Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-3(105)-8/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə qarşı ““İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, inzibati şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının həm yeganə həm də birgə predmeti ola bilər və belə iddia mümkün sayılmalıdır. Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 3.4-cü bəndində istinad edilərək qeyd edilir ki, mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.3cü maddəsinə istinad olunaraq qeyd edilir ki, yuxarı inzibati orqan inzibati qaydada verilmiş şikayəti prosessual normanı (inziabti icraatı) şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozduqda, şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının nəinki predmeti, hətta yeganə (təkcə) predmeti ola bilər. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə və həmin məcəllənin 52-ci maddəsinə istinad edilərək məhkəmənin qanunazidd inzibati aktı və şikayət instansiyasının müvafiq qərarını ləğv edə bilməsi üçün, iddiaçı həm inzibati aktı həm də şikayət instansiyasının inzibati aktı dəyişdirmədən saxlanılması barədə qərarını birgə mübahisələndirməlidir. Yalnız inzibati aktın mübahisələndirilməsi ilə qaldırılmış iddia tələbinə baxarkən məhkəmənin şikayət instansiyasının müvafiq qərarını öz təşəbbüsü ilə ləğv etməsi, bu Məcəllənin 52-ci maddəsinə ziddir. Odur ki, inzibati şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının həm yeganə həm də birgə predmeti ola bilər və belə iddia mümkün sayılmalıdır.Hüquqa müdaxilə təhlükəsinin mövcudluğu iddianın mümkünlüyü məsələsində həlledicidir. Sözügedən Qərann 4.1 və 5.1-ci bəndlərinə və İPM-nin 35.1, 34.2, 34.3 –cü maddələrinə istinad edilərək qeyd edilir, İnzibati Prosessual Məcəllədən aydın olur ki, iddiaçı cavabdehdən inzibati akt sayılmayan artıq edilməkdə olan əlverişsiz hərəkətlərin dayandırılmasını və ya ediləcək (gələcəkdə) belə hərəkətlərin edilməməsini “müəyyən hərəkətləri etməkdən çəkinməyə” dair iddia vasitəsilə tələb edə bilər. Ona görə, Plenumun bu Qərarının 4.1-ci bəndi natamam ifadə edilmiş və 5.1-ci bəndi isə iddianın mümkünlüyü baxımından hüququn pozulmasını dar mənada şərh etmişdir. Bu isə məhkəmələrdə, xüsusilə birinci instansiya məhkəmələrində hüququn pozulma təhlükəsinin mövcudluğu barədə qaldırdığım iddianın (iddiaların) əsassız olaraq mümkünsüz hesab edilməsi ilə nəticələnmişdir. İddiaçının üzərinə qanunvericilikdə nəzərdə tutulmayan öhdəliyin qovulması barədə X2 9-cü bəndinə və İPMnin 2, 32, 33, 34, 35, 38 və 39-cu maddələrinə istinad etmişdir. İPM-nin yuxarıda qeyd edilən maddələrinin sistemli təfsiri qeyd etməyə əsas verir ki, “öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi”nin həmin iddia növləri üzrə mümkünlük şərünin ödənilməsi kimi tələb edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır və ona ziddir. Çünki, bununla iddiaçının üzərinə məhkəməyə müraciət etməmişdən öncə əlavə öhdəlik qoyulur və bu iddiaçının məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulmasıdır və onun qanunla təsbit edilmiş müdafiə hüququna ziddir və haqqının bərpasını mümkünsüz edir.Belə bir öhdəlik qanunvericilikdə yalnız “məcburetmə haqqında” iddia növündə nəzərdə tutulmuşdur. “Mübahisələndirmə haqqında” iddia növündə isə iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi qanunvericilikdə tələb edilmir, yalnız mümkün olduğu nəzərdə tutulur, yəni tövsiyə edilə bilər. Öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə iznibati orqana müraciət etməli olduğu barədə qanunvericilikdə nə tələb nə də tövsiyə nəzərdə tutulmuşdur. X2 15.5-ci bəndinin natamamlığı barədə qeyd edilir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Azərbaycan hüququ üzrə Ali Məhkəmənin Plenumunun qərarları xüsusi statusa malikdir: Plenum qərarları normativ xarakterli aktlar sayılır və məhkəmələr üçün hüquqi izah, məcburi izah və hüquqi mövqe xarakteri daşıyır. Bu səbəbdən, o, savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda aydnı olmayan, ikimənalı və anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 148 V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu 1.0.3. normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd. 4.1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: 4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; 4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; 4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları; 4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları; 4.1.5. Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları; 4.1.6. yerli özünüidarə orqanlarının qərarları; 4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir. Monitorinq ən azı 1 il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (...) -2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 122.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. 122.2. İddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. 122.3. İddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir. 122.4. İddia ərizəsinin məzmunu ilə bağlı bu Məcəllənin 46-cı maddəsinin müddəaları tətbiq olunur. 122.5. İddia həmin normativ xarakterli aktı qəbul etmiş dövlət və ya bələdiyyə orqanına qarşı qaldırılır. 122.6. Məhkəmə mübahisələndirilən normativ xarakterli aktla aidiyyətinə toxunulan digər dövlət və ya bələdiyyə orqanına həmin aktla bağlı öz mövqeyini bildirmək imkanını təmin etməlidir. Bu məqsədlə məhkəmə tərəfindən müddət müəyyən olunur. 122.7. Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə inzibati məhkəmə icraatı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar əsasında həyata keçirilir. 122.8. Normativ xarakterli aktın etibarlılığının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən baxılan konkret hüquq normasının qanunauyğun sayılmasından asılı olduğu hallarda, məhkəmə tərəfindən işə baxılması Azərbaycan Respublikasının Konstitusiya məhkəməsində icraat başa çatanadək dayandırılır. M a d d ə 123. Normativ xarakterli aktların mübahisələndirilməsinə dair iddia üzrə məhkəmə qərarı 123.1. Məhkəmə şifahi məhkəmə baxışı əsasında qərar qəbul edir. 123.2. İddia əsaslı hesab edildiyi, yəni normativ xarakterli akt Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanununa zidd olduğu hallarda, həmin akt qəbul edildiyi gündən bütövlükdə və ya qismən etibarsız sayılır. 123.3. Normativ xarakterli aktın etibarsız sayılması barədə məhkəmənin qərarı ümumi-məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının nəticəvi hissəsi cavabdeh tərəfindən normativ xarakterli aktın dərc olunduğu qaydada dərc edilməlidir. 123.4. Normativ xarakterli aktın etibarsız sayılması qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının və barəsində şikayət verilə bilməyən inzibati aktların etibarsız sayılmasına səbəb olmur. Normativ xarakterli aktın etibarsız sayılması bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın təzələnməsinə səbəb ola bilməz (icraatın təzələnməsi üçün əsas kimi təfsir oluna bilməz). 123.5. Normativ xarakterli aktların mübahisələndirilməsinə dair iddia ərizəsinin təmin edilməməsi barədə məhkəmə qərarı müstəsna olaraq inzibati məhkəmə icraatının iştirakçılarına münasibətdə hüquqi qüvvəyə malikdir. 123.6. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində həmin qərardan Ali Məhkəməyə şikayət verilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmənin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iddia ərizəsini araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 122.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. Hazırki iddianın predmetini isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının etibarsız hesab edilməsi təşkil edir ki, bu qərar normativ xarakterli iddia olmamaqla yuxarıda göstərilən normanın dispozitiv şərtlərinə uyğun deyildir və həmin norma ilə əhatə olunmur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.3-cü maddəsinin tələbinə əsasən normativ xarakterli akt bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. 4-cü maddədə isə normativ xarakterli aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Həmin normaya əsasən Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: 4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1- 7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; 4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; 4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları; 4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları; 4.1.5. Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları; 4.1.6. yerli özünüidarə orqanlarının qərarları; 4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları. Göründüyü kimi qanunvericilik normativ xarakterli aktların dairəsini konkret olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları normativ xarakterli aktların siyahısına daxil olmadığından hazırki iddia mümkün sayılmamalıdır İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı prosessual qanunvericiliyin tələbləri qaydasında qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə qarşı ““İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 nömrəli Qərarının etibarsız hesab edilməsi” tələbinə dair hazırkı iddiası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Başqa sözlə, inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən, məhkəmə icraatı mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, yuxarıda göstərilənlər baxımından, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə qarşı ““İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının etibarsız hesab edilməsi”nə dair iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikayət verə bilər.
Məhkəmə qərarları › İş №2-3(105)-8/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(105)-8/2025
10.12.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver