Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-75/2024 28.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Mərkəzi Seçki Komissiyasının 15 sentyabr 2024-cü il tarixli 44/222 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, “Mərkəzi Seçki Komissiyasının 16 sentyabr 2024-cü il tarixli 88 nömrəli qərarının ləğv edilməsi, 24 saylı Nizami birinci seçki dairəsində bütün məntəqələr üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsi və deputat X1 mandatının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə iddiaçının namizədliyi qeydə alınıb, seçki prosesində iştirak etmişdir. Lakin səsvermə günü bu dairədə kütləvi qanun pozuntuları və seçki saxtakarlığı baş vermişdir. Belə ki, büdcə təşkilatlarında çalışan şəxslərin qrup halında bir deyil, beş-altı, bəzi hallarda isə daha çox məntəqədə səs verməsi təşviq edilməklə, aşkar “karusel əməliyyatı” aparılmışdır. Bu qanunsuzluğa istər 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının, istərsə də bu dairənin tərkibində olan 36 məntəqənin rəhbər şəxsləri və üzvləri aşkar şəkildə şərait yaratmışdır. Bundan əlavə məntəqələrdə müşahdəçilərinin və vəkillərinin seçkini müşahidə etməsinə ciddi əngəllər törədilməklə yanaşı, istər komissiya üzvləri, istər də ayrı-ayrı öyrədilmiş şəxslər tərəfindən hazırda saxta yolla deputat elan edilən X1 xeyrinə seçki qutularına topa-topa bülletenlər atılmışdır. Üstəlik, qanunvericiliyə zidd olaraq səslərin sayılması zamanı da müşahidəçilərinin, eləcə də vəkillərinin bülletenləri görməsinə imkan yaradılmamış, qutudan çıxarılan bülletenlər K.Nurullayevanın lehinə hesablanmışdır. Daha böyük saxtakarlıq isə səsvermə prosesi yekunlaşdıqdan sonra həyata keçirilmişdir. Belə ki, 36 məntəqənin hər birində səslər sayılıb, nəticə elan edildikdən sonra müşahidəçilərə verilən protokollarda tamamilə fərqli rəqəmlər qeyd olunmuşdur. Beləliklə, seçkidə iştirak edənlərin sayı ən azı 3-4 dəfə artırılıb və bu səslər K.Nurullayevanın, qismən isə YAP-ın namizədi Ramil Rüstəmovun xeyrinə sayılmışdır. Halbuki, iddiaçının müşahidəçiləri tərəfindən tərtib olunan sənədlərdə hər bir məntəqədə iştirak edən seçicilərin sayı dəqiq göstərilir. O cümlədən, seçki günü bəzi məntəqə sədrləri tərəfindən müşahidəçilərə təqdim olunan imzasız, möhürsüz protokollarla üç gün sonra DSK-dan əldə etdikləri möhürlü protokollar arasında da ciddi fərq vardır. Yəni seçki günündən sonra protokollara dəyişiklik edilmiş, bəzi namizədlərə, xüsusilə də K.Nurullayevaya və R.Rüstəmova yazılan səslər bir qədər də artırılmışdır. Tərəflərindən məhkəməyə təqdim olunacaq sənədlərdə bu faktlar açıq şəkildə əks olunur. xx.xx.2024-cü il tarixdə prosedur qaydalarına uyğun olaraq 24 saylı Nizami birinci seçki dairəsində keçirilən seçkinin nəticəsinin ləğv olunması tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edilmiş, müraciətə məntəqənin hər birində tərtib olunan aktlar və saxta yollarla göstəriciləri şişirdilən protokollar da əlavə olunmuşdur. Lakin, MSK həmin gün müraciətlərinə baxmaqdan imtina etmiş, şikayətlərinin araşdırılması üçün bu quruma ünvanladıqları məktubu DSK-ya göndərmişdir. Təbii ki, DSK-nın öz qanunsuz əməllərinin, saxtakarlıqlarının üstünü açmayacağı əvvəlcədən bəlli olduğundan, 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının qəbul etdiyi 8 sentyabr 2024-cü il tarixli 23/71 saylı qərarı şikayətlərinin “əsassız” olduğu iddia edildi. DSK-nın məlum ədalətsiz qərarından MSK-ya növbəti şikayət məktubu ünvanlamışdır. Müraciətləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112.1-ci maddələrinin tələblərinə uyğun olaraq, şəxsən onun iştirakı ilə MSK-nın nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvləri tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və nəticədə 24 saylı Nizami birinci seçki dairəsinin 4, 6, 28, 31 və 33 saylı seçki məntəqləri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir. Yekunda 2 saylı Nizami birinci seçki dairəsi DSK-nın 8 sentyabr 2024-cü il tarixli 23/71 saylı qərarı 4, 6, 28, 31 və 33 saylı aid hissədə ləğv edilmş, digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, səsvermə günü 24 saylı Nizami birinci seçki dairəsinin bütün seçki məntəqələrində səsvermə prosesi və səslərin hesablanması qanunvericiliyin tələblərinə uyğun aparılmadığı üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həmin seçki dairəsi üzrə nəticələr ləğv edilməli, deputat X1 mandatı etibarsız hesab olunmalıdır. Çünki, MSK-nın bütün bu saxtakarlıqlara göz yumaraq DSK-nın qərarını qüvvədə saxlaması, cəmi 5 məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsi faktiki olaraq seçkinin yekun nəticəsinə təsir göstərməməklə yanaşı, ədalətin bərpasına kömək etmir. Ona görə də, təqdim etdiyi sənədlərin etibarlılığını və 24 saylı Nizami birinci seçki dairəsində total saxtakarlıq həyata keçirilməsini nəzərə alaraq, MSK-nın xx.xx.2024-cü il tarixli 88 nömrəli qərarının ləğvinə, eləcə də 24 saylı Nizami birinci seçki dairəsində bütün məntəqlər üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsinə, deputat X1 mandatının ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 44/222 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi qəbul edilmişdir. Cavabdehin iddiaya qarşı etirazı Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 44/222 nömrəli qərarını xx.xx.2024-cü il tarixdə almasını bilirib özünün və nümayəndəsinin səhhətində olduğu problemlər səbəbində vaxtında məhkəməyə müraciət edə bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixinə təyin edilən iclasında iştirak edən edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X2 izahatında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15 sentyabr 2024-cü il tarixli 44/222 nömrəli qərarının iddiaçıya rəsmi qaydada xx.xx.2024-cü il tarixdə təqdim edilməsini göstərmişdir. xx.xx.2024-cü il tarixinə təyin edilən məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 130.2-130.3-cü maddələrinin tələblərinə əsasən, işə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 56. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsi Maddə 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Maddə 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Maddə 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Məhkəmənin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15 sentyabr 2024-cü il tarixli 44\222 nömrəli qərarından müəyyən olunur ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 12 sentyabr 2024-cü il tarixli 88 saylı müraciəti qismən təmin olunmuş, seçki dairəsinin 4, 6, 28, 31 və 33 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmiş, 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 23/71 saylı qərarı 4, 6, 28, 31 və 33 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilmiş, digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizəd İddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən ünvanlanmış DO № 88 saylı xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15 sentyabr 2024-cü il tarixli 44\222 nömrəli qərarının surəti İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada imzalanmaqla qəbul edilmişdir. İddiaçı adından tərtib edilmiş şikayətdən müəyyən olunur ki, həmin sənəd Bakı Apellyasiya Məhkəməsinin elektron poçt ünvanına xx.xx.2024-cü il tarixdə saat 19:43-də “anar hesenli mailto:hurriyyet@mail.ruElektron ünvan ” elektron poçt ünvanından daxil olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.” Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddianın mümkünlüyü araşdırılarkən iddiaçı tərəfindən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamaq məhkəmənin ilkin vəzifələrindən biridir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15 sentyabr 2024-cü il tarixli 44\222 nömrəli qərarı İddiaçı tərəfindən, özünün də məhkəmə iclasında etiraf etdiyi kimi xx.xx.2024-cü il tarixdə rəsmi qaydada imzalanmaqla qəbul edildiyi halda iddiaçının adından tərtib olunan və imzalanmayan iddia ərizəsi Bakı Apellyasiya Məhkəməsinin elektron poçt ünvanına xx.xx.2024-cü il tarixdə saat 19:43-də daxil olmuş, iddiaçıya hüquqi yardım göstərildikdən sonra isə sonuncu imzalanmış iddia ərizəsini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə rəsmi qaydada imzalamaqla qəbul etdiyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15 sentyabr 2024-cü il tarixli 44\222 nömrəli qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə 3 gün müddətində məhkəməyə müraciət etmək hüququ olduğu halda, xx.xx.2024-cü il tarixdə, yəni müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati mübahisələr üzrə iddianın mümkünlüyü şərtlərinə (o cümlədən qanunla müəyyən olunmuş iddia müddətlərinə riayət edilibedilmədiyi) əməl olunmaqla iddianın qaldırılması, həmin mübahisələrin xarakterindən irəli gəlir və iddiaçının hüquqlarını məhdudlaşdırmamaqla, əksinə inzibati mühakimə icraatının səmərəliliyinə yönəlmişdir. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, hazırki iddia ərizəsi SM-nin 112.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə verilmədiyindən, yəni qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi ilə verildiyindən, iddiaçı müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 130, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Mərkəzi Seçki Komissiyasının 15 sentyabr 2024-cü il tarixli 44/222 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(103)-75/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-75/2024
28.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver