Məhkəmə qərarları › İş №2-3(103)-71/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-71/2024

16.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-71/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə QƏRAR (Açar sözlər: “qərarın ləğv edilməsi və sair”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Kamran Hüseyn oğlu Əkbərov (sədrlik edən və məruzəçi), Mirzə Nəsib oğlu Tağızadə və X4 ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “qərarın və məntəqələr üzrə nəticələrin ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 120 saylı X1 80,81,83 və 84 saylı seçki məntəqələrinin təşkili və dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/89 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbir görülməsini xahiş etmişdir.

2. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 78 saylı müraciətə baxılması barədə” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli 42/212 nömrəli qərarı ilə 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024cü il tarixli 78 saylı müraciəti əsassız olduğundan təmin edilməmiş, həmin dairə seçki komissiyasının 08 sentyabr 2024-cü il tarixli 30/89 saylı qərarı qüvvədə saxlanılmışdır.

3. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü X17 Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 78 saylı müraciət üzrə” 13 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 10 sentyabr 2024-cü il tarixli 78 saylı müraciətinin əsassız olduğundan təmin edilməməsi, həmin seçki dairəsi üzrə dairə seçki komissiyasının 08 sentyabr 2024-cü il tarixli 30/89 saylı qərarının qüvvədə saxlanılması barədə rəy verilmişdir.

4. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə dairə seçki komissiyasına daxil olmuş 06 sentyabr 2024-cü il tarixli 46 saylı müraciətə baxılması barədə” Dairə Seçki Komissiyasının 08 sentyabr 2024-cü il tarixli 30/89 nömrəli qərarı ilə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə deputatlığa qeydə alınmış namizəd İddiaçı 46 saylı müraciəti əsassız olduğundan təmin edilməmişdir.

5. “2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahovun ünvanına daxil olmuş 120 saylı X5 Komissiyasında namizədliyi qeydə alınmış X2 şikayət xarakterli müraciəti barədə Dairə Seçki Komissiyasının ekspert qrupunun araşdırması barədə rəydən görünür ki, araşdırma zamanı seçki məntəqələrindən qəbul olunan yekun protokolu və digər sənədləri qəbul edərkən heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. İİ. Tərəflərin əsaslandırması

1. İddiaçının əsaslandırması:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd olunan halların müvafiq qaydada araşdırılmasını və qanun pozuntusu olduğu təqdirdə AR MSK-nın 13 sentyabr 2024-cü il tarixli qərarını ləğv edərək, 01 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilər üzrə 120 saylı Cəbrayıl - Qubadlı DSK-nın 80, 81, 83 və 84 saylı məntəqələr üzrə nəticələrin (hesablanmış səslərin) ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, AR Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizəd kimi seçkilərdə iştirak etmiş və MSK-nın 01 sentyabr 2024-cü il tarixli ilkin rəsmi açıqlamasına və 02 sentyabr 2024-cü il tarixdə MSK- nın rəsmi internet səhifəsində dərc edilən məlumata (dairə seçki komissiyasının protokollar əsasında toplanmış səslər barədə) əsasən həmin dairə üzrə namizəd Ceyhun Məmmədov 21022 (iyirmi bir min iyirmi iki) səs toplamaqla qalib olmuşdur. Tərəfindən 120 saylı Cəbrayıl -Qubadlı DSK-na 80, 81,83 və 84 saylı məntəqələr üzrə hesablanmış səslərin etibarsızlığına dəlalət edən şübhələrin, o cümlədən, DSK tərəfindən qanun pozuntularının olması barədə şikayət ərizəsi ilə müraciət edilmiş 08 sentyabr 2024-cü il tarixli qərarla şikayətin təmin edilməməsi qərara alınmışdır. AR MSK isə öz növbəsində 13 sentyabr 2024-cü il tarixli müvafiq qərarı ilə 08 sentyabr 2024-cü il tarixli 30/89 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Hesab edir ki, sözügedən qərarlar məhkəmə qaydasında ləğv edilməli və şikayətinin təmin edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. İlkin olaraq bildirir ki, AR MSK-nın rəsmi internet səhifələrində yerləşdirilmiş müvafiq sənədlərdən, o cümlədən saytda təchiz edilmiş müvafiq axtarış sistemlərindən müəyyən olunur ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə cəmi 82 (səksən iki) məntəqə vardır. Lakin, 01 sentyabr 2024-cü ildə MSK rəsmi açıqlamasında həmin dairə üzrə 84 (səksən dörd) dairənin olduğunu qeyd edir və 02 sentyabr 2024-cü il tarixdə həmin məntəqələr üzrə (83 və 84 saylı) ümumilikdə 1820 seçicidən 1579 seçicinin seçkilərdə iştirak edərək, Ceyhun Məmmədova səs verilməsi barədə məlumatlar ictimaiyyətə açıqlanır (protokollar əsasında). Hesab edir ki, qeyd olunanlarla əlaqədar namizədlərin səslərinin hesablanması zamanı kifayət qədər pozuntulara yol verilmiş və sözügedən dairənin üzvlərinin qərəzli hərəkətləri ilə seçki nəticələri saxtalaşdırılmışdır. Ona görə ki, 83 və 84 saylı məntəqələrin yaradılmasına dair nə DSK, nə də ki, MSK qərarını lazımi qaydada dərc etdirməmiş və bu barədə ictimaiyyət, o cümlədən, namizədlər qərəzli olaraq hər hansı bir formada məlumatlandırılmamışlar. Qeyd olunanlardan göründüyü kimi, DSK-nın 83 və 84 saylı məntəqələrin yaradılmasına dair qərarı başlıca olaraq, namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin və digər əlaqədar şəxslərin nəzərinə çatdırılması, məlumatlandırılması məqsədi ilə dərc edilməli yəni, adı çəkilən subyektlərin həmin qərarlarla tanış olmasını mümkün edən üsullarla nəzərlərinə çatdırılmalı idi, ona görə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq normalarına əsasən, namizədlərin həmin məntəqələrdə təbliğat və təşviqat aparılması, orada onların müşahidəçilərinin yerləşdirilməsi (bu barədə müvafiq olaraq ərizələri təqdim edilməsi və s.) hüquqları nəzərdə tutulmuşdur. Lakin DSK tərəfindən sözügedən subyektlərin yuxarıda qeyd edildiyi formada qərəzli olaraq məlumatlandırılmamaları həmin şəxslərin, ələlxüsus da namizədlərin hüquqlarının pozulması ilə nəticələnmiş kimi qəbul edilməlidir, dolayısı ilə həmin məntəqələrdəki səsvermə nəticələrinin etibarlılığına kölgə salmış olur. Əlavə olaraq, qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanı və internet saytı vardır və 120 saylı seçki dairəsi üzrə 82 məntəqənin olmasını, o cümlədən, həmin məntəqələrin Azərbaycan Respublikasının demək olar bütün rayonlarında paylanması təbliğat və təşviqat ərəfəsində komissiyalar tərəfindən qəbul edilmiş qərarlarla fiziki cəhətdən yalnız internet üzərindən tanış olunmasının mümkün olması nəzərə alınmalıdır. Həmçinin, vurğulayır ki, 83 və 84 saylı məntəqələrin seçicilərinə təbliğat və təşviqat aparılması üçün hər hansı açıq və ya qapalı məkan nəzərdə tutulmamışdır. Bunu MSK-nın rəsmi internet səhifəsindən təqdim edilən çıxarışlardan (açıq və qapalı məkanlara dair məlumatlar) müəyyən etmək mümkündür. Həmçinin, mübahisələndirilən qərarlarda DSK və MSK yeni məntəqələrin yaradılmasına dair qərarın hansı formada dərc edilməsini, o cümlədən, dərc edilməsinə dair hər hansı sübutun mövcudluğundan bəhs etməmiş, sadəcə öz qərarını formal olaraq əsaslandırmaqla kifayətlənmişdir. Əlavə olaraq, Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazilərində yaradılmış 80 və 81 saylı seçki məntəqələrində ümumilikdə müvafiq olaraq 681 və 233 səs toplanıldığı və bunlardan müvafiq olaraq, 434 və 144 səsin Ceyhun Məmmədova verildiyi qeyd olunmuşdur. Ümumiyyətlə həmin səs verən şəxslər kim olması, onların işğaldan azad edilmiş ərazilərdə necə səs verməsi, həmin şəxslərin ümumiyyətlə harada yaşaması barədə hər hansı məlumat yoxdur. Belə ki, Cəbrayıl rayonuna işğaldan sonra hər hansı formada insanların köçürülməsi həyata keçirilməmişdir, belə olan halda həmin məntəqələrdə səs verən ümumilikdə 914 seçici olmuşdur. Həmçinin, 80 və 81 saylı məntəqələr işğaldan azad olunmuş ərazilərdə yerləşdiyindən həmin ərazilərə müvafiq qaydada elektron portaldan qeydiyyatdan keçilməsi və razılıq alınması nəzərdə tutulmuşdur. Qeyd olunan prosedura əməl edilmədən həmin ərazilərə vətəndaşlar buraxıla bilməz (sözügedən məntəqələrdə səs verən seçicilərin müvafiq portaldan qeydiyyatdan keçib-keçməmələri barədə məlumatların əldə edilməsi məqsədi ilə aidiyyəti orqana (təşkilata) məhkəmə sorğusu verilməsinə dair məhkəməyə tərəfimdən vəsatət ərizəyə əlavə edilir). Göründüyü kimi, 120 saylı Cəbrayıl -Qubadlı seçki dairəsi üzrə 80, 81, 83 və 84 saylı məntəqələrində hesablanmış səslərin etibarlı olmasına kifayət qədər şübhələr vardır, ona görə ki, AR SM-nin yuxarıda sadalanan normalarının tələbləri kobud surətdə pozulmuşdur və qeyd olunan halların araşdırılması üçün namizəd kimi müstəqil olaraq müvafiq sənədləri əldə etməyi qeyri-mümkündür. Bu halları MSK-na ünvanladığı şikayət ərizəsində, həmçinin, ekspert qrupunun üzvü ilə telefon vasitəsi ilə danışarkən bildirməsinə baxmayaraq, MSK həmin halların araşdırılmasından yayınmışdır və hazırda bu məsələlərin araşdırılması üçün tərəfimdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.

2. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

3. Tərəflərin məhkəmə iclasında izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin dəlillərinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı əlavə olaraq izahatında işğaldan azad olunmuş 80 və 81 saylı seçki məntəqələrdə 95%-dən artıq səs verildiyini, məhz həmin məntəqələr üzrə seçici siyahılarının lazım olduğunu, 83 və 84 saylı seçki məntəqələrinin yaradılması barədə məlumatının olmadığını, Azərbaycan Respublikası MSK-nın internet səhifəsinə hər gün baxsa da, bu barədə hər hansı məlumat dərc edilmədiyini, lakin sonradan bu barədə qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İzahatında həmçinin Azərbaycan Respublikası MSK-nın internet səhifəsində 83 və 84 saylı seçki məntəqələrinin yaradılması barədə məlumat olmasa da, bu barədə qərarın DSK-nın binasının məlumat lövhəsində dərc edildiyini, bu barədə məktubun olduğunu, bunun mötəbər sübut hesab edildiyini, Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq həmin seçki məntəqələrinin seçki gününə azı 5 gün qalmışadək yaradıldığını bildirmişdir.

İİİ. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: 25.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir: 25.2.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir; 35.1. Səsvermənin keçirilməsi və səslərin hesablanması məqsədi ilə bələdiyyə qurumlarının ərazilərində qeydə alınmış seçicilərin sayı nəzərə alınmaqla hər beş ildən bir seçki (referendum) məntəqələri (bundan sonra — seçki məntəqələri) yaradılır. Bu Məcəllənin 35.3.1-ci maddəsinin tələblərinə riayət olunmasının təmin edilməsi məqsədi ilə ayrı-ayrı seçki məntəqələri yuxarıda göstərilən müddət keçmədən yenidən təşkil edilə bilər. 35.2. Seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır. Seçki məntəqəsinin yaradılması haqqında dairə seçki komissiyasının qərarında məntəqənin hüdudları (seçki məntəqəsi yaşayış məntəqəsinin bir hissəsini əhatə etdikdə evlərin nömrələri nəzərə alınmaqla küçələrin adları) dəqiq göstərilməlidir. 35.3. Seçki məntəqələri yaradılarkən aşağıdakı tələblərə riayət olunmalıdır: 35.3.1. hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır; 35.3.2. seçki məntəqələrinin sərhədləri seçki dairələrinin sərhədlərini pozmamalıdır. 35.5. Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olan Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getmələri) qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri bu Məcəllənin 35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış qəbul edilir. Bu maddəyə uyğun yaradılan seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada məntəqə və yuxarı seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların nümayəndələrinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır. 40.1. Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır. 47.1. Aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər. 47.2. Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür. 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2-ci maddəsinə əsasən bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. 112.7-ci maddəsinə əsasən səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla). 112.11-ci maddəsinə əsasən seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinin tələbindən də məhz görünür ki, məhkəmə o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulmuş olsun. 130.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.

İV. Məhkəmənin mövqeyi

1. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024 tarixli, 42/212 saylı qərarını xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə mübahisələndirməklə hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş 3 gün müddəti ötürməmişdir.

2. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarına əsasən hazırki işin faktiki halları aşağıda qeyd edilənlərdən ibarət olmuşdur.

3. 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 2024-cü il sentyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin dairə seçki komissiyasının 08 sentyabr 2024-cü il tarixli 30/89 saylı qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

4. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

5. Araşdırma zamanı ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, ərizəçi araşdırmada və Komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.

6. Dairə seçki komissiyası 08 sentyabr 2024-cü il tarixli qərarı ilə onun müraciəti təmin edilməmişdir. Komissiya qərarını onunla əsaslandırmışdır ki, qeydə alınmış namizəd İddiaçı tərəfindən seçki prosesində hər hansı bir məsələ ilə bağlı müraciət etməmiş və dairə seçki komissiyasının əhatə etdiyi seçki məntəqələri barədə dairədən məlumat almamışdır.Belə ki, dairə seçki komissiyasının 83 və 84 nömrəli məntəqələri Seçki Məcəlləsinin müvafiq maddəsinə əsasən səsverməyə azı 5 gün qalmış yaradılmış məntəqələrdir. 80 və 81 saylı seçki məntəqələri isə işğaldan azad edilmiş ərazilərdə yaradılmış seçki məntəqələridir ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçici siyahılarına daxil edilmişdir. Araşdırma prosesində qeyd ediən məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar hesab edilməmişdir.

7. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi iki dəlillə əsaslandırılmışdır: 1) 83 və 84 saylı seçki məntəqələrinin yaradılması və harada yerləşməsi barədə məlumatın olmaması; 2) İşğaldan azad edilmiş Cəbrayıl rayonuna sonra hər hansı formada insanların köçürülməsi həyata keçirilmədiyindən 80 və 81 saylı seçki məntəqələri üzrə səs verən şəxslərin kim olması, onların hansı formada səsverməni həyata keçirməsi barədə məlumatın olmaması;

8. Məhkəmə kollegiyası birinci dəlil ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MSK tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarına əlavə edilmiş 120 saylı X1 hüdudlarında səsvermə gününə azı 5 gün qalmış yaradılmış yaradılan seçki məntəqələri barədə dairə seçki komissiyasının 13 avqust 2024-cü il tarixli, 25 /75 №-li Qərarında qeyd edilmişdir ki; “120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 34.3-cü, 34.4-cü,35.5-ci, 36.2-ci və 36.7-ci maddələrini rəhbər tutaraq qərara alır:

1. 120 saylı X1 hüdudlarında səsvermə gününə 5 gün qalmış 83 və 84 saylı seçki məntəqələri yaradılsın.

2. X15, X25, X21, X7, X27 və X14 83 saylı seçki məntəqəsi üzrə məntəqə seçki komissiyasının üzvü təyin edilsinlər.

3. X16, X22, X18, X9, X19 və X3 84 saylı seçki məntəqəsi üzrə məntəqə seçki komissiyasının üzvü təyin edilsinlər.

4. Bu Qərar məlumat lövhəsində yerləşdirilməklə dərc edilsin.”

9. Həmçinin 120 saylı X5 Komissiyasının sədr tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, 13 avqust 2024-cü il tarixdə Seçki Məcəlləsinin 35.5-ci maddəsinə əsasən Cəbrayıl rayonu ərazisində yerləşən hərbi hissələrdə səsvermə gününə azı 5 gün qalmış müvəqqəti 83 və 84 saylı seçki məntəqələri yaradılmış,yaranmış 2 seçki məntəqəsi haqqında qərar dairə seçki komissiyasının binasında olan məlumat lövhəsindən asılmaqla dərc edilmişdir.

10. Göründüyü kimi 120 saylı X1 83 və 84 saylı seçki məntəqələri Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yaradılmış və bu barədə qərar məlumat lövhəsindən asılmaqla dərc edilmişdir.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci dəlili əsassız olmuşdur.

11. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı müraciətində 83 və 84 saylı seçki məntəqələrinin harada yerləşməsi barədə məlumatı olmadığını qeyd etsə də, iddiaçının seçki prosesindən öncə bununla bağlı olaraq nə DSK-na, nə də MSK-na müraciət etməsi müəyyən edilmir.

12. Eyni zamanda iddiaçı hazırkı ərizəsinə əlavə etdiyi vəsatətində 83 və 84 saylı seçki məntəqələrinin yaradılması barədə qərarın məhkəmə sorğusu verilərək tələb edilməsini xahiş etmiş, məhkəmə icraatı zamanı cavabdeh MSK tərəfindən müvafiq sənədlər təqdim edildiyindən bu vəsatət təmin edilmişdir.

13. Məhkəmə kollegiyası iddiaçının tələbində göstərdiyi 80 və 81 saylı seçki məntəqələri ilə bağlı ikinci dəlilinə münasibətdə bildirir ki, 120 saylı X1 hüdudlarında əlavə 80 və 81 saylı seçki məntəqələrinin yaradılması barədə dairə seçki komissiyasının 24 noyabr 2023 tarixli, 10/27 saylı qərarında qeyd edilmişdir ki, “120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 34.3-cü, 34.4-cü və 35-ci maddələrini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəsi Seçki Komissiyasının 16 dekabr 2023-cü il tarixli 8/20 saylı yığıncağının qərarına istinadən "xxxx" ASC-nin X6 mərkəzinin binasında və Cəbrayıl rayon Soltanlı kəndi “X23 Zonası” Sənayə Parkın binasında yeni 80 və 81 saylı seçki məntəqələi yaradılsın.

2. Bu Qərar məlumat lövhəsində yerləşdirilməklə dərc edilsin.”

14. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən müəyyən edilir ki, aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər və vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.

15. Göründüyü kimi qeyd edilən 80 və 81 saylı seçki məntəqələri Azərbaycan Respublikası Seçki Məcəlləsinin 47.2-ci maddəsinin tələbinə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə yerləşən idarələrdə, şirkətlərdə çalışan işçilərin, həmçinin onların ailə üzvlərinin səsvermə prosesində iştirakının təmin edilməsi məqsədi ilə yaradılmış və həmin işçilərin 6 aydan artıq orada işləməsi və yaşaması faktı əsas götürülərək adları müvafiq seçici siyahısına daxil edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tələbin bu dəlili də əsassız olmuşdur.

16. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 120 saylı X1 80 və 81 saylı seçki məntəqələrində səsvermənin işğaldan azad olunmuş Cəbrayıl rayonunda mövcud olan İdarə və təşkilatlarda 6 aydan artıq müddətə işləyən və yaşayan şəxslər (və onların ailə üzvləri) tərəfindən həyata keçirilməsi, həmçinin 83 və 84 saylı seçki məntəqələrinin Seçki Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq səsvermə gününə azı 5 gün qalmış yaradılması və qəbul edilmiş qərarın məlumat lövhəsində əks olunması barədə iş materiallarında kifayət qədər sübut mövcud olduğundan iddiaçının tələbində göstərilmiş hər iki dəlili əsassız olmaqla cavabdehin qərarının və göstərilən seçki məntəqələri üzrə nəticələrin ləğv edilməsi üçün əsas qismində çıxış edə bilməz.

17. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024cü il tarixli 42/212 nömrəli qərarının ləğv edilməsi barədə tələbi məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmadığından, mötəbər və təkzib edilməz sübutlarla təsdiqini tapmadığından əsassızdır və təmin olunmamalıdır.

18. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 130.1-ci-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “ərizədə qeyd olunan halların müvafiq qaydada araşdırılması və qanun pozuntusu olduğu təqdirdə AR MSK-nın 13 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilərək, 01 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilər üzrə 120 saylı Cəbrayıl - Qubadlı DSK-nın 80, 81, 83 və 84 saylı məntəqələri üzrə nəticələrin (hesablanmış səslərin) ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar