Məhkəmə qərarları › İş №2-3(103)-93/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-93/2024

06.12.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-93/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin cavabdeh X5 (AzDP) qarşı siyasi partiyanın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cavabdeh X5 (AzDP) qarşı siyasi partiyanın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 (AzDP) xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qeydiyyata alınma dövründə təqdim olunmuş siyahıya əsasən partiyanın üzvlərinin sayı 1134 nəfərdir. Partiyanın xx.xx.2021-ci il tarixli Qurultayın qərarı ilə Nümayəndə qurumun sədri (xx.xx.2026-cı il tarixədək səlahiyyətlidir) seçilmişdir. xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş yeni “Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə və onun tətbiqinə dair Fərmanın 3-cü hissəsinə əsasən, bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş saya çatdırılması üçün tədbirlər görür və üzvlərinin reyestrini tərtib edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edir. Həmin Qanunun 6.1-ci maddəsində dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olması tələbi nəzərdə tutulmuşdur. Həmçinin Qanunun 20.10-cu maddəsinə uyğun olaraq, siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır. Adıçəkilən Qanunun tələblərindən göründüyü kimi, bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya da üzvlərinin sayını 5000 nəfərə çatdırmalı və üzvlərinin reyestrini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir. X7 yeni “Siyasi partiyalar haqqında” Qanun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə, 1120-P1-0056 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış X4 (AzDP) ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o, məhkəməyə bildirdi ki, qanunvericiliyin tələblərinə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzv sayı 4500-dən az olan siyasi partiyalara yazılı xəbərdarlıq etmək kimi öhdəliyi yoxdur, bu halda hazırkı məzmunda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi imkanı qanunvericilikdə nəzərdə tutulub. Cavabdehin qeydiyyata alınma dövründə təqdim olunmuş siyahıya əsasən üzvlərinin sayı 1134 nəfərdir, hər hansı fərqli məlumat isə cavabdeh tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməmişdir. Məhkəmə tərəfindən cavabdeh X4 (AzDP) hüquqi ünvanı (*ünvan 1ddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilsə də, həmçinin cavabdeh X4 (AzDP) qanuni təmsilçisi Nümayəndə adına qeydiyyatdan keçmiş mobil nömrəyə sms bildiriş çatdırılsa da, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə kollegiyası ərizəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.7-cü maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, aşağıdakılara əsasən iddia ərizəsi təmin edilməlidir. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda (bu Qanunun 3.11-ci maddəsi nəzərə alınmaqla) siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Həmin Qanunun 9.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır: siyasi partiya bu Qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda; bu Qanunun 7.3.2-ci və 8.9-cu maddələrində nəzərdə tutulmuş hallarda; fəaliyyəti dayandırılmış siyasi partiya bu Qanunun 4.13-cü maddəsinin birinci cümləsinin tələblərini pozduqda; dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən, siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir. Həmin Qanunun 30.1-ci maddəsinə müvafiq olaraq, bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş saya çatdırılması üçün tədbirlər görür və bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin Qanunun 30.6-cı maddəsinə əsasən isə, bu Qanunun 30.1-ci, 30.3-cü və 30.5-ci maddələrinin tələblərinə əməl olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 7.4-cü və 9.3.4-cü maddələrinə uyğun olaraq tədbir görür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışdan görünür ki, X7 (AzDP) xx.xx.2020-ci il tarixdə, 1120-P1-0056 nömrə ilə qeydiyyata alınmış və qanuni təmsilçisi Nümayəndədur. İş materiallarında olan X4 üzvlərinin siyahısından görünür ki, partiyanın qeydiyyata alınma dövründə qeydiyyata alan orqana 1143 üzvdən ibarət siyahı təqdim edilmiş, həmin siyahının 1134 nəfərə dair hissəsi qəbul edilmiş və üzvlərin sayı həmin dövrdə olan tələblərə cavab verdiyindən, siyasi partiya qeydiyyata alınmışdır. İstinad edilən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 11 yanvar 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə - qanunvericilikdə nəzərdə tutulmuş müddət gözlənilməklə müraciət etmişdir. Azərbaycan Respublı̇ kasının İnzı̇ bati Prosessual Məcəlləsı̇ nin 126.1-ci maddəsinə əsasən, siyasi partiyaların ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. İnzı̇ bati Prosessual Məcəllənin 126.2-ci maddəsinə müvafiq olaraq, siyasi partiyanın ləğv edilməsi barədə ərizə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilə bilər. Bu halda siyasi partiya cavabdeh qismində icraata cəlb olunur. İnzı̇ bati Prosessual Məcəllənin 126.4-cü maddəsinə görə, məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. İnzı̇ bati Prosessual Məcəllənin 126.5-ci maddəsinə əsasən isə, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2020-ci il tarixdə, 1120-P1-0056 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış X7 (AzDP) ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 126-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin cavabdeh X5 (AzDP) qarşı siyasi partiyanın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. xx.xx.2020-ci il tarixdə, 1120-P1-0056 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış X7 (AzDP) ləğv edilsin. Qərardan, qərar tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar