Məhkəmə qərarları › İş №2-3(103)-63/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-63/2024

10.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-63/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “imtinanın qanunsuz hesab edilməsi və sair” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “imtinanın qanunsuz hesab edilməsi və sair” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. “2024-cü il sentyabrın 1-ə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasına daxil olmuş 24 avqust 2024-cü il tarixli 02 saylı müraciətə baxılması barədə” Dairə Seçki Komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 nömrəli qərarı ilə 2024-cü il sentyabrın 1nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə deputatlığa qeydə alınmış namizəd İddiaçı 24 avqust 2024-cü il tarixli 02 saylı müraciəti əsassız olduğundan təmin edilməmişdir.

2. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 avqust 2024-cü il tarixli 32 saylı müraciətə baxılması barədə” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 avqust 2024-cü il tarixli 34/159 nömrəli qərarı ilə 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 27 avqust 2024-cü il tarixli 32 saylı müraciəti əsassız olduğundan təmin edilməmiş, həmin seçki dairəsi dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 saylı qərarı qüvvədə saxlanılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-58/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli, 20/74 saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayət əsasında həmin qərarın qüvvədə saxlanmasına dair Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 34/159 saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd X10 yol verdiyi pozuntulardan dolayı namizədliyinin ləğv edilməsi, adının seçki bülletenindən çıxarılması və ona verilmiş səslərin etibarsız hesab edilməsi, 31 saylı seçki dairəsinin səlahiyyətli şəxsləri barədə materialın toplanılması və araşdırılmanın aparılması barədə Azərbaycan Respublikasının Prokurorluğuna sənədlərin göndərilməsinə dair” iddiası təmin edilməmişdir.

4. İddiaçı 27 avqust 2024-cü il tarixdə 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyasına yazılı müraciət edərək bildirmişdir ki, ərizəyə əlavə olunmuş 31 saylı Suraxanı ikinci seçki dairəsinə aid 38 seçki məntəqələrinin hər birinin önündəki lövhələrdə yapışdırılmış çap materiallarında (posterlərdə) deputatlığa qeydə alınmış namizəd X1 çap təşviqat materiallarında Seçki Məcəlləsinin 87.3-cü və 87.5-ci maddələrinin tələblərinin pozulduğunu, bunu nəzərə alaraq Seçki Məcəlləsinin 87.9-cu maddəsi ilə nəzərdə tutulan tədbirlərin görülməsini xahiş etmişdir.

5. Dairə seçki komissiyasının 28 avqust 2024-cü il tarixli 21/77 saylı qərarı ilə iddiaçının müraciətinin araşdırılması mümkünsüz hesab edildiyindən təmin edilməmişdir.

6. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 31 avqust 2024-cü il tarixli, 3-11/2-M-xx-xx/2024 nömrəli 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı ünvanlanmış məktubunda göstərilmişdir ki, “sizin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığınız 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə digər qeydə alınmış namizəd tərəfindən seçkiqabağı çap təşviqat materiallarına dair tələblərin pozulması iddia olunan 29 avqust 2024-cü il tarixli, 3-11/1-Mxx-xx/2024 saylı müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, eyni məzmunlu 27 avqust 2024-cü il tarixli 32 saylı müraciətiniz və həmin müraciətlə mübahisələndirdiyiniz dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 saylı X22 Komissiyasında araşdırılmış, Komissiyanın sizin də iştirak etdiyiniz 28 avqust 2024-cü il tarixli iclasının 34/159 saylı Qərarı ilə müraciətiniz əsassız olduğundan təmin edilməmişdir.”

TƏRƏFLƏRİN ƏSASLANDİRMASİ

a) İddiaçının əsaslandırması:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 3 П/2-М-xx-xx/2024 saylı məktubla şikayətinin araşdırılmasından və təmin edilməsindən imtinasının qanunsuz hesab edilməsi və 31 saylı Suraxanı ikinci seçki dairəsindən qeydə alınmış deputatlığa namizəd X10 barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 87.9-cu maddəsi ilə nəzərdə tutulan tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə 31 saylı Suraxanı İİ seçki dairəsinə ərizə ilə müraciət edərək deputatlığa qeydə alınmış namizəd X1 çap təşviqat materiallarında (posterlərdə) Seçki Məcəlləsinin 87.3 və 87.5 maddələrinin tələblərinin pozulduğunu və bunu nəzərə alaraq Seçki Məcəlləsinin 87.9 maddəsi ilə nəzərdə tutulan tədbirləri görülməsini xahiş etmişdir. Həmin müraciətinə sübut kimi 31 saylı Suraxanı İİ seçki dairəsinin 38 seçki məntəqəsinin hər birinin önündəki lövhələrə Q.M.Məmmədovun yapışdırılmış posterlərinin fotoşəkillərini əlavə etmişdir. Əsaslı sübutların olmasına baxmayaraq dairə sədri İlham Bayramov xx.xx.2024-cü il tarixində saat 16:30 olsa da, iş vaxtının bitdiyini bəhanə edərək ərizəsini qəbul etməmişdir. Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə zəng edib qeydiyyata aldırdıqdan sonra sabahısı gün - xx.xx.2024-cü il tarixdə ərizəsi xeyli mübahisədən sonra qəbul edilmişdir. 31 saylı Suraxanı İİ DSK-nın sədrinin niyə vaxtı uzatdığı ona DSK-nın inzibati binasından çıxandan sonra məlum olmuşdur. 26 avqustdan 27 avqusta keçən gecə namizəd Q.M.Məmmədovun qanun pozuntusu ilə hazırlanmış və lövhələrə vurulmuş çap təşviqat materialları (posterləri) gecə ilə yeniləri ilə dəyişdirilmişdir. Belə ki, köhnə posterlər qoparılıb, üzərindən təzələri yapışdırılmışdır. Bu isə Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 17.6.1, 17.6.3-cü, 32.2.4-cü maddələrinin pozuntusudur. Faktiki vəziyyət onu göstərir ki, 31 saylı Suraxanı ikinci DSK Qaya Məmmədovun vəkilliyini etmişdir. Lakin bütün bunlara baxmayaraq 31 saylı Suraxanı ikinci seçki dairəsinin Dairə Seçki Komissiyası özünün xx.xx.2024-cü il tarixli, 21/77 saylı qərarı ilə onun şikayətinin araşdırılmasından imtina etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, guya onlar əvvəlki şikayətində bu pozuntuya baxmışlar. Bundan sonra 31 saylı Suraxanı ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 21/77 saylı Qərarının ləğv olunması və ərizəsinə təqdim etdiyi sübutlar əsasında, mahiyyəti üzrə yenidən baxılması, namizəd X10 barəsində qanuna uyğun qərar qəbul edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına şikayət vermişdir. Mərkəzi Seçki Komissiyası xx.xx.2024-cü il tarixli, 3-11/2-M-xx-xx/2024 saylı məktubu ilə ona cavab verərək 31 saylı Suraxanı ikinci seçki dairəsi Dairə Seçki Komissiyası kimi onun şikayətinin araşdırılmasından və təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, şikayətinin araşdırılmasından imtina ilə bağlı həm 31 saylı Suraxanı ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 21/77 saylı qərarı, həm də Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 3- 11/2-M-xx-xx/2024 saylı məktubu qanunsuz və əsassızdır. Belə ki, əvvəlki şikayəti seçicilərə əlbəəl paylanan, mənzillərin qapılarına taxılan kiçik ölçülü flayerlərdə olan qanun pozuntuları ilə bağlı idi. İndiki şikayəti isə, seçkiqabağı təşviqat lövhələrinə yapışdırılan, reklam üçün ayrılan və ya müxtəlif razılaşdırılmış yerlərə vurulan böyük ölçülü posterlərdəki qanun pozuntuları ilə bağlıdır. Həm flayerlər, həm də posterlər ümumilikdə seçkiqabağı təşviqat materialı olsa da, mahiyyət və məzmunca ayrı-ayrı təşviqat materiallarıdır. Flayer və posterlərin fərqini Dairə Seçki Komissiyasının bütün üzvləri sözsüz ki, yaxşı bilirlər və onların hər iki təşviqat materialındakı qanun pozuntusunun bir hal kimi qəbul etmələri əslində şikayətinə mahiyyəti üzrə baxılmasından yayınmaq və qanun pozuntusuna yol vermiş deputatlığa namizəd X10 xeyrinə birtərəfli mövqe nümayiş etdirməkdir.

b) Cavabdehin etirazı:

9. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

c) Tərəflərin məhkəmə iclasında izahatları:

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin dəlillərinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, flayer və posterlər həm Dairə Seçki Komissiyasına, həm də Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur. Orada arayışlar var ki, şəxs müqavilə bağlamış və pulunu da ödəmişdir. Bunlar adi rekvizitlərdir, bu seçicilərə təsir etmir. MSK-nın iclasında iddiaçı özü də iştirak etmişdir. Ümumiyyətlə, MSK hər-hansı pozuntu görərsə, özü bunu aradan qaldırır. Seçki Məcəlləsində flayer və poster anlayışları yoxdur, bu çap təşviqat materiallarıdır. İddia bir dəfə məhkəmə baxışının predmeti olduğundan iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

13. Azərbaycan Respublikasının Seçki Məcəlləsi

Maddə 74.1. Seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır. Seçkiqabağı və referendumqabağı təşviqat (bundan sonra seçkiqabağı təşviqatın) aparmaq hüququna aşağıdakılar malikdirlər: ...74.1.2. Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər. Maddə 74.2. Seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər: ...74.2.3. çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə. Maddə 87.1. Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qanunla müəyyənləşdirilmiş qaydada çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarını buraxmaq hüququna malikdirlər. Maddə 87.2. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) dərc edildiyi günədək təsisçiləri (həmtəsisçiləri) dövlət orqanları və ya bələdiyyə qurumları, təşkilatları və idarələri olan, reklam xidmətləri göstərən təşkilatlar dövlət hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının ayırdıqları vəsait hesabına müvafiq seçki dairələri üzrə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün bərabər şərait yaratmalıdırlar. Maddə 87.3. Seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır. Maddə 87.5. Seçkiqabağı təşviqat materiallarının bu Məcəllənin 87.3-87.4-cü maddələrinin tələblərini pozmaqla yayılması qadağandır. Maddə 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Maddə 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Maddə 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Maddə 112.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 130.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarı

MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia mümkün sayılmamalıdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakıları qeyd etməyi zəruri sayır.

18. Hazırki iş üzrə tələbin irəli sürülməsində iddiaçının əsas məqsədi “deputatlığa qeydə alınmış namizəd X1 çap təşviqat materiallarında Seçki Məcəlləsinin 87.3-cü və 87.5-ci maddələrinin tələblərinin pozuntusunun müəyyən edilməsi və Seçki Məcəlləsinin 87.9-cu maddəsi ilə nəzərdə tutulan tədbirlərin görülməsi” barədədir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-58/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli, 20/74 saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayət əsasında həmin qərarın qüvvədə saxlanmasına dair Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 34/159 saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd X10 yol verdiyi pozuntulardan dolayı namizədliyinin ləğv edilməsi, adının seçki bülletenindən çıxarılması və ona verilmiş səslərin etibarsız hesab edilməsi, 31 saylı seçki dairəsinin səlahiyyətli şəxsləri barədə materialın toplanılması və araşdırılmanın aparılması barədə Azərbaycan Respublikasının Prokurorluğuna sənədlərin göndərilməsi” barədə iddiası təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsinə minmişdir.

20. Qanuni qüvvəsini almış qərarla müəyyən edilmiş işin faktiki halları aşağıda qeyd edilənlərdən ibarət olmuşdur.

21. 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 2024-cü il avqustun 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 saylı qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini və həmin seçki dairəsi üzrə digər qeydə alınmış namizədin seçkiqabağı təşviqatın aparılması zamanı qanun pozuntularına yol verdiyini iddia edərək, onun barəsində qanunauyğun tədbirlərin görülməsini xahiş etmişdir.

22. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Araşdırma zamanı ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

23. Müraciətin araşdırılması ilə əlaqədar 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının sədrindən, katiblərindən, üzvündən və dairə seçki komissiyası katibliyinin baş məsləhətçisindən izahatlar alınmışdır. 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri X9 izahatında bildirmişdir ki, 2024-cü ilin sentyabrın 1-nə təyin olunmuş Azərbyacan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd X2 təşviqat materiallarını, o cümlədən kiçik həcmli çap təşviqat materiallarını adıçəkilən dairə seçki komisssiyasının katiblərinin, komisssiyanın nəzdində yaradılmış ekspert qrupu üzvlərinin və katibliyin baş məsləhətçisinin iştirakı ilə onun iş otağında komissiyaya təqdim etmişdir, Q.M.Məmmədovun təqdim etdiyi sözügedən seçkiqabağı çap təşviqat materiallarının nüsxələri Seçki Məcəlləsinin 87.3-cü maddəsinin tələblərinə tam cavab verir. 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının katibi X5, 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının katibi X11, həmin dairə seçki komissiyasının üzvü X12 və həmin dairə seçki komissiyasının katibliyinin baş məsləhətçisi X6 eyni məzmunlu izahat verərək, Q.M.Məmmədovun seçki qanunvericiliyinin tələblərinə tam uyğun olaraq çap olunmuş seçkiqabağı təşviqat materiallarının surətlərini (nüsxələrini) və digər zəruri məlumatları qanunvericiliklə müəyyən olunmuş müddətdə dairə seçki komissiyasına təqdim etdiyini təsdiq etmişlər.

24. 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasında tərtib olunmuş aktdan görünür ki, iddiaçının iştirakı ilə araşdırma aparılmış, namizəd Q.M.Məmmədov tərəfindən dairə seçki komissiyasına təqdim edilən təşviqat materiallarının surətlərində (nüsxələrində) olan məlumatlar ona göstərilmiş və o, sifarişçinin adı, materialı hazırlayan təşkilatın adı, materialın tirajı və buraxılış tarixi barədə məlumatları əyani görərək razılaşmış, ondan bu gördüklərinə dair komissiyaya yazılı məlumat təqdim edilməsi istənilmiş, lakın o, "hüquqşünasla məsləhətləşim sonra” deyərək komissiyanın inzibati binasını tərk etmişdir.

25. Araşdırma prosesində qeydə alınmış namizəd Q.M.Məmmədovun seçkiqabağı təşviqat materiallarının çap olunduğu mətbəəyə göndərilən sorğuya cavab olaraq verilmiş 28 avqust 2024-cü il tarixli arayışda Q.M.Məmmədovun sifarişi ilə hazırlanmış seçkiqabağı çap təşviqat materiallarının üzərində müvafiq rekvizitlər (materialları sifariş edənin, hazırlayan təşkilatın adı, tirajı və buraxılış tarixi) göstərilməklə 9 avqust 2024-cü il tarixdə çap edilərək sifarişçiyə təhvil verildiyi göstərilmiş, eyni zamanda təqdim olunmuş müvafiq hesab-fakturalar əsasında həmin çap təşviqat materiallarının dəyərinin ödənildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 3 ədəd flayerin isə qeydə alınmış namizəd Q.M.Məmmədov tərəfindən çap etdirilərək seçkiqabağı təşviqat kampaniyasında istifadə olunması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır.

26. Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qeydə alınmış namizəd Q.M.Məmmədova aid seçkiqabağı çap təşviqat materiallarının Seçki Məcəlləsinin 87.3-cü maddəsinin tələblərinə uyğun olaraq çap edildiyi 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qruplarının rəyləri ilə, habelə iş materiallarında olan və məhkəmə iclasında araşdırılmış digər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 27 avqust 2024-cü il tarixli 32 saylı müraciətinin əsassız olduğundan təmin edilməməsi və həmin seçki dairəsi dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 saylı qərarı qüvvədə saxlanılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 avqust 2024-cü il tarixli 34/159 nömrəli qərarı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul olunmuşdur.

27. Hazırki iddiasında iddiaçı eyni cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 3 П/2-М-41 13/2024 saylı məktubla şikayətinin araşdırılmasından və təmin edilməsindən imtinasının qanunsuz hesab edilməsi və 31 saylı Suraxanı ikinci seçki dairəsindən qeydə alınmış deputatlığa namizəd X10 barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 87.9-cu maddəsi ilə nəzərdə tutulan tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilməsi”ni xahiş etmişdir.

28. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, dairə seçki komissiyasının 28 avqust 2024-cü il tarixli qərarı ilə iddiaçının müraciəti təmin edilməyərək onunla əsaslandırılmışdır ki, təqdim etdiyi 27 avqust 2024-cü il tarixli 03 saylı şikayət ərizəsi xx.xx.2024-cü il tarixli 02 saylı şikayət ərizəsi ilə mahiyyət etibarı ilə eynilik təşkil edir. İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının nəzdində yaradılan ekspert qrupu tərəfindən əvvəlcədən baxılaraq 20/74 saylı qərar qəbul edildiyindən 27 avqust 2024-cü il tarixli 03 saylı müraciətin araşdırılması mümkünsüz hesab edilməlidir.

29. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin dairə seçki komissiyasının 28 avqust 2024-cü il tarixli qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini və həmin seçki dairəsi üzrə digər qeydə alınmış namizədin seçkiqabağı təşviqatın aparılması zamanı qanun pozuntularına yol verdiyini iddia edərək, onun barəsində qanunauyğun tədbirlərin görülməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 31 avqust 2024-cü il tarixli, 3-11/2-M-xx-xx/2024 nömrəli məktubu ilə ona bildirilmişdir ki ki, eyni məzmunlu 27 avqust 2024-cü il tarixli 32 saylı müraciəti və həmin müraciətlə mübahisələndirdiyi dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 saylı X22 Komissiyasında araşdırılmış, Komissiyanın iddiaçının da iştirak etdiyi 28 avqust 2024-cü il tarixli iclasının 34/159 saylı Qərarı ilə müraciəti əsassız olduğundan təmin edilməmişdir.

30. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

32. İddiaçının dəlillərinə görə “əvvəlki şikayəti seçicilərə əlbəəl paylanan, mənzillərin qapılarına taxılan kiçik ölçülü flayerlərdə olan qanun pozuntuları ilə bağlı idi. İndiki şikayəti isə, seçkiqabağı təşviqat lövhələrinə yapışdırılan, reklam üçün ayrılan və ya müxtəlif razılaşdırılmış yerlərə vurulan böyük ölçülü posterlərdəki qanun pozuntuları ilə bağlıdır. Həm flayerlər, həm də posterlər ümumilikdə seçkiqabağı təşviqat materialı olsa da, mahiyyət və məzmunca ayrı-ayrı təşviqat materiallarıdır.”

33. İddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Seçki Məcəlləsinin 74.2.-74.2.3.-cü maddələrinə görə seçkiqabağı təşviqatın çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə aparılması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 87.1.-ci maddəsində isə qeydə alınmış namizədlərin (namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qruplarının) qanunla müəyyənləşdirilmiş qaydada çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarını buraxmaq hüququ əks olunmuşdur. Göründüyü kimi Seçki Məcəlləsi seçkiqabağı təşviqat materiallarını növ üzrə (flayer, poster və s.) ayırmamaqla onların ayrı-ayrılıqda məhkəmədə müdafiəsi də nəzərdə tutulmamışdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, qeydə alınmış namizəd Q.M.Məmmədova aid seçkiqabağı çap təşviqat materiallarının Seçki Məcəlləsinin 87.3-cü maddəsinin tələblərinə uyğun olaraq çap edildiyi 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qruplarının rəyləri ilə, habelə iş materiallarında olan və məhkəmə iclasında araşdırılmış digər sübutlarla öz təsdiqini tapması barədə qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmasına baxmayaraq, iddiaçının eyni məsələ ilə əlaqədar (çap təşviqat materiallarının növünə dair) təkrarən yenidən məhkəməyə müraciət etməsi ilə bağlı hərəkətlərinə qanunun ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər.

35. Halbuki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

36. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyinə görə “preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir... Hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.

37. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

38. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-58/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı da yekun məhkəmə aktı hesab olunur.

39. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddia mümkün sayılmamalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35, 68.1-ci, 68.2-ci, 78, 130.1-ci-130.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddia təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Mirzə Tağızadə Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar