Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-3(105)-1/2025 17.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “56 saylı Şabran-Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarı və 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının 08 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, 56-saylı Şabran-Xaçmaz seçki dairəsi Dairə Seçki Komissiyasının 04-yanvar 2025-ci il tarixli 46/114-saylı qərarı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 08-yanvar 2025-ci il tarixli 2-saylı müraciətə baxılması haqqında qərarının ləğv edilməsi və 2025-ci ilin yanvarın 29-a təyin edilmiş bələdiyyə seçkilərində Şabran Rayon Rəhimli Bələdiyyəsi üzrə bələdiyyə üzvlüynə namizədliyinin qeydə alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək 56 saylı Şabran- Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarın və 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının 08 yanvar 2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2025-ci ilin yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Şabran rayonu Rəhimli bələdiyyəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alınması üçün imza vərəqələrini və digər seçki sənədlərini 29 dekabr 2024-cti il tarixində 56 saylı Şabran-Xaçmaz seçki dairəsi Dairə Seçki Komissiyasına təqdim etmişdir. X3 04 yanvar 2025-ci il tarixli, 46/114 saylı qanunsuz qərarı ilə namizədliyimin qeydə alınmasından imtina edilmişdir. Qərarda göstərilmişdir ki, guya o, 2023-cü ilin 1-ci, 2-ci və 3-cü rüblərində qeyri sahibkarlıq fəaliyyətindən 396 manat məbləğində gəlir əldə etmiş və həmin gəlir barədə məlumatı müvafiq seçki sənədində göstərməmişdir. Şifahi olaraq dairə sədri ona bildirdi ki, guya onun hansısa əmlakı var və həmin əmlakı Dövlət Neft Şirkətinə müqavilə əsasında icarəyə vermişdir, müqavilədə nəzərdə tutulmuş icarə haqqını alaraq gəlirlərdə göstərməmişəm. Əslində mənim pay torpağımdan başqa heç bir əmlakım yoxdur. Dövlət Neft Şirkəti ilə onun arasında heç bir əmlakın icarəsi müqaviləsini bağlamamış və bir qəpiydə olsa icarə haqqı almamışdır. Bu işçi qrupu tərəfindən yanlış məlumatdır. Bunu sübut etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3-saylı Ərazi Vergilər İdarəsinə “vergi uçotu və icarəyə verdiyi təsərrüfat subyektinin (obyektinin) olub olmaması haqqında müraciət etdi və həmin idarənin ona ünvanladığı 08-yanvar 2025-ci il tarixli 3-21-2-10/2-V-4- 43/2025-saylı arayışda idarədə vergi ödəyicisi olmaması barədə məlumat verilmişdir. Həmin qərardan 6-yanvar 2025-ci il tarixdə Mərkəzi Seçki Komissiyasının şikayət ərizəsi ilə müraciət etmişdir. Mərkəzi Seçki Komissiyası 06- yanvar 2025-ci il tarixli 02-saylı müraciətə baxılması barədə 8-yanvar 2025-ci il tarixli Qərarı ilə 56-saylı Şabran-Xaçmaz seçki dairəsi Dairə Seçki Komissiyasının 04-yanvar 2025-ci il tarixli 46/114 saylı qərarını dəyişdirilmədən saxlamışdır. Həmin qərar 09- yanvar 2025ci il tarixdə mənə təqdim edilmişdir. Qərardan narazı olduğuna görə şikayət etmişdir. Düşünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60-cı maddəsinə əsasən mənim namizədliyim qeydə alınmalı idi. Cavabdehin iddia tələbinə dair yazılı etirazı daxil olmamışdır. İş materiallarında olan sənədlər: 56 saylı Şabran-Xaçmaz seçki dairəsi Dairə Seçki Komissiyasının 04 yanvar 2025-ci il tarixli qərarından görünür ki, 2025-ci il yanvarın 29-na təyin edilmiş Bələdiyyə seçkilərində Şabran rayonu Rəhimli Bələdiyyəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtina edilmişdir. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2004-cü il tarixli, 2/6 nömrəli qərarından görünür ki, 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Rəhimli bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 56 saylı Şabran - Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətnin 3 saylı Ərazi Vergilər İdarəsinin 08yanvar 2025-ci il tarixli arayışından görünür ki, uçot baza məlumatlarına əsasən iddiaçı 3 saylı Ərazi Vergilər idarəsində vergi ödəyicisi kimi uçota alınmamış, həmçinin onun tərəfindən hər hansı bir təsərrüfat subyektinin (obyektinin) icarəyə verildiyi müəyyən edilməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq onu da qeyd etdi ki, onun pay torpağı istisna olmaqla hər hansı bir əmlakı və həmin əmlakla bağlı müqavilə üzrə gəliri olmamışdır. Həmçinin pay torpağı hər hansı mühafizə zolağında yerləşmir və ya neft boruları həmin torpaq sahəsinin daxilindən keçmir. Həmçinin o vergi ödəyicisi deyil və heç bir zaman da olmamışdır. İndiyədək iddia olununan gəlir üzrə pul almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, öz izahatında bildirmişdir ki, Mərkəzi Seçki Komissiyasının qərarı düzgün olmuşdur. Qərarın əsaslığını təşkil edən ödəmə mənbəyindən tutulan vergi bəyənnaməsi və namizədin xx.xx.2023-xx.xx.2024-cü il tarixləri aralığında gəlirləri barədə məlumat vərəqəsindən başqa məhkəməyə hər-hansı sübut tətbiq edə bilməyəcəklər. Hesab edirlər ki, həmin sənədlər mötəbər hesab edilməlidir. Həmçinin qeyd etdiyi sənədlərdə iddiaçının əlavə gələrinin olması barədə qeyd olsa da, həmin gələrin mənbəyi barədə məlumatlı deyillər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. ... Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 56. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. ... Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Seçki Məcəlləsi Maddə 3. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Maddə 53. Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. 53.2. Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü) göstərilməlidir. ... 53.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. 53.7. Namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir. Maddə 55. Namizədlərin irəli sürülməsi zamanı onların bərabər statusunun təmin edilməsi 55.1. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Maddə 58. Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi 58.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Maddə 60. Namizədin qeydə alınması 60.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıbalınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir 60.2. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: 60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması; 60.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarını bu Məcəllənin 57-ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın.); 60.3. Bu Məcəllənin 60.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır. 60.4. Bu Məcəllənin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. 60.6. Namizədin hərəkətlərində cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu əlamətləri aşkar edildikdə seçki komissiyası bu Məcəllənin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları hüquq mühafizə orqanlarına göndərir. 60.7. Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir. Müvafiq seçki komissiyaları müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində media subyektlərinə təqdim edirlər. Seçki komissiyaları qeydə alınmış namizədlər barədə məlumatları səsvermə gününə ən azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər. Namizədin qeydiyyatının ləğv edilməsi barədə məlumatlar da həmin qaydada yerləşdirilir. Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi 112.6. Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. Maddə 216. Bələdiyyə üzvlüyünə namizədin qeydə alınması 216.1. Bələdiyyə üzvlüyünə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 80. İnzibati şikayət üzrə qərar qəbul edilməsi 80.1. İnzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası: 80.1.4. inzibati şikayət bu Qanunun 71.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir. 80.2. Şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə qəbul edilmiş qərar inzibati akt sayılır və inzibati aktlara dair bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə 130. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2025-ci il yanvarın 29na təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hazırki iş üzrə mübahisə predmetini iddiaçının namizədliyinin qeydə alınmasından imtina olunması ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş müvafiq qərarların ləğv edilməsi ilə bağlı tələb təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının namizədliyinin qeydə alınmasından imtina olunmuş və imtina əsası kimi namizədin gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatı dairə seçki komissiyasına düzgün təqdim edilməməsi göstərilmişdir. Bekə ki, Dairə seçki komissiyası Rəhimli bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarını onunla əsaslandırmışdır ki, namizəd təqdim etdiyi gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatda bir illik dövr ərzində gəlirlərinin olmadığını göstərmiş, ancaq işçi qrupunun araşdırması zamanı onun həmin dövrdə qeyri-sahibkarlıq fəaliyyətindən 396 manat gəlirinin olduğu aşkar edilmişdir. Lakin İddiaçı X4na müraciətində göstərmişdir ki, onun hər hansı bir əmlakı (pay torpağı istisna olmaqla) və həmin əmlakla bağlı müqavilə üzrə gəliri olmamışdır. Bu səbəbdən işçi qrupunun verdiyi məlumat yanlışdır. Bununla bağlı X4 tərəfindən iddiaçının müraciəti əsasında araşdırma ilə əlaqədar seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək seçki sənədlərindəki məlumatların təkrar araşdırılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupuna təqdim edilmişdir. Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupun araşdırmasının nəticəsi olaraq tərtib edilmiş 7 yanvar 2025-ci il tarixli rəydə bələdiyyə üzvlüyünə namizəd İddiaçı gəlirləri barəsində təqdim etdiyi məlumatda göstərmədiyi, lakin qeyri-sahibkarlıq fəaliyyətindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə 276 manat məbləğində gəlirlərinin olduğu aşkar edildiyi qeyd edilmiş və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2004-cü il tarixli, 2/6 nömrəli qərarı ilə 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Rəhimli bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciəti əsassız olduğundan təmin edilməmiş, 56 saylı Şabran - Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Seçki işinə dair materiallar məhkəmə kollegiyası tərəfindən tələb edilərək araşdırılmış və müəyyən edilmişdir ki, Ə.R.X1 namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının qərarı, həmçinin həmin qərardan verilmiş şikayəti təmin etməyən Mərkəzi Seçki Komissiyasının qərarı əsassız olmuşdur. Belə ki, istər 56 saylı Şabran-Xaçmaz seçki dairəsi Dairə Seçki Komissiyasının işçi qrupunun rəyi, istərsə də, Mərkəzi Seçki Komissiyasının işçi qrupunun rəyi ilə namizəd İddiaçı gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatı dairə seçki komissiyasına düzgün təqdim etmədiyi göstərilsə də, bununla bağlı mötəbər sübutlara istinad edilməmişdir. Cavabdehin tək istinad etdiyi ödəmə mənbəyindən tutulan vergi bəyənnaməsi və namizədin xx.xx.2023-xx.xx.2024-cü il tarixləri aralığında gəlirləri barədə məlumat vərəqəsi olmuşdur. Hansı ki, istinad edilən məlumat vərəqəsində Azırbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 8.4 manat vergi məbləği ödənilməklə iddiaçıya aylıq 60 manat məbləğində pul vəsaitinin ödənilməsi qeyd edilmiş, həmin məlumatların haradan və hansı qurumun elektron sənəd bazasından götürülməsi, hansı qurum tərəfindən təqdim edilməsi müəyyən edilməməklə, rəsmi səkildə imzalanmamış və təqdim edən qurum tərəfindən möhürlə təsdiqlənməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan İnzibati İcraat haqqında qanunun 80-ci maddəsinin tələblərinə əsasən şikayət üzrə araşdırma aparmalı olduğu halda bunu etməmiş, ilkin araşdırma nəticəsində əldə edilmiş sübutların mötəbər olub-olmamasına müəyyən etməmiş, həmin sənədlərin mötəbərliyinin yoxlanılması üçün müvafiq sorğular verməmiş, Dairə seçki komissiyasında ilkin araşdırma zamanı istinad edilmiş məlumatları növbəti araşdırma zamanı öz rəyində, eyni zamanda yekun qərarında sadalamaqla kifayətlənmişdir. Bir sözlə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən həmin sənədlərin mötəbərliyi (hansı mənbədən əldə etdikləri, həmin sənədin təsdiq edilməsi və s.) sübuta yetirilməmiş, bununla bağlı hər-hansı digər sübutlar məhkəməyə təqdim edilə bilməmiş, bir sözlə iddiaçının istinad edilən gəlirinin məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə hansı xidmətlər göstərilməsi müqabilində əldə etməsi müəyyən edilməmişdir. Lakin bunun əksinə olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətnin 3 saylı Ərazi Vergilər İdarəsinin 08-yanvar 2025-ci il tarixli arayışından görünür ki, uçot baza məlumatlarına əsasən iddiaçı 3 saylı Ərazi Vergilər idarəsində vergi ödəyicisi kimi uçota alınmamış, həmçinin onun tərəfindən hər hansı bir təsərrüfat subyektinin (obyektinin) icarəyə verildiyi müəyyən edilmədiyi müəyyən olunur. Həmçinin iddiaçıya məxsus məlumatların elekton məhkəmə informasiya sistemi vasitəsi ilə yoxlanılması zamanı bu fakt öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçının da izahatı ilə müəyyən olunur ki, onun pay torpağı istisna olmaqla hər hansı bir əmlakı və həmin əmlakla bağlı müqavilə üzrə gəliri yoxdur. Həmçinin pay torpağı hər hansı mühafizə zolağında yerləşmir və ya neft boruları həmin torpaq sahəsinin daxilindən keçmir. Bu fakt, yəni iddiaçının başqa torpaq sahəsinin olmaması məhkəmədə təqdim edilmiş arayış və iddiaçıya məxsus məlumatların elekton məhkəmə informasiya sistemi vasitəsi ilə yoxlanılması zamanı öz təsdiqini tapmışdır. Belə ki, arayışda göstərilir ki, Şabran Rayonu, Şahnəzərli kəndində yerləşən 1.883 ha torpaq sahəsi ümumibirgə əsaslarla (4 nəfər) İddiaçı adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Həmçinin məhkəmənin elektron informasiya sistemindən çıxarışı ilə də müəyən olunur ki, iddiaçının **********94 reyestr nömrəli çıxarış əsasında verilmiş torpaq sahəsi olmaqla yanaşı, başqa torpaq sahəsi yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim edilmiş ödəmə mənbəyindən tutulan vergi bəyənnaməsini və namizədin xx.xx.2023-xx.xx.2024-cü il tarixləri aralığında gəlirləri barədə məlumat vərəqəsini hansı əsaslarla və necə əldə etmələri barədə dəqiq məlumat verməməklə yanaşı, iddiaçının əlavə gələrinin olması barədə məlumatlı olsalar da, həmin gələrin mənbəyi barədə məlumatlı olmadığını bildirmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatı dairə seçki komissiyasına düzgün təqdim etməməsi barədə cavabdehin gətirdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmadığından, həmçinin iddiaçı tərəfindən həmin halı təkzib edən dəlillərə istinad edildiyindən, eyni zamanda məhkəmə araşdırması zamanı cavabdehin istinad etdiyi hallar təkzib edildiyindən və tək istinsd etdiyi ödəmə mənbəyindən tutulan vergi bəyənnaməsinin və namizədin xx.xx.2023-xx.xx.2024-cü il tarixləri aralığında gəlirləri barədə məlumat vərəqəsinin mötəbərliyi öz təsdiqini tapmadığından cavabdeh inzibati orqanın bununla bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən seçki haqqında qanunvericiiyin norma və tələblərinin pozulması halı müəyyən edildiyindən, habelə cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi qərarı qanuni və əsaslı olmadığından, iddiaçının tələbi əsaslı olmuşdur. Seçki Məcəlləsinin 112.6-cı maddəsinə əsasən seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki inzibati iş üzrə iddia təmin edilməli, 56 saylı Şabran-Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarı və Mərkəzi Seçki Komissiyasının 08 yanvar 2025-ci il tarixli qərarı ləğv edilməlidir. . Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddia təmin edilsin. İddiaçı namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 56 saylı Şabran- Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarı və 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının 08 yanvar 2025-ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikayət verə bilər.
Məhkəmə qərarları › İş №2-3(105)-1/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(105)-1/2025
17.01.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver