertləri tərəfin aparılmışdır. Seçki Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə əsasən həmin ekspertlərin rəyi əsas götürülür.
İİİ. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
15. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
16. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən : Maddə 112.1-ci maddəsinə əsasən Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Maddə 112.6-ci maddəsinə əsasən Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir.Məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. Maddə 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Maddə 56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. Maddə 56.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Maddə 57.4. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir. Maddə 57.7. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini göstərir. Maddə 57.10. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar. Maddə 58.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; .... Maddə 59.1. Müvafiq seçki komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır.Müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin bu Məcəlləyə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır. Maddə 59.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. Bu Məcəllənin 59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır. Maddə 59.4. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir. Maddə 59.5. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın. Maddə 59.7. Bu Məcəllənin 59.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir: 59.7.1. müvafiq icra hakimiyyəti orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları; 59.7.2. namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları; 59.7.3. bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar; 59.7.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar; 59.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar. Maddə 59.8. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar. Maddə 59.9. İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyridüzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır. Maddə 59.10. Bu Məcəllənin 59.7 - 59.9-cu maddələrində göstərilən hallar istisna olmaqla, imza vərəqələrində bu Məcəllənin tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan imza etibarsız sayılır. Maddə 59.11. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz. Maddə 59.12. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır. Maddə 60.2. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: 60.2.1. imzaların toplanması zamanı bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması; 60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması; 60.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarını bu Məcəllənin 57ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın.); 60.2.4. namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması; Maddə 147.1. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
18. “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutalaraq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır.
İV. Məhkəmənin mövqeyi
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.İş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 08 avqust 2024 tarixli, 28/130 saylı qərarını xx.xx.2024-cü il tarixdə (təqdim edilmə saatı yazılmamışdır) imza edərək almışdır və xx.xx.2024-cü il tarixdə saat 11:00-da iddia ərizəsini poçt xidmətinə təqdim etmişdir.Beləliklə, hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş 3 gün müddəti ötürməmişdir.
20. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
22. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddia əsassızdır.Belə ki, iş materiallarına əsasən hazırki işin faktiki halları aşağıda qeyd edilənlərdən ibarət olmuşdur.
23. Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi X6 7 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 34 saylı Xətai ikinci seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İddiaçı 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 29/2 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.
25. Araşdırma ilə bağlı iddiaçının səlahiyyətli nümayəndəsi (şikayətçi) X6 ilə əlaqə saxlanılaraq şikayətlə bağlı araşdırmada iştirak etməsi hüquqları haqda məlumat verilmişdir və onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
26. Dairə seçki komissiyası namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 6 avqust 2024-cü il tarixli 29/2 saylı Qərarını onunla əsaslandırmışdır ki, toplanmış 500 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanarkən bəzi imzaların şübhə doğurduğu və bununla əlaqədar yoxlama aparılması zərurəti yarandığını nəzərə alaraq namizədin təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması üçün xəttşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən İşçi qrupunun mütəxəssisləri sırasından xəttşünas ekspertlər ayrılmış və yoxlamaya təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə ekspertlərin rəylərindən və işçi qrupunun protokolundan görünür ki, yoxlmaya təqdim olunan 10 imza vərəqəsində olan 500 imzadan 350 ədəd yoxlanılmış həmin imzalardan, 341 (üç yüz qırx bir) imza 73 (yetmiş üç) qrup olmaqla eyni şəxs tərəfindən icra edildiyindən 268 ədəd imza qeyri-düzgün hesab olunmuşdur. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur.
27. Araşdırma prosesində namizəd İddiaçı tərəfindən təqdim edilmiş imza vərəqələri, ona əlavə edilmiş seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş seçici imzaları təkrarən digər xəttşünas ekspert tərəfindən yoxlanılmış, 350 ədəd imzadan 268 ədədinin etibarsız olması tərtib edilmiş 07 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə bir daha öz təsdiqini tapmışdır.
28. Məhkəmə Kollegiyası nəzərə alır ki, Seçki Məcəlləsinin: 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. 147.1 -ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır. 60.2.4-cü maddəsinin tələbinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımı saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.
29. Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı İddiaçı namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.
30. Beləliklə, Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi X5 7 avqust 2024cü il tarixli 15 saylı müraciəti əsassız olduğundan təmin edilməməsi, 34 saylı Xətai ikinci seçki dairəsi dairə seçki komissiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi həmin partiya tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtinaya dair 6 avqust 2024-cü il tarixli 29/2 saylı Qərarının dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 08 avqust 2024 tarixli, 28/130 saylı qərarı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul olunmuşdur.
31. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri (həm iddia ərizəsində göstərilən, həm də məhkəmə iclasında iddiaçının istinad etdiyi dəlillər) məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmadığından, mötəbər və təkzib edilməz sübutlarla təsdiqini tapmadığından iddia təmin edilməməlidir.
32. Məhkəmə Kollegiyası qeyd edir ki, mübahisələndirilən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 08 avqust 2024 tarixli, 28/130 saylı qərarının qanuni və əsaslı olması İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla, o cümlədən imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanması barədə işçi qrupunun 04 avqust 2024-cü il tarixli Protokolu və 07 avqust 2024-cü il tarixli Protokolu, imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanması barədə işçi qrupu üzvlərinin 04 avqust 2024-cü il tarixli Rəyi və işçi qrupu üzvlərinin 07 avqust 2024-cü il tarixli, 4/2 saylı Rəyi, həmçinin, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü X8 Seçki Komissiyasına daxil olmuş 07 avqust 2024-cü il tarixli 15 saylı müraciət üzrə 07 avqust 2024-cü il tarixli RƏYİ ilə təsdiqini tapmışdır.
33. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 08 avqust 2024 tarixli, 28/130 saylı qərarının ləğv edilməsi tələbi əsassızdır və təmin olunmamalıdır.Həmçinin, mübahisələndirilən qərarın ləğv edilməsi tələbi təmin olunmadığından iddiaçının Milli Məclisə deputatlığa namizədliyinin qeydə alınması vəzifəsinin 34 saylı Xətai ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının üzərinə qoyulması haqqında qərar çıxarılması tələbi də əsassızdır və təmin olunmamalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 130.1-ci-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
İddia təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.