Məhkəmə qərarları › İş №2-3(104)-1/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(104)-1/2023

01.12.2023 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-3(104)-1/2023 01.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının X2 cavabdeh X9 qarşı "media subyektinin və onun onlayn redaksiyasının (siam.az) fəaliyyətinə xitam verilməsi" tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının X2 cavabdeh X9 qarşı “media subyekti olaraq fəatiyyətinə xitam verilməsinə” dair iddia tələbinə 29 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Respublikasının X5 ünvanlanmış “müvafiq məlumatların təqdim edilməsi haqqında” məktubundan görünür ki, “siam.az” domen adının sahibi haqqında məlumatların Azərbaycan Respublikasının X5 təqdim edilməsi barədə 14 sentyabr 2023-cü il tarixli, 11- 5-11/2-354/2023 nömrəli məktubu baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli, 63 nömrəli qərarı ilə təsdiq edilmiş “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydalarının 3.1-ci bəndinə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zinasında domen adlarının inzibatçılığı domen adlarının milli inzibatçısı tərəfindən aparılır. Eyni zamanda “az” domen zonasında müvafiq domen adları ilə bağlı məlumatları (konfidensial fərdi məlumatlar istisna olmaqla) domen adlarının milli inzibatçısı tərəfindən idarə olunan www.whois.az informasiya resursundan açıq şəkildə əldə etmək mümkündür. Sözügedən informasiya resursunda qeyd olunmayan, lakin sorğulanan digər məlumatların verilməsi “Fərdi məlumat haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Adıçəkilən Qanunun 13.1-ci maddəsinə əsasən fərdi məlumatların üçüncü şəxlsər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız razılığı ilə yol verilir.

İddia ərizəsinin dəlilləri:

2. İddiaçı Azərbaycan Respublikasının X7 cavabdeh X9 qarşı cavabdeh media subyektinin və onun onlayn redaksiyasının (siam.az) fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 olaraq (“siam.az” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Buna baxmayaraq, cavabdeh bu günə qədər Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X5 müraciət etməmişdir. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində Media Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X5 (İddiaçı) müraciət etməli idi. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. “Media haqqında" Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X5 müraciət etməlidir. Qeyd olunan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü İldə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirdi və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq İcra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X5 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2- ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X5 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Hazırkı halda isə Cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda isə həmin media subyektinin fəaliyyətinə xitam verilməlidir.

4. İddia tələbinə cavabdeh tərəfin yazılı etiraz ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi 10 dekabr 2021-ci il tarixdə “Media haqqında” Qanun layihəsi təklifinin mətnini özünün internet saytı vasitəsilə ictimaiyyətə açıqlayıb. Qanun layihəsinin mətninin açıqlanmasından 4 gün sonra, 14 dekabr 2021-ci il tarixdə qanun layihəsi Milli Məclisin plenar iclasında 1-ci oxunuşda qəbul edilib. Azərbaycan Respublikasının Milli Məclisi 30 dekabr 2021-ci il tarixdə “Media haqqında” Qanunu sonuncu oxunuşda qəbul edib və qanun imzalaması üçün Azərbaycan Respublikasının Prezidentinə göndərilib. 8 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti qanunu imzalayıb və o, qüvvəyə minib. “Media haqqında” Qanunun qüvvəyə minməsi ilə media, jurnalistika sahəsini tənzimləyən əsas qanunlar – “X3 haqqında” və “Teleradio yayımı haqqında” Azərbaycan Respublikası qanunları ləğv edilib. Hazırda “Media haqqında” Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edən əsas qanundur. Qüvvəyə mindikdən sonra bütünlüklə Qanun, xüsusilə də onun aşağıda haqqında bəhs edilən müddəaları onların gündəlik fəaliyyətini neqativ təsirləndirir, sərbəst şəkildə informasiya toplama, hazırlama və yaymağına ciddi, keçilməz əngəllər yaradır. Media və jurnalistlərin vahid reyestrinin yaradılması – Qanunun 73-cü maddəsinə görə, Media Reyestri yaradılır. Qanuna görə, reyestrin yaradılmasının məqsədi Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsidir. Qanunun 74-cü maddəsi Media Reyestrinə daxil edilmək üçün tələblər müəyyən edib. Bu tələblər medialara və fərdi jurnalistlərə münasibətdə fərqlənir. Medialara münasibətdə tələblər bunlardır: media subyektlərinə dair tələblərə cavab verməlidir; fəaliyyəti davamlı olmalıdır (hər ay azı 400 özəl məzmun yaymalıdır); fəaliyyəti bu Qanunun 13.1-ci (Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər) və 13.2-ci (Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər) maddələrinin tələblərinə uyğun olmalıdır; hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmalıdır; fiziki şəxs olduqda, fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır; Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olmamalıdır. Jurnalistlərin fərdi qaydada Media Reyestrinə daxil edilməsi üçün qanun bu şərtləri müəyyən edib: ali təhsili olmalıdır; fəaliyyət qabiliyyətli olmalıdır; ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdır; məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır; media subyekti ilə əmək müqaviləsi olmalıdır (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır); işlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır; işlədiyi media subyekti davamlı fəaliyyət göstərməlidir (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); jurnalistlərin fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır; işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə bu Qanunun 59.7ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olmamalıdır; jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir; jurnalist kimi fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir; fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır. Sadalan tələblərə cavab verməyən media və jurnalistlərin Media Reyestrinə daxil edilməsindən imtina olunur. Qanunun 73-74-cü maddələrində Media Reyestrinin yaradılması ilə bağlı nəzərdə tutulan tənzimləmələr jurnalistin statusuna, jurnalistlərin məlumat əldə etmə imkanlarına bilavasitə təsir göstərir. Qanunun 70-ci maddəsi jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsini nəzərdə tutur. Həmin maddəyə görə, yalnız “Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi verilir. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”. Qanunun 71 və 72-ci maddələri akkreditasiya məsələlərini tənzimləyir. Qanunun 71-ci maddəsinə görə, “71.1. Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları vardır: ... 71.1.2. dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;” Qanunun 72-ci maddəsinə görə, yalnız Qanunun 1-ci maddəsi ilə müəyyən edilən jurnalist anlayışına cavab verənlər dövlət orqanlarında, müəssisə və təşkilatlarında, qeyri-hökumət təşkilatlarında akkreditasiyadan keçə, məlumat toplaya bilərlər: “72.1. Media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər. 72.2. Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən və Media Reyestrinə daxil edilmiş jurnalistlər dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçə bilərlər”. Qanun medianın yaydığı məzmunla bağlı tələblər müəyyən edib. Qanunun 14-cü maddəsinə görə, həmin tələblər bunlardır: konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir, dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir, dövlət dili normalarına riayət edilməlidir, irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir, terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir, əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir; şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir; şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir; böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir; sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır; faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir; parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir; pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir; qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir. Qanun media və jurnalistlərə gizli audio və videoların, fotoların yayılmasını qadağan edir. Qanunun 21-ci maddəsinə görə, “Gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yalnız aşağıdakı hallarda yol verilir: 21.1.1. barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin (şəxslərin) Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə; 21.1.2. məhkəmənin qərarı ilə nümayiş etdirilirsə”. Qanun media subyektləri üçün tələblər müəyyən edib. Qanunun 26-cı maddəsinə görə, media təsisçisi fiziki şəxsdirsə, mütləq Azərbaycanda daimi yaşamalı, Azərbaycan vətəndaşı olmalı, təsisçi hüquqi şəxsdirsə, nizamnamə kapitalının 75 faizi Azərbaycan vətəndaşına və ya Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxsə məxsus olmalıdır. Həmin maddəyə görə, aşağıda qeyd edilənlər media təsisçisi ola bilməzlər: ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər; məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər. Bunlardan başqa: Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər. Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir. Qanuna görə, medianın rəhbəri mütləq ali təhsilli olmalıdır. Qanun çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin dayandırılmasının, onların fəaliyyətinə xitam verilməsinin əsaslarını müəyyən edir. Qanunun 78-ci maddəsində göstərilir ki, “bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri ... Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində ... müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir”. Qanunun 65-ci maddəsində isə göstərilir: “65.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: ... 65.4.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda;.. Azərbaycan Respublikasının üzv olduğu Avropa Şurasına (AŞ) daxil olan ölkələrin qanunvericiliyinin AŞ-nın standartlarına, X12 Konvensiyasına uyğunluğunu yoxlayan Venesiya Komissiyası “Media haqqında” Qanun layihəsini araşdırıb və 18 iyun 2022-ci il tarixdə Komissiyanın rəyi elan edilib. Komissiya rəyində qanunun AŞ standartlarına cavab vermədiyi qənaətinə gəlib: “Belə qənaətə gəlinir ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır: Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin; Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin; Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır; akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır; məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq; jurnalist mənbələrinin qorunması ilə bağlı müddəaları dəyişdirmək; platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək; çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır;...”. Avropa Şurasının Nazirlər Komitəsi də “Media haqqında” qanunun AŞ standartlarına uyğunluğunu müakirə edib. Qurum 2022-ci ilin dekabr ayında qəbul etdiyi qətnaməsində Azərbaycan hökumətini “Media haqqında” qanunu ləğv etməyə, AŞ standartlarına cavab verən yeni qanun qəbul etməyə çağırıb..” Azərbaycan Respublikasının Prezidenti 8 fevral 2022-ci il tarixdə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb. Həmin fərmana əsasən, “Media haqqında” qanunun yuxarıda bəhs edilən maddələrinin tətbiqi üzrə səlahiyyətlər Azərbaycan Respublikasının X5 həvalə edilib. Azərbaycan Prezidenti 26 sentyabr 2022-ci il tarixdə “Media Reyestrinin aparılması qaydaları”nı təsdiq edib. Həmin vaxtdan etibarən, X7 Media Reyestrinin formalaşdırlmasına başlanılıb. Hansı mediaların, jurnalistlərin Media Reyestrinə daxil edilməsi ilə bağlı dəqiq statistik məlumatlar ictimaiyyətə açıq deyil. X2 rəsmilərinin mediaya sonuncu (2022-ci ilin sonu) açıqlamasına görə, “indiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır”. Media Reyestrinin formalaşdırlması ilə bağlı Qanun-un nəzərdə tutduğu tənzimləmələr, istər “Media haqqında” qanunun qəbul edilməsindən əvvəl təsis edilib, fəaliyyət göstərənlər olsun, istərsə də qanunun qəbul edilməsindən sonra təsis edilən medialar olsun, bütün medialara eyni prinsiplər əsasında tətbiq edilir. Qanunun qeyd edilən maddələrinin tətbiqi media, jurnalist olaraq bizim hüquq və azadlıqlarımızı pozur, bu pozuntular bizə ağır və bərpaedilməz zərər vurmaqdadır. Qanun Media Reyestri-nin yaradılmasının məqsədi kimi “Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi”-ni göstərsə də faktiki olaraq, vahid reyestrin yaradılması jurnalistika fəaliyyətinin lisenziyalaşdırlması məzmunu daşıyır. Qanunun 72.2-ci maddəsi reyestrə daxil edilməyən mediaların, onların jurnalistlərinin dövlət orqanlarında, müəssisə və təşkilatlarda, qeyri-hökumət təşkilatlarında akkreditasiya olunmaq, məlumat toplamaq hüququnu böyük ölçüdə əlindən alır. Qanunun tətbiqi nəticəsində biz akreditasiya imkanından, dövlət orqanlarında, müəssisə və təşkilatlarda, qeyri-hökumət təşkilatlarında bu yolla məlumat toplamaq imkanlarından məhrum olmuşlar, çünki, həmin qurumlar reyestrə daxil edilmədiyi əsas gətirərək, akreditasiyadan imtina edirlər. Qanunun tətbiqi nəticəsində hətta ictimai yerlərdə jurnalist fəaliyyətini həyata keçirməyinə inzibati maneçilik halları yaradılır. Küçələrdə sorğu aparan, müsahibə alan zaman polis əməkdaşları bunun qanunsuz olduğunu, vahid jurnalist vəsiqəsi olmayanların jurnalist fəaliyyəti ilə məşğul ola bilməyəcəyini bildirirlər, çəkiliş aparılmasına imkan vermirlər. Qanunun tətbiqinin media, jurnalist olaraq onların hüquq və azadlıqlarının pozmasının, bu pozuntuların onların fəaliyyətinə ağır və bərpaedilməz zərərlər vurmasının çərçivəsi bununla yekunlaşmır. Qanunun 14-cü maddəsi medianın yaydığı məzmunla bağlı, 21-ci maddəsi məzmunun toplanılması ilə bağlı tələblər müəyyən edib. Qanunun 14-cü maddəsinə görə, mediada yayılan məzmunda “ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir, dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir, dövlət dili normalarına riayət edilməlidir, irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir, terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir, əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir; şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir...”. Qanunun 21-ci maddəsi isə media və jurnalistlərə gizli audio və videoların, fotoların yayılmasını qadağan edir. Qeyd edilən maddələrdə nəzərdə tutulan tənzimləmələr nəticələri öncədən görülə bilən deyil, olduqca yayğındır, sərtdir, media və jurnalistlərə qarşı sui-istifadələrə geniş imkanlar yaradır. Belə yayğın müddəalar onlara istər-istəməz “çəkindirici təsir” göstərir, onları ictimai önəm daşıyan mövzularda yazmaqdan kənar dayanmağa məcbur edir. “Media haqqında” Qanunun Media Reyestrinin yaradılmasını tənzimləyən maddələrinin tətbiqinə 2022-ci ilin oktyabr ayında başlanılıb. Qanunvericilik reyestrin formalaşdırılması üçün 6 aylıq vaxt müəyyən edib. Həmin müddət 2023-cü ilin aprel ayında artıq başa çatıb. 24saat.org və az24saat.org onlayn media subyektləri də 2022-ci və 2023-cü ildə bu media resurslarının Media Reyestrinə daxil edilməsi üçün müraciətlər edib, ancaq hər hansı əsaslandırma göstərilmədən, onlayn media resurslarının Reyestrə daxil edilməsindən imtina olunub. Qanunvericilik bu şikayətdə ətraflı təsvir edildiyi kimi reyestrə daxil edilməyən media və jurnalistlərin hüquqlarını ciddi miqyasda məhdudlaşdırır. Məsələn, qanun ilk qaynaqdan məlumat əldə edilməsində ən effektiv üsullardan olan akreditasiya imkanını yalnız reyestrdə olan media və jurnalistlər üçün əlçatan elan edir. Reyestrdə olmayan medialar bu imkandan məhrum edilirlər. Yaxud, medialara gündəlik 20 xəbər yaymaq öhdəliyi gətirilir. Geniş qadağalar müəyyən edilir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ aktlar ölkə Konstitusiyasına, həm də Azərbaycan Respublikasının tərəf olduğu beynəlxalq müqavilələrə uyğun olmalıdır. “Media haqqında” qanun, xüsusilə, onun reyestrlə bağlı maddələri həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə uyğunsuzluq təşkil edir. Bu, həm də Konstitusiyanın pozuntusudur. Belə ki, Konstitusiyaya görə, onunla birlikdə referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktları təşkil edir. Konstitusiyaya görə, beynəlxalq müqavilələr də Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxildir. Qanun Media Reyestri-nin yaradılmasını nəzərdə tutur. Qanunda Reyestr mexanizminin yaradılmasının məqsədi kimi “Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi” göstərilsə də əslində məhz bu məqsədə yönəlik belə bir mexanizm onsuz da mövcuddur. Jurnalistlər fərdi qaydada, medialar isə hüquqi şəxs olaraq, nüvafiq olaraq vergi qeydiyyatından keçiblər və onlar haqqında məlumatlar dövlət qurumlarında onsuz da mövcuddur. Bu reallığın işığında qanunda ifadə edilmiş məqsəd olduqca yayğındır, media və ifadə azadlığını məhdudlaşdırmağa, jurnalistika fəaliyyətinin əhatə dairəsini çərçivələməyə yönəlib. Həm reyestrə daxil edilmək üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər, həm reyestrə daxil edilmiş media və jurnalistlər üçün qanunvericilikdə nəzərdə tutulan imtiyazlar, həm də 5 aydan artıqdır ki, davam edən Reyestrin yaradılması prosesinin məzmunu göstərir ki, məqsəd yalnız qanunda göstərildiyi kimi “Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi” deyil. Reyestrin yaradılmasını həyata keçirən tənzimləyici dövlət orqanının rəsmi açıqlamalarına görə, fəaliyyət göstərən mediaların reyestrə daxil olmaları üçün mart ayının sonuna qədər vaxtları var. Həmin vaxta qədər reyestrə daxil olmaq üçün müraciət etməyən mediaların fəaliyyətinin qanuni olub-olmamasına qiymət verilməsi üçün məhkəmələrdə iddia qaldırılacaq. Qeyd edilənlərin işığında aydın görünür ki, media və jurnalistlərin reyestrə daxil edilməsi, onların qanuni jurnalist fəaliyyəti ilə məşğul ola bilməsinin başlıca şərti olacaq. Qanunda da göstərildiyi kimi, yalnız reyestrdə oilan media və jurnalistlər akreditasiya imkanı qazanacaqlar. Belə yanaşma müxtəlif normativ aktlarda jurnalist haqlarına dəlalət edən imtiyaz, üstünlüklərin də məhz reyestrdə olan media və jurnalistlərə münasibətdə keçərli olacağını ifadə edir. Məsələn, Azərbaycanın cinayət qanunvericiliyi jurnalistin peşə fəaliyyətinə mane olmağa görə məsuliyyət müəyyən edir. Bundan başqa qanunvericilik jurnalistlərə öz qaynaqlarını açıqlamamaq haqqı verir. Qanunvericilik həmçinin, jurnalistlərin adi vətəndaşlarla müqayisədə ictimai məzmunlu rəsmi informasiyalara daha tez və rahat çatım haqlarını tanıyır. Reyestrdə olmayan media və jurnalistlərin bu haqlardan yararlanması məhdudlaşdırılacaq. Qeyd edilən məzmunda tənzimləmə lisenziyalaşmaya bərabər tənzimləmədir və aydın şəkildə BMT və Avropa Şurasının standartları ilə qətiyyən bir araya sığmır. BMT standartları media və jurnalistlər üçün hər hansı lisenziyalaşmanı, qeydiyyatı istisna edir. BMT İnsan Haqları Komitəsinin 34 saylı Ümumi Şərhində göstərilir: “Jurnalistika, bloq yazarları, çap, internet və başqa platformada fərdi yayınçılıqla məşğul olan başqaları da daxil olmaqla çox çeşidli aktorlar tərəfindən paylaşılan bir fəaliyyətdir və jurnalistlərin qeydiyyatının aparılması və ya lisenziyalaşdırılması BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə uyğun deyildir. Məhdud akkreditasiya qaydalarına yalnız jurnalistlərin müəyyən yerlərə və ya tədbirlərə məhdud sayda buraxılması gərəkli olduqda icazə verilə bilər. Belə qaydalar jurnalistikanın çox çeşidli aktorlar tərəfindən həyata keçirilən fəaliyyət sahəsi olması nəzərə alınmaqla, obyektiv meyarlara əsaslanaraq, ayrı-seçkiliyə yol verilmədən, Bəyannamənin 19-cu maddəsi və digər müddəalarına uyğun şəkildə tətbiq edilməlidir”. Reyestr mexanizmi Avropa Konvensiyasının tətbiqi təcrübəsinə də uyğun deyil. X12 Məhkəməsinin təcrübəsi istisna hallarda yalnız yayım mediasına münasibətdə qeydiyyat və ya lisenziyalaşdırmaya mexanizminin tətbiqini legitim hesab edir. AİHM-in İnformationsverein Lentia və digərləri Avstriya qarşı işdə bildirib ki: “...onilliklər ərzində əldə edilmiş texniki inkişafı nəzərə aldıqda, dövlət orqanları tərəfindən yayım tezliklərinə və kanallara tətbiq edilən məhdudiyyətləri əsaslandırmaq mümkün deyil. Belə bir vəziyyətdə dövlətin lisenziyalaşdırma fəaliyyəti yeni məna və məqsəd qazanıb: ictimaiyyətin məlumat almaq hüququnun təmin edilməsi üçün informasiya azadlığını və plüralizmini təmin etmək. Dövlət bu cür plüralizmin qarantı kimi çıxış etməlidir”. Məhkəmənin bu yanaşması onlayn media subyektlərinin reyestrə daxil edilməsi məsələsinə də aid edilməlidir. Sosial şəbəkələrin və bloggerliyin bu qədər geniş yayıldığı və populyarlığının artdığı dövrdə onlayn media subyektinin reyestrə daxil edilməsi üçün tələb edilən formalizmə hansısa formada haqq qazandırmaq qeyri-mümkündür. Avropa Məhkəməsi dəfələrlə bildirib ki, “...dövlətin lisenziyalaşdırma sistemi yalnız texniki məqsədlər üçün istifadə edilməlidir və Konvensiyanın ifadə azadlığını tənzimləyən 10-cu maddəsinin 2-ci bəndinin tələblərinə zidd olmamalıdır”. Digər tərəfdən, Avropa Şurası Nazirlər Komitəsi “Media plüralizmi və media məzmununun müxtəlifliyi ilə bağlı CM Rec (2007)/2 saylı Tövsiyəsində üzv dövlətlərə çap mediasından rəqəmsal mediaya keçid etmək üçün dəstək verməyi məsləhət görüb. Bununla yanaşı, media plüralizminin təmin edilməsi üçün qərarların qəbul edilməsi zamanı elmi araşdırmanın əhəmiyyətinə də diqqət çəkilib. “Media haqqında” qanunun qəbulu, tətbiqi prosesində isə bu tövsiyələrin ziddinə olaraq, hansısa elmi araşdırma aparılmayıb, buna istinad edilməyib, eləcə də çap mediasından rəqəmsal mediaya keçidlə bağlı tövsiyyələrə əhəmiyyət verilməyib.

Prosses iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdehin media reyestrinə daxil edilməsi ilə bağlı ümumiyyətlə müraciəti olmamışdır.

6. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh və vəkili iclasda iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

7. “Media haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.1. kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar; 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 1.1.3. media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs; 1.1.4. jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs; 1.1.5. audiovizual media – televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media; 1.1.6. çap mediası – il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan media; 1.1.7. onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı vebsaytda yayımlayan media; 1.1.8. informasiya agentliyi – kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media; 1.1.9. redaksiya – veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmə; .......... s.); 1.1.14. audiovizual yayımçı – televiziya və radio yayımında, o cümlədən sifarişli yayım xidmətində proqramların məzmunu üzərində cavabdehlik daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar verən fiziki və ya hüquqi şəxs; ......... 62.1. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. 62.2. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5- ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir. ........ 65.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: ......... 65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda;. .......... 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X5 müraciət etməlidir (qüvvədən düşmüşdür).

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 127. Audiovizual media subyektlərinə lisenziyanın verilməsi ilə bağlı mübahisələrə dair işlər üzrə icraat: 127.1. Audiovizual media subyektlərinə lisenziyanın verilməsindən imtina olunması ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 127.2. Audiovizual media subyektlərinə lisenziyanın verilməsindən imtina olunması haqqında qərara (inzibati akta) qarşı iddia ərizəsi audiovizual yayımı həyata keçirmək iddiasında olan şəxs tərəfindən verilə bilər. 127.3. İddia ərizəsi imtina haqqında qərar (inzibati akt) barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə məlumat verildiyi vaxtdan 30 gün müddətində verilə bilər. 127.4. Məhkəmə tərəfindən iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 127.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Maddə 128. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə dair işlər üzrə icraat. 128.1. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 128.4. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

10. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

11. İş materiallarına əlavə edilən sübutlardan məlum olur ki, X1 olaraq (“siam.az” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) hazırda fəaliyyət göstərir.

12. “Media haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq İcra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X5 rəsmi müraciət etməlidir.

13. Həmin Qanunun 65.4.4-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.

14. Həmin Qanunun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X5 müraciət etməlidir (qüvvədən düşmüşdür).

15. Göründüyü kimi, cavabdeh Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X5 müraciət etməmiş, fəaliyyətini Reyestrə daxil olmadan, yəni qanunsuz olaraq (siam.az) onlayn redaksiyası (veb-saytı) vasitəsi ilə davam etdirmişdir. Hazırda da cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərir və bu isə onun fəaliyyətinə xitam verilməsi üçün əsasdır. 16.Məhkəmə kollegiyasına təqdim olunmuş etiraz qeydlərində də cavabdeh hazırda fəaliyyət göstərməsini təqzib etməmiş, Media Reyestrinə daxil edilməsi barədə iddiaçıya müraciətini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.

17. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməli, cavabdeh X8 (onun redaksiyasının (siam.az)) media subyekti olaraq fəaliyyətinə xitam verilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2- ci, 68.3-cü, 128-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddia tələbi təmin edilsin. Cavabdeh X8 (onun redaksiyasının (siam.az)) - media subyekti olaraq fəatiyyətinə xitam verilsin. Qərardan, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində, Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Afiq Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar