Məhkəmə qərarları › İş №2-3(103)-59/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-59/2024

27.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-59/2024 27.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “tələbin qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı MMC cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin İddiaçı MMC-yə olan 448,66 manat məbləğində borcunun Bankın kreditor tələbləri siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 21 oktyabr 2020-ci il tarixli CC********** saylı Xidmət müqaviləsinə əsasən Banka bağlamaların daşınması, çatdırılması xidməti göstərilmişdir. Sonuncuya xx.xx.2023cü il tarixli 063/10/23 nömrəli hesab-faktura ilə 448,66 manat məbləğində poçt xidməti göstərilmiş, lakin xidmətin haqqı ödənilməmişdir. Cavabdeh1 ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun 17 iyul 2024-cü il tarixli **********749 saylı məktubundan görünür ki, iddiaçının 448,66 manat məbləğində ödənilməmiş borcu Cavabdeh1 ASC-nin kreditor tələbləri siyahısına daxil edilməmişdir. Qanunvericiliyin və Xidmət müqaviləsinin tələbinə görə iddiaçının Cavabdeh1 ASC-də olan pul vəsaiti ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək iddianın qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Ləğv prosesində olan Cavabdeh1 ASC ilə Sizin aranızda bağlanmış xidmət müqaviləsinə əsasən sənədlərin və bağlamaların daşınma xidmətinin ödənilməsinə dair müraciətinizə Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər, bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində kreditor tərəfindən həmin tələbin hüquqi əsasını sübut edən sənədlər və digər məlumatların təqdim edilməsi əsasında ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına daxil edir. Tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində siyahı tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bildiririk ki, xx.xx.2012-ci il tarixli xidmət müqaviləsinə əsasən sənədlərin və bağlamaların daşınma xidməti üçün ödənilməmiş 448,66 manat məbləğində vəsait Banka qarşı kreditor tələbləri siyahısında öz əksini tapmamışdır. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun: 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. 76.2-ci maddəsinə əsasən tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: 76.2.1. kreditorun adı və ünvanı; 76.2.2. tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; 76.2.3. tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. 76.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərə aid tələblər üzrə iddia müddətinin axımını dayandırır. Bütün qalan tələblər üzrə iddia müddətinin axımı həmin tələblər qeydə alındıqda dayandırılır. Bütün tələblər üçün iddia müddətinin axımı həmin tələblərin bu Qanunun 87-ci maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır. 77.1. Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 77.2. Bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir. 77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Sadalanan qanunvericilik normalarından görünür ki, bank kreditorları qərarın dərc edildiyi gündən qanunla müəyyən edilmiş müddətə tələbini qeydə aldırmaq hüquqları vardır. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla müflis banka qarşı tələblər, bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində kreditor tərəfindən həmin tələbin hüquqi əsasını sübut edən sənədlər və digər məlumatların təqdim edilməsi əsasında ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Bundan başqa, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərizəsinə hüquqlarının pozulmasını əsaslandıran hər hansı dəlil əlavə etməmişdir. Eyni zamanda, iddiaçının hər hansı hüququnun pozulması halı işdən müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərindən də göründüyü kimi, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarda sadalanan halları nəzərə alaraq, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırki işin hallarından iddiaçının hüquqlarının və ya qanuni mənafelərinin pozulmasına əsas olmuş cavabdeh orqanın hər hansı hərəkət və ya hərəkətsizliyi müəyyən edilmədiyindən hazırki iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90, 94 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar