Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-55/2024 16.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə (Açar sözlər: “qərarın ləğv olunması və namizədliyin qeydə alınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Kamran Hüseyn oğlu Əkbərov (sədrlik edən və məruzəçi), Mirzə Nəsib oğlu Tağızadə və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “qərarın ləğv olunması və namizədliyin qeydə alınması” tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları
1. İddia ərizəsinə əsasən iddiaçı qeyd edir ki, onun 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 80 saylı Lerik- Astara seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülsə də, dairə seçki komissiyasının 06 avqust 2024-cü il tarixli 20/75 saylı qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir. Dairə Seçki Komissiyasının qərarında qeyd edilmişdir ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılmış və yoxlamaya təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə ekspertlərin rəylərindən və işçi qrupunun protokolundan görünür ki, yoxlamaya təqdim olunan 10 ədəd imza vərəqəsində olan 499 ədəd imzadan 180 ədəd imza yoxlanılmış, həmin imzalardan 102 ədəd imza qeyri-düzgün hesab olunmuşdur. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur.
2. Bundan sonra o, 09 avqust 2024-cü il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2024-cü il tarixli, 29/135 saylı Qərarı ilə onun müraciəti təmin edilməmiş və dairə seçki komissiyasının 06 avqust 2024-cü il tarixli 20/75 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, etibarlı (düzgün) seçici imzaların sayı İddiaçı namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.
3. İddiaçı hazırda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 29/135 saylı Qərarının qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsini və seçkilər zamanı namizədliyinin qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İİ. Tərəflərin əsaslandırması 1.İddiaçının əsaslandırması: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, AR Seçki Məcəlləsinin 112 və 114 maddəsinin tələblərini rəhbər tutmaqla Azərbaycan Respublikasi Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 29/135 saylı Qərarını qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsini və seçkilər zamanı namizədliyinin qeydə alınması üçün MSK-ya vəzifə qoyması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasi Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 29/135 saylı Qərarı ilə namizədliyinin qeydə alınmasından imtina barədə 80 saylı Lerik-Astara seçki dairəsi üzrə Dairə Seçki Komissiyasının çıxardığı 06 avqust 2024-cü il tarixli 20/75 sayı qərarından verdiyi şikayət təmin olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası çıxarmış olduğu qərarı onunla əsaslandırmağa çalışmışdır ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 80 saylı Lerik- Astara seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İddiaçı 9 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərəkəzi Seçki Komissiyasına (bundan sonra Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 20/75 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır. Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və Komissiyanın iclasında iştirakı təmin edilmişdir. Dairə seçki komissiyası namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş R.A. Əliyev namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 6 avqust 2024-cü il tarixli 20/75 saylı Qərarını onunla əsaslandırmışdır ki, toplanmış 499 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanılarkən bəzi imzaların şübhə doğurduğu və bununla əlaqədar yoxlama aparılması zərurəti yarandığını nəzərə alaraq namizədin təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması üçün xətşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət edilmişdir. Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılmış və yoxlamaya təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə ekspertlərin rəylərindən və işçi qrupunun protokolundan görünür ki. yoxlamaya təqdim olunan 10 ədəd imza vərəqəsində olan 499 ədəd imzadan 180 ədəd imza yoxlanılmış, həmin imzalardan 102 ədəd imza qeyri-düzgün hesab olunmuşdur. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur. Araşdırma prosesində namizəd R.A. Əliyev tərəfindən təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş, yenidən yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş imzalar digər xəttşünas ekspertlər tərəfindən təkrar yoxlanılmış 499 ədəd imzadan 102 ədəd imzanın etibarsız olması tərtib edilmiş 10 avqust 2024-cii il tarixli protokol və ekspert rəyi ilə bir daha öz təsdiqini tapmışdır. Aşağıda göstərilən hallara görə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 29/135 saylı Qərarını qanunsuz və əsasız hesab olunmaqla ləğv edilməsini və seçkilər zamanı namizədliyinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasını vəzifə qoyması barədə qərar çıxarılmasını xahiş edir. Belə ki, həm 80 saylı Lerik-Astara dairəsi dairə seçki komissiyasının 06 avqust 2024-cü il tarixli, həm də bu qərarın qanuni və əsaslı hesab etmiş AR MSK xx.xx.2024-cü il qərarı faktlara söykənməyən formal bir qərardır və siyasi xarakter daşıyır. Hər şeydən əvvəl qeyd edir ki, seçki prosesi və seçki imzalarının toplanması prosesi açıq aşkar saxtakarlıqlarla müşayiət olunmuşdur. Barəsində qəbul edilmiş bu qərar da bu iradənin ifadəsi olaraq meydana çıxmışdır. O, tam qanuni əsaslarla 499 ədəd seçici imazsı toplayaraq dairə seçki kommissiyasına təqdim etmişdir. DSK imzaların doğruluğu ilə bağlı heç bir araşdırma aparmadan bu imzaları qəribə bir formada “qeyri-düzgün” hesab etmişdir. Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş və diqqətə çatdırdığı qərarda göstərilir ki, təqdim etdiyi 499 imzadan 102 ədəd imza “qeyri düzgün” hesab olunmuşdur. Bu “qeyri-düzgün”lüyün özünün nədə ifadə etdiyi qaranlıq olaraq qalır. Qərarda açıq şəkildə göstərilməli idi ki, onun topladığı imzalrın qeyridüzgünlüyü özünü nədə göstərir? Lakin qərarda sadəcə formal şəkildə belə bir nəticə çıxarılmışdır. Bu qərarın məzmunundan göründüyü kimi məqsəd onu seçkilərdən kənarda saxlamaq olmuşdur. DSK-nın qərarından MSK şikayət verərkən o şikayətinin onun iştirakı ilə araşdırılmasını xahiş etmişdir. MSK qərarında göstərilir ki, araşdırma ilə bağlı şikayətçinin araşdırma prosesində iştirakı təmin edilmişdir. Bu iddia həqiqəti əks etdirmir. Belə ki,onun şikayətinin araşdırma prosesində iştirakı təmin edilməmişdir. Topladığı imzalardan 102 ədədinin nə səbəbdən qəbul edilməz olduğu ona izah olunmamış və bu səbəb özünü qərarda əks etdirməmişdir. Qərarda bilavasitə göstərilir ki,müvafiq qərarın çıxarılması üçün əsas imzaların doğru və düzgünlüyü ilə bağlı araşdırmanın nəticəsini əks etdirən ekspert qrupunun rəyi əsas götürülmüşdür. Nəzərə çatdırır ki, topladığı imzaların araşdırılması ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi qanuna uyğun deyil. Ekspert yalnız imzaların əsaslığı ilə bağlı rəy vermək hüququna malikdir. Müvafiq rəy isə qərar kimi qəbul olunmuşdur. Bu rəyin məzmunu və üslubu birmənalı şəkildə təsdiq edir ki, bu rəy ekspertlər tərəfindən deyil, MSK özü tərəfindən tərtib edilərək qərar kimi qəbul edilmişdir.Yəni, rəyin özündə bilavasitə onun namizədliyinin qeydə alınmasından imtina olunması məqsədə müvafiq sayılır və qərara alınır. Ekspert rəyində bilavasitə göstərilir ki, onun namizədliyi qeydə alınmamalıdır. Bu isə artıq rəy deyil, qərardır və ekspertin öz səlahiyyətini aşması kimi qiymətləndirilməlidir. Şikayət etdiyi qərarda göstərilir ki, tərəfindən DSK 499 imza təqdim olunmuşdur. Halbuki 10 imza vərəqində 500 imza təqdim olunmuş və bu DSK tərəfindən protokolla rəsmiləşdirilmiş digər namizədliyinin qeydə alınmasından imtina olunmuş şəxsərin qərarlarında onların imzalarının sayı da 499 göstərilmişdir. Bu fakt bir daha təsdiq edir ki, MSK tərəfindən qəbul edilmiş qərar şablon xarakteri daşıyır və həqiqəti əks etdirmir. Ona görə də bu qərar ləğv edilməli və seçkilərdə iştirakı ilə bağlı pozulmuş hüququ bərpa olunmalıdır. 2.Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin məhkəmə iclasında izahatları:
1. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, o, Astara rayonunda anadan olmuş, hazırda qeydiyyatı Astara rayonudur. Ancaq “Ümid” Partiyası Bakı şəhərində yerləşdiyindən, Mərkəzi Seçki Komissiyası Bakı şəhərində yerləşdiyindən, Dairə Seçki Komissiyasının qərarından verdiyi şikayətə Mərkəzi Seçki Komissiyası tərəfindən baxıldığından və hazırda Mərkəzi Seçki Komissiyasının qərarı mübahisələndirdiyindən hesab edir ki, hazırkı işə Bakı Apellyasiya Məhkəməsində baxılmalıdır. .
2. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin aidiyyəti üzrə göndərilməsini xahiş etdi. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 60. hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Maddə 83. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: Maddə 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Maddə 56.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin Maddə 53.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. Maddə 56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 3. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
“Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98.1-ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır. İV. Məhkəmənin mövqeyi
1. Məhkəmə Kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbi aidiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.
2. Belə ki, hazırkı iş üzrə mübahisələndirilən qərarı (inzibati aktı) qəbul etmiş orqanın - iş üzrə cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsinin tələbinə əsasən hazırkı işə iddiaçının yaşayış yerinin (olduğu yerin) məhkəməsində baxılmalıdır.
3. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli, xx.xx.2017-ci il tarixli şəxsiyyət vəsiqəsinə (AZEMİS elektron məhkəmə sistemindən çıxarış) əsasən İddiaçı yaşayış yeri (qeydiyyatda olduğu ünvan) Astara rayonu, Pensər kəndidir.
4. Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
5. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarına əsasən Astara rayonu Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aiddir.
6. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən və iddiaçının qeydiyyat ünvanı ünvan 2lləsinin 8.1.2-ci maddəsinin tələbinə əsasən hazırkı işə iddiaçının yaşadığı (qeydiyyatda olduğu) yerin məhkəməsində baxılmalıdır.
7. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı , məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana bilər və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
8. Həmin qərarda eyni zamanda İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə istinad edilərək göstərilmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Avropa Məhkəməsinin Vasilesku Ruminiyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur.
9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 8, 80, 130.1- 130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə R A R A A L D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Azərbaycan Respublikasi Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 29/135 saylı Qərarını qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsi və seçkilər zamanı namizədliyinin qeydə alınması”na dair iddia tələbi üzrə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardadın təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.