Məhkəmə qərarları › İş №2-3(104)-1/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(104)-1/2024

08.08.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-3(104)-1/2024 08.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 99 saylı Bərdə şəhər seçki dairəsi Dairə Seçki Komissiyasının 31 iyul 2024-cü il tarixli 25/65 Qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının 03 avqust 2024-cü il tarixli 26/117 saylı qərarının ləğv edilməsi və onun 01 sentyabr 2024-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyinin qeydə alınması barədə qərar çıxarılması tələbinə dair ərizəsi üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Azərbaycan Respublikası Milli Məclisinə 01 sentyabr 2024-cü il tarixdə təyin olunmuş seçkilərə 99 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş və namizədliyinin qeydə alınması üçün seçki sənədlərini 24 iyul 2024-cü il tarixdə 99 saylı Bərdə şəhər seçki dairəsi Dairə Seçki Komissiyasına (bundan sonra ixtisarla Bərdə şəhər DSK yazılacaq) təqdim etmişdir. Bərdə şəhər DSK tərəfindən həmin sənədlərdə olan məlumatların düzgünlüyü və namizədin irəli sürülməsi prosedurunun Seçki Məcəlləsinin tələblərinə uyğunluğu yoxlanılmış, 31 iyul 2024-cü il tarixdə iddiaçının deputatlığa namizədliyinin qeydə alınmasından imtina olunması barədə qərar çıxarılmışdır. Bərdə şəhər DSK həmin qərarını onunla əsaslandırmışdır ki, namizəd İddiaçı namizədliyinin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələri və digər seçki sənədləri dairə seçki komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən araşdırılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, namizəd İddiaçı mülkiyyət hüququ və ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaklar (nəqliyyat vasitələri) barədə məlumatları dairə seçki komissiyasına düzgün təqdim etməmişdir. İşçi qrupu tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli rəydən aydın olur ki, namizəd İddiaçı ona mülkiyyət hüququ əsasında məxsus olan Kia K5 markalı 77MS628 dövlət qeydiyyat nişanlı avtomobil və ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan Hunday Palisade markalı 77SD483 dövlət qeydiyyat nişanlı avtomobil barədə məlumatları müvafiq seçki sənədində göstərməmişdir. Seçki Məcəlləsinin 60.2.3-cu maddəsinə görə, namizəd həmin Məcəllənin 58-ci maddəsinə uyğun olaraq məlumatları düzgün təqdim etmədikdə onun namizəd kimi qeydə alınmasından imtina edilir. İddiaçı Bərdə şəhər DSK-nın 31 iyul 2024-cü il tarixli 25/65 saylı qərarından 02 avqust 2024-cü ildə MSK-ya şikayət etmiş, şikayətini onunla əsaslandırmışdır ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 99 saylı Bərdə seçki dairəsi üzrə namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmişdir. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak barədə məlumatın dairə seçki komissiyası tərəfindən natamam araşdırıldığını və bu səbəbdən də namizəd kimi qeydə alınmasından imtina edildiyini iddia edir. İddiaçı həmin şikayətinə MSK-nın xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında baxılmış və İddiaçı müraciətinin əsassız olduğundan təmin edilməməsi, DSK-nın 31 iyul 2024-cü il tarixli 25/65 saylı qərarının dəyişdirilmədən saxlanması qərara alınmışdır. MSK-nın xx.xx.2024-cü il tarixli 26/117 saylı bu qərarında göstərilir ki, Dairə seçki komissiyası namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş İddiaçı deputatlığa namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 31 iyul 2024cü il tarixli 25/65 saylı Qərarını onunla əsaslandırmışdır ki, namizəd mülkiyyət hüququ və ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan nəqliyyat vasitələri barədə məlumatları dairə seçki komissiyasına düzgün təqdim etməmişdir. Namizəd İddiaçı namizədliyinin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələri və digər seçki sənədləri Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən araşdırılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı ona xüsusi və ümumi birgə mülkiyyət hüququ əsasında məxsus nəqliyyat vasitələri barədə dairə seçki komissiyasına düzgün məlumat verməmişdir. Seçki Məcəlləsinin 58.3-cü maddəsinə görə, xüsusi mülkiyyət hüququ əsasında (o cümlədən, ümumi mülkiyyət hüququ əsasında) namizədə məxsus olan əmlak barədə məlumatlar həmin Məcəllənin 5 saylı Əlavəsinə uyğun formada təqdim edilir. Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə görə, namizəd həmin Məcəllənin 58-ci maddəsinə uyğun olaraq məlumatları düzgün təqdim etmədikdə onun namizəd kimi qeydə alınmasından imtina edilir. Beləliklə, aparılan tam və hərtərəfli araşdırma ilə müəyyən edildi ki, namizəd İddiaçı tərəfindən xüsusi və ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus nəqliyyat vasitələri barədə dairə seçki komissiyasına düzgün məlumat verilməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina üçün hüquqi əsas yaratmışdır. Məhkəmədə icraat İddiaçı Azərbaycan Respublikası MSK-nın 03 avqust 2024-cü il tarixli 26/117 saylı qərarından şikayət verərək qərarın ləğv olunması və 01 sentyabr 2024-cü il tarixdə təyin olunmuş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyinin qeydə alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DSK tərəfindən hazırkı şikayətlə mübahisələndirilən qərar qəbul edilərkən istinad etdiyi norma Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.3-cü maddəsi olmuşdur. Lakin qərar çıxarılarkən Seçki Məcəlləsinin 60.3-cü maddələrinin tələbləri diqqətdən qaçmışdır. Belə ki, Seçki Məcəlləsinin 60.3-cü maddəsinə görə, bu Məcəllənin 60.2-ci maddəsində göstərilən hallar (hazırkı işdə olduğu kimi) imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır. Hesab edir ki, 99 saylı Bərdə dairə seçki komissiyasının qərarı mütənasiblik prinsipini pozmuşdur. KİA K5 markalı, 77MS628 dövlət nömrə nişanlı sedan tipli avtomobil Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixdə gətirilmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olan vətəndaş X1. Sadəcə olaraq 01 yanvar ölkə ərazisində qeyri-iş günü olduğundan avtomobilin qeydiyyatı mümkünsüz olmuşdur. Bu səbəbdən aralarında belə bir razılıq olmuşdur ki, avtomobili "Mobil Notariat" tətbiqi üzərindən baş etibarnamə əsasında həmin şəxsə versin. Daha sonra onun yolu nə zaman Bakı şəhərinə düşərsə onunla görüşüb avtomobili rəsmi qaydada alqı-satqı edəcəkdilər. Lakin onun hər dəfə Bakı şəhərinə getdiyi zaman onun vaxtı ilə uyğunsuzluq olmuşdur və nəticə etibarı ilə avtomobilin rəsmiləşdirilməsi gecikmişdir. Bir daha bəyan etmişdir ki, avtomobil sırf satış məqsədilə ölkəyə gətirilmiş və gətirildikdən qısa müddət sonra satılmış, onun faktiki mülkiyyətində, istifadəsində və sərəncamında olmamış və deyildir. Sadəcə avtomobilin vətəndaş Pərvin Əhmədovla rəsmiləşdirilməsini həyata keçirə bilmədiyindən avtomobilin texniki pasportu formal olaraq onun adında qalmış, DSK isə onun həmin avtomobilin mülkiyyətçisi olduğu qənaətinə gəlmişdir. Bu səbəbdən də hesab edir ki, DSK tərəfindən araşdırma natamam aparılmış və yol verilmiş qüsur kobud pozuntu hesab edilməməlidir. HYUNDAİ PALİSADE minik markalı 77SD483 dövlət nömrə nişanlı avtomobil ona xüsusi mülkiyyət hüququ əsasında məxsus deyil. DSK-nın qərarında ümumi mülkiyyət hüququ dedikdə, ona arvadının xüsusi mülkiyyətində olan və birgə nikah dövründə əldə etdiyi əmlaka onun ümumi mülkiyyətinin olmasını istinad etməsi əslində qəbul edilməzdir. Çünki burada termin düzgün qeyd edilməmişdir. Bu hüquqi terminin anlayışından ona belə aydın olmuşdur ki, burada qanunverici onun paylı mülkiyyətinə, məsələn vərəsəlik əsasında və ya əvvəllər mövcud olmuş, lakin sonradan bölgüsü həyata keçirilmiş ümumi istifadədə olan paylı mülkiyyətini bəyan etməyini tələb edir. Halbuki, onun belə bir əmlakının olmaması səbəbindən bu barədə heç bir əmlakı bəyan etməmişdir. Qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 5 saylı Əlavəsində (Əmlak Barəsində Məlumat) göstərilən "(o cümlədən ümumi mülkiyyət hüququ əsasında) məxsus olan əmlak" anlayışı ərlə-arvadın arasındakı münasibətləri tənzimləyən Ailə Məcəlləsi ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilir ki, "Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır". Burada hansısa “ümumi mülkiyyət” hüquqi termininə rast gəlinmir. Maddənin davamı olaraq 32.2.-ci maddədə qeyd edilir ki, "Ərarvadın ümumi birgə mülkiyyətinə" nələr daxil olması sadalanır. Daha bir dəlil ondan ibarətdir ki, DSK-nın imtina qərarının qəbul edilməsi üçün Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə istinad etməsi də doğru olmamışdır. Belə ki, həmin maddə namizədin təqdim etdiyi məlumatların düzgün olmaması əsasını müəyyən edir. Halbuki, onun təqdim etdiyi əmlak haqqında məlumatlar de-fakto düzgün olmuş, sadəcə əmlak haqqında məlumatı əks etdirən sənədi düzgün rəsmiləşdirməmişdir. DSK-nın tərəfindən verilməyən məlumatı düzgün rəsmiləşdirilməyən kimi deyil, düzgün olmayan kimi qiymətləndirməsi anlaşılan deyil və yuxarıda qeyd etdiyi mütənasiblik prinsipinin pozuntusunun növbəti göstəricisidir. Əgər DSK qərarında yaranmış vəziyyəti düzgün şərh edərək Seçki Məcəlləsinin 60.2.2-ci maddəsinə (düzgün rəsmiləşdirməmə) istinad etsəydi bu halda Seçki Məcəlləsinin 60.4-cü maddəsinin tətbiqi mümkün olardı ki, yaranmış vəziyyətdə seçki hüququnun konstitusion əsasları da nəzərə alınmaqla ən düzgün qərar olardı. Seçki Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, bu Məcəllənin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. Hazırkı işdə də o, faktiki olaraq ona məxsus olmayan əmlakları bəyan edə bilməzdi, amma sırf qanunun formal tələbinə görə, formal xarakterli olsa da, qeyd edilən nəqliyyat vasitələrini bəyan etməli idisə, onların sənədə əlavə edilməməsi düzgün məlumatın verilməməsi kimi deyil, sənədin düzgün rəsmiləşdirilməməsi kimi qiymətləndirilməli və ona bu haqda 24 saat ərzində xəbərdar edilməklə əmlak haqqında məlumatı yenidən təqdim etməyə imkan yaradılmalı idi. DSK tərəfindən bunun edilməməsi həm də ona qarşı namizəd kimi qərəzin olmasına dəlalət edir. Qeyd edir ki, ərizəçi nə DSK-nın imzaların yoxlanılması zamanı işçi qrupunun iclasına, nə də DSK-nın iclasına dəvət edilib. Ona qərarın surəti DSK-nın Qərarı qəbul edildikdən sonra təqdim edilib. Əgər iddiaçıya bu imkan yaradılsaydı, iddiaçı həmin əmlaklar barədə mövqeyini DSK-ya təqdim edə bilərdi. DSK qərəzsiz və şəffaf fəaliyyət göstərən seçki orqanı deyildi. İddiaçının namizədliyini qeydə almaqdan imtina edən daxil seçki orqanları qərəzsiz və müstəqil deyildilər. Onların fəaliyyəti şəffaf deyildi. Belə ki, seçki komissiyaları iddiaçının təqdim etdiyi sənədlərin yoxlanmasında iştirakını təmin etmədilər. İddiaçıya bu yoxlamalarla bağlı tərtib edilmiş materiallar ümumiyyətlə təqdim edilmədi. İddiaçı seçki komissiyalarının araşdırmasında iştirak edərək çatışmazlıqları aradan qaldıra bilərdi. İddiaçı yanlız DSK qərarını aldı və onda da artıq çatışmazlıqları aradan qaldırmaq imkanı olmadı. İddiaçının işinin araşdırılması prosesində iştirakının məhdudlaşdırılması seçki administrasiyasına, onun namizədliyinin qeydə alınması məsələsinin həllində manipulyasiyalar etməyə imkanı verdi. Seçki komissiyalarının tərkibi ilə bağlı beynəlxalq təşkilatların iradları hökumət tərəfindən nəzərə alınmamışdı. DSK-nın iddiaçının hüquqlarına müdaxiləsi mütansib deyildi və onun prosedur təminatları təmin olunmamışdır. Göründüyü kimi qanunvericilik namizədliyin qeydiyyatı üçün verilən məlumatların düzgün olmamasının onun namizədliyinin qeydiyyatından imtina etmə vəzifəsini imperativ qaydada seçki komissiyalarının üzərinə qoymur, yalnız bu hallarda onlara diskresion səlahiyyət verir. Belə olan halda Seçki komissiyaları bu müdaxilənin legitim məqsədlərə mütənasib olduğunu sübut etmək məcburiyyətində idilər. AR Seçki Məcəlləsinin 60.3-cü maddəsinin pozuntusunu təşkil edir. Belə ki, AR SM-nin 60.3-cü maddəsinə əsasən namizədin qeydiyyata alınmaması qərarı onun buraxdığı səhvə mütənasib (proporsional) olmalıdır. Azərbaycan seçki qanunvericiliyi əmlak senzi nəzərdə tutmadığı üçün seçkilərdə passiv seçki hüququndan istifadə edib iştirak etmək istəyən şəxslərdən əmlak barədə hesabat məlumat tələb edilməsi, eyni ilə gəlirləri barədə məlumat tələb edilməsi kimi, seçkilərin vicdanlılığını təmin etmək, korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə aparmaq, siyasətin təsir altına alımasının və seçki kompaniyasının bəzi mənbələrdən maliyyələşdirilməsinin qarşısını almaq məqsədi ilə nəzərdə tutulub. Məhz bu məqsədlərə nail olmaq üçün seçki kampaniyalarının maliyyələşdirilməsində hesabatlılığın təmin edilməsi zəruridir. Hesab edir ki, namizədlərə qeydiyyat üçün tətbiq edilən əmlak və gəlir barədə məlumatların təqdim edilməsi bu məqsədlə nəzərdə tutulduğundan, yalnız seçkilərdə tətbiq edilən maliyyələşmənin gizlədilməsinə xidmət edən məlumatların verilməməsi qəsdən gizlədilmiş hesab edilə bilərdi. Bütün hallarda sadə maşınların, xüsusi ilə iddiaçının faktiki olaraq satmış olduğu maşınlar barədə məlumatları verməməsi və ya məlumat verməyi unutması seçkilərin maliyyələşməsinə məhdudiyyət qoyulması məqsədləri baxımından əhəmiyyətli deyildi. Ərizəçinin belə məlumatları gizlətməsinin praktiki əhəmiyyəti yox idi. Ərizəçi yazdığı bütün şikayətlərində göstərdi ki, o, əmlakı barədə məlumatı qəsdən gizlətməyib. DSK bu çatışmamazlıqları aradan qaldırmaq və ya sual yaradan əmlaklar barədə əlavə məlumat vermək üçün ona şərait yaratmayıb. Ərizəçi bu səhvini aradan qaldıracaq prosedur təminatlara malik olmadı. Ərizəçi Seçki Məcəlləsinin 59.3 və 59.13-cü maddələrinin tələb etdiyi kimi, ümumiyyətlə nə DSK-da, nə də MSK-da işçi qrupları tərəfindən sənədlərin yoxlanılması prosesinə dəvət edilmədi və ona işçi qrupunun protokolu və rəyi nəzərdə tutulmuş qaydada qərar qəbul edilməmişdən əvvəlcədən təqdim edilmədi. Ələxsus DSK-da aparılmış araşdırma zamanı AR Seçki Məcəlləsinin 58.2-ci və 60.4-cü maddələrinə uyğun ona çatışmazlıqları aradan qaldırmaq üçün vaxt verilmədi. DSK bunu əksini iddia etsə də, ərizəçiyə bu çatışmazlıqları aradan qaldırmaq üçün vaxt verilməsini təsdiq edən heç bir mötəbər sübut göstərmədi. MSK qərarında namizədin əmlak barədə məlumatları gizlətdiyini qeyd etsə də, bunu sübut edən heç bir dəlilə qərarında istinad etmədi. Belə ki, hər hansı məlumatı gizlətmək bilərəkdən (qəsdən) edilən bir davranışdır. Əgər şəxs nəyisə gizlədirsə, bunu dərk edərək, qavrayaraq və istəyərk edir. MSK əgər hesab edirdisə ki, namizəd bu məlumatı gizlədir, onda o borclu idi ki, bu halı sübut edən dəlilləri qərarında əks etdirsin. Namizədin məlumat verməməsi gizlətməyə bərabər tutula bilməz. Çünki 29-cu paraqrafda qeyd olunduğu kimi namizəd bu məlumatı bilməyərək də edə bilərdi. Bu halda seçki komissiyaları borclu idi ki, tərəfi dəvət edib bu halı aydınlaşdırsın. Lakin DSK kimi MSK-da bunu etməyi zəruri hesab etmədi. MSKS-da İşçi qrupunun araşdırmasında iddiaçının iştirakı təmin edilməyib. MSK DSK-dan fərqli olaraq iddiaçının hansı məlumatları gizlətməsini belə qərarda göstərməyib. Qeyd edir ki, şikayətdə göstərilən faktiki halların məcmusu və hüquqi əsaslar DSK və MSK-nın qərarlarının əsassızlığının nümayiş etdirilməsi üçün substantiv xarakter daşıyır. İddia ərizəsinə qoşma olaraq əlavə edilmiş və məhkəmə kollegiyasına Bərdə şəhər DSK-nın 31 iyul 2024-cü il tarixli 25/65 saylı qərarının surəti, MSK-nın nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən tərtib olunmuş 03 avqust 2024-cü il tarixli rəyinin surəti, MSK-nın 03 avqust 2024-cü il tarixli 26/117 saylı qərarının surəti, "xxxx" MMC tərəfindən verilmiş arayışın surəti, 99 saylı Bərdə şəhər DSK tərəfindən verilmiş arayışın surəti, əmlak barəsində məlumat təqdim olunmuşdur və məhkəmə kollegiyası həmin sənədlərdə əksini tapmış məlumatlara istinad etmişdir. İddianın növü və mümkünlüyü Verilmiş iddia mümkün iddiadır. Belə ki, Azərbycan Respublikası Seçki Məcəlləsinin 112.3-cü maddəsinə əsasən, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Azərbaycan Respublikası İPM-nin 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Şikayət qanunla nəzərdə tutulmuş müddətlərdə verilmiş və forma və məzmun baxımından qanunauyğun tərtib olunmuşdur. Prosessual məsələlər İş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlmədiyinə baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qarar qəbul olunmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq, iş üzrə tərəflərə təqdim olunmuş məhkəmə bildirişində onların məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MSK-nın və üçüncü şəxs 99 saylı Bərdə şəhər seçki dairəsi Dairə Seçki komissiyasının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında tələbinə uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, dairə seçki komissiyası tərəfindən bu məsələ sonadək ona bildirilməmişdir. Halbuki izah edilməli idi ki, belə bir problem var. Bu aradan qaldırıla biləcək bir problemdir. O, bunu gizlətmək kontekstində etməmişdir, sadəcə olaraq həmin məlumatları əlavə etməyi unutmuşdur. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. ... Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 56. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. ... Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Azərbaycan Respublikasının Seçki Məcəlləsi: Maddə 3. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Maddə 53. Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. 53.2. Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü) göstərilməlidir. ... 53.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. 53.7. Namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir. Maddə 55. Namizədlərin irəli sürülməsi zamanı onların bərabər statusunun təmin edilməsi: 55.1. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. ... Maddə 56. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri 56.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. 56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. 56.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. ... Maddə 58. Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi 58.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: ... 58.1.5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat; ... 58.3. Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir. Namizədin əmlakı barədə məlumat bu Məcəlləyə 5 saylı Əlavəyə uyğun formada təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir. Maddə 59. İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması 59.1. Müvafiq seçki komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin bu Məcəlləyə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır. 59.2. Müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. ... Maddə 60. Namizədin qeydə alınması 60.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir. 60.2. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: 60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması; 60.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarını bu Məcəllənin 57- ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın.); İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. ... İnzibati Prosessual Məcəllə (İPM): 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, ərizəçinin izahatını dinləyib, iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri (58.1.1), seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi (58.1.2), bu Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş (58.1.3), namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat (58.1.4), mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat (58.1.5), namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə) (58.1.6) təqdim olunmalıdır. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 58.1.2 - 58.1.6-cı maddələrində göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir. Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir. Namizədin əmlakı barədə məlumat bu Məcəlləyə 5 saylı Əlavəyə uyğun formada təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir. (Seçki Məcəlləsinin 58.3-cü maddəsi) Seçki Məcəlləsinə 5 saylı əlavədə müəyyən olunmuş əmlak barədə məlumat vərəqindən görünür ki, məlumatın 2-ci bölməsində nəqliyyat vasitələri barədə məlumatlar qrafası və həmin qrafanın sətirlərində minik, yük avtomobilləri və digər nəqliyyat vasitələri ilə bağlı məlumatlar üçün yer ayrılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə tərtib edib imzası ilə təsdiq etdiyi əmlak barəsində məlumat cədvəlindən görünür ki, o, mülkiyyətində nəqliyyat vasitəsinin olmadığını qeyd etmişdir. Lakin sonradan dairə seçki komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı tərəfindən mülkiyyət hüququ və ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaklar barəsində (nəqliyyat vasitələri barədə) məlumatları dairə seçki komissiyasına düzgün təqdim etməmişdir. Belə ki, işçi qrupu tərəfindən verilən rəyə əsasən, İddiaçı ona mülkiyyət hüququ əsasında məxsus olan Kia K5 markalı 77MS628 dövlət qeydiyyat nişanlı avtomobil və ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan Hunday Palisade markalı 77MS483 dövlət qeydiyyat nişanlı avtomobil barədə məlumatları seçki sənədlərində göstərməmişdir. Bu fakt, yəni namizədin əmlak barəsində məlumat cədvəlində mülkiyyətində olan nəqliyyat vasitələri barədə məlumatları göstərməməsi, onun namizədliyinin qeydə alınmasından imtina edilməsi üçün müstəqil əsasdır. Çünki Seçki Məcəlləsinin 60.2.2-ci maddəsində bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması, namizədin qeydə alınmasından imtina üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Ərizəçinin əmlak barəsində məlumat cədvəlində nəqliyyat vasitələri haqqında məlumatı qeyd etməməsinin səbəbləri, yəni mülkiyyət hüququ əsasında ona məxsus olan nəqliyyat vasitəsini faktiki olaraq başqa şəxsə satsa da, sadəcə olaraq vaxt uyğunsuzluğundan bu günədək rəsmiləşdirilməməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın onun yox, məhz arvadının xüsusi mülkiyyətində olması barədə gətirdiyi dəlili məhkəmə kollegiyası araşdıraraq hesab edir ki, bu dəlil qəbul olunmamalıdır. Çünki ərizəçi ali təhsilli və fəal şəxsdir. Hər bir şəxsə məlumdur ki, nəqliyyat vasitəsinə dair başqa şəxsə baş etibarnamənin verilməsi həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və nəqliyyat vasitəsinin digər şəxsin mülkiyyətinə keçməsinə dəlalət etmir. Belə ki, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bundan başqa Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasında digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Qanunvericilikdə əmlak senzi nəzərdə tutmadığına görə əmlak barədə məlumat blankında nəqliyyat vasitəsi barədə məlumatı qeyd etməməsinə görə namizədliyinin qeydə alınmasının ədalətsiz olması ilə bağlı ərizəçinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin özünün də dediyi kimi, əmlak barədə məlumatların göstərilməsinin məqsədi seçkilərin vicdanlılığını təmin etmək, korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə aparmaq, siyasətin təsir altına alımasının və seçki kampaniyasının bəzi mənbələrdən maliyyələşdirilməsinin qarşısını almaq məqsədi ilə nəzərdə tutulub. Məhz bu məqsədlər cəmiyyət üçün kifayət qədər həssas məsələdir. Lakin hazırki işdə məhkəmə kollegiyası hesab edir ki, işin halları bu prinsipləri pozmur. Məsələ ərizəçinin bu faktları bildiyi halda sənəddə göstərməməsidir. İddiaçının cavabdeh inzibati orqan tərəfindən ona qarşı qərəzli davranılması, maneələr yaradılması və bu kimi dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yalnız qanunvericiliyin tələblərinə uyğun qaydada və qanunvericiliklə müəyyən edilmiş prosedurlar yerinə yetirilməklə namizədlərin qeydə alınması cavabdeh inzibati orqanın vəzifəsidir. İddiaçıdan qanunvericiliklə müəyyən edilmiş qaydada sənədlər tələb edilməsi ona qarşı qərəzli davranılması, onun namizədliyinin qeydə alınmasına maneə kimi qiymətləndirilə bilməz. Şikayətdə göstərilən digər dəlillərin araşdırılmasına ehtiyac qalmır. Çünki ərizəçinin təqdim etdiyi əmlak barəsində məlumatda nəqliyyat vasitələri barədə düzgün məlumat verilməməsi yuxarıda göstərildiyi kimi onun namizədliyinin qeydə alınmasından imtina olunması üçün müstəqil əsasdır və MSK-nın qərarının ləğv olunması üçün əsas yoxdur. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 03 avqust 2024-cü il tarixli 26/117 saylı qərarından verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68 və 130-cu maddələrini və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 99 saylı Bərdə şəhər seçki dairəsi Dairə Seçki Komissiyasının 31 iyul 2024-cü il tarixli 25/65 Qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının 03 avqust 2024-cü il tarixli 26/117 saylı qərarının ləğv edilməsi və onun 01 sentyabr 2024-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyinin qeydə alınması barədə qərar çıxarılması tələbinə dair ərizəsi təmin edilməsin. Qərardan 3 (üç) gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar