Məhkəmə qərarları › İş №2-3(103)-94/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-94/2024

20.12.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-94/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ərizəçi Cavabdeh ASC-yə (ləğv prosesində olan) qarşı “kreditin qalıq hissəsinə yönəldilməsi”nə dair iddia tələbi üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Ərizəçi xx.xx.2024-cü il tarixdə iddia tələbi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, “ərizəçinin əmanətinin tam olaraq (140.000 manat) Bankın ləğv prosesinə başlandığı andan kreditin qalıq hissəsinə yönəldilməsi, yəni onunla əvəzləşdirilməsi barədə məhkəmə aktının qəbul edilməsini” xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi (Ərizəçi) ilə hazırda ləğv prosesində olan Cavabdeh ASC (Bank) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında Ərizəçiyə 200.000 manat kredit verilmişdir. Kreditin təminatı qismində xx.xx.2022-ci il tarixdə İpoteka müqaviləsi (surəti əlavə olunur) və xx.xx.2022-ci il tarixdə 140.000 manat məbləğində Pul vəsaiti girovu müqaviləsi (surəti əlavə olunur) (xx.xx.2022-ci il tarixli Müddətli depozit müqaviləsi əsasında - surəti əlavə olunur) bağlanmışdır.Bankın ləğv prosesi başlandığı andan xx.xx.2022-ci il tarixli Müddətli depozit müqaviləsi Ərizəçi üçün əhəmiyyətini itirmişdir, çünki depozitə faizlər artıq hesablanmır. Kredit məbləğinə isə faizlər hesablanır. Buna görə də Ərizəçi dəfələrlə Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna (Fond) müraciət edərək əmanətin (depozitin) tam məbləğini kreditin qalıq məbləği ilə əvəzləşdirilməsini xahiş etmişdir. O cümlədən xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə yazılı da müraciət (surətləri əlavə olunur) etmişdir.Lakin Fond yalnız xx.xx.2023-cü il tarixdə göndərdiyi məktubda (surəti əlavə olunur) bildirmişdir ki, ancaq əmanətin 100.000 manat hissəsini kredit məbləği ilə əvəzləşdirmişdir. Əmanətin qalan 40.000 manat məbləği ilə bağlı isə Fond bildirmişdir ki, həmin məbləğ üzrə kreditor tələbi kimi “Banklar haqqında” Qanunun 76.1-ci maddəsinə uyğun qeydə alınmışdır və onun ödənilməsi həmin Qanunun 82- ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Bu mövqe ilə razı deyillər.Əvvəla, Fond hər bir halda 100.000 manat üzrə əvəzləşdirməni də gec həyata keçirib. Vaxtında etsəydi, Ərizəçinin faiz borcu da az olardı. Çünki məlum olduğu kimi, faiz əsas borcun qalıq hissəsinə hesablanır. Digər tərəfdən, əmanətin 40.000 manat hissəsinin əvəzləşdirilməsindən imtina Mülki Məcəllənin öhdəliyə qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə xitam verilməsi (əvəzləşdirmə) barədə müddəalarına (540-545-ci maddələr) ziddir. Belə ki, Məcəllənin 540-cı maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Məcəllənin 545-ci maddəsində öhdəliklərin əvəzləşdirilməsinə yol verilməyən hallar təsbit edilmişdir. 545.0.7-ci maddədə konkret göstərilib ki, həmin hallar yalnız Mülki Məcəllədə nəzərdə tutula bilər.“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-çi maddəsinə görə Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Mülki Məcəllə tətbiq edilir. Buna görə də əvəzləşdirmə məsələsində Fondun dediyi kimi “Banklar haqqında” Qanun deyil, Mülki Məcəllə tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirak olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası qanununun: 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. 81.4-cü maddəsinə əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2-ci maddəsinə əsasən qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. 87.2-ci maddəsinə əsasən tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. 87.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. 87.4-cü maddəsinə əsasən ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici mediada bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. Hazırkı işin hallarından görünür ki, Cavabdeh ASC (Bank) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında ərizəçiyə 200.000 manat kredit verilmiş, kreditin təminatı qismində xx.xx.2022-ci il tarixdə İpoteka müqaviləsi və xx.xx.2022-ci il tarixdə 140.000 manat məbləğində Pul vəsaiti girovu müqaviləsi bağlanmışdır. Bankın ləğv prosesi başlandığı andan ərizəçi Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək əmanətin (depozitin) tam məbləğini kreditin qalıq məbləği ilə əvəzləşdirilməsini xahiş etmiş və əmanətin 100.000 manat hissəsi kredit məbləği ilə əvəzləşdirilmişdir. İddiaçı hazırda Əmanətin qalan 40.000 manat məbləğin əvəzləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən görünür ki, kreditor tələbi kimi qeydə alınmış tələblər üzrə ödənişlər qanunamüvafiq olaraq növbəlilik qaydasında həyata keçirilir. Göründüyü kimi, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. “Banklar haqqında” qanunun 78.1-ci maddəsinə əsasən isə bu Qanunun 82-ci maddəsinin (Ödənişlərin növbəliyi) tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 131.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 89, 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Kollegiyası Q Ə R A R A A L D I : İddia təmin edilməsin. Qərardan, qərarın təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar