Məhkəmə qərarları › İş №2-3(103)-84/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-84/2024

16.10.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-84/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: “qərarın ləğv edilməsi və sair”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Kamran Hüseyn oğlu Əkbərov (sədrlik edən və məruzəçi), Mirzə Nəsib oğlu Tağızadə və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. İddiaçı 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 12 saylı Xəzər birinci seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntularla bağlı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-11/2-M-xx-xx/2024 saylı məktubla bildirilmişdir ki; “2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 12 saylı Xəzər birinci seçki dairəsinin bəzi seçki məntəqələrində iddia etdiyiniz pozuntularla bağlı müraciətiniz 30 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxıl olmuşdur. Bildiririk ki. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1 ci maddəsinə görə seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, sıyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciət ilkin olaraq dairə seçki komissiyasına verilməlidir, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Nəzərinizə çatdırırıq ki. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu 16 sentyabr 2024-cü il tarixində təsdiq edilmiş və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 sentyabr 2024-cü il tarixili Qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin nəticələri təsdiq edilərək, rəsmi dərc edilmişdir.”

İİ. Tərəflərin əsaslandırması

1. İddiaçının əsaslandırması:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 saylı Xəzər birinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə üzrə seçki komissiyasının protokolunun. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli 42/211 saylı qərarının ləğv edilməsini və İddiaçı münasibətdə Avropa İnsan hüquqlarının və X4 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 04 iyul 2024-cü il tarixli 01 saylı qərarına əsasən 2024-ci il sentyabrın 1-nə təyin edilmiş yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak barədə qərar qəbul etmiş. İddiaçı 12 saylı Xəzər birinci seçki dairəsindən partiya tərəfindən deputatlığa namizədliyi Partiyanın Divanının 08 iyul 2024-cü il tarixli qərarı ilə irəli sürülmüş və Dairə Seçki Komissiyasının qərarı ilə qeydə alınmışdır. 12 saylı Xəzər birinci seçki dairəsinin bütün məntəqələri üzrə səsvermə total qanun pozuntuları ilə keçirilmişdir. Belə ki, fiziki və psixoloji təzyiqlər vasitəsilə müşahidəçilərin fəaliyyəti məhdudlaşdırılmış; əksər seçki məntəqələrində səsvermə otağında müşahidəçilərin normal müşahidə aparılmasına imkan verilməmiş; bütün məntəqələrdə daşınmaz seçki qutuları Seçki Məcəlləsinin 103.3. maddəsinə zidd olaraq çoxlu sayda bülletenin salınmasına imkan verən formada hazırlanmış; bütün seçki məntəqələrində Seçki Məcəlləsinin 106.5. maddəsinin tələbləri, yəni səslərin hesablanmasının fasiləsiz aparılması tələbi pozulmuş; Veb-kamera qurulan seçki məntəqələrinin bəziləri istisna olmaqla əksər seçki məntəqələrində səsvermə bitdikdən sonra seçicilərin imzaları sayılmamış; heç bir məntəqədə məntəqə seçki komissiyalarında səsvermənin nəticələri bitdikdən sonra yekun protokolların müşahidəçilərə verildiyi seçki məntəqələrində belə seçkilərin yekun nəticələri haqqında karbonlaşmış protokollar tərtib olunmamış və bu protokolların 3-cii nüsxəsi məlumat lövhəsindən asılmamış; bu qanun pozuntuları barədə dairə seçki komissiyasına mütəmadi olaraq məlumat verilmiş, bundan sonra məntəqə seçki komissiyaları tərəfindən protokolların yazılması işi bilərəkdən yubadılmış və sonda müşahidəçilərə karbonlaşmış seçki protokolunun 3-cü nüsxəsinin yalnız növbəti gün sentyabrın 2-də verilə biləcəyini söyləyərək onları seçki məntəqələrindən kənarlaşdırılmışdır; Məntəqə seçki komissiyasının protokolunun 3-cii nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılmamış: Bu qanun pozuntuları barədə dairə seçki komissiyasına məlumat verilsə də, lakin məhəl qoyulmamış; Mərkəzi Seçki Komissiyasının qaynar xətti isə daim “məşğul” olmuşdur; 12 saylı Xəzər birinci seçki dairəsi üzrə kütləvi hal alan qanun pozuntularından biri də məntəqə seçki komissiyalarının tərkibi ilə bağlıdır. Dairə üzrə bütün məntəqələrdə MSK üzvlərinin bir neçəsi dairə ərazisində yaşamırlar, bu da Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə ziddir. Ərizəçi yuxarıda qeyd edilən qanun pozuntuları ilə bağlı MSK-va şikayət etmişdir. MSK araşdırma aparmadan ərizəçinin şikayətini təmin elməmişdir. MSK-dan göndərilən məktubda deyilir ki: “2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 12 saylı Xəzər birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı Mərkəzi Seçki Komissiyasına müraciəti 30 sentyabr 2024-cü il tarixində daxil olmuşdur. Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciət ilkin olaraq DSK-ya verilməlidir, həmin müraciət üzrə DSK-nın qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) MSK-va şikayət verilə bilər". Buradan belə aydın olur ki, guya şikayətçi şikayət ərizəsini vaxtında təqdim etməmişdir. Halbuki, İddiaçı MSK-ya şikayəti poçt vasitəsi ilə 04 sentyabr 2024-cü il tarixində ünvanlamışdır.

2. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

3. Tərəflərin məhkəmə iclasında izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. İzahatında həmçinin qeyd etmişdir ki, mübahisələnidirlən qərarın iddiaçıya aiddiyyatı yoxdur, o qərar “Müsavat” Partiyasından digər namizəd Gülağa Aslanlının barəsində olmuşdur. Əlavə olaraq iddiaçının protokolu mübahisələndirsə belə müddət ötürülməklə mübahisələndirəcəyini, çünki hər bir hərəkətdən hərəkətsizlikdən 3 gün müddətdə şikayət verildiyini, Dairə seçki komissiyasının Mərkəzi Seçki Komissiyasına öz protokolunu 2-si sentyabrda təqdim etdiyini, Protokolun rəsmi dərc edildiyi və ya şəxs tərəfindən əldə edildiyi gündən şikayət müddətin hesablandığını bildirmişdir İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsaən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. 12.5. vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik; əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir; əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir; şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər; güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı; şikayətçinin tələbi; aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 130.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. İV. Məhkəmənin mövqeyi

1. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, cavabdeh tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı 12 saylı Xəzər birinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə üzrə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli 42/211 saylı qərarının ləğv edilməsini və İddiaçı münasibətdə Avropa İnsan hüquqlarının və X4 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınmasına dair iddiası mümkün sayılmamalıdır.

2. Belə ki, hazırkı iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçının tələbi 3 hissədən – 1) 12 saylı Xəzər birinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə üzrə seçki komissiyasının protokolunun ləğv edlməsi; 2) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli 42/211 saylı qərarının ləğv edilməsi və 3) iddiaçıya münasibətdə Avropa İnsan hüquqlarının və X4 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınmasından ibarədir.

3. Tələbin birinci hissəsi ilə bağlı qeyd edilməlidir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən 12 saylı Xəzər birinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə üzrə seçki komissiyasının protokolu xx.xx.2024-cü il tarixdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

4. Seçki Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən göründüyü kimi seçki komissiyalarının vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət verilə bilər. İş materiallarından iddiaçının qanunvericiliklə nəzərdə tutulan müddət ərzində Dairə Seçki Komissiyasına şikayətlə müraciət etməsi müəyyən edilmir. Həmçinin iddia ərizəsinin məzmunundan da DSK-na müraciət edilməməsi halı öz təsdiqini tapır. Eyni zamanda qeyd edilməlidir ki, Məcəllənin 112.3-cü maddəsində «şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə» ifadəsinin mahiyyəti və mənası onu ehtiva edir ki, seçki məntənqəsində baş verən istənilən qanun pozuntularından, o cümlədən məntəqə seçki komissiyasının hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ilkin olaraq həmin seçki orqanından yuxarı olan seçki orqanına, yəni, DSK-ya verilməsini ehtiva edir. Diqqət yetirildikdə, bundan sonra gələn ifadə tərzi də (yəni, «dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) məhz, cümlənin qeyd olunan birinci hissəsini tamamlayaraq məntəqədə baş verən pozuntularla bağlı verilən şikayətə DSK-da baxılması ardıcılllığını nəzərdə tutur.

5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28 maddəsinə əsasən: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

6. Məhkəmə Kollegiyası hesab edir ki, hazırki şikayət üzrə ərizənin mümkünlüyü şərtinə (şikayət verməzdən əvvəl inzibati orqana müraciətə dair) əməl olunmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan tələblərindən göründüyü kimi inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi, yəni konkret halda iddiaçının ərizəsi mövcud olduğu halda yalnız inzibati icraat başlanıla bilər. Hazırki halda iddiaçı tərəfindən qanunun həmin tələblərinə əməl edilməmişdir.

7. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

8. Göründüyü kimi, qeyd olunan prosessual hüquq normasının tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, şikayətçinin cavabdeh orqanın üzərinə vəzifə qoyulmasına dair ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın mümkün hesab edilməsi şərtlərindən biridir.

9. Kollegiya Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli 42/211 saylı qərarının ləğv edilməsi ilə bağlı tələbin ikinci hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli 42/211 saylı qərarı digər namizəd X7 barəsində olmuş, həmin qərar ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 21 saylı Nəsimi - Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasında - qeydə alınmış namizəd X3 10 sentyabr 2024-cü il tarixli 74 saylı müraciətinin qismən təmin olunması, 30 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, 21 saylı Nəsimi - Binəqədi seçki dairəsi dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 34/83 saylı Qərarının 30 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilməsi, digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar məhkəmə qaydasında mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-70/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İK-nın 2-3(102)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2-3(103)-70/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır..

10. Göründüyü kimi cavabdehin 13 sentyabr 2024-cü il tarixli 42/211 saylı qərarı iddiaçıya bağlı olmamış, digər namizədə münasibətdə qəbul edilmiş, iddiaçının həmin inzibati aktı mübahisələndirmək üçün subyekti hüququ mövcud olmamışdır. 11.Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

12. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbinin birinci və ikinci hissələri iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən, hazırkı halda həmin tələblərlə birbaşa əlaqəli olan “iddiaçıya münasibətdə Avropa İnsan hüquqlarının və X4 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması”na dair tələbinin inzibati məhkəmə icraatı çərçivəsində baxılması istisna edilir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır.

14. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iddia ərizəsi İPM-nin 35-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Odur ki, İPM-nin 35.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35.1-ci, 35.3-cü, 130.1-ci-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “12 saylı Xəzər birinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə üzrə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli 42/211 saylı qərarının ləğv edilməsini və İddiaçı münasibətdə Avropa İnsan hüquqlarının və X4 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar