Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-3(105)-2/2025 11.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu, Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “59 saylı Quba dairə seçki komissiyasının qərarının, 67 saylı Afurca seçki məntəqəsində xx.xx.2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati mübahisəyə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışında inzibati məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 59 saylı Quba dairə seçki komissiyasının qərarının, 67 saylı Afurca seçki məntəqəsində xx.xx.2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Cavabdeh 67 saylı Afurca seçki məntəqəsində xx.xx.2025-ci il tarixdə keçirilən son bələdiyyə seçkisi ciddi qanun pozulmaları ilə keçdiyi üçün həmin gün saat 22:00-da MSK-nın qaynar xətti 115-ə (məlumat) və Prezidentə elektron ərizə ilə məlumat vermişdir. Bu günədək heç bir cavab yoxdur. xx.xx.2025-ci il tarixdə Quba rayon Prokurorluğuna ərizə və sənəd olaraq 1 fotoşəkil vermişdir. 59 saylı Quba DSK xx.xx.2025-ci il tarixdə, şənbə günü saat 15:30-da Qubadan 40 km məsafədəki evində ona xx.xx.2025-ci ildə yazılan 7/19 nömrəli Qərarı şəxsən verib. Qərarı oxuyub, düzgün araşdırma aparılmadığını, yalan məlumatların olduğunu arxa üzdə qeyd edərək gələn şəxsə imzalayıb vermişdir. Qanun pozuntuları aşağıdakılardan ibarətdir: 1) Seçici siyahılarına Sumqayıt, Bakı və s. qeydiyyatlı Afurcada yaşayan şəxslər hələ də salınır (1 seçici həm Bakı, həm də Afurcada yazılır); 2) Seçki komissiyasının sədri icra nümayəndəsinin yeznəsi, bir komissiya üzvü icra nümayəndəsinin arvadı, başqa biri də arvadının bibisi oğlu olmaqla, komissiya üzvlərinin hamısı orta təhsillidir; 3) Seçki məntəqələrinin heç birində qeydə alınan namizədlərin siyahısı yox idi; 4) Seçki günü və səslərin sayılması zamanı heç bir müşahidəçi yox idi; 5) İcra nümayəndəsi həmişə seçki məntəqəsində olduğu kimi bu dəfə səslərin sayılması və protokol yazılmasında seçki otağında idi; 6) Səslərin sayılması zamanı komissiya üzvü C.Yaqut, icra nümayəndəsinin arvadı, digər komissiya üzvü Ə.Mənsur yox idi, protokola imza ediblərsə, seçkidən sonra başqa yerdə ediblər. C.Yaqut saat 16:00-dan sonra bütün seçkilərdə evə gedib qayıtmır. Əvvəlki seçkidə o, müşahidəçi kimi bunu dairəyə deyəndən 2 saat sonra məcburən 1 km uzaqlıqdakı evindən qayıtdı. Ə.Mənsur isə saat 17:00-da işə, 20 km məsafədə Rustov xəstəxanasının təcili yardımına gedib; 7) Komissiya sədri əvvəlki seçkilərdə müşahidəçi kimi ona protokol surəti versə də, indi verməkdən imtina etdi; 8) Hər seçkidə sədr heç kəsin müraciəti olmadan saxta 50-60 nəfərlik xəstə siyahısı ilə 2 komissiya üzvünü məntəqədən çıxarır. Onlar kənarda saxta ərizələri ilə eyni A4 kağızda seçki günü tarixi ilə yazıb, saxta səs toplayıb gəlirlər. Halbuki sağlam 500 seçicidən 80-100 nəfər seçkiyə gəlir. 60-90 yaşlı xəstələrdə isə “aktivlik” 100% olur. 59 saylı Quba DSK-nın 7/19 saylı, xx.xx.2025-ci il tarixli qərarı isə yalan ifadələrdən ibarətdir: 1) Ona iclasın vaxtı yox, iclas olacağı xx.xx.2025-ci il tarixdə saat 12:00-da bildirilib. Kənd Qubadan 40 km aralıdadır və kənddən 2 taksinin səhər saat 08:00-da gedib, saat 12:00-da Qubadan qayıtmasına görə getmək imkansızdır; 2) Sözlə yazdığı qanun pozuntularını təsdiq edən, səs sayan cəmi 4 komissiya üzvünün fotosu olduğu halda qərarda başqa sənəd olmadığı yazılıb; 3) Səs sayma və protokol yazılışında olmayan 2 komissiya üzvündən və ümumiyyətlə seçkidə iştirak etməyən cəmi 2 müşahidəçidən seçkinin qanuni aparılması barədə saxta, yalan izahat alınıb; 4) Saxta, yalan qərarı daha “əsaslı” hala salmaq üçün 67 saylı məntəqəyə aid olmayan 2 seçici – namizəddən də əlavə izahat alınıb; 5) Komissiyanın 3 üzvünün icra nümayəndəsinin yaxını olmasına “məhdudiyyət nəzərdə tutulmamışdır” yazan DSK icra nümayəndəsinin yaxın qohumları da əlavə etsə, tam 6 nəfər ailə “şirkəti” tamamlanar; 6) Seçki dövrü o və Hacıyev Hacıbaladan başqa 24 namizədin heç biri seçicilərlə görüşdə olmayıb. Şəkillər isə 2-3 nəfərdən başqa fərdi yox, ümumi eyni forma və rəngdə hazırlanıb vurulub. Cavabdehin iddia tələbinə dair etirazı daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izhat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Seçki Məcəlləsi: Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. (-) 112.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 3. İnzibati məhkəmələr və məhkəmə kollegiyaları 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. .... XVİİİ fəsil. SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARİNİN MÜDAFİƏSİ İLƏ BAĞLİ İŞLƏR ÜZRƏ İCRAAT Maddə 130. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. ƏSASLANDİRMA HİSSƏ: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia ərizəsindən və iddiaçının izahatından aydın olur ki, iddiaçı 67 saylı Afurca seçki məntəqəsində xx.xx.2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərindən narazıdır, 59 saylı Quba dairə seçki komissiyasının qərarının və 67 saylı Afurca seçki məntəqəsində xx.xx.2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsini istəyir. Lakin hazırkı iddiaya baxıla bilməsi üçün iddiaçının qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl etməsi müəyyən edilmir. Belə ki, bu kateqoriya iddialara baxıla bilməsi üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbləri aşağıdakı kimidir: Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Seçki Məcəlləsinin yuxarıda istinad edilən 112.2 və 112.3-cü maddələrinin məzmunundan göründüyü kimi seçki hüquqlarının müdafiəsi ilə bağlı iddia növü üzrə xüsusi mümkünlük şərti kimi mübahisənin məhkəməyəqədər pretenziya qaydasında həlli qaydası təsbit edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi xüsusi mümkünlük şərtinə cavab vermir. Belə ki, hazırkı iş üzrə iddianın mümkün sayılması üçün iddiaçının seçki hüquqlarının pozulması ilə bağlı yuxarı seçki komissiyasına müraciət etməsi, həmin müraciətə dair Dairə seçki komissiyası tərəfindən qərar qəbul edilməsi, bu qərardan Mərkəzi Seçki Komissiyasına şikayət verməsi, şikayətə baxılmasının nəticəsinə dair Mərkəzi Seçki Komissiyasının qərarının olması halı müəyyən edilməlidir. Bu hal iddianın mümkün sayılması əsaslarından birini təşkil edir. Hazırkı işdə iddiaçının iddia tələbində istinad etdiyi qanunsuzluqlar ilə bağlı Dairə seçki komissiyasının qərarı olsa da, bu qərardan Mərkəzi Seçki Komissiyasına şikayət verilməsi və şikayətə dair Mərkəzi Seçki Komissiyasının qərarının olması halı müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki inzibati iş üzrə iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 90 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikayət verə bilər.
Məhkəmə qərarları › İş №2-3(105)-2/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(105)-2/2025
11.02.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver