Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-76/2024 27.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə (Açar sözlər: “qərarın ləğv edilməsi, seçkilərin nəticələrinin ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Cahangir Afər oğlu Yusifov (sədrlik edən və məruzəçi), X3 və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Nüsrət Qasım oğlu Ağazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (“MSK”) qarşı qərarın ləğv edilməsi, seçkilərin nəticələrinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair” inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ İşin halları
1. İddiaçı 1 sentyabr 2024-cü il Milli Məclisə növbədənkənar seçkilər üzrə 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmışdır.
2. İddiaçı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi ərazisində baş vermiş qanun pozuntuları ilə bağlı Dairə Seçki Komissiyasına (“DSK”) yazılı müracit etmişdir. 3.İddiaçı həmin müraciətininə DSK-da baxılaraq əsassız olması barədə xx.xx.2024-cü il tarixli 26/65 saylı qərar qəbul edilmişdir. 4.İddiaçı DSK-nin həmin qərrından narazı qalaraq MSK-ya yazılı müraciət etmişdir.
5. MSK tərəfindən onun həmin müraciətinə baxılaraq xx.xx.2024-cü il tarixli 43/221 saylı qərarı ilə əsassız olduğundan təmin edilməmiş, 65 saylı DSK-nın xx.xx.2024-cü il tarixli 26/65 saylı qərarı dəyişirilmədən saxlanılmışdır.
6. MSK-nın həmin qərarı iddiaçıya poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur.
7. xx.xx.2024-cü il tarixdə İddiaçı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyaına müraciət edərək MSK-nın xx.xx.2024-cü il tarixli 43/221 saylı qərarının ləğv edilməsi və 1 sentyabr 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə 65 saylı Salyan-Bilasuvar-Neftçala seki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilərək ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın əsaslandırılması:
1. Seçkiqabağı təşviqat kompaniyasında seçicilərlə görüşlərin təşkilinin icra orqanlarının dəstəyi ilə təşkil edilməsi və namizəd Günay Ağamalının namizədliyinin ləğv edilməsinə aid əsasların olması haqqında 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki Dairəsi yazılı müraciət etmiş, lakin DSK xx.xx.2024-cü il tarixli qərarı ilə onun müraciətinini araşdırmadan təmin etməmişdir.
2. Azərbaycan Respublikası Milli Məclisinə 01 sentyabr 2024-cü il tarixdə keçirilən seçki günündə seçki məntəqələrinədə müxtəlif qanun pozuntuları, səslərin saxtalaşdırma faktları qeydə alınmış, namizəd olaraq ərizə ilə DSK-ya müraciət etmiş, lakin onun müraciəti əsassız olaraq təmin olunmamışdır.
3. Bir çox məntəqələrdə namizədlərin adları olan siyahı məntəqələrdə mövcud olmamış (37, 38, 17 34), seçki qutuları düzgün yerləşdirilməmiş (1, 2, 15, 16) qutulara topa bülleten atmaq üçün zəmin yaradılmış, müşahidəçilər təmsil etdiklərini və səlahiyyətlrini bilmədən formal iştirak etmiş (1, 2, 17, 24, 25, 38), seçicilərin təyinatı düzgün verilməmiş və çaşqınlıq yaradılmışdır(17-18), namizəd Günay Ağamalıya səs vermək üçün insanlar məntəqələrə cəlb edilmişdir. (4, 5, 12, 36, 37, 38). 4.Səsvermənin sonunda müşahidəçilər uzaq məsafədə əyləşdirilmiş, onlara bülletendə kimə səs verildiyinə sahiblik edə bilmələri üçün şərait yaradılmamış (34) səslər sayıldıqda namizdələrdən Mirabbas Rzayev 187, Günay Ağamalı 223 səslə öndə olmuşdur. Bütün məntəqələrdə normal sayım olsaydı, namizəd Günay Ağamalının qalib gəlmək şansı aşağı idi.
5. Səslərin sayılmasında qanun pozuntusu baş vermişdir. Belə ki, bülletenlər sayılarkən məntəqə üzvləri tam tərkibdə olmamış, komissiya üzvü olan 6 nəfərdən 3-ü bülletenlərin sayımında iştirak etmiş, 1 nəfər isə komissiya üzvü olmayan şəxs sayımda iştirak etmiş, səslərin sayılması yekunlaşdıqdan sonra protokol yerində tərtib edilməmiş və namizədlərə surəti verilməmişdir. Oxşar hallar digər məntəqələrdə də olmuşdur (4, 14, 26). Uzaqda əyləşən müşahidəçilərin müşahidə aparmaq imkanının məhdudluğundan yararlanaraq komissiya üzvləri digər namizədlərin səslərini də namizəd G.Ağamalı üçün hesablanıb. Etibarsız bülletenlər qəsdən protokollara qeyd edilməyib və G.Ağamalının səslərinə əlavə olunub. 7.Məntəqələrdə yerləşdirilmiş şəffaf daşınmayan seçki qutularının forması Seçki Məcəlləsinin 103.3-cü maddəsinə uyğun deyil. Bununla bağlı şikayətlərə məntəqə seçki komissiyaları əhəmiyyət verməyib.
8. Bütün bu qanun pozuntuları nəzərə alınmaqla, 65 saylı DSK-ya şikayət vermiş, lakin sonuncu 7 sentyabr 2024-cü il tarixdə əsaslandırılmamış, qanunsuz qərar qəbul etmiş, həmin qərardan verdiyi şikayəti də MSK tərəfindən obyektiv və qanuni araşdırılmamış, təmin edilməməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, MSKnın həmin qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalı dairə üzrə seçkilərin nəticələri etibarsız hesab edilməlidir.”
İİİ. İddianın mümkünlüyü.
İddia ərizəsi İPM-in 130.1-130-2-ci 35.1-ci və 46.1-46.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, qanunla müəyyən olunmuş iddia müddəti çərçivəsində, iddia ərizəsinin forma və məzmununa riayət olunmaqla, məhkəməyə verilmişdir. İddia mümkündür.
İV. Cavabdehin etirazı:
Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir.
V.Tərəflərin məhkəmə iclasında izahatları:
1. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi B.Əsgərov iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının şikayəti MSK-ya daxil oduqdan sonra ekspert qrupu tərəfindən ətraflı araşdırma aparılmış, şəxsən onun özü tərəfindən iddiaçı ilə birlikdə onun təqdim etdiyi videogörüntülər baş verən hallar araşdırılmış bu zaman və mübahisələndirilən seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkar olunmadığından iddiaçının şikayəti təmin edilməmişdir.
Vİ. Tətbiq edilən hüquq:
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizəsi ilə apellyasiya instansiyası məhkəmələrinə müraciətə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada yol verilir.
2. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.
Vİİ. Məhkəmənin mövqeyi
1. Məhkəmə kollegiyası tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir.
2. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputalığa namizədliyi qeydə alınmış iddia İddiaçı 2024-cü il sentyabr ayının 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin həmin dairə üzrə səsvermənin nəticələrindən narazı qalaraq, şikayət ərizəsi ilə dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyasının 07 sentyabr 2024-cü il tarixli qərarı ilə onun həmin şikayəti təmin olunmamış, narazı qalan iddiaçı MSK-nın həmin qərarının ləğv edilməsi və dairə üzrə səvermənin nəticələrinin etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən tələb etmişdir.
3. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, MSK-nın mübahisələndirilən qərarı ilə iddiaçının şikayətinin təmin edilməməsi inzibati icraat materialları ilə müəyyən olunan hallara və seçki qanunvericiliyinin tələblərinə uyğundur.
4. Belə ki, MSK-nın iddiaçının şikayəti ilə bağlı mübahisələndirilən qərarına və onun şikayəti üzrə MSK-nın ekspert qrupu tərəfindən aparılmış inzibati icraat zamanı toplanmış sənədlərə əsasən müəyyən edilir ki, seçki qanunvericliyin tələblərinə uyğun şikayətinə baxılaraq, İnzibati İcraat haqqında Qanunun 61-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmış qərar qəbul olunmuşdur.
5. Belə ki, inzibati icraat materiallarından görünür ki, iddiaçının MSK-ya təqdim olunmuş müraciəti qeydə alınıb, ekspert qrupu tərəfindən araşdırma prosesinə başlanılmış və şikayətçinin iştirakı təmin olunmaqla aparılan araşdırma zamanı aşağıdakılar müyyyən olunmuşdur.
6. İlk öncə, iddiaçının müraciəti seçkiqabağı təşviqatla bağlı hissəsi üzrə şikayət vermə müddəti ötürülməklə verildiyindən cavabdehin nəzdində fəaliyyət göstərən ekspert qrupu tərəfindən araşdırma aparılmamış, seçki günü baş vermiş mübahisələndirilən qanun pozuntuları ilə bağlı aparılan araşdırma zamanı isə müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi qanun pozuntularına dair təqdim etdiyi DVD diskdə yalnız 3 seçki məntəqəsi ilə bağlı videogörüntülər əks olunmuşdur. DSK nəzdində fəaliyyət göstərən ekspert qrupu tərəfindən 2, 34 və 36 saylı seçki məntəqələrinə dair videogörüntüyə baxış keçirilərkən isə burada seçicilərin iradəsinə hər hansı formada təsir edə biləcək hallar müşahidə olunmamışdır.
7. Eyni zamanda, araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə səsvermə günü səsvermə prosesini öz təşəbbüsü ilə müşahidə edən və müxtəlif siyasi maraqları təmsil edən namizədlər tərəfindən verilmiş izahatlarda və videogörüntülərdə səsvermə günü seçicilərin iradəsini müəyənləşdirməyə imkan verməyən qanun pozuntuları öz təsdiqini tapmamış, DSK iddiaçının müraciətini təmin etməməklə haqlı olmuşdur.
8. Ümumiyyətlə, MSK-nın ekspert qrupu tərəfindən iddiaçının iştirakı ilə aparılan araşdırma zamanı, şikayətinə əlavə etdiyi bir ədəd elektron daşıyıcıda mövcud olan 37 videogörüntüyə və 11 fotoşəkilə baxış keçirilərkən müəyyən edilmişdir ki, videogörüntülərdən 6-sı, fotoşəkillərdən isə 4-ü seçkiqabağı təşviqat mərhələsinə, digərləri isə əsasən namzədin özü və vəkil etdiyi şəxs tərəfindən səsvermə günü müxtəlif seçki məntəqələrində və onların ətrafında çəklmiş görüntülərdən ibarətdir. Həmin videogörüntülərdən beşi araşdırıldıqda qanun pozuntusu halları müəyyən edilməmişdir.
9. Eyni zamanda, məntəqə seçki komissiyasının üzvlərindən alınmış izahatlara əsasən müəyyən olunmuşdur ki, 14 saylı məntəqə seçki komissiyasında Seçki Məcəlləsinin 106.4cü maddəsinin tələblərinə uyğun olaraq, səslərin sayılması prosesində 4 ədəd səsvermə bülletininin etbarsız olub-olmaması məsələsinin müzakirə olunmuş və həmin səslərin etibarlı sayılması qərara alınaraq, müvafiq namizədlərin səslərinə əlavə edilmişdir.
10. Beləliklə də, iddiaçı tərəfindən təqdim olunan videogörüntülərdə iddia edilən qanun pozuntularının mövcudluğu öz təsdiqini tapmamış və 13 sentyabr 2024-cü il tarixdə MSKnın ekspert qrupunun üzvü B.Əsgərov tərəfindən iddiaçının 11 sentyabr 2024-cü il tarixdə daxil olmuş 81 saylı müraciəti üzrə aprılmış araşdırmanın nəticələrinə dair müfəssəl rəy hazırlanmış və MSK-nın xx.xx.2024-cü il tarixli iclasında baxılaraq iddiaçının şikayətinin təmin olunmaması və DSK-nın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qərarında həmin nəticəyə gəlməkdə haqlıdır. Belə ki, iddiaçının, MSK-ya təqdim etdiyi video görüntülərdə qanun pozuntuları hesab olunan hallarının həqiqiliyi məhkəmə tərəfindən qəbul oluna və onlarda təsbit olunan məlumatlar sübut əhəmiyyətinə malik məlumatlar kimi qiymətləndirilə bilməz. 12.İlk öncə ona görə ki, həmin audio-video görüntülərdə təsbit olunan pozuntu halları natamamlıq təşkil edir, səslərin sayılmasını şübhə altına ala biləcək əsaslı və konkret məqamlar görünmür, habelə, anında həmin pozuntuların aradan qaldırılması istiqamətində müvafiq şikayət ərizələri ilə dairə seçki komissiyasına müraciətlərin mövcudluğu da müəyyən edilmir.
13. Digər tərəfdən, iddiaçının mübahisələndirdiyi seçki məntəqələri üzrə səsvermə günü öz təşəbbüsü ilə müşahidə aparmış şəxslərdən, komissiya sədrləri, katibləri üzvləri, hətta deputatlığa digər namizədlərdən (o cümlədən,X2, Mirabbas Hacıağa oğlu) alınmış izahatlarda səsvermə günü, nə bülletenlərin topa şəkildə atılması halları, nə seçicilərin hər hansı bir deputatlığa namizədə səs verilməsinə yönələn hərəkətlərə, nə də səslərin sayılması zamanı pozuntulara yol verildiyi müəyyən olunmamışdır.
14. Ən azından, Seçki Məcəlləsinin 42.5-ci maddəsinin tələbinə görə müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini Mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir.
15. İddiaçı tərəfindən iddia olunan pozuntular barədə aktlar tərtib edilməmiş, təqdim etdiyi video-görüntülərdə təsbit olunan hallar, qeyd edildiyi kimi onun tərəfindən məqamında həmin anda məntəqə seçki komissiyalarında qeydə alınmamış, hər bir halda qeydə alınsa belə, həmin video-görüntülərdə səsvermənin nəticələrini etibarsızlığına səbəb ola biləcək əsalı pozuntuların mövcudluğu aşkar edilmir.
16. Seçki Məcəlləsinin 170.2-ci maddəsi isə nəzərədə tutur ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin. 170.2.3 məhkəmənin qərarı əsasında.
17. Konkret halda, birincisi, yuxarıda qeyd olunanlardan göründüyü kimi, 65 saylı seçki dairəsi üzrə seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkar olunmur, ikincisi bir tərəfdən iddiaçı ümumi ifadə tərzində seçki dairəsi üzrə bütün (49) seçki məntəqələrində qanun pozuntuları baş verdiyini qeyd etsə də, faktiki olaraq onun tərəfindən yalnız 14 məntəqə üzrə qanun pozuntuları baş verdiyi mübahisələndirilir ki, bu da dairə üzrə məntəqələrin sayının 2/5 hissəsini təşkil etmir.
18. Beləliklə də, İPM-in 14.1-ci maddəsinin tələbi baxımından, cavabdehin 14 sentyabr 2024-ci il tarixli N 43/221 saylı qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, həmin qərar iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz.
19. İPM-in 70.1-ci maddəsinin tələbindən də məhz görünür ki, məhkəmə o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin akt qanuna zidd və bunun nəticəsində iddiaçının hüquqları pozulmuş olsun.
20. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçı tərəfindən cavabdehin qərarının qanunsuz və əsassız olduğunu iddia etdiyi dəlilləri ilə razılaşmır və yekunda belə qənatə gəlir ki, onun iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməlidir.
21. İPM-in 130.5-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
22. Qeyd edilənlərə əsasən və Seçki Məcəlləsinin 112 və 112-1 və İPM-in 68, 69 və 130cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qəraraaldı
İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (“MSK”) qarşı qərarın ləğv edilməsi, seçkilərin nəticələrinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.