Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-3(105)-2/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu, Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının X6 X9 nümayəndəsi - vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının X6 X9 Cavabdeh qarşı “media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi barədə” iddia tələbinə dair inzibati mübahisəyə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışında inzibati məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikasının X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN **********) - media subyektinin və onun redaksiyasının (millitv.az saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.1- ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın X3”nin 3.1.19-2-ci yarımbəndinə əsasən “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq etmək, habelə onların fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq Agentliyin əsas vəzifələrindəndir. Cavabdeh (VÖEN **********) (bundan sonra - Cavabdeh) Media subyekti olaraq (“millitv.az” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Buna baxmayaraq cavabdeh Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X5 bu günə qədər müraciət etməmişdir. Halbuki, Ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri media reyestri formalaşdığı tarixdən 6 ay müddətində media reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X5 (İddiaçıya) müraciət etməli idi. “Media haqqında” AR Qanununun 1.1.3-cü maddəsinə əsasən media subyekti əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. Bildirirlər ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X5 müraciət etməlidir. Qeyd olunan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirdi və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X5 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X5 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Hazırki halda isə Cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda isə həmin media subyektinin və onun onlayn redaksiyasının fəaliyyətinə xitam verilməlidir. Odur ki, Qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq media subyektinin və onun onlayn media redaksiyasının (millitv.az veb-saytının) - Cavabdehin fəaliyyətinə xitam verilməsi ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edirlər. Cavabdeh “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı öz iddia tələblərini “Media haqqında” qanunun Media Reyestrinin yaradılmasını nəzərdə tutan maddələri ilə əsaslandırıb. Qanunun iddia ərizəsində istinad edilmiş müvafiq maddələri Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın tələbləri ilə ziddiyət təşkil etdiyindən, hesab edir ki, iddia rədd edilməlidir. İddia ərizəsi “Media haqqında” Qanunun media, jurnalistika azadlığına təminat verən müddəalarına ziddir. Qüvvəyə mindikdən sonra bütünlüklə Qanun, xüsusilə də onun aşağıda haqqında bəhs edəcəyi müddəaları onların gündəlik fəaliyyətini neqativ təsirləndirib, sərbəst şəkildə informasiya toplama, hazırlama və yaymaqlarına ciddi, keçilməz əngəllər yaradıb. “Media haqqında” Qanunun ümumi məzmunu mürtəcedir, bununla belə onun bəzi maddələri media, jurnalistika fəaliyyəti azadlığını qismən təminat altına alır. Qanunun 4-cü maddəsi media sahəsində dövlətin vəzifələrini müəyyən edir. Qanunun 5-ci maddəsinə görə, media azaddır, medianın fəaliyyəti hər hansı senzuraya məruz qala bilməz. Qanunun 6-cı maddəsi jurnalist fəaliyyətini təminat altına alır. Həmin maddəyə görə, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir. Qanunun 62-ci maddəsinə görə isə, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. Millitv.az onlayn media resursu 2016-cı ildən fəaliyyət göstərir. Media resursu həmişə ifadə, media azadlığı ilə bağlı qanunlara əməl edib. Hər hansı medianın fəaliyyətinə xitam verilməsi media, ifadə azadlığına ən ağır müdaxilə hesab edilir. Millitv.az onlayn media resursunun fəaliyyətinə hər hansı texniki əsaslara görə xitam verilməsinin tələb edilməsi “Media haqqında” qanunun yuxarıda qeyd edilən maddələrinin mənasına qətiyyən uyğun gəlmir. İddia ərizəsinin əsaslandırıldığı “Media haqqında” Qanun Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən mənfi qiymətləndirilib. Azərbaycan Respublikasının üzv olduğu Avropa Şurasına (AŞ) daxil olan ölkələrin qanunvericiliyinin AŞ-nın standartlarına, X10 Konvensiyasına uyğunluğunu yoxlayan Venesiya Komissiyası “Media haqqında” Qanun layihəsini araşdırıb və 18 iyun 2022-ci il tarixdə Komissiyanın rəyi elan edilib . Komissiya rəyində qanunun AŞ standartlarına cavab vermədiyi qənaətinə gəlib: “Belə qənaətə gəldi ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır: Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin; Media Reyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır; akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır; məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq; jurnalist mənbələrinin qorunması ilə bağlı müddəaları dəyişdirmək; platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək; çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır;... Avropa Şurasının Nazirlər Komitəsi də “Media haqqında” qanunun AŞ standartlarına uyğunluğunu müzakirə edib. Qurum 2022-ci ilin dekabr ayında qəbul etdiyi qətnaməsində Azərbaycan hökumətini “Media haqqında” qanunu ləğv etməyə, AŞ standartlarına cavab verən yeni qanun qəbul etməyə çağırıb. İddia ərizəsi Azərbaycan Respublikası Konstitusiyasının 47-ci və 50-ci maddələrinə ziddir. Konstitusiyanın 47-ci və 50-ci maddələri media, jurnalistlərin öz peşə fəaliyyətlərini maneəsiz həyata keçirmələri - məlumatları maneəsiz axtarması, əldə etməsi, ötürməsi, hazırlaması və yayması üçün təməl hüquqi əsasları müəyyən edib. Kütləvi informasiyaların toplanması, hazırlanması, yayılması azadlığı Konstitusiya ilə təminat altına alınır, media, jurnalistlərə hər hansı senzura, o cümlədən, dövlət senzurası qadağan edilir. İddiaçının millitv.az internet resursunun fəaliyyətinə xitam verilməsi tələb olunan iddiasının hər hansı Konstitusion əsası yoxdur, bu, iddia ərizəsinin mətnindən də aydın görünür, orda Azərbaycan Respublikasının əsas qanununa istinad belə yoxdur. İddiaçının istinad etdiyi qanunun maddələri isə Konstitusiyada nəzərdə tutulanlardan fərqli olaraq, media, ifadə azadlığı üçün geniş məhdudiyyətlər müəyyən edir, jurnalistika fəaliyyəti ilə məşğul olmağı faktiki olaraq, lisenziyaya, icazə sisteminə bərabər tutulan tənzimləmələrə tabe etdirir. İddia ərizəsində irəli sürülün tələblər həm də Azərbaycan Respublikası Konstitusiyasının 147-ci, 148-ci, 149-cu, 151-ci maddələri ilə kəskin ziddiyət təşkil edir. “Media haqqında” qanun, xüsusilə, onun yuxarıda bəhs etdiyimiz maddələri həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə uyğunsuzluq təşkil edir. Bu, həm də Konstitusiyanın pozuntusudur. Belə ki, Konstitusiyaya görə, onunla birlikdə referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktları təşkil edir. Konstitusiyaya görə, beynəlxalq müqavilələr də Azərbaycan Respublikasının qanunvericilik sisteminin bir parçasıdır. Agentlik millitv.az onlayn media resursuna qarşı iddia verərkən Konstitusiyanın yuxarıda ifadə edilən maddələrini nəzərə almayıb. Çünki bir medianın fəaliyyətinə texniki əsaslar gətirməklə xitam verilməsi, Azərbaycanın media tənzimlənməsi ilə bağlı tərəfdar çıxdığı bütün beynəlxalq sənədlərə - xüsusilə də haqqında aşağıda ətraflı bəhs edəcəyimiz X10 Konvensiyasının, BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri ilə açıq-aşkar ziddiyət təşkil edir. İddia ərizəsində irəli sürülən tələblər BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi ilə ziddiyət təşkil edir. “Media haqqında” qanun Media Reyestrinin yaradılmasını nəzərdə tutur. Qanunda reyestr mexanizminin yaradılmasının məqsədi kimi “Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi” göstərilib. Qanunda ifadə edilmiş məqsəd olduqca yayğındır, media və ifadə azadlığını məhdudlaşdırmağa, jurnalistika fəaliyyətinin əhatə dairəsini çərçivələməyə yönəldiyi aydın görünür. Həm reyestrə daxil edilmək üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər, həm reyestrə daxil edilmiş media və jurnalistlər üçün qanunvericilikdə nəzərdə tutulan imtiyazlar, həm də millitv.az media subyektinin fəaliyyətinə reyestrə müraciət etməməsi əsası ilə xitam verilməsi tələbi göstərir ki, məqsəd yalnız qanunda göstərildiyi kimi “Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi” deyil. Belə tənzimləmə lisenziyalaşmaya bərabər tənzimləmədir və aydın şəkildə BMT “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 19-cu maddəsinin tətbiqi təcrübəsi ilə bir araya sığmır. BMT standartları media və jurnalistlər üçün hər hansı lisenziyalaşmanı, qeydiyyatı istisna edir. BMT İnsan Haqları Komitəsinin 34 saylı Ümumi Şərhində aşağıdakılar göstərilir: “Jurnalistika, bloq yazarları, çap, internet və başqa platformada fərdi yayınçılıqla məşğul olan başqaları da daxil olmaqla çox çeşidli aktorlar tərəfindən paylaşılan bir fəaliyyətdir və jurnalistlərin qeydiyyatının aparılması və ya lisenziyalaşdırılması BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə uyğun deyildir. Məhdud akkreditasiya qaydalarına yalnız jurnalistlərin müəyyən yerlərə və ya tədbirlərə məhdud sayda buraxılması gərəkli olduqda icazə verilə bilər. Belə qaydalar jurnalistikanın çox çeşidli aktorlar tərəfindən həyata keçirilən fəaliyyət sahəsi olması nəzərə alınmaqla, obyektiv meyarlara əsaslanaraq, ayrı-seçkiliyə yol verilmədən, Bəyannamənin 19-cu maddəsi və digər müddəalarına uyğun şəkildə tətbiq edilməlidir”. Göründüyü kimi, BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsi jurnalistlərin, mediaların hər hansı qeydiyyat proseduruna tabe etdirilməsinə qadağa qoyur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunlardan üstün hüquqi qüvvəyə malik olduğuna görə, agentliyin millitv.az media resursuna qarşı iddiası bu kontekstdə də Konstitusiyaya uyğun hesab edilə bilməz. İddia ərizəsində irəli sürülən tələblər X10 Konvensiyasının 10-cu maddəsinə və X10 Məhkəməsinin həmin maddə üzrə presedent hüququna ziddir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər əsas beynəlxalq müqavilələrdən olan X10 Konvensiyasının (Konvemsiya) 10-cu maddəsi ifadə azadlığı hüququnu təminat altına alır. İfadə azadlığı hüququ mütləq hüquq deyil – Konvensiyanın 10-cu maddəsinin 1-ci hissəsi hüququ təsbit edir, 2-ci hissəsi isə ona müdaxilənin konkret, aydın əsaslarını elan edir. Konvensiyanın 10-cu maddəsinin 1-ci hissəsi dövlətlərə teleradio-yayımı və kinematoqrafiya sahəsində lisenziya tələbi gətirmək imkanı tanıyır. Ancaq bu imkan kifayət qədər aydın ifadə edilib, resursların məhdud olduğu durumlarda dövlətlər yalnız teleradio yayımı və kinomatoqrafiya sahəsində resurslardan daha effektiv istifadə məqsədilə lisenziya sistemi tətbiq edə bilər. Həm də bu müddəa uzun illər əvvəl, Konvensiya üzrə hazırlıq işlərinin təkmilləşdirilməsi zamanı sənədin mətninə daxil edilib. Peyk yayımının, internetin meydana çıxması, saysız, hüdudsuz yayım imkanlarının açılması ilə dövlətlərə tanınan bu imkanlardan istifadə zərurəti də artıq aradan qalxıb. Avropa Məhkəməsi lisenziya sisteminin tətbiqinin ayrılıqda götürülmüş şəkildə tətbiqini aydın şəkildə doğru hesab etmir. Məhkəmə hələ 1990-cı ildə qəbul etdiyi Groppera Radio AG və başqaları İsveçrəyə qarşı qərarında vurğulayıb: “Konvensiyanın 10.1-ci maddəsinin üçüncü cümləsinin məqsədi Dövlətlərə lisenziyalaşdırma sistemi vasitəsilə öz ərazilərində yayımın təşkil edilmə qaydasına, xüsusilə texniki aspektlərə nəzarət etməyə icazə verildiyini izah etməkdir. Lakin bu, o demək deyil ki, lisenziyalaşdırma tədbirləri 10.2-ci maddənin tələblərinə uyğun olmamalıdır, çünki bu, bütövlükdə götürüldükdə 10-cu maddənin məqsəd və vəzifələrinə zidd olan nəticəyə gətirib çıxara bilər”. AİHM bu mövzuda son qərarlarından biri olan X8 və Digərləri Avstriyaya qarşı işdə vurğulayıb ki, “on ildən artıq müddətdə baş vermiş texniki inkişaflar bu gün mövcud olan tezlikləri və kanalların sayını nəzərə alaraq, artıq bu məhdudiyyətlərə haqq qazandıra bilməz”. Qeyd edilənlərdən göründüyü kimi, Avropa Məhkəməsinin presedent hüququ nəinki medialara qeydiyyat sisteminin tətbiqinə imkan verir, hətta, teleradio tezliklərinin lisenziya qaydasında verilməsinin də bir metod olaraq artıq önəmini itirdiyini vurğulayır. Burdan o nəticə çıxır ki, qeydiyyat-texniki səbəbdən media, ifadə azadlığına müdaxilə - həm də bir medianın fəaliyyətinə xitam verilməsi kimi ağır müdaxilə yolverilməzdir. Agentlik iddia verərkən bunu nəzərə almamaqla Konstitusiyanın 151-ci maddəsinə hörmətsizlik edib. Hesab edir ki, Azərbaycan Respublikası X6nin ifadə azadlığı hüququna ən ağır və yolverilməz müdaxilənin edilməsi tələb olunan iddia ərizəsi rədd edilməlidir. Məhkəmədən Agentliyin Qasımov X2nin və onun sahibi olduğu millitv.az media resursuna qarşı iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh növbəti məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Media haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1-ci maddəsinə əsasən kütləvi informasiya - əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlardır. 1.1.2-ci maddəsinə əsasən media - kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir. 1.1.3-cü maddəsinə əsasən media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. 1.1.4-cü maddəsinə əsasən jurnalist - əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir. 1.1.5-ci maddəsinə əsasən audiovizual media - televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən mediadır. 1.1.6-cı maddəsinə əsasən çap mediası - il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan mediadır. 1.1.7-ci maddəsinə əsasən onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. 1.1.8-ci maddəsinə əsasən informasiya agentliyi - kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən mediadır. 1.1.9-cu maddəsinə əsasən redaksiya - veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmədir. 1.1.14-cü maddəsinə əsasən audiovizual yayımçı - televiziya və radio yayımında, o cümlədən sifarişli yayım xidmətində proqramların məzmunu üzərində cavabdehlik daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar verən fiziki və ya hüquqi şəxsdir. 73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. 73.2. Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 73.3. Media Reyestri aşağıdakı bölmələrdən ibarətdir: 73.3.1. audiovizual media subyektləri; 73.3.2. çap mediası subyektləri; 73.3.3. onlayn media subyektləri; 73.3.4. informasiya agentlikləri; 73.3.5. jurnalistlər. 73.4. Şura bu Qanunun 54.7-ci, 55.8-ci, 57.6-cı və 58.3-cü maddələrində nəzərdə tutulmuş hallarda audiovizual media subyekti barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. 73.5. Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. 62.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir. 65.4-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: 65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda. 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2022-ci il tarixli Fərmanı ilə “Media Reyestrinin aparılma qaydaları” müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 128.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 128.4-cü maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. ƏSASLANDİRMA HİSSƏ: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini, cavabdehin iddiaya etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Millitv.az onlayn media resursu 2016-cı ildən fəaliyyət göstərir. İş materialları ilə müəyyən edilir ki, Qasımov X2 olaraq (“millitv.az” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) hazırda da fəaliyyət göstərir. Qeyd edilənlər işin mübahisə olunmayan hallarıdır. İşin araşdırılan və mübahisə olunmayan halları ilə müəyyən edilir ki, yuxarıda istinad edilən “Media haqqında” Azərbaycan Respublikasının Qanunu 30 dekabr 2021-ci il tarixdə qüvvəyə minmiş, Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2022-ci il tarixli Fərmanı ilə “Media Reyestrinin aparılma qaydaları” müəyyən edilmiş, bəhs olunan qanunvericilik aktlarına uyğun iddiaçı tərəfindən Media Reyestri formalaşdırılmış, lakin cavabdeh müvafiq olaraq qeydiyyat üçün iddiaçı orqana müraciət etməmişdir. Halbuki, yuxarıda qeyd edilən qanunvericiliyin tələbi ondan ibarətdir ki, həmin Qanun qüvvəyə minənədək fəaliyyət göstərən onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. Lakin cavabdeh tərəfindən belə bir müraciətin olduğu müəyyən edilmir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin imperativ tələbi olan müraciəti etməmiş, fəaliyyətini Media Reyestrinə daxil olmadan, yəni qanunsuz olaraq (millitv.az) onlayn redaksiyası (veb-saytı) vasitəsi ilə davam etdirmişdir. Hazırda da cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq, Media Reyestrinə daxil edilmədən qanunazidd fəaliyyət göstərir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Məhkəmə kollegiyası cavabdehin iddiaya etirazında qeyd etdiyi dəlilləri isə əsaslı hesab etmir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, onlayn media subyekti olaraq qanunvericiliklə müəyyən edilmiş müvafiq reyestrdən qeydiyyatdan keçməyin tələb edilməsi Azərbaycan Respublikasının Konstitusiyanın və İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələbləri ilə ziddiyət təşkil edir və qanunvericiliklə müəyyən edilmiş müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərilmənin nəticəsində həmin fəaliyyyətə xitam verilməsi tələbi media və ifadə azadlığına müdaxilə kimi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, onlayn media subyekti olaraq qanunvericiliklə müəyyən edilmiş müvafiq reyestrdən qeydiyyatdan keçmək üçün müraciət edilməsinin tələb edilməsi Azərbaycan Respublikasının Konstitusiyanın və İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələbləri ilə ziddiyət təşkil etmir və müvafiq tənzimləmə olduğu halda qeydiyyatdan keçmədən fəaliyyət göstərilməsi qanunsuz fəaliyyət kimi qiymətləndirilməli, ona görə də iddia tələbi əsaslı hesab edilməlidir. Cavabdeh etirazında qanunvericilklə tələb edilən müvafiq müraciətin və qeydiyyatdan keçmənin onun fəaliyyətinə hansı məhdudiyyətlər yaratdığını qeyd etməmiş, eyni zamanda onun xahişi ilə məhkəmə iclası təxirə salınsa da, məhkəmə iclasında iştirak etməmiş, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əməl etməsinin ona hansı məhdudiyyətlər yaratdığını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunlara əməl etməmə yol verilməzdir, qanun və ya hüquq pozuntusu baş verdikdə buna qarşı dövlət tərəfindən məcburi təsir tədbirlərinin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyanın və İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələbləri ilə ziddiyət təşkil etmir. Görülən tədbirin adekvatlığı ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırkı şərtlərdə cavabdehin fəaliyyəti qanunvericiliyə zidd olan fəaliyyət hesab edildiyinə görə iddia əsaslı hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (VÖEN **********) - media subyektinin və onun redaksiyasının (millitv.az saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 90 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) - media subyektinin və onun redaksiyasının (millitv.az saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(105)-2/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(105)-2/2024
23.07.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver