Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-3(105)-1/2024 31.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 55 saylı Siyəzən-Quba-Xızı Dairə Seçki komissiyasına qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və X3 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı "müşahidəçi vəsiqələrinin ləğv edilməsi və digər" tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək özlərinin imzaladığı ərizələri olmayan bütün şəxslərin 55 saylı Siyəzən-Quba-Xızı DSK tərəfindən verilmiş və ya hazırlanmış müşahidəçi, vəkil və sair vəsiqələri Siyəzən-X4 bütün məntəqələri üzrə saxta hesab olunaraq ləğv olunması 55 saylı DSK-nin üzərinə vəzifə kimi qoyulması, Quba ərazisində 55 saylı seçki dairəsinə salınan kəndlərin 100-150 k.m məsafədə olması qeyd olunaraq, həmin kəndlərin X9 daxil edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, 55/36 saylı Quba rayonu Afurca kənd məntəqə seçki komissiyasının tərkibinin tamamailə yenilənməsi, seçkilərdə seçkiyə müdaxilə etmək məqsədilə saxta müşahidəçilərin hazırlanmasında mühüm rol oynayan Quba rayonu Güləzi kənd icra nümayəndəsinin və Afurca kənd məntəqə seçki komissiyasının sədrinin qanunsuz əməlləri barədə sənədlərin müvafiq hüquq orqanlarına göndərilməsinin 55 saylı Siyəzən-Quba-Xızı DSK-nın üzərinə vəzifə kimi qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə kəndindən 110 k.m məsafədəki Siyəzən-Quba-Xızı 55 saylı DSK-a poçtla 2 fotoşəkil, ərizə və şəxsiyyət vəsiqəsinin surətini göndərərək ona Afurca kəndində (öz təşəbüsü ilə) müşahidəçi vəsiqəsi göndərilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə, saat 09:44-də +**********80 nömrəli telefonla DSK-nin işçisi bildirdi ki, ərizəni-formasını gəlib Siyəzən DSK-da şəxsən doldurub vəsiqə ala bilərsiniz. Belə olan halda bütün DSK-nın ərazilərində seçki məntəqələrində formal müşahidəçilərin vəsiqələri saxtadır və ləğv olunmalıdır. Belə ki, icra nümayəndələri formal müşahidəçilərin sayını artırmaq üçün RİH-dən aldıqları tapşırıqla seçkiyə müdaxilə edir. 10- 15 nəfər olmaqla hər məntəqə üzrə şəxsiyyət vəsiqələrinin alıb məntəqə seçki komissiyalarının sədrlərinə verir. Onlarda DSK ilə əlbir özlərinin imzası, iştirakı olmadan saxta müşahidəçi vəsiqələrini sahiblərinə hazır evlərində verirlər. Cavabdehin iddia tələbinə dair etirazı daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia ərizəsini müdafiə edərək, öz izahatında qeyd eidlən tələblərlə bağlı müvafiq Dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına müraciətinin olmadığını, müraciətinin yalnız telefon vasitsə ilə edildiyini, ondan çıxarışları da məhkəməyə təqdim etdiyini, bu iki çıxarışdan başqa sənədinin olmadığını, bələdiyyə seçkiləri ilə bağlı əvvəlki müraciətlərinin olduğunu bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 130.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Seçki Məcəlləsi Maddə 29.1. Seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində Mərkəzi Seçki Komissiyası hər 5 ildən bir 125 seçki (referendum) dairəsi (bundan sonra — seçki dairəsi) yaradır. Seçki dairələri, bir qayda olaraq, seçicilərin orta təmsilçilik norması əsasında yaradılır. Seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Milli Məclis deputatlarının seçkiləri zamanı seçki dairələri — birmandatlı seçki dairələri, referendum, Prezident seçkiləri, bələdiyyə üzvlərinin seçkiləri zamanı isə — seçki əraziləri hesab edilirlər. Maddə 36.6. Hər bir qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin təşəbbüs qrupunun məntəqə seçki komissiyası işə başladığı andan səsvermənin nəticələri rəsmiləşdirilənədək məntəqə seçki komissiyasına bir müşahidəçi təyin etmək hüququ vardır. Həmin müşahidəçilər üçün bu Məcəllənin 40.7-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçmək tələb olunmur və onlara bu Məcəllənin 40.7-ci maddəsində nəzərdə tutulan müvafiq lövhəciklər verilir. 36.7. Bu Məcəllənin 35.4 və 35.5-ci maddələrində göstərilən hallarda seçicilərin sayı 100-dən az olan və 50-dən çox olan və yolu çətin keçilən yerlərdə yerləşən seçki məntəqələrində məntəqə seçki komissiyası seçicilərin ümumi yığıncağında açıq səsvermə yolu ilə seçilir. Bu halda məntəqə seçki komissiyasının tərkibi dairə seçki komissiyası tərəfindən təsdiqlənir. Maddə 40.5. Müşahidəçi müşahidəni öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında apara bilər. Maddə 40.7. Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət olduqda isə həm də maraqlarını təmsil edən referendum üzrə təşviqat qrupunun adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın (siyasi partiyalar blokunun) adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərarın qəbul edilmə müddəti ərizənin verildiyi tarixdən başlayaraq 2 gündən artıq ola bilməz. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə dairə seçki komissiyası tərəfindən icazə verilmədikdə, dairə seçki komissiyasının bu qərarından Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə, dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verir. Maddə 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Maddə 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Maddə 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 iyun 2003-cü il tarixli3/09 saylı Qərarı ilə təsdiq edilmiş Seçicilərin təşəbbüs qruplarının yaradılması və onların prezidentliyə namizədi irəli sürmələri qaydaları haqqında Təlimatın ....Seçki hüququ olan hər bir vətəndaş, yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan seçicilərin təşəbbüs qrupunu yarada bilərlər. .... Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və prezidentliyə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə seçicilərin təşəbbüs qrupunun qeydiyyatını və namizədin irəli sürülməsini təsdiq edən qərar təqdim edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iddia ərizəsinin dəlillərini araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi özlərinin imzaladığı ərizələri olmayan bütün şəxslərə müvafiq Dairə Seçki Komissiyası tərəfindən verilmiş müşahidəçi, vəkil və s. vəsiqələrinin həmin seçki dairəsinin bütün məntəqələr üzrə saxta hesab olunaraq, ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və müvafiq kəndlərin X9 daxil edilməsi barədə qərar qəbul edilərək, Mərkəzi Seçki Komissiyasına göndərilməsi tələbindən ibarət olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddianın mümkün sayılması üçün zəruri olan şərtlər mövcud olmalıdır, yalnız bu halda iddia mümkün sayılmalıdır. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İndiki halda iddiaçının tələbi dörd hissədən ibarət olmuşdur: müşahidəçilərin vəsiqələrinin ləğv edilməsi və müvafiq kəndlərin X9 daxil edilməsi, müvafiq məntəqə seçki komissiyasının tərkibinin yenilənməsi, müvafiq kənd icra nümayəndəliyinin və məntəqə seçki komissiyasının sədrinin qanunsuz əməlləri barədə sənədlərin müvafiq hüquq orqanlarına göndərilməsi. Məhkəmə kollegiyası iddia tələbinin başqa şəxslərin müşahidəçi vəsiqələrinin saxta hesab olunaraq ləğv edilməsi hissəsində hesab edir ki, iddiaçının həmin hissədə iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddianın mümkünlüyü baxımından qeyd edilən hissədə cavabdehin hərəkətlərinin (başqa şəxslərə verilmiş müşahidəçi vəsiqələrinin) iddiaçının hər hansı hüquq və ya qanuni maraqlarının pozulmasına səbəb olması və ya hüquqa müdaxilənin mövcudluğu müəyyən edilməmişdir. İddiaçı bu hala dair heç bir dəlilə istinad etməməklə, ümumi sözlərlə ifadə etmişdir. Bununla da hazırki iş üzrə həmin hissədə iddianın mümkünlüyü baxımından ilkin zəruri şərtin (subyektiv hüququn) mövcudluğu müəyyən edilməmişdir, bu hal isə digər mümkünlük şərtlərinin yoxlanılması halını aradan qaldırır. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin müvafiq kəndlərin Seçki Dairəsinə daxil edilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə də iddiaçının həmin iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, yuxarıda istinad edilən seçki haqqında qanunvericilik normalarının tələbinə əsasən seçki dairəsi müəyyən edilmiş prosedur qaydalar və şərtlərə əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılır, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi və dairələrin siyahısı barədə qərar qəbul edilir. Seçki haqqında qanunvericilikdə seçki dairəsinin yaradılması və ya bununla bağlı dəyişiklik edilməsinə dair seçicilərin hər hansı təklif və ya təşəbbüslə çıxış etməsinə dair əsaslar qeyd edilməmiş, belə bir prosedur qayda müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının kəndlərin Seçki dairəsinə daxil edilməsi ilə bağlı tələb irəli sürməyə dair subyektiv hüququ olmamışdır. Hətta qəbul etsək ki, indiki halda iddiaçı məhz seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri yenidən təsdiq edilməsi və dairələrin siyahısı barədə qərarı mübahisələndirir, bu halda da həmin qərarın iddiaçının hansı hüquq və qanununla qorunan maraqlarına toxunması halının müəyyən edilməsi mümkün olmadığından, həmin halda da mümkünlük şərtinin ödənilməsi təmin olunmur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı bu hissədə iddia tələbinin əsası kimi müşahidəçi qismində qeydiyyata alındığı halda, gedib-gəlmək baxımından yolun uzaq olması halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçı müşahidəçi qismində qeydiyyata alınmamışdır, bu halı özü də təsdiq etmişdir. Belə olna halda, bu əsasla da iddianın mümkünlüyü baxımından şərtin ödənilməsi təmin edilmir. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin müvafiq məntəqə seçki komissiyasının tərkibinin yenilənməsi hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə də iddiaçının həmin iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, seçki haqqında qanunvericiliyin tələbinə əsasən məntəqə seçki komissiyalarının yaradılması MSK-nın qərarı ilə həyata keçirilir, təşkili isə müvafiq dairə seçki komissiyası tərəfindən həyata keçirilməklə, tərkibi təsdiq edilir. Bununla bağlı isə qanunvericilikdə vətəndaş kimi seçicilərin hər hansı təklif və ya təşəbbüslə çıxış etməsinə dair əsaslar qeyd edilməmiş, belə bir prosedur qayda müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının qeyd edilən hissədə də iddia tələbi irəli sürməklə bağlı subyektiv hüququ olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tərəfindən bununla bağlı MSK-nın qərarı deyil, məhz məntəqə seçki komissiyasının tərkibinin müəyyən edilməsi halı mübahisələndirilmişdir. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin müvafiq kənd icra nümayəndəsinin və məntəqə seçki komissiyasının sədrinin qanunsuz əməlləri barədə sənədlərin müvafiq hüquq orqanlarına göndərilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması hissəsi ilə bağlı qeyd edir ki, qeyd edilən tələb hissədə ümumiyyətlə inzibati məhkəmə icraatının predmeti hesab olunmadığından, bu hissədə də iddia tələbi mümkün sayılmamalıdır. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının hər hansı qanun pozuntusu hesab etdiyi hallarla bağlı hüquq mühafizə orqanına müraciət etmək hüququ vardır. Bundan əlavə kollegiya qeyd edir ki, hətta hazırki iş üzrə iddiaçının subyektiv hüququnun mövcudluğu şərti olaraq qəbul edildiyi təqdirdə belə, iddia tələbləri xüsusi mümkünlük şərtinə cavab vermir. Belə ki, yuxarıda istinad edilən seçki haqqında qanunvericilik normalarında seçki hüquqlarının müdafiəsi ilə bağlı iddia növü üzrə xüsusi mümkünlük şərti kimi mübahisənin məhkəməyəqədər pretenziya qaydasında həlli qaydası təsbit edilmişdir. Həmin normaya əsasən vətəndaşlar seçki hüquqlarının pozulmasına səbəb olan qərar və ya hərəkətlərdən (hərəkətsizlikdən) ilk növbədə yuxarı seçki komissiyasına şikayət verməli, şikayət təmin edilmədiyi halda Dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Hazırki iş üzrə iddiaçının seçki hüquqlarının pozulması ilə bağlı yuxarı seçki komissiyasına müraciət etməsi, həmin müraciətə dair Dairə seçki komissiyası tərəfindən qərar qəbul edilməsi, bu qərardan Mərkəzi Seçki Komissiyasına şikayət verməsi, şikayətə baxılmasının nəticəsinə dair Mərkəzi Seçki Komissiyasının qərarının olması halı müəyyən edilməmişdir. Bu hal isə iddianın mümkün sayılmamasına əsasdır. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı iddia tələbində seçkilərdə müşahidəçi qismində iştirakına dair tələb irəli sürməsə də, iddia ərizəsinin məzmunundan görünür ki, müşahidəçi qismində iştirakı ilə bağlı müraciət etmiş, lakin sonuncu onun şəxsən Dairə seçki komissiyasına yaxınlaşaraq, ərzəni doldurulması ilə bağlı məlumat vermişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən seçki dairəsində müşahidənin aparılması məqsədilə müşahidəçi qismində iştirak etmək üçün ilk növbədə müvafiq ərizə ilə dairə seçki komissiyasına müraciət edilməli, müşahidənin keçirilməsinə dairə seçki komissiyası tərəfindən icazə verilmədikdə, onun bu qərarından Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. İndiki halda iddiaçının özünün müşahidəçi qismində iştirakı ilə bağlı cavabdehə müraciəti, həmin müraciətin təmin edilməsindən Dairə seçki komisisyası tərəfindən imtina olunması, bu qərardan Mərkəzi Seçki Komissiyasına şikayət verilməsi və şikayətə dair Mərkəzi Seçki Komissiyasının qərarının olması halı iş materialları əsasında təsdiq edilmir. İddiaçı bununla bağlı yalnız telefon zənglərinə aid şəkildən çıxarış təqdim edilmişdir. Həmin çıxarışların məzmununda yalnız telefon zəngləri qeyd edilmişdir ki, onun əsasında isə iddiaçının cavabdehə və MSK-ya müraciət etməsi, müraciətinin məzmununu, bununla bağlı qəbul edilmiş qərarın məzmununun müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından həmin hissədə hüquqlarının müdafiəsi ilə bağlı iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinə dair hüquqi yardım edilməsi halı da mümkün olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində Seçki Məcəlləsinin 36.6-cı maddəsinin tələblərinin pozulması halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin norma namizəd,siyasi partiya, siyasi partiyalar bloku, seçicilərin təşəbbüs qrupunun müşahidəçi təyin etmək hüququ ilə bağlı münasibətləri tənzimləməklə, vətəndaşın seçki hüququ ilə bağlı məsələni ehtiva etməmişdir. İndiki halda iddiaçı vətəndaş kimi seçici qismində çıxış etdiyindən, bu norma isə vətəndaşa aid hüquqla bağlı olmadığından, iddiaçının həmin normanın pozulması halına istinad etməsinin də qanuni əsası olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki inzibati iş üzrə iddia mümkünlük şərtlrinə cavab vermədiyindən, mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikayət verə bilər.
Məhkəmə qərarları › İş №2-3(105)-1/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(105)-1/2024
31.01.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver