Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-57/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “aktın qanunauyğunluğunun yoxlanılması” tələbinə dair iddia ərizəsinə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AR Daxili İşlər Nazirliyi, naziliyin tabeliyində olan inzibati binalara daxil olarkən, vətəndaşların üzərində olan texniki vasitələrin (mobil telefon və s.) binanın qapısında dayanan polisə təhvil verilməsi barədə əmr vermişdir. Qanunazidd olduğunu hesab etdiyi əmrin surətinin ona təqdim edilməsi barədə tələbi AR DİN tərəfindən icra edilməmişdir. Eyni tələbdən ibarət ərizəni (xx.xx.2025), İsmayıllı RPŞnin dəftərxanasına xx.xx.2025 tarixdə təqdim etmişdir. Nəticəsi olmadığına görə, İsmayıllı RPŞ-nə qarşı Şəki İnzibati Məhkəməsinə “aktın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi ilə iddia qaldırmışdır. Şəki İnzibati və Apellyasiya Məhkəmələri “iddiaçının hüquqi marağının nədən ibarət olmasının naməlum olduğunu” qeyd edərək, iddianı qeyri-mümkün hesab etmişdir. Hesab edir ki, Daxili İşlər nazinin, Nazirliyin tabeliyində olan qurumların (idarə, şöbə, bölmə və s.) inzibati binalarına daxil olarkən, vətəndaşların üzərində olan şəxsi əşyaların qapıdakı polisə təhvil verilməsi tələbindən ibarət olan naməlum tarixli və naməlum nömrəli əmri AR qanunvericilik sisteminə ziddir. AR İPM-nin 122.1-ci maddəsini rəhbər tutaraq məhkəmədən xahiş edirəm: AR DİN-in naməlum tarixli və nömrəli aktının AR Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə,71-ci maddəsinin 2-ci hissəsinə, AR Mülki Məcəlləsinin 152.1-ci maddələrinə uyğunluğu yoxlanılsın və etibarsız(qüvvədən düşmüş) hesab edilsin. 16 dekabr 2025-ci il tarixli məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı hazırki inzibati işə cavabdehin nümayəndəsinin olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki inzibati işə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı tələbi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə naməlum tarixli və nömrəli aktının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə, 71-ci maddəsinin 2-ci hissəsinə, AR Mülki Məcəlləsinin 152.1-ci maddələrinə uyğunluğunun yoxlanılması və etibarsız hesab edilməsi” barədədir. Kollegiya ilk növbədə qeyd edir ki, iş materiallarından məlum olur ki, iddiaçının tələbinin hüquqi əsası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.6, 122-124-cü maddələri təşkil edir. Nəzərə alınmalıdır ki, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara o halda baxıla bilər ki, mübahisə olunan normativ xarakterli akt mövcud olsun və belə akt iddiaçının hüquqlarına toxunmuş olsun. İddia ərizəsinin məzmunundan iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qanunauyğunluğunun yoxlanılmasını tələb etdiyi aktın adını və tarixini müəyyən etmək mümkün deyildir. Hətta həmin akt mövcüd olsa belə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.3-cü maddəsinə əsasən normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: 4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1- 7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; 4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; 4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları; 4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları; 4.1.5. Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları; 4.1.6. yerli özünüidarə orqanlarının qərarları; 4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qəbul ediyi aktlar inzibati prossesual qanunvericilikdə qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddialar verilməsi üçün nəzərdə tutulmuş akt deyil. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddia kimi təqdim edilməməklə mümkünlük şərtlərini ödəmir və bu səbəbdən İddiaçı iddiası mümkün hesab edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2, 35-ci, 122, 122.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “aktın qanunauyğunluğunun yoxlanılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-3(103)-57/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-57/2025
16.12.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver