Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-3(105)-10/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı “qərarın ləğv edilməsi və 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə namizədliyi 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmışdır. İddiaçı 06 sentyabr 2024-cü il tarixdə ərizə ilə 42 saylı Sumqayıt birinci seçki dairəsinə müraciət edərək, səsvermə günü 42 saylı Sumqayıt birinci seçki dairəsinin bütün seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia edərək, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Şikayət 42 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. 42 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli, 32/100 nömrəli qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış İddiaçı 06 sentyabr 2024-cü il tarixli, 02 nömrəli müraciəti əsassız olduğundan təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma prosesində pozuntuların baş verdiyi iddia edilən seçki məntəqələrində müşahidə aparmış müşahidəçilər və digər seçki subyektləri izahatlarında müşahidəçilərə seçki məntəqələrində normal şəraitin yaradıldığını, səslərin sayılması və səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi zamanı qanun pozuntularının baş vermədiyini, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokollarının surətlərinin müşahidəçilərə verildiyini, bununla da, səsvermənin seçki qanunvericiliyinin tələblərinə uyğun keçirildiyini bildirmişdilər. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 42 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli, 32/100 nömrəli qərarını mübahisələndirmiş, seçki dairəsinin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 43/218 nömrəli qərarı ilə 2024cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 11 sentyabr 2024-cü il tarixli, 83 nömrəli müraciəti qismən təmin edilmiş, 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilmiş, 42 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli, 32/100 nömrəli qərarı 27 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilmiş, digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı iştirakı ilə aparılmış araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən, səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır. Seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı aparılan icraatla müəyyən edilmişdir ki, səsvermə günü 42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı seçki məntəqəsi istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir. Araşdırma ilə seçki dairəsinin 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsasların yarandığı müəyyən edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 43/218 nömrəli qərarının ləğv edilməsi və 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mahiyyəti ondan ibarətdir ki, iddiaçının deputatlığa namizəd olduğu 42 saylı Sumqayıt Birinci Seçki Dairəsinin seçki məntəqələrində seçki günü bir sıra qanun pozuntuları qeydə alınmışdır. Belə ki, müşahidəçilərin apardığı müşahidələrə görə seçki günü seçki dairəsi üzrə seçici fəallığı saat 19:00 üçün 8 faiz olduğu halda, məntəqə seçki komissiyaları tərəfindən elan edilmiş seçici fəallığı 37 faiz göstərilmiş, səsvermə günü seçici aktivliyi çox aşağı olsa da, seçki qutularına digər namizədin xeyrinə əlavə bületenlər atılmış və “karusel” üsulu ilə qrup halında şəxslər seçki məntəqəsinə gəlmiş və bunun hesabına seçici aktivliyi süni şəkildə artırılmışdır. Müşahidəçilərə problemlər yaradılmış, bəzi hallarda onların məntəqəyə daxil olması əngəllənmiş, bütün müşahidəçilərə xüsusi səsvermə prosesindən kənarda yer yaradılmış və orda oturmaları təşkil edilmiş, həmin yerlərdən müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etmək mümkün olmamışdır. Belə ki, müşahidəçilər səsverməyə gəlmiş seçicilərin yoxlanmasını, səslərin sayılması zamanı bületenlərin düzgün sayılıb-sayılmasını müşahidə edə bilmirdilər. 18, 19, 20, 21 və 12 saylı məntəqələr istisna olmaqla, digər heç bir məntəqədə səsvermənin nəticələrinə dair protokollar verilməmişdir. Sadalanan məntəqələrdə isə protokolların verilməsinə ciddi problem yaradılmış, əksər məntəqələrdən protokollar verilməmiş, DSKdan isə yekun protokol və yekun qərarın verilməsi hələ də təmin edilməmişdir. Belə ki, 12 saylı seçki məntəqəsi üzrə topa bülleten atılması halı müşahidə edilmişdir. 41 saylı məntəqə və 18 saylı məntəqədə eyni seçicilər səs vermiş, əlil vətəndaş eyni anda 3 fərqli məntəqədə - 9, 18, 27 saylı məntəqələrdə səs vermiş, 7 saylı məntəqədə sprey sol baş barmağı əvəzinə sağ baş barmağa vurulmuş, eyni qrup seçicilər 1 və 2 saylı məntəqələrdə səsvermədə iştirak etmiş, eyni seçici fərqli geyimdə öncə 5 saylı, daha sonra 3 saylı və 6 saylı məntəqədə səsvermədə iştirak etmişdir. 31 saylı seçki məntəqəsində qeydiyyatda olan 1173 seçicidən müşahidəçi tərəfindən qeydə alınmış səsvermədə iştirak edənlərin ümumi sayı 134 nəfər olmuş, səsvermə başa çatdıqdan sonra isə qutudan çıxan bülletenlərin sayı 563 olmuşdur. 25 saylı seçki məntəqəsində qeydiyyatda olan 1243 seçicidən müşahidəçi tərəfindən qeydə alınmış səsvermədə iştirak edənlərin ümumi sayı 293 nəfər olmuş, səsvermə başa çatdıqdan sonra isə qutudan çıxan bülletenlərin sayı 395 olmuşdur. Bunlardan da 282 səs deputatlığa namizəd Hicran Hüseynovanın adına yazılmışdır. Seçici fəallığının və lider namizəd Hicran Hüseynova adına yazılmış səslərin bəzi məntəqələr üzrə ciddi fərq etməsi faktı, belə ki: 23, 10 və 30 saylı məntəqələrdə qeydiyyatda olan seçici sayının müvafiq olaraq 1307, 1187, 1176 olması və Hicran Hüseynovaya müvafiq olaraq 730, 718, 716 səs yazılması və eyni zamanda, eyni dairə içərisində yer alan 12, 40, 4 saylı məntəqələrdə qeydiyyatda olan seçici sayının müvafiq olaraq 1173, 1176, 1153 olması və Hicran Hüseynovaya müvafiq olaraq 88, 77, 38 səs yazılması, eyni dairə içərisində seçici fəallığının qeyri-real fərqlərlə müşahidə olunduğunu, bununla da dairə ərazisində kütləvi saxtalaşdırma yaşandığını sübut edən statistik məlumatlardır. Bundan əlavə, istinad edilmiş protokollar xaricində məntəqə seçki komissiyaları tərəfindən yekun protokollar səsvermə gününün axşamı müşahidəçilərə, namizədlərə və onların vəkillərinə təqdim edilməmişdir. Bununla da, Seçki Məcəlləsinin tələbləri pozulmuşdur. Bütün bunları əsas götürərək, seçkilərin nəticələrinin etibarsız sayılması ilə bağlı 42 saylı Sumqayıt Birinci Seçki Dairəsi Dairə Seçki Komissiyasına şikayət versə də, şikayəti obyektiv və qanuni araşdırılmamış və nəticədə DSK-nın 32/100 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti təmin edilməmişdir. Həmin qərardan verdiyi şikayət əsasında Mərkəzi Seçki Komissiyası 43/218 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 42 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 32/100 saylı qərarı 27 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilmiş və qərar digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, cavabdehin qərarı qanunuz və əsassızdır. Belə ki, qanun pozuntuları yalnız 42 saylı Sumqayıt Birinci Seçki Dairəsinin 27 saylı seçki məntəqəsində deyil, seçki məntəqələrinin böyük əksəriyyətində baş vermişdir. Mərkəzi Seçki Komissiyası göstərilən qanun pozuntularını nəzərə alaraq və Seçki Məcəlləsinin 170.2.-ci, 170.2.l.-ci və 170.2.2.ci maddələrini əsas tutaraq 42 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə səsvermənin nəticələrini etibarsız hesab etməli idi. Lakin, Mərkəzi Seçki Komissiyası bütün bunlara əhəmiyyət verməmiş, qərarını əsaslandırmamış, qərarında sadəcə olaraq şikayətində göstərilən qanun pozuntularının 42 saylı Sumqayıt Birinci Seçki DSK-nın məntəqə seçki komissiyası sədrlərindən, üzvlərindən və hakimiyyətyönlü müşahidəçilərdən aldığı pozuntuların təkzib edilməsinə dair izahatlara əsaslanmışdır. Bunlardan başqa, Mərkəzi Seçki Komissiyasında 42 saylı Sumqayıt Birinci Seçki dairəsinin seçki məntəqələrində baş vermiş qanun pozuntularında dair təqdim etdiyi videoyazılar montaj edilərək saxtalaşdırılmış və videogörüntülərin pozuntular olan hissələri kəsilib çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verdi, əlavə olaraq, 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə seçkilərin aparılması qaydalarının pozulmasına dair müşahidəçilər tərəfindən tərtib edilmiş aktlardakı pozuntuları səsləndirərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının MSK-ya verdiyi şikayət onun icraatında olmuş, iddiaçının MSK-da iştirakı təmin edilərək təqdim etdiyi materiallara özünün iştirakı ilə baxış keçirilmişdir. Araşdırma materiallarından müəyyən edilmişdir ki, X6, X2, Vüsalə Yadigarova, Pərvanə Əskərova, Vüqar İsmayılov, X4 iddiaçı tərəfindən seçki subyekti kimi səlahiyyətləndirilmiş şəxslərdir. Onlar və iddiaçı tərəfindən təyin edildiklərini bildirən digər 2 nəfər şəxs müxtəlif media subyektlərində (Sumqayıt DTV telekanalı və digər) iddiaçını təmsil etdiklərini bildirərək səsvermə ilə bağlı problem olmadığı və bütün hərəkətlərin qanunvericiliyin tələblərinə uyğun aparıldığı barədə müsahibələr vermişdilər. Həmçinin, iddiaçının məşvərətçi səs hüququna sahib üzvlərindən biri olan Amin Qurbanov tərəfindən imzalanmış aktda səsvermə günü digər müşahidəçilərlə birlikdə heç bir pozuntu aşkar edilmədiyi qeyd edilmişdir. Yəni, iddiaçının məşvərətçi səs hüququna sahib üzvlərindən biri seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini özü tərəfindən imzalanmış aktla təsdiq etmiş, iddiaçının səlahiyyətləndirdiyi 8 nəfər şəxs isə səsvermə günü hər hansısa qanun pozuntusu olmadığına dair müsahibələr vermişdir. İddiaçı həmin şəxslərin pozuntu olması ilə bağlı akt imzaladığını iddia edir. O, 11-12 seçki məntəqəsində səsvermənin seçki qanunvericiliyin tələblərinin pozulması ilə keçirildiyini bildirir, 42 saylı Sumqayıt birinci seçki dairəsinin isə 41 seçki məntəqəsi var. İddiaçı video görüntülərin pozulduğunu iddia etsə də, görüntülər sadə disk formatında yazıldığından silinməsi mümkün deyil. Tərəflərindən iddiaçıya pozulmuş video görüntüləri gətirməsi bildirilsə də, o növbəti gün saat 10:00-da gəlməli olduğu halda, gəlməkdən imtina etmişdir. Tərəflərindən aparılan araşdırma nəticəsində 27 saylı seçki məntəqəsində video görüntülərin pozulması faktı aşkar edilmişdir. İddiaçının iddia etdiyi kimi 12 seçki məntəqəsində pozuntular olsaydı belə, bu hal Seçki Məcəlləsinin 170-ci maddəsinə əsasən DSK-nın nəticəsinə təsir etmir. Ümumilikdə, 41 nəfər müşahidəçi seçkilərlə bağlı izahat vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 56. Seçki hüququ İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. ... Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsi: Maddə 25. Mərkəzi Seçki Komissiyasının vəzifələri ... 25.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir: ... 25.2.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir; ... Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. 112.4. ... Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. ... 112.9. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir. 112.10. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. 112.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər. Maddə 112-1. Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması 112-1.1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. 112-1.4. Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün aşağıdakı səlahiyyətləri vardır: 112-1.4.1. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy təqdim etmək; 112-1.4.2. şikayət üzrə əlavə məlumat tələb etmək; 112-1.4.3. əlavə məlumat almaq üçün Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etmək; 112-1.4.4. zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və s.); 112-1.4.5. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək. ... 112-1.6. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu bu Məcəllənin 112-1.5-ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı tələblərə riayət etməlidir: ... 112-1.6.2. müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) bu Məcəlləyə uyğun olaraq şikayət edilə bilər; ... 112-1.6.4. dairə seçki komissiyasından daxil olmuş şikayətə baxılarkən şikayətdə göstərilmiş qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün ekspert tərəfindən rəy hazırlanır; 112-1.6.5. ekspert bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən halları müəyyən edərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətin müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy tərtib edir; ... 112-1.7. Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir. 112-1.8. İclas zamanı ekspert şikayətlə bağlı məlumat verir. Əgər şikayətçi və ya onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə, o, öz şikayətini izah edə bilər. Qərarı müzakirə olunan dairə seçki komissiyasının nümayəndəsi də Mərkəzi Seçki Komissiyasının iclasına dəvət oluna bilər və o, verilən qərarı əsaslandırmaq hüququna malikdir. 112-1.9. Şikayətçinin sənədlər və ekspert vasitəsilə yeni dəlillər təqdim etmək hüququ vardır. 112-1.10. Şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü isə dərhal qəbul edilməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır. 112-1.11. Şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağıdakı rəyləri verə bilərlər: 112-1.11.1. aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə; ... 112-1.11.5. şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması haqqında. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 3. İnzibati məhkəmələr və məhkəmə kollegiyaları 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. XVİİİ fəsil. SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARİNİN MÜDAFİƏSİ İLƏ BAĞLİ İŞLƏR ÜZRƏ İCRAAT Maddə 130. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli 11/53-2 saylı Qərarı ilə təsdiq edilmiş və 23 iyul 2010-cu il tarixli 15/58-6 saylı Qərarı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimat:
4. Seçki komissiyalarının müraciət və şikayətləri qəbul edərkən əsas tutmalı olduqları tələblər 4.1. Müvafiq seçki komissiyasının səlahiyyətinə aid olan hallar aşağıdakı tələblərə məcmu halında cavab verməlidir: 4.1.1. şikayətlər və müraciətlər hüququ olan şəxs tərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir; 4.1.2. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır; 4.1.3. tələbin ünvanlandığı səlahiyyətli komissiya tərəfindən həmin məsələ ilə bağlı əvvəlcədən qərar qəbul edilməmiş olmalıdır; 4.1.4. müraciət və şikayətlər Seçki Məcəlləsinə görə, məsələnin mahiyyəti üzrə qərar qəbuletmə səlahiyyəti olan seçki komissiyasına təqdim edilməlidir; 4.1.5. tələbin mahiyyəti üzrə baxılıb təmin edilməsi bilavasitə həmin komissiya tərəfindən mümkün olmalıdır. 4.2. Seçki komissiyaları öz səlahiyyətlərinə aid olmayan müraciət və şikayətlərə mahiyyəti üzrə baxıb təmin və ya rəddetmə barədə qərar qəbul edə bilməzlər. Bu halda şikayətlə bağlı aidiyyəti üzrə göndərmə barədə qərar qəbul edilməlidir.
9. Dairə seçki komissiyası və Mərkəzi Seçki Komissiyasının iclasında şikayətə baxılması qaydası 9.1. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, komissiyanın iclasından bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir. Müraciət etmiş şəxsin iclasda iştirak etməməsi işin baxılmasına maneə deyildir. Şikayətçi xəbərdar olunmasa da, iclasda iştirak etmək istərsə, onun bu xahişi təmin olunmalıdır.
10. Şikayətlər barəsində dairə seçki komissiyasının və Mərkəzi Seçki Komissiyasının mümkün qərarı 10.1. Şikayətlərə baxan seçki komissiyasının aşağıdakı səlahiyyətləri vardır: 10.1.1. aşağı seçki komissiyasının qərarını ləğv etmək; 10.1.2. şikayətə mahiyyəti üzrə baxıb, təmin etmək və ya təmin etməmək; ... Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı: “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. İşdən göründüyü kimi, iddiaçının səsvermə günü 42 saylı Sumqayıt birinci seçki dairəsinin bütün seçki məntəqələrində yol verilmiş qanun pozuntularının araşdırılması və bununla bağlı, müvafiq tədbirlərin görülməsi ilə bağlı şikayəti dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli, 32/100 nömrəli qərarı ilə təmin edilməmiş, iddiaçının DSK-nin həmin qərarından şikayəti isə Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 43/218 nömrəli qərarı ilə qismən - 42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı seçki məntəqəsinə münasibətdə təmin edilmiş, həmin məntəqə üzrə səsvermənin nəticələri etibarsız hesab edilmiş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçının müraciəti Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq MSK-nın nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. İnzibati icraat zamanı DSK-dan mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlər, mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərdən, komissiya üzvlərindən və digər seçki subyektlərindən alınmış izahatlar tələb olunub araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Araşdırma nəticəsində iddiaçının mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən, səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən təyin edilmiş bir sıra seçki subyektlərinin müxtəlif media subyektlərinə səsvermə və səslərin sayılması prosesi barədə müsbət fikirlər ifadə etmələrini, seçicilərin azad və sərbəst şəkildə səs vermələrini, seçkilər zamanı hər hansı qanun pozuntusuna rast gəlmədiklərini özündə əks etdirən müsahibələri də araşdırma materiallarına əlavə edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təyin edilmiş məşvərətçi səs hüquqlu üzv imzaladığı aktda səsvermə günü müşahidə apardığı seçki məntəqəsində hər hansı qanun pozuntusunu müşahidə etmədiyini bildirmişdir. Belə ki, bununla bağlı məhkəməyə təqdim edilmiş iddiaçı namizədin məşvərətçi səs hüquqlu üzvü Amin Qurbanov, eləcə də YAP-ın müşahidəçiləri tərəfindən xx.xx.2024-cü il tarixdə 19:20-də tərtib edilmiş aktdan görünür ki, 42 saylı Sumqayıt birinci seçki dairəsinin 2 saylı seçki məntəqəsində Milli Məclisə keçirilmiş seçkilərdə məntəqə seçki komissiyası öz vəzifələrinin öhdəsindən layiqincə və peşəkarlıqla gələrək seçkilərin yüksək səviyyədə keçirilməsini təmin etmiş, seçkinin azad və ədalətli, şəffaf keçirilməsini müşahidə etmiş, həmin seçki məntəqəsinin fəaliyyətində heç bir qanun pozuntusu aşkar edilməmişdir. Bununla yanaşı, 1, 3, 4, 5, 6, 7, 9, 10, 12, 18, 23, 27, 30, 31, 40, 41 nömrəli seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkarlanmamışdır. İddia ərizəsində DSK üzrə 1, 3, 5, 6, 9, 12, 18, 27 və 41 nömrəli seçki məntəqələrində yol verildiyi iddia olunan pozuntuların hər biri üzrə inzibati icraat zamanı araşdırma aparılmış və həmin araşdırmaların nəticəsi olaraq MSK-nın yuxarıda göstərilən inzibati aktı qəbul edilmişdir. Məsələn, iddiaçı iddia ərizəsində 7 saylı seçki məntəqəsində yol verilmiş pozuntu kimi qeyd etmişdir ki, həmin məntəqədə sprey sol baş barmağı əvəzinə sağ baş barmağa vurulmuşdur. Lakin, inzibati araşdırma zamanı izahatı alınmış 7 saylı seçki məntəqəsi üzrə məntəqə seçki komissiyasının sədri, katibləri, üzvləri və müşahidəçilər Z.Məmmədov, V.Mustafayeva, A.Nəbiyev, R.Nəzərov, F.Əsədullayev, V.Mustafayeva, Y.Əbilova, Zeynalova, N.Xasayeva, S.Hacıyeva, Z.Quliyeva və İ.Hüseynov səsvermə günü seçicilərin barmaqlarını gözə görünməyən mürəkkəblə işarələyən zaman bütün hərəkətlərin Seçki Məcəlləsinə uyğun aparıldığını, səsvermə zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini göstərmişlər. Eyni zamanda, digər seçki məntəqələri üzrə yol verildiyi iddia olunan pozuntular da inzibati icraat zamanı aparılan araşdırma ilə öz təsdiqini tapmamışdır. Seçki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: - 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; - 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin; - 170.2.3. məhkəmənin qərarı əsasında. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərini və işin müəyyən edilən hallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının şikayəti üzrə MSK tərəfindən qanuna müvafiq araşdırma aparılmış və icraatın nəticəsi olaraq əsaslandırılmış qərar qəbul edilmiş, Seçki Məcəlləsinin 170.2-ci maddəsində təsbit olunmuş əsaslar hazırkı işdə müəyyən edilməmişdir. Məhkəmə iddiaçının MSK tərəfindən işin materiallarının tam və hərtərəfli araşdırılmadığına dair dəlillərini həm də ona görə əsaslı hesab etmir ki, məhz həmin materiallar üzrə araşdırmanın nəticəsi olaraq MSK 27 saylı məntəqədə səsvermənin Seçki Məcəlləsinin tələblərinin pozulması ilə keçirildiyini müəyyən etmiş, onun nəticələrini etibarsız hesab etmişdir. İddiaçının iddia ərizəsinə əlavə edərək təqdim etdiyi materiallara gəldikdə, işdən göründüyü kimi həmin materiallar məhkəməyədək icraat zamanı MSK tərəfindən araşdırılmışdır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, qanunvericiliyin seçkilərlə bağlı yuxarıda göstərilən tələblərinin pozuntusu müəyyən edilmədiyinə görə, iddia tələbi təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3