Məhkəmə qərarları › İş №2-3(103)-81/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-81/2024

28.10.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-81/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul tələbinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.7-ci maddəsi ilə nəzərdə tutulmuş növbəliyə aid olması” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı 384.322,65 manat məbləğində pul tələbinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.7-ci maddəsi ilə nəzərdə tutulmuş növbəliliyə aid olması barədə məhkəmə aktının qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin hazırda ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı 384.322,65 manat məbləğində pul tələbi mövcuddur. Həmin məbləğ Ərizəçiyə 27 sentyabr 2023-cü il tarixli Subpodrat müqaviləsi əsasında "xxxx" MMC tərəfindən köçürülmüşdür. Həmin müqavilə üzrə Ərizəçi subpodrtaçı, "xxxx" MMC isə podratçıdır. Satınalan təşkilat isə “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” X10. Müqavilənin predmeti Ağdamın Kəngərli kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin tikintisidir. Göründüyü kimi, Ərizəçi dövlət satınalması üzrə subpodratçıdır. Hesabındakı məbləğ isə dövlət vəsaitidir. Həmin vəsait müqabilində Ərizəçi dövlət üçün iş görməlidir. Eyni zamanda həmin məbləğdən Ərizəçi vergi və dövlətə digər ödənişlər də etməlidir. Bunlar olmadan Ərizəçi tikintini həyata keçirə bilməyəcək, son nəticədə zərər dövlətə dəyəcək, özü də işğaldan azad olunmuş ərazidə həyata keçirilən əhəmiyyətli infrastruktur layihə üzrə. “Banklar haqqında” Qanunun 82.1.7-ci maddəsinə əsasən dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər altıncı növbəli kreditor tələbinə aid edilmişdir. Hesab edir ki, Ərizəçinin də Banka qarşı tələbi bu növbəyə aiddir. Belə ki, həmin tələbin predmeti olan pul vəsaiti dövlətə aiddir və tərkibinə dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər də daxildir. Analogiya qaydasında Ali Məhkəmənin 24 iyul 2018-ci il tarixli 2-1(102)-1405/2018 saylı Qərarını göstərə bilər. X13 Məhkəmə vəkil bürosunun ləğv prosesində olan digər banka qarşı pul tələbini «Banklar haqqında» Qanunun 82.1.3-cü maddəsinə əsasən ləğvedicinin çəkdiyi məhkəmə xərclərinə bərabər tutulmaqla, ikinci növbəyə aid etmişdir. Qərar belə əsaslandırılmışdır: “həm daxili, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından, konkret halda 4 bankın ləğvedicisi “pul vəsaitinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanunun 82.1.3-cü maddəsinin müəyyən etdiyi növbəlik sırasına aid edilərək, Büroya ödənilməsindən imtina olunması bir növ, mülki-hüquqi yardım sisteminə malik olan bir dövlətdə şəxslərin məhkəməyə müraciət etmək hüququna edilən müdaxilə kimi də təfsir olunması qəbul ediləndir... Konstitusiyanın 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Həmin Konstitusiyanın 148-ci maddəsinin 11 hisəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsidir; Həmin Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 14-cü maddəsinə uyğun olaraq bu Konvensiyada təsbit olunmış hüqııq və azadlıqlardan istifadə hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Avropa Məhkəməsi «X3rşı» (Graer vs. the United Kingdom) qərarının 43-48-ci bəndlərinə müvafiq olaraq dövlət özü mülki-hüquqi işlərdə yardım göstərilməsi sistemini yaradıbsa, o halda hüquqi yardım gstərməkdən imtina məhkəməyə müraciət hüququna müdaxilə hesab edilir. Belə olan halda, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan. Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquqi və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüquqi təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. Şübhə edilən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş vasitələrlə müdafiə hüququna, o cümlədən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikası MPM-nin 115.0.6-cı maddəsinə görə, vəkillərə, etdikləri kömək üçün, ödənilən xərclər işə baxılması ilə bağlı məsrəflərə , məhkəmə xərclərinə aiddir.” Göründüyü kimi, Ali Məhkəmə “Banklar haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş ödəniş növbəliliyini çox geniş təfsir etmişdir. Belə ki, oradakı (82.1.3-cü maddə) “məhkəmə xərcləri” ifadəsinə geniş yanaşaraq vəkil bürosunun ləğv prosesində olan bankdakı hesabında qalmış vəsaitə aid etmişdir. Halbuki, vəkil bürosuna (vəkillərə) müştəriləri tərəfindən xidmət haqqı yalnız məhkəmədə təmsilçilik üçün ödənilmir (hüquqmühafizə orqanlarında təmsilçilik, sadəcə məsləhət və s. də ola bilər). Ən əsası isə ilk baxışdan 82.1.3-cü maddədə sanki söhbət yalnız ləğvedicinin məhkəmə xərclərindən gedir. Lakin Ali Məhkəmə ləğv prosesində olan bankdakı vəkil bürosu hesabında qalmış bütün vəsaiti məhkəmə xərclərinə aid etmişdir, halbuki həmin vəsait nə bankın, nə də ləğvedicinin məhkəmə xərcini təşkil etmir. Ali Məhkəmənin 24 iyul 2018-ci il tarixli 2-l(102)- 1405/2018 saylı Qərarmdakı yanaşmanı “Banklar haqqında” Qanunun 82.1.7-ci maddəsinə tətbiq etməyə daha çox əsas var. Yəni həmin maddədə ilk baxışdan söhbət bankın dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlərdən gedir. Lakin 82.1.3-cü maddədə ləğvedicinin adı çəkilsə də, “məhkəmə xərcləri” yalnız ona aid deyilsə, 82.1.7-ci maddədə ümumiyyətlə heç bir subyekt (o cümlədən bank) xatırlanmadığı üçün həmin maddədəki məbləğlər də yalnız banka aid deyil. Üstəlik söhbət heç də vətəndaşların hüquqlarının məhkəmə (qeyd etdiyimiz kimi, vəkil bürosunun hesabındakı vəsaitin hamısı məhkəmə işləri ilə bağlı olmaya da bilər) qaydasında müdafiəsindən daha az əhəmiyyətli məsələdən getmir. Söhbət dövlət vəsaitindən gedir. Özü də işğaldan azad olunmuş ərazidə insanlar üçün yaşayış evlərinin tikintisindən. Belə ki, Konstitusiyamızın 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Onun 15-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Onun 16-cı maddəsinin İ hissəsinə uyğun olaraq Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Onun 43-cü maddəsinin İİ hissəsinə görə dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC Kreditor tələblərinin qeydiyyatı barədə xx.xx.2023-cü il tarixli 0026 nömrəli qəbzin surətindən görünür ki, Kreditor İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında 384322,65 manat kreditor tələbi qeydə alınmışdır. “Banklar haqqında” Azərbaycan Respublikasının qanunu: 82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 3(103)-54/2023 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Göründüyü kimi, Kreditor İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında 384322,65 manat kreditor tələbi qeydə alınmışdır. İddiaçı həmin məbləğin Subpodrat müqaviləsi əsasında podratçı "xxxx" MMC tərəfindən ona köçürüldüyünü, Satınalan təşkilatın “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” X5, onun dövlət satınalması üzrə subpodratçı olduğunu, müqavilənin predmetinin Ağdamın Kəngərli kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin tikintisi olduğunu, hesabındakı məbləğin isə dövlət vəsaiti olduğunu, həmin vəsait müqabilində dövlət üçün iş görməli olduğunu, həmin məbləğdən vergi və dövlətə digər ödənişlər də etməli olduğunu bildirməklə, 384.322,65 manat məbləğində pul tələbinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.7-ci maddəsi ilə nəzərdə tutulmuş növbəliliyə aid olması barədə məhkəmə aktının qəbul olunmasını xahiş edir. Lakin “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 82.1.7-ci maddəsində dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. İddiaçının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.7-ci maddəsi ilə nəzərdə tutulmuş növbəliliyə aid olmasını xahiş etdiyi pul tələbi həmin maddədə nəzərdə tutulmamışdır. Belə ki, həmin maddədə dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər göstərilmişdir. Qeyd olunan tələb isə həmin maddədə nəzərdə tutulmuş məbləğlərə aid deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 131.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 131.3. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddia təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar