Məhkəmə qərarları › İş №2-3(103)-92/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-92/2024

05.12.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-92/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi X1 və cavabdeh Azadlıq Partiyasının sədri X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin cavabdeh Azadlıq Partiyasına qarşı “siyasi partiyanın ləğvi” tələbinə dair iddia ərizəsinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cavabdeh Azadlıq Partiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, siyasi partiyanın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azadlıq Partiyası xx.xx.2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qeydiyyata alınma dövründə təqdim olunmuş siyahıya əsasən partiyanın üzvlərinin sayı 1020 nəfər olmuşdur. Partiyanın xx.xx.2020-ci il tarixli Vİ Qurultayının qərarı ilə X5 qurumun sədri (xx.xx.2025-ci il tarixədək səlahiyyətlidir) seçilmişdir. xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş yeni “Siyası partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən və onun tətbiqinə dair Fərmanın 3-cü hissəsinə əsasən bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyası partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş saya çatdırılması üçün tədbirlər görür və üzvlərinin reyestrini tərtib edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edir. Həmin Qanunun 6.1-ci maddəsində dövlət qeydiyyatına alınması üçün siyası partiyanın azı 5000 üzvü olması tələbi nəzərdə tutulmuşdur. Həmin Qanunun 20.10-cu maddəsinə uyğun olaraq, Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır. Belə ki, 5722 üzvü əhatə edən reyestrdə 5597 nəfər barədə məlumatlar düzgün göstərilməmişdir. Nazirliyin xx.xx.2023-cü il tarixli məktubunda reyestrdə aşkar edilmiş çatışmazlıqların bu barədə məlumatın daxil olduğu tarixdən 30 gün müddətində aradan qaldırılmasının zəruriliyi partiyanın nəzərinə çatdırılmış, həmçinin onların aradan qaldırılması üçün Nazirliyin lazımi yardımın göstərilməsinə hazır olduğu bildirilmişdir. Müvafiq məktub partiyanın nümayəndəsi Günxan Orucov tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır. Partiyanın sonuncu məktubunda üzvlərin reyestrində mövcud olan çatışmazlıqların aradan qaldırıldığı bilirilsə də, reyestrin Qanunun tələblərinə uyğunluğu yoxlanılmış, lakin iradların tam aradan qaldırılmadığı və partiya üzvlərinin sayının 4500-dən aşağı olduğu müəyyən edilmişdir. Belə ki, düzəlişlər edilərək yenidən təqdim edilmiş 5760 üzvü əhatə edən reyestrdə 2737 nəfər barədə məlumatlar düzgün göstərilməmiş, 2529 nəfər barədə məlumat aşkar edilməmiş, habelə, üzvlərinin reyestri Nazirliyə təqdim olunanadək 108 nəfərin öldüyü və 12 nəfər barədə məlumatların təkrarlandığı aşkar olunmuşdur. “Siyası partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiya üzvlərinin reyestri təqdim olunduğu tarixdən 30 gün müddətində onun bu Qanunun 6.1-ci və 20.10-cu maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edildikdə, onun təqdim olunduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Həmin Qanunun 30.3-cü maddəsinə əsasən bu Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş məlumat daxil olduğu tarixdən 30 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestr təqdim edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ədliyyə Nazirliyinin nümayəndəsi X2 ərizənin təmin olunması və Azadlıq Partiyasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azadlıq Partiyasının sədri X5 iddiaçı tərəfindən qaldırılmış iddia tələbinə qarşı etiraz edərək, bildirmişdir ki, təqdim edilmiş siyahıda olan ilkin çatızmazlıqlar aradan qaldırılmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin siyahıda yenə çatışmazlıq olduğunu bildirmiş və ikinci dəfə həmin nöqsanlar aradan qaldırılaraq yeni siyahı qeyd olunan quruma 1 ədəd fləş kart vasitəsi ilə xx.xx.2023-cü ildə təqdim edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hazırki iddia tələbinin qaldırılması üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bundan başqa iddiada göstərilmiş şəxslərin kimliyinin müəyyən edilə bilməməsi ilə bağlı gətirilən dəlilləri əsassız hesab edir və bununla bağlı araşdırma aparılmalı olduğunu bildirir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iddia ərizəsini, tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Cavabdehin nümayəndəsinin iddia tələbinin qaldırılması ilə bağlı prosessual müddətin ötürülməsi ilə bağlı bildirdiyi fikrə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ”Siyasi partiyalarla bağlı mübahisələrə dair işlər üzrə icraat”ın aparılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininn XVİ fəsildə öz əksini tapmış və həmin fəsildə siyasi partiyaların ləğvi ilə bağlı iddia müddəti nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti nəzərdə tutulmadığından Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hazırki, iddia ərizəsinin verilməsi ilə bağlı hər hansı bir məhdudiyyət mövcud deyil. Bu səbəbdən verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş saya çatdırılması üçün tədbirlər görür və bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiya üzvlərinin reyestri təqdim olunduğu tarixdən 30 gün müddətində onun bu Qanunun 6.1-ci və 20.10-cu maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edildikdə, onun təqdim olunduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Həmin Qanunun 30.3-cü maddəsinə əsasən bu Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş məlumat daxil olduğu tarixdən 30 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestri təqdim edir. Həmin Qanunun 30.6-cı maddəsinə əsasən bu Qanunun 30.1-ci, 30.3-cü və 30.5-ci maddələrinin tələblərinə əməl olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 7.4-cü və 9.3.4-cü maddələrinə uyğun olaraq tədbir görür. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Həmin Qanunun 6.4-cu maddəsinə əsasən siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir. Həmin Qanunun 7.3.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 6.1-ci maddəsinin tələbinin pozulması halı müəyyən edildikdə dövlət qeydiyyatına alınarkən siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırır. Həmin Qanunun 9.3.2 və 9.3.4-cü maddələrinə əsasən bu Qanunun 7.3.2-ci və 8.9cu maddələrində nəzərdə tutulmuş hallarda və dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda müvafiq icra hakimiyyəti orqanı siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir. Azərbaycan Respublikası İPM-nin 125.1-ci maddəsinə görə siyasi partiyaların ləğvi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən Siyasi partiyanın ləğv edilməsi barədə ərizə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilə bilər. Bu halda siyasi partiya cavabdeh qismində icraata cəlb olunur. Həmin Məcəllənin 126.4-cü maddəsinə əsasən məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Həmin Qanunun 126.5-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Sadalanan maddi hüquq normalarından məlum oldu ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minənədək, (yəni 16 dekabr 2022-ci ilə qədər) dövlət qeydiyyatına alınmış siyasi partiya 180 gün müddətində üzvlərinin sayını 5000 nəfərə çatdırılması üçün tədbirlər görür və üzvlərin Qanunun 20.10-cu maddənin tələblərinə əsasən reyestrini tərtib edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edir. Siyasi partiya üzvlərinin reyestri təqdim edildiyi gündən 30 gün müddətində Nazirlik həmin reyesterin Qanunun 20.10-cü maddəsində göstərilən tələblərə uyğun tərtib edilib-edilməməsini və üzvlərin yetərli sayda olmasını müəyyən edir. Qeyd olunan reyestrdə hər hansı bir çatışmazlıq aşkar edildikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin çatışmazlığın aradan qaldırılması üçün 30 günlük müddət müəyyən edir. Siyasi partiya 30 gün müddətində həmin çatışmazlığı aradan qaldıraraq yeni tərtib etdiyi reyestri Ədliyyə Nazirliyinə təqdim etməlidir. Əgər siyasi partiya qeyd olunan çatışmazlığı 30 gün ərzində aradan qaldırmazsa Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi siyasi partiyanın ləğvi ilə bağlı apellyasiya məhkəməsində iddia qaldırır. Kollegiya qeyd edir ki, prosessual qanunvericilikdə hazırkı iddia tələbinə baxılmasının qısa müddəti müəyyən edildiyindən məhkəmə araşdırması “Siyasi partiyalar haqqında” Qanunda nəzərdə tutulan tələblərə tərəflərin əməl edib-etməməsinin yoxlanılması ilə məhdudlaşmalıdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən partiyanın ləğvi ilə bağlı iddianın verilməsinə Azadlıq Partiyası tərəfindən təqdim edilmiş siyasi partiya üzvlərinin reyestrində olan çatışmazlığın lazımi qaydada aradan qaldırılmaması olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Azadlıq Partiyasına üzvlərin siyahısının yenilənməsi ilə bağlı müraciət edilmiş və həmin müraciətə cavab olaraq Azadlıq Partiyası 06 iyul 2023-cü ildə 1 ədəd fləşkart olmaqla yenilənmiş siyahını Nazirliyə təqdim etmiş, lakin 5722 üzvü əhatə edən reyesterdə 5597 nəfər barədə məlumatlar düzgün göstərilməməsi səbəbindən çatışmazlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü ildə Azadlıq partiyasına yenidən müraciət olunaraq 30 gün müddətində çatışmazlığın aradan qaldırılması tövsiyyə olunmuşdur. Bundan başqa Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023cü ildə Azadlıq Partiyasına çatışmazlığın aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi məqsədi ilə görüşün keçirilməsi təklif edilmiş və partiyanın təqdim etdiyi reyestrdə eyniləşdirilən, eyniləşdirilməyən və ölən üzvlərin siyahısı, o cümlədən partiyanın reyestrində təkrarlanan əlaqə telefon nömrələrinin siyahısı təqdim edilmişdir. Azadlıq partiyası tərəfindən xx.xx.2023-cü ildə çatışmazlığın aradan qaldırılması ilə bağlı 1 ədəd fləşkart Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Düzəlişlər edilərək yenidən təqdim edilmiş 5760 üzvü əhatə edən reyestrdə 2737 nəfər barədə məlumatlar düzgün göstərilməmiş, 2529 nəfər barədə məlumat aşkar edilməmiş, habelə üzvlərin reyesteri nazirliyə təqdim edilənədək 108 nəfər öldüyü və 12 nəfər barədə məlumatların təkrarlandığı aşkar edilmişdir. İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi fiziki şəxslərə identifikasiya nömrəsi vermək və səlahiyyətində olan baza məlumatlarına əsasən fiziki şəxslər barəsində məlumatları əldə etmək ücün texniki imkanlara malikdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təstiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin” 8.8-ci bəndinə görə Ədliyyə Nazirliyi Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə görə Dövlət Reyestrinə Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğum tarixi və digər məlumatlar daxil edilir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən əsasən fərdi identifikasiya nömrəsi - Dövlət Reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz koddur. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən fərdi identifikasiya nömrəsi Azərbaycan Respublikasının hər bir vətəndaşına, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış hər bir əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 02 avqust 2006-cı il tarixli Fərmanının 3.3-cü bəndinə əsasən Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Göründüyü kimi, AR Ədliyyə Nazirliyi yuxarıda qeyd edilən texniki imkanlarından istifadə edərək Azadlıq Partiyası tərəfindən çatışmazlıqların aradan qaldırılmamasını müəyyən etmişdir. Yuxarıda qeyd edilənləri əsas tutaraq Kollegiya partiyanın ləğvi ilə bağlı iddia ərizəsində göstərilən məlumatların həqiqiliyini qəbul edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azadlıq Partiyasının Ədliyyə Nazirliyinə edilmiş sonuncu xx.xx.2023-cü il tarixli müraciətindən kifayət qədər vaxt keçməsinə baxmayaraq, Partiyanın özü tərəfindən sonuncu siyahıda edilmiş yanlışlıqların aradan qaldırılmasına hər hansı bir cəhd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87 və 125-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin cavabdeh Azadlıq Partiyasına qarşı “siyasi partiyanın ləğvi” barədə iddia tələbi təmin edilsin. xx.xx.2005-ci il tarixdə 44 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azadlıq Partiyası ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar