Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-3(105)-5/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının X1 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X1 Cavabdeh qarşı media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Cavabdeh (VÖEN **********) - media subyektinin və onun onlayn redaksiyasının (sabahnews.az veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN **********) (bundan sonra cavabdeh) Media subyekti olaraq (“sabahnews.az” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Buna baxmayaraq cavabdeh Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X2 bu günə qədər müraciət etməmişdir.Halbu ki, Ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri media reyestri formalaşdığı tarixdən 6 ay müddətində media reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X2 (iddiaçıya) müraciət etməli idi. Qeyd ounan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirdi və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X2 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X2 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Hazırki halda isə cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda isə həmin media subyektinin və onun onlayn redaksiyasının fəaliyyətinə xitam verilməlidir. Cavabdehin iddia tələbinə dair yazılı etirazı daxil olmamışdır. İş materiallarında olan sənədlər: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh VÖEN: ********** nömrə ilə vergi orqanında qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məktubundan görünür ki, “siam.az" domen adının sahibi haqqında məlumatların Azərbaycan Respublikasının X2 təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli 11-5-11/2-354/2023 nömrəli məktuba Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 25 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydalarf’nın 3.1-ci bəndinə əsasən, “az" ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığı domen adlarının milli inzibatçısı tərəfindən aparılır. Eyni zamanda “.az” domen zonasında müvafiq domen adları ilə bağlı məlumatları (konfidensial fərdi məlumatlar istisna olmaqla) domen adlarının milli inzibatçısı tərəfindən idarə olunan “www.whois.az" informasiya resursundan açıq şəkildə əldə etmək mümkündür. Sözügedən informasiya resursunda qeyd olunmayan, lakin sorğulanan digər məlumatların verilməsi “Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Adıçəkilən Qanunun 13.1-ci maddəsinə əsasən, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş media subyektinin fəaliyyət göstərməsinə dair 1 ədəd CD disk və fotoşəkil əlavə edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia ərizəsini müdafiə edərək, öz izahatında iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Media haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1-ci maddəsinə əsasən kütləvi informasiya - əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlardır. 1.1.2-ci maddəsinə əsasən media - kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir. 1.1.3-cü maddəsinə əsasən media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. 1.1.7-ci maddəsinə əsasən onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. 73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. 73.2. Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 73.3. Media Reyestri aşağıdakı bölmələrdən ibarətdir: 73.3.1. audiovizual media subyektləri; 73.3.2. çap mediası subyektləri; 73.3.3. onlayn media subyektləri; 73.3.4. informasiya agentlikləri; 73.3.5. jurnalistlər. 73.4. Şura bu Qanunun 54.7-ci, 55.8-ci, 57.6-cı və 58.3-cü maddələrində nəzərdə tutulmuş hallarda audiovizual media subyekti barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. 73.5. Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. 62.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir. 65.4-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: 65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda. 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2022-ci il tarixli Fərmanı ilə “Media Reyestrinin aparılma qaydaları” müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 128.1. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə mübahisə predmetini media subyektinin və onun onlayn redaksiyasının (sabahnews.az veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi ilə bağlı tələb təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki müabhisə predmeti olan onlayn media subyekti (sabahnews.az veb saytı) hazırda da fəaliyyət göstərir. İşin araşdırılan və mübahisə olunmayan halları ilə müəyyən edilir ki, yuxarıda istinad edilən “Media haqqında” Azərbaycan Respublikasının Qanunu 30 dekabr 2021-ci il tarixdə qüvvəyə minmiş, Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2022-ci il tarixli Fərmanı ilə “Media Reyestrinin aparılma qaydaları” müəyyən edilmiş, bəhs olunan qanunvericilik aktlarına uyğun iddiaçı tərəfindən Media Reyestri formalaşdırılmış, lakin cavabdeh müvafiq olaraq qeydiyyat üçün iddiaçı orqana müraciət etməmişdir. Halbuki, yuxarıda qeyd edilən qanunvericiliyin tələbi ondan ibarətdir ki, həmin Qanun qüvvəyə minənədək fəaliyyət göstərən onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. Lakin cavabdeh tərəfindən belə bir müraciətin olduğu müəyyən edilmir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin imperativ tələbi olan müraciəti etməmiş, fəaliyyətini Media Reyestrinə daxil olmadan, yəni qanunsuz olaraq (sabahnews.az) onlayn redaksiyası (veb-saytı) vasitəsi ilə davam etdirmişdir. Hazırda da cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq, Media Reyestrinə daxil edilmədən qanunazidd fəaliyyət göstərir. Bu baxımından kollegiya hesab edir ki, qanunlara əməl etməmə yol verilməzdir, qanun və ya hüquq pozuntusu baş verdikdə buna qarşı dövlət tərəfindən məcburi təsir tədbirlərinin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyanın və İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələbləri ilə ziddiyət təşkil etmir. Görülən tədbirin adekvatlığı ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırkı şərtlərdə cavabdehin fəaliyyəti qanunvericiliyə zidd olan fəaliyyət hesab edildiyinə görə iddia əsaslı hesab edilməlidir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, iddia tələbi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki inzibati iş üzrə iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 90 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********)- media subyektinin və onun onlayn redaksiyasının (sabahnews.az veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilsin. Qərar tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-3(105)-5/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(105)-5/2025
18.03.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver