Məhkəmə qərarları › İş №2-3(103)-65/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-65/2024

12.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-65/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə (Açar sözlər: “qərarın qismən ləğv edilməsi, təmin olunmayan hissədə şikayətin təmin edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Cahangir Afər oğlu Yusifov (sədrlik edən və məruzəçi), Günel Məhərrəm qızı Abbasova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ağazadə Nüsrət Qasım oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarş qərarın qismən ləğv edilələr həmin hissədə şikayətin təmin edilməsi və dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsi tələbinə dair” inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (“MSK”) qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin qərarının (N 40/201; xx.xx.2024) qismən ləğv edilərək, şikayətinin təmin olunmayan hissədə təmin edilməsini (78 saylı Lənkəran kənd seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsini) məhkəmədən xahiş etmişdir.

İİ. Tərəflərin əsaslandırması

İddiaçının əsaslandırması:

1. 01 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə seçkilər keçirilmişdir. O da həmin seçkilərdə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə deputatlığa namizəd kimi iştirak etmişdir. 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə məntəqələrdə səsvermə keçirilərkən bir çox qanun pozuntularına yol verilmişdir.

2. Bu barədə Mərkəzi Seçki Komissiyasına şikayət ərizəsi ilə müraciət etmiş, lakin şikayəti müxtəlif bəhanələrlə əsassız olaraq təmin olunmamışdır.

3. Həmin seçki dairəsi üzrə onun məşvərətçi səs hüququna malik üzv kimi təyin etdiyi X1 dairəsinə buraxılmamış və protokola rəy bildirilməsinə şərait yaradılmamış, əlavə olaraq, seçki dairəsi üzrə 2, 33, 39, 42, 49 saylı məntəqələrdə quraşdırılmış video-kameralarla seçki bitdikdən sonrakı anlar müşahidə edildikdə aşkar olunur ki, səslərin hesablanması üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmuşdur.”

İİİ. İddianın mümkünlüyü.

İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsi İPM-in 35.1-ci və 46.1-46.2-ci maddələrinin tələblərinə müvafiq tərtib olunmuşdur. İddia mümkündür.

İV. Cavabdehin etirazı:

Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. V.Tərəflərin məhkəmə iclasında izahatları:

1. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi B.Əsgərov iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının şikayəti MSK-ya daxil oduqdan sonra ekspert qrupu tərəfindən ətraflı araşdırma aparılmış, şəxsən onun özü tərəfindən iddiaçı ilə birlikdə sonuncunun təqdim etdiyi videogörüntülər üzrə mübahisələndirilən seçki məntəqələrində baş verən hallar araşdırılmış və aşkar olunan hallar MSK-da təhlil olunmuş və araşdırma nəticəsi olaraq yalnız 29 və 32 saylı seçki məntəqələrində qanun pozuntularına yol verildiyi öz təsdiqini tapmış və MSK-nın qərarı ilə iddiaçının şikayəti qismən təmin olunaraq həmin məntəqələr üzrə seçkilərin nəticələri ləğv edilmişdir. Əlavə olaraq nümayəndə bildirmişdir ki, hətta iddiaçının mübahisələndirdiyi 2, 33, 39, 42, 49 saylı seçki məntəqələrinin nəticələri etibarsız hesab olunsa belə, bu, seçki dairəsi üzrə məntəqələrinin 2/5 hisssini təşkil etmir. Belə olan halda da Seçki Məcəlləsinin 170-ci maddəsinin tələblərinə görə dairə üzrə seçkilərin nəticələrinin etibarsızlğına və ya ləğvinə əsas ola bilməz.

Vİ. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizəsi ilə apellyasiya instansiyası məhkəmələrinə müraciətə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada yol verilir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

Vİİ. Məhkəmənin mövqeyi

1. Məhkəmə kollegiyası tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir.

2. İş materiallarına əsasən müəyyən olunur ki, 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış İddiaçı, 2024-cü il sentyabr ayının 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin həmin dairə üzrə səsvermənin nəticələrindən narazı qalaraq, şikayət ərizəsi ilə dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyasının 06 sentyabr 2024-cü il tarixli qərarı ilə onun şikayəti təmin olunmamış, həmın qərardan MSK-ya verdiyi şikayətinə isə sonuncu tərəfindən xx.xx.2024-ci il tarixdə baxılaraq, qismən təmin olunaraq seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmiş və dairə seçki komissiyasının 4 sentyabr 2024-cü il tarixli 23/83 saylı qərarı, 29 və 32 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilmiş, digər hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçının şikayəti ilə bağlı MSK-nın N 40/201; xx.xx.2024-cü il tarixli qərarından və iddiaçının şikayəti üzrə toplanmış qovluq sənədlərindən aydın olur ki, iddiaçının şikayətinə seçki qanunvericliyin tələblərinə uyğun baxılmış və əsaslandırılmış qərar qəbul olunmuşdur.

4. Belə ki, şikayət MSK-ya daxil olduqdan sonra, ekspert qrupu tərəfindən araşdırma prosesinə başlanılmış, şikayətçinin iştirakı təmin olunmaqla, onun təqdim etdiyi video materiallar da daxil olmaqla, mübahisələndirilən seçki məntəqələrində səsvermənin nəticələrini əks etdirən protokollara baxış keçirilmiş, həmin dairə üzrə qeydə alınmış iki namizəddən, habelə, seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müxtəlif namizədləri, siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən müşahidəçilərdən, eləcə də həmin məntəqə seçki komissiyasının üzvlərindən izahatlar alınmış, nəticədə müəyyən olunmuşdur ki, seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla, iddiaçı tətərəfindən mübahisələndirilən digər seçki məntəqələrində seçkilərin nəticələrinin etibarsızlığına əsas verən qanun pozuntuları aşkar edilməmişdir.

5. Sözügedən 29 və 32 saylı iki seçki məntəqələrinə gəldikdə həmin seçki məntəqələrində aşkar edilmiş səsvermənin nəticələrinə dair protokollarda fərqlər və seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmayan sair pozuntular öz təsdiqini tapdığından, yalnız həmin məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasına əsaslar kimi qəbul edilmişdir.

6. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 170.2-ci maddəsi isə nəzərdə tutur ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin. 170.2.3 məhkəmənin qərarı əsasında.

7. Beləliklə də, məhkəmə tədqiqatı ilə iş materiallarına əsasən seçki dairəsinin mübahisələndirilən digər məntəqələri üzrə səsvermə proseslərində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində səçicilərin iradəsinə, seçkilərin nəticəsinə təsir edə biləcək halların, başqa sözlə, Sçki Məcəlləsinin 170.2.1-170.2.2-ci maddələrində göstərilən halların mövcudluğu müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən haqlı olaraq mübahisələndirilən digər seçki məntəqələrinə münasibətdə iddiaçının şikayəti təmin olunmamışdır.

8. İddia ərizəsinə əlavə olunmuş elektron daşıyıcıdakı video-görüntülərlə bağlı məhkəmə kollegiyası əlavə olaraq onu qeyd edir ki, həmin həmin videogörüntülərin mötəbər sübutetmə vasitələri kimi qiymətləndirilməsi istisna edilir : Birincisi ona görə ki, Seçki Məcəlləsinin 42.5-ci maddəsinin tələbinə görə müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini Mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir. İkincisi, həmin audio-video görüntülərdə təsbit olunan pozuntu halları natamamlıq təşkil edir, səslərin sayılmasını şübhə altına ala biləcək əsaslı və konkret məqamalar görünmür, habelə anında həmin pozuntuların aradan qaldırılması istiqamətində müvafiq şikayət ərizələri ilə dairə seçki komissiyasına müraciətlərin mövcudluğu da müəyyən edilmir.

9. Beləliklə də, İPM-in 14.1-ci maddəsinin tələbi baxımından, cavabdehin 11 sentyabr 2024-ci il tarixli N 40/201 saylı qərarının - iddiaçının şikayətinin təmin olunmayan hissəsində əsassız olduğu öz təsdiqini tapmır. Əksinə, həmin hissədə qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, qərar həmin hissəsədə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz.

10. İPM-in 70.1-ci maddəsinin tələbindən də məhz görünür ki, məhkəmə o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulmuş olsun.

11. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının, cavabdehin qərarının onun şikayətinin təmin olunmayan hissəsində qanunsuz və əsassız olduğunu iddia etdiyi dəlilləri ilə razılaşmır və yekunda belə qənatə gəlir ki, onun iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməlidir.

12. İPM-in 130.5-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.

13. Qeyd edilənlərə əsasən və Seçki Məcəlləsinin 112 və 112-1 və İPM-in 68, 69 və 130cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qəraraaldı:

İddiaçı, 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə deputatlığa namizəd İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar